• cümə axşamı, 28 mart, 12:19
  • Baku Bakı 16°C

Ana olduqdan iki ay sonra rinqə çıxan əzmkarlıq nümunəsi - Portret

27.01.15 07:32 2639
Ana olduqdan iki ay sonra rinqə çıxan əzmkarlıq nümunəsi - Portret
Əksəriyyətdən soruşsan, eyni fikri səsləndirəcək: “Boks qadın işi deyil”. Səbəbləri haqda da hərə bir söz deyəcək, müxtəlif izahlar gətirməyə çalışacaq. Əslində, bunda qəribə heç nə yoxdur. Tarixən qadınları rinqdə görməyə alışmayan cəmiyyətin yeni reallığı qəbul etməsi çətindir. Ancaq sadəcə “qadın işi deyil” deməklə iş bitmir. Bu idmanı özünə peşə seçən, həyat yolunu onunla bağlayan zərif cinsin nümayəndələrinin keçdiyi çətin yolu təkrarlamaq belə hər kəsin gücü yetəcək iş deyil. Bu dəfə sizi müstəqil Azərbaycanın ən yeni boks tarixinin ən yaxşılarından biri, dünya çempionatının gümüş medalçısı, Avropa çempionu və London Olimpiadasının iştirakçısı Yelena Vistropova və onun həyat hekayəsi ilə tanış edəcəyik. Əmin olun: yazıya qoyulacaq son nöqtədən sonra “necə qadınlar varmış” deyəcək, onun peşəsinə, peşəkarlığına sayğı duyacaqsınız.
Genlərdəki boks
3 noyabr 1988-ci ildə Mahaçqaladan 35 km şimalda yerləşən Sulak kəndində anadan olan Yelenanın idmana gəlişi 8 yaşına təsadüf edir. İlk müəllimi - Dağıstanın və Rusiyanın əməkdar məşqçisi Aleksey Şaxsinov həmin kəndə gələrək gələcək çempionun nənəsigildə kirayə qalır. O, kiçik yaşayış məntəqəsində xeyli sayda sağlam, ancaq vaxtını boş keçirən uşaqları görərək köhnə balıq zavodunda boks seksiyası açmaq qərarına gəlir. Maraqlıdır ki, məşqin keçirildiyi zalın qurulmasında köməyini edən Yelenanın ilk vaxtlarda həvəsi basketbol, voleybol, yəni oyun tipli növlərə olub. Ki, bu da təbiidir. Ancaq təcrübəli məşqçi onda böyük perspektiv gördüyündən, yavaş-yavaş istədiyi istiqamətə - boksa yönəltməyə başlayıb. Bir müddət sonra gənc qız öyrənir ki, sən demə, vaxtilə atası da, babası da bu idman növü ilə peşəkar məşğul olmuş, region və Respublika səviyyəsində bir neçə titullara sahib çıxmışdılar. Bunun özü də bir stimul rolunu oynayıb. Amma 9 yaşında kiçik qardaşı anadan olanda ailəsi qızın ona baxması üçün məşqdən kənarlaşdırmaq istəyir. Lakin məşqçi israr edir, Vıstropovanın istedadı, böyük qələbələr üçün bütün göstəricilərinin olduğunu deyərək buna imkan vermir. Və bununla da böyük bir idmançını idmana qazandırır. Əsl məşqçilik bacarığı bu olsa, gərək... Məktəbi bitirəndə bir idmançı kimi yetərincə formalaşan Yelena təhsil almaq fikrində də qalır. Bu səbəbdən Həştərxana yollanan Vıstropova orada Rusiya Daxili İşlər Nazirliyinin bu şəhərdəki Ali Milis Məktəbinə daxil olur. 2007-2010-cu illərdə burada təhsil alan qadın boksçu, bu müddətdə Rusiya yığmasının heyətinə cəlb oluna, bir sıra uğurlar qazana bilir.
Medal dağarcığı
18 yaşında böyüklər arasında Rusiya Kubokuna sahib çıxaraq ilk böyük qələbəsini əldə edən Vıstropovanın zəngin medal kolleksiyası var. O, 2007-ci ildə Türkiyədəki beynəlxalq turnirin gümüş medalçısı, Rusiyanın tələbələr arasında ölkə çempionu və Rusiya Kubokunun sahibi, Rusiya çempionatının gümüş medalçısı adını qazanır. 2008-ci ildə Çinin Ninqbo şəhərində dünya çempionatında 5-ci olur. 2009-cu ildə Rusiya çempionatında bürünc medal əldə edir. Paralel olaraq bir sıra beynəlxalq yarışlarda müxtəlif əyarlı medalları boynundan asan Yelena, 2011-ci ildə Azərbaycandan gələn təklifi məmnuniyyətlə qəbul edir. Anadan olduğu ölkədə lazımi diqqəti görməyən qadın boksçunun bu istiqamətdə böyük işlər görən federasiyamızın xahişini yerə salmaması gözlənilən olur. Çindəki seçmə turnirdə - dünya çempionatında finala qədər irəliləyərək gümüş medal qazanan Vıstropova Azərbaycan tarixində bir ilkə imza ataraq London Olimpiadasına vəsiqə qazanır. Böyük Britaniyanın paytaxtında 75 kq çəki dərəcəsində 7-ci yeri tutsa da, bu, onu ruhdan salmır. 2014-cü ildə möhtəşəm çıxış edən qadın boksçumuz öncə Rumıniyanın paytaxtı Buxarest şəhərində Avropa çempionu olur. Bu, Azərbaycan qadın boksu tarixində bir ilk olur. Ötən ilin noyabrında isə Cənubi Koreyanın Cedju şəhərində keçirilən dünya çempionatında bürünc medala sahib çıxan Vıstropova, bir ay sonra Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən “ilin ən yaxşı idmançısı” seçilir. Bu ilin yayında Bakıda keçiriləcək Avropa Oyunlarında Yelenanın fəxri kürsünün ən yüksək pilləsində yer alma şansı isə mütəxəssislər tərəfindən çox yüksək qiymətləndirilir.
Ana və idmançı
Yuxarıdakı abzasda Yelena Vıstropovanın böyük uğurlar qazandığını, yüksək nəticələrə nail olduğunu oxudunuz. Xüsusilə də, arxada qalan 2014-cü ildə əldə edilən medallar həm onun karyerasının, həm də Azərbaycan qadın boksunun ən yüksək zirvəsi idi. Ancaq bu nailiyyətlərin dəyərini ikiqat artıran bir məqam var: Vıstropova 2013-cü ilin sonunda uşaq dünyaya gətirib! Bəli, yanlış oxumadınız. Ana olması ona nəinki mane olub, hətta... Qadın idmançıların məşqlərə geri dönməsi övladının bir yaşı tamam olandan sonraya təsadüf edir. Məntiqlə, 2014-cü ildə Vıstropovadan nəinki medal, ümumiyyətlə yarışlarda iştirak belə gözləmək çətin olardı. Ancaq sən saydığını say, gör Yelena nə sayır. Əsl qafqazlı qadın kimi böyük yükün altına girən, oğlunun doğumundan cəmi 2 ay (!) sonra zalda çalışmalarına start verən gənc ana, hamiləlikdən cəmi 6 ay sonra Avropa çempionluğu, bir ilin tamamında isə dünya çempionatının bürünc medalı (nəzərə alın ki, bu nəticələrə Azərbaycan qadın boksu tarixində bir ilk idi – K.M) ilə fəxri kürsüdən hamını salamlayırdı. Yelenanın bu qoçaqlığını təsvir etməyə söz tapmaq mümkün deyil. Təsəvvür edirsiniz: intensiv məşqlər, dəhşətli fiziki yorğunluq, paralel olaraq da uşağın qeydinə qalmaq səyləri... Düzdür, Azərbaycan Boks Federasiyası idmançının bütün problemlərini həll edib, onun mənəvi cəhətdən hazırlıqlı olması üçün isə həm həyat yoldaşı, həm də övladının təlim-məşq toplanışlarında yanında olmasını təmin edib. Məşqçisi də məsələyə çox incə yanaşıb, yetirməsini çox sıxmayaraq, ona təzyiq göstərməyərək çalışmalarına dəstək verib. Bütün bunlara baxmayaraq, Yelenanın ortaya qoyduğu əzmkarlığa yalnız həsəd aparmaq olar. İdmançılar adətən təlim-məşq toplanışlarında çox yorulur, boş qalan vaxtlarını ancaq istirahət edərək keçirir, növbəti günə bu yolla hazırlaşırlar. Vıstropova isə yuxusuna haram qataraq uşağına diqqət yetirməli, analıq borcunu da yerinə yetirməli idi. Nə demək olar? Yalnız əhsən!
Ağıllı boksçu
Boks ağıllı insanların idmanıdır. Məşq zamanı belə öz hərəkətlərinin dəqiqliyini, zərbələrinin trayektoriyasını, gücünü və rəqibin sonrakı addımlarını məntiqi düşüncə ilə düz müəyyənləşdirməlisən. Lap şahmatdakı kimi. Rinqdəki hər bir döyüş şahmat taxtası üzərindəki mübarizənin inikasıdır. Boks təkcə güc yox, həm də ağılın qalib gəldiyi növdür.
Bu səbəbdən də Yelenanın döyüş tərzini alqışlamaq olar. Vıstropovanı rinqdəki çıxışlarını izləyərkən tələskənliyə yol vermədiyini, hər addımını, hər zərbəsini “ölçüb-biçəndən” sonra vurduğunu asanlıqla sezə bilirik. Onun üçün faydalılıq əmsalı çox vacibdir. Fiziki cəhətdən çox hazırlıqlı olmasına baxmayaraq, gücünü qoruması, döyüşün sonuna yaxın halsızlaşmaması və bunun hesabına bir çox döyüşlərdə uğur qazanması da qeyd olunmalıdır. Boyu və qolları uzundur, bundan maksimum yararlanır, uzaqdan zərbələrlə rəqibini sıradan çıxara bilir. Hər iki əli ilə effektiv zərbələr vura bilir. Bir sözlə, qadın boksçunun malik olmalı olduğu bütün xüsusiyyətlər onda var.
Portreti
Bizim təsəvvürümüzdə qadınlar döyüşdən, mübarizədən uzaq, daha zərif işlərlə məşğul olan insanlardırlar. Özlərinə əlcək seçəndə də incə və dəbli olanına üstünlük verirlər. Yelena isə ələ rahat oturan və zərbənin qarşısını almaq üçün ən uyğun olanını tapmağa çalışır. Onun üçün həyatın iki üzü var: rinqdə və ondan kənarda. O, hər ikisində çempiondur. Qafqaz qadınının bütün xüsusiyyətlərini – gözəllik, əzmkarlıq, zəhmətkeşlik, şücaət – özündə cəmləməyi bacaran Vıstropova nümunə kimi göstəriləcək biridir. Məhz onun simasında “qadın işi deyil” kimi stereotipləri qıran birinin cizgilərini görürük. Məşhur filmdəki “komsomolka, spotsmenka, i nakonets, krasavitsa” ifadəsi onun üçün deyilsə, gərək...
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər