• şənbə, 20 Aprel, 06:39
  • Baku Bakı 14°C

Amerikalı ekspert: “Azərbaycan xaricdə yayılan qərəzli informasiyaların qurbanı olur”

30.09.16 13:43 1105
Amerikalı ekspert: “Azərbaycan xaricdə yayılan qərəzli informasiyaların qurbanı olur”
V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "AzərTAC”ın təşkilatçılığı ilə "Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusunda dəyirmi masanın "Mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqun təmin edilməsində müasir jurnalistikanın rolu” adlı ikinci paneli keçirilib.

APA-nın məlumatına görə, dəyirmi masanın moderatoru, ABŞ-ın Markett Universitetinin beynəlxalq proqramlar üzrə administratoru, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzin Azərbaycanın dinlərarası və mədəniyyətlərarası modelinin dünya üçün nümunə olduğunu vurğulayıb.

Argentinanın "Telam” Milli Xəbər Agentliyinin prezidenti Rodolfo Pousa deyib ki, səmərəli dialoq insan hüquqlarının təmin olunmasının ümdə şərtidir.

"AzərTAC”ın baş direktoru Aslan Aslanov hazırda ənənəvi jurnalistikanın dinamik transformasiyaya məruz qaldığını diqqətə çatdırıb: "İnternet şəbəkəsi zərərli məlumatların, silah və narkotik vasitələrin hazırlanması texnologiyalarının yayılmasına da şərait yaradır. Bu, transformasiya şəraitində yeni çağırışlardır. Şəbəkə jurnalistikası və mikrobloqların roluna xüsusi toxunmaq lazımdır. Bunlar vətəndaş informasiya agentliklərinə çevrilir. Müasir trendlərə yeni reallıqla yanaşmaq lazımdır və onları qəbul etməyə məcburuq. Biz şəbəkə jurnalistikasına təhlükə mənbəyi kimi yox, sərt korporativ nəzarətdən xilas olma forması kimi baxmalıyıq”.

Slovakiyalı jurnalist, "İnternational Habitat for Humanity” təşkilatının əməkdaşı Yekaterina Bezgaçina bu gün rəqəmsal inqilabın nəticələrinin müşahidə olunduğunu söyləyib: "Təhlükəli məqam odur ki, biz məlumatların manipulyasiyasını görürük. Biz bu "məlumat dənizi”ndə bata bilərik, çünki hansı məlumatın həqiqət olub-olmadığını müəyyənləşdirmək çətindir. Media sosial şəbəkə platformalarından peşəkar formada istifadə etməyi bacarmalıdır. Məsələn, Böyük Britaniyada "Guardian” qəzeti sosial şəbəkə platformalarından peşəkar formada istifadə etməyə çalışır”.

Moderator P. Teyzin qeyd edib ki, Azərbaycan xaricdə dərc olunan qərəzli informasiyaların qurbanı olur: "Xaricdə Azərbaycanla bağlı məlumatların şəffaflığı və səmərəliliyinə nail olunmasının yolları barədə də araşdırmalar aparılmalıdır”.

Xorvatiyanın sabiq prezidenti İvo Josipoviç media olmadan müharibənin və sülhün mümkün olmadığını bildirib: "Cəmiyyət məsuliyyət və azadlıq arasında balanslaşmalıdır. Biz jurnalistikanın yüksək standartlarına nail olmalıyıq. Media biznes olarsa, missiyası düzgün olmaz. Media monopoliyadan kənar, müstəqil, lakin nizamlayıcı olmalıdır. Medianın vacib rollarından biri multikulturalizmi təbliğ etməsidir. Düşünürəm ki, konfrans bu məqsədə xidmət edir”.

Sabiq prezidentin fikrincə, media azadlığının da sərhədi var: "Cəmiyyətə nifrət gətirirsə, hüquqları pozursa, bu, azadlığın sərhədini aşmaq, pozmaqdır. Məsələn, kimsə soyqırımı təşviq edirsə, insan ləyaqətinə zərər vurmaq istəyirsə, buna reaksiya olmalıdır”.

Bakı Dövlət Universitetinin beynəlxalq jurnalistika kafedrasının dosenti Təranə Mahmudova dünyanın çoxmədəniyyətli və yaşamaq üçün maraqlı olduğunu söyləyib: "İnternet dialoq və müzakirələri daha maraqlı edib, çünki internet radio və televiziyaları əvəz edir. İnternetdə saniyələr, dəqiqələr ərzində şəkillər, videolar yayıla bilər. Bu gün kütləvi media böyük sayda məlumat mənbələrini təqdim edir. Adətən bu məlumat çox vaxt müsbət olmur, çünki diqqəti daha çox dramatik məsələlərə yönəldir. Biz ümid edirik ki, jurnalistika bütün gözləntilərimizə cavab verəcək”.

Daha sonra tədbir müzakirələrlə davam edib.
banner

Oxşar Xəbərlər