Amerikada xərçəngin müalicəsini axtaran gənc azərbaycanlı professor - Uğur hekayəsi
Xəyalların,
arzuların sərhədsiz olmasının tərəfdarıdır. Deyir ki, əgər siz ulduzların
arasında olmaq istəyirsinizsə, aya doğru üz tutmalısınız. Bu zaman aya
çatmasanız belə, ulduzların arasına mütləq düşəcəksiniz.
Müsahibimiz
Amerikanın John Vayne Xərçəng elmi-tədqiqat İnstitutunun professoru, "Xərçəng Dərman
Kəşfi” departamentinin rəhbəri Elmar Nurməmmədovdur.
Qusarda
anadan olub. Orta məktəbi Qusarda və Qubada türk liseyində oxuyub. Daha sonra
Türkiyədə Orta Doğu Teknik Universitetində (ODTU) biokimya ixtisası üzrə təhsilini
davam etdirib. Lund (İsveç) və Harvard (Amerika) universitetlərində xərçəng biokimya
sahəsində ixtisaslaşıb. 3 ilə yaxın isə Harvard Tibb Fakültəsində xərçəng
çalışmaları üzrə elmi komandanın tərkibində işləyib.
- ODTU, Lund, Harvard... Dünyanın 3 məşhur
universiteti ilə yolunuz kəsişib. Təhsil sizin üçün nədir?
-
Düzdür, o dövrdə təhsil həyatımda avtomatik olaraq davam edirdi. İndi geriyə
baxanda, necə doğru qərarlar aldığımı hiss edirəm. Mənim üçün təhsil hansısa
sahədə dərinləşmək və cəmiyyətə yararlı fərd olmağıma kömək edən ən önəmli
vasitədir. Eyni zamanda, təhsil müstəqil fikirləşmək və yaratmaq qabiliyyəti
baxımından vacibdir. Təhsili baryer kimi görürəm. O baryeri keçdikdən sonra
artıq öz qanadlarınızla uça bilərsiniz. Mənə görə, təhsil dayanmayan prosesdir.
Yəni 4 illik bakalavr, yaxud magistrdan sonra bitmir. Ümumiləşdirsək, təhsil mənim
üçün fikirləşmə forması, zənginləşmək, həyatın mənasını tapmaq və müəyyən
baryerlər aşmaq deməkdir.
- Nə üçün məhz biokimya ixtisası?
- Bunun
kökünü uşaqlıqda görürəm. Düzdür, o dövrdə biokimya ixtisasını dərk etmirdim.
Amma təbiət elminə, heyvanlara, həşəratlara marağım var idi. Bu sahəyə gəlməkdə
atamın rolu çox olub. Atam diş həkimidir. Yadımdadır, uşaq vaxtı onun
kabinetində çox vaxt keçirir, dərmanlarla oynayırdım. "Novakoin”lə itimin,
toyuğumun üzərində müəyyən təcrübələr aparırdım. Sonra bu maraq özünü başqa
formada büruzə verirdi. Biz məhəllə uşaqları ilə meşəyə gedirdik. Orada həşəratları
yığır, qurudurduq. Təbiət elmlərinə marağım böyük idi. Olimpiadalarda
respublika səviyyəsində müəyyən uğurlarımız da olurdu. 1990-cı illərin
axırlarında genetika, molekulyar biologiya dəbdə olmağa başladı. Beləliklə,
molekulyar biologiya sahəsində təhsil aldım və illər ərzində bu biokimyaya getdi.
- Hər insanın uşaqlıq arzusu olur. Deyirlər ki,
arzular reallığa çatdırır...
- Uşaqlıqda hansı peşəyə yiyələnəcəyimi
bilmirdim. Amma çox xəyalpərəst
idim. Əksər vaxtı qruplardan uzaqlaşıb təkbaşına fikirləşir, xəyal qururdum. O
xəyallara bu gün çatmışam və olmaq istədiyim yerdəyəm. Təbiət elmlərinə olan
marağımı nəzərə alsam, tam da onun içindəyəm. Həm işimdən zövq alıram, həm də
özümü cəmiyyətə yararlı insan kimi hiss edirəm.
- Bu yola xərçəngin müalicəsini tapmaq üçün
çıxmısınız. Maraqlıdır, sizə buna nə vadar etdi?
- Xərçəng
sakit, öldürücü xəstəlikdir. Səsini çıxarmadan milyonlarla insanın həyatdan
alır. Statistikaya baxsaq, xərçəng müharibədən daha çox insan öldürüb. Həm də
müəmmalı xəstəlikdir. Fikirləşdim ki, həm karyera, həm də insani cəhətdən həyatda
qazandığım nailiyyət olmalıdır. Molekulyar biologiya sahəsində insanlığa ən
yararlı işi görməyi qarşıma məqsəd qoydum. İxtisaslaşdıqca, özümü insanlığa
borclu hiss etdim. Bu sahədə araşdırma aparıb, oxuduqdan sonra bu biliklərdən
yararlanmasam, hər halda bunun günahı böyük olar. Vəzifəm insanlığı bu bəladan
xilas etməyə çalışmaqdır. Bununla həm təhsilimin qarşılığını verməli, həm də
insani borcumu ödəməliyəm. Özümü bu sahədə hər gün fikirləşmə və yaratma məcburiyyətində
hiss edirəm.
- Xərçəng əsrin bəlasıdır. Sizcə, bu da bir
vaxtların taun epidemiyası kimi tarixə gömüləcəkmi?
- Hər bir problem başa düşülmədiyi müddətcə, problem olaraq qalır. Bir
əsr əvvəlki xəstəliklər də belə idi. Bu gün sadə gələn viruslar 50-60 il öncə
milyonlarla insanı öldürüb. Amma hazırda bir vaksinlə qarşısını ala bilirik. Xərçəng
də qəliz məsələ olaraq qalır. Xəstəliyin molekulyar biologiyasını tam anlaya
bilmədiyimiz üçün silahını da tapa bilmirik, amma çox yol qət etmişik. Modern
tibb elmi son 15 ildə güclü şəkildə inkişaf edir. Artıq harada nə mutasiya
varsa, biz bunu dəqiq görə bilirik. Bu ciddi inkişafdır. CRISPR-Cas9 kimi çox
güclü sistemlər var ki, biz istədiyimiz geni istədiyimiz yerə dəyişdirə də
bilirik. Amma bununla belə, xərçəng çox qəlizdir. Çünki burada insanın individual
genetikası, yaşadığı mühitlə bağlı bəzi amillər var. Bunların hamısını bir
paketdə fikirləşsək, kombinasiyaları çox böyük olur. Ona görə də xərçəngə bir dərman
tapmaq çətindir. Biz molekulyar biologiya elmini başa düşdükcə, burada dərman tədqiqatları
üçün böyük prospektlər açılır. Əminəm ki, bu müalicə mümkün olacaq və yaxın 20
il ərzində xərçəng yer üzündən silinəcək.
- Bəs insanlar xərçəngə tutulmamaq üçün nə etməlidirlər.
Sizin öz versiyanız varmı?
- Xərçəng genetik xəstəlikdir. Mutasiyaların nəticəsində əmələ gələn
şiş və şişin kontroldan çıxması deməkdir. Əksər xərçənglər bizim kontrolumuzun
xaricində baş verir. Yeni doğulan uşağın beynində xərçəng ola bilər, bunun
qarşısını heç nə ala bilməz. Sonradan yaranan xərçəngin qarşısını almaq üçün isə
sağlam qidalanmaq, orqanik qidalar tükətmək lazımdır. Təmiz hava, oksigen insan
üçün çox vacibdir. Kimin imkanı varsa, şəhər və infrastrukturlardan xaric yerdə
yaşasın, yaxud vaxtaşırı elə yerlərə getsin. Fiziki olaraq aktiv olsunlar.
Fiziki aktivlik müəyyən hormonları stimulyasiya edir və mutasiyaların qarşını
alır. Kimyəvi maddələrdən uzaq durmaq lazımdır. Hər bir kimyasal yüksək dozada
mutasiya əmələ gətirir. İnsanlar daha az sinir problemləri yaşasınlar və bunu
azaltmaq üçün öz həyat tərzlərini buna uyğunlaşdırsınlar. Bütün bu
kombinasiyaların hamısını bir yerdə etsək, xərçəngə tutulmaq riskini azalda bilərik.
Ən əsası isə bədən və beyin xəttini tutmaqdır. İnsan həmişə özü ilə sülh içində
olmalıdır. Əks təqdirdə, stress, acıq, kin, nifrət kimi hisslər insanı neqativ
hala salır, bədəni müəyyən istənməyən reaksiyalara vadar edir. Bunları tətbiq
etmək üçün heç bir bahalı tibbi xidmətə ehtiyac yoxdur və xərçəng riskini ciddi
səviyyədə azaldar.
- Əcnəbi ölkədə haradasa bizə imkansız gələcək
uğura imza atmağa çalışırsınız. Qürbətdə uğur qazanmağın çətinlikləri varmı?
- Uğur
qazanmaq üçün uğur mühiti, yaşadığınız ölkənin infrastrukturu çox vacibdir.
Bununla yanaşı, təhsil sistemi və cəmiyyət də səni uğura gedən yolda dəstəkləməlidir.
Amerika, Avropa kimi ölkələrdə cəmiyyət çalışqan insanı dəstəkləyir və onların
uğurlu olmasına kömək edirlər. Uğur təkbaşına əldə edilən proses deyil. Düzdür,
bir nəfər fiqur olaraq çıxır, amma bu, bir komandanın nəticəsidir. Komandanın
üzvləri də əksər hallarda cəmiyyətdir. İnsanların dəstəyi, inamı kəşf etmək əzmini
artırır.
- Yəqin ki, ailədən də dəstək görmüsünüz...
- Ailəmin
dəstəyi istədiyim sahəyə getməyə imkan vermək olub. Bəzi ailələrdə ixtisası
ata, ana, baba seçir. Mənim də stomatoloq olmağımı istəyirdilər. Amma mən buna
maraq göstərmədim və bilmədiyim biologiya yolu ilə getdim. Mənə dedilər ki, sən
biologiyanı oxuyub müəllim olacaqsan və pul qazana bilməyəcəksən. Çox nəsihətlər
verildi, dinlədim, son qərarı verdim. Bu gün özümü çox xoşbəxt hiss edir, doğru
qərar aldığımı bilirəm və bu yolda zövqlə davam edirəm.
- Siz həm də 3 qız atasısınız. Qızlarınızla münasibətləriniz
necədir?
- Çox səs-küylü
ailə mühitimiz var. Ailəyə mütləq vaxt ayrılmalıdır. İş və ailə balansından çox
adam danışır. Amma bunun konkret formulu yoxdur. Biz ailə məşqlərinə çox əhəmiyyət
veririk. Birlikdə etdiyimiz ən vacib məşq bilik zənginliyidir. Mütləq bir yerdə
kitab oxuyuruq, səyahətlər edir, velosiped sürürük. Mənim üçün ailə məşqləri
bahalı hədiyyələrdən önəmlidir. Məsələn, qızlarımın ipadı, telefonları,
kompyterləri yoxdur. Biz istəmirik, uşaqlarımız dəyərli vaxtlarını telefon,
kompyuter qarşısında keçirsinlər. Telefon məndə və yoldaşımda var. Ondan da
ancaq kommunikasiya üçün istifadə edirik. Fikirləşirəm ki, valideyn vaxtını
uşaqlarda insani keyfiyyətləri inkişaf etdirmək üçün xərcləməlidir. Bilik,
texnologiya sonra əlavə edilə bilər. Bilinən yollardan gedilsə, hər şey yolunu
tapacaq. Sadəcə, vaxt ayırmaq və sistematik olaraq tətbiq etmək lazımdır.
- 25 ildir Amerikada yaşayırsınız, amma Azərbaycan
dilində çox səlis danışırsınız.
- Dil vəfasızdır.
Ana dili olsa belə, istifadə etməsəniz, sizdən uzaqlaşacaq. Bəzən çətinlik çəkirəm.
Dilimi unutmamaq üçün insanlarla ünsiyyət qurur, tez-tez xəbərləri izləyir,
klassikləri oxuyuram. Uşaqlarımın da əsas dili Azərbaycan və ingilis dilidir.
Düzdür, burada yaşadığımız üçün bəzi vaxtlar Azərbaycan dili arxa plana keçir.
Azərbaycan və türk dillərini özüm müəllimlik edərək uşaqlarıma öyrədirəm.
Sistematik dərslər keçiririk, imtahanlar veririk. Hər yay Azərbaycana gəlirik.
İstəyirik ki, qızlarımız yaxınları ilə ünsiyyət qursun və öz mənşələrini,
hardan gəldiklərini yaxşı bilsinlər. Dil çox vacib faktordur. Bu gün uşaqlar Azərbaycan
dilini bildikləri üçün özlərini azərbaycanlı sayırlar. Ona görə də, harada
yaşamağımızdan asılı olmayaraq, Azərbaycan dili bizim üçün prioritetdir.
- Uğur sirriniz nədir?
- Uğurun
müəyyən formulu yoxdur. Eynşteyndən soruşublar ki, uğur nədir? Deyib ki, uğur 1
faiz ilhamdır, 99 faiz çalışmaqdır. Sizdə ideya, fikir varsa, bu, bir faizdir.
Geriyə qalan isə sistematik olaraq çalışmaq, qarşına məqsəd qoyub yol getməkdir.
Uğurlu olmaq üçün seçdiyin istiqamət çox vacibdir. Müəyyən sahəyə marağınız
olmalıdır. Ondan sonra bu yolda addım atırsınız. Gərək ləng olmayasınız. Sürətli
addımlarla məqsədə doğru getmək lazımdır. Əgər siz ulduzların arasında olmaq
istəyirsinizsə, aya doğru üz tutamalısınız. Aya çatmasanız belə, ulduzların
arasına mütləq düşəcəksiniz. Vizyonunuz geniş olmalıdır. Bununla belə, uğurun
yolu heç vaxt düz olmur. İnsan müəyyən uğursuzluqlarla üzləşdiyi zaman ruhdan
düşməməli, yıxılanda qalxıb üstünü təmizləyib davam etməlidir. A nöqtəsindən B
nöqtəsinə gedərkən yolun düz olması ancaq kitablarda olur. A nöqtəsində olarkən
məqsədinizi unutmayıb, ona doğru getməlisiniz.
- Azərbaycanda ən çox nəyin həsrətini çəkirsiniz?
- Həmişə
istəmişəm ki, ailəm dostlarımla daha çox vaxt keçirim. Amma illər keçib,
valideynlərim qocalıblar. Və mən onlarla çox vaxt keçirə bilmirəm. Eyni
zamanda, özümü sakitləşdirirəm ki, mən burada çox vacib işlərin arxasınca gəlmişəm,
bu müddət ərzində nəyisə qurban verməliyəm. Ən böyük əskikliyim yaxınlarımın
xoş günündə yanında ola bilməməkdir. İstəyirəm ki, Azərbaycanda elm,
texnologiya o qədər inkişaf etsin ki, biz bu işləri gəlib öz ölkəmizdə davam edək.
Aygün ƏZİZ