• cümə, 29 Mart, 10:35
  • Baku Bakı 5°C

“Amerikada bir göz qırpımında işsiz qala bilərsən” – Uğur hekayəsi

30.01.20 15:53 10216
“Amerikada bir göz qırpımında işsiz qala bilərsən” – Uğur hekayəsi
Silikon Vadisində çalışan Orxan Şahverdiyev: "Bəxtə yox, çox istədiyin bir şeyi əldə edəcəyinə inanıram”
Tələbə vaxtı "Work and travel” proqramı vasitəsilə Amerikaya işləməyə gedir. Bu proqramdakı işlər onun ixtisası ilə bağlı olmasa da, elə o gedişində qərar verir ki, gələcək karyerasını bu ölkədə quracaq. Azərbaycanda çalışdığı dönəmdə "Green card”a davamlı olaraq müraciət edir. 7-ci cəhdində, "Bu dəfə də udmasam, özüm gedəcəm” deyir, ancaq bu dəfə nəticə uğurlu olur. Söhbət hazırda Silikon Vadisində - "CİSCO” şirkətinin baş ofisində çalışan həmyerlimiz Orxan Şahverdiyevdən gedir.

Qeyd edək ki, O.Şahverdiyev Sumqayıt şəhərində anadan olub. Orta təhsilini Sumqayıt şəhərindəki Texniki Təbiət Elmləri Liseyində alıb. 2006-cı ildə Qafqaz Universitetində kompüter mühəndisliyi ixtisasına qəbul olub.

- Orxan bəy, Amerikadan öncə Azərbaycandakı iş təcrübənizdən danışaq. Bu müddət karyeranız üçün necə yadda qalıb?
- Karyeramın Azərbaycandakı dönəmi üçün önəmli işim Dövlət Neft Fondunda oldu. Çünki karyeramın 7 ilini o iş əhatə etdi. Orda işə başladığımda qarşıma qoyduğum ilk məqsəd "Cisco” sahəsində lazım olan sertifikatları əldə etmək idi. 2011-ci ildə işə qəbul olmuşdum, artıq 3 ilin tamamında CCNP səviyyəsinə qədər gəlib çata bildim. Və təbii ki fondda işləmək mənə yaxşı iş təcrübəsi qazandırdı. Mən işlədiyim dövrdə Dövlət Neft Fondunun yeni inzibati binası (SOFAZ tower) tikilirdi. Yeni inzibati binaya köçən zaman görülən işlər mənim üçün böyük təcrübə oldu. Çünki o bina həmin dönəmdə Azərbaycanda tikilən "Ağıllı bina”lardan biri idi. Yüksək beynəlxalq standartlara uyğun olan ən son texnoloji yeniliklər tətbiq edilirdi. O texnologiyaların tətbiqi və idarəsi mənim üçün böyük təcrübə oldu. Orda işlədiyim dövrdə ən son texnologiyaların tətbiqi və bunun nəticəsində əldə olunan biliklər nəticəsində karyeramda müəyyən artımlar getməyə başladı. Avropadan bir neçə iş təklifi almışdım, hətta müsahibələrə də qatılmışdım. Amma seçim məqamına gələndə, qərar verib getmirdim. Çünki əsas məqsədim Amerika idi və çoxdan bunu arzulayırdım. Amerikaya dəfələrlə səfər etmişdim və çoxdan bura köçmək istəyirdim. Sonra elə oldu ki, "Green card” udub Amerikaya gəldim.

- Neft Fondundan öncə harda işləmisiniz?
- Mən işləməyə 2008-ci ildə - tələbə vaxtı başlamışdım. "Avirtel” internet servis provayderdə işləmişəm. İki il yarımştat orda çalışdım. İlk olaraq təcrübə məqsədi ilə getmişdim, texniki işlər görürdük. Sonra gördüm ki, o şirkətdə şəbəkə administratoru vəzifəsi tərəfə yönələ, bu sahədə müəyyən biliklər əldə edə bilirəm. Ona görə orda davam etdim.


- Amerikaya köçməmişdən əvvəl bu ölkəyə tez-tez getdiyinizi dediniz. Bu səfərlər işlə bağlı olurdu, yoxsa səyahət xarakterli?
- İlk dəfə Amerikaya tələbə vaxtı - 2010-cu ildə "Work and travel” proqramı ilə səfər etmişdim. Ondan sonra dedim ki, Amerikada yaşaya bilərəm. Neft Fondunda işlədiyim dönəmdə isə dəfələrlə məni müxtəlif ölkələrə kurslara göndərirdilər. London, Dubay, Moskva, Nyu-York və s. şəhərlərdə beynəlxalq treninqlərdə iştirak edib sertifikatlar əldə etmişəm. Yeni inzibati binaya köçən zaman bizə yeni texnologiyaların tətbiqi üçün çox lazım idi.

- "Work and travel” proqramı ilə Amerikaya getmək üçün tələbə müəyyən məbləğdə pul ödəməlidir. Bu, heç də az məbləğ olmur. Bu pulu özünüz qarşılayırdınız?
- Tələbə vaxtı işlədiyim üçün pulun müəyyən hissəsini özüm yığmışdım, bir hissəsini də ailəm qarşıladı.

- Orda hansı işlərdə çalışırdınız?
- Proqramın təklif etdiyi işlər ixtisas deyil, xidmət sektoru ilə bağlı olur. Mağazalarda, restoranlarda və s. işləyirdik.

- "Green card”dan öncə Amerikada işləməklə bağlı cəhdləriniz olmuşdu?
- Yox, olmamışdı. Çünki bu, bir az çətin məsələdir. Amerikada işləmək icazəniz yoxdursa, hansısa şirkət sizə H1B vizası almalıdır. Onu əldə etmək isə heç də asan deyil. Mən Silikon Vadisindəyəm. Dünyanın dörd bir yanından bura mühəndislər axışır. Ona görə, burda rəqabət çox böyükdür. İşçi vizan olmadan, Amerikaya müraciət edib, şirkətdən viza təklifi alıb bura gəlmək heç də asan deyil. Düzdür, gələnlər var, amma şirkətlər hər adam üçün o vizanı almırlar. Elə kadr olmalıdır ki, Amerika şirkət ona ehtiyac duysun. Çünki bir kadrı ölkədə əvəz edəcək adam tapmadığı halda başqa ölkədən gətirirlər.

- "Green card”la Amerikaya getməyin daha asan olduğunu deyirlər.
- "Green card” udmaqla iş bitmir. "Green card”la gəlsən belə, sənin əlində müəyyən məbləğdə pul olmalıdır ki, burda iş tapana qədər bir müddət ayaqda qala biləsən. Ailə ilə gəlirsənsə, əlində olan məbləğ daha çox olmalıdır. Gəlib yerləşmək, iş tapmaq müəyyən qədər vaxt aparır, buna qədər isə sən əlində olan pulla idarə etməlisən. Amerikaya gəldiyində qaldığın yerin pulu belə çox böyük olduğu üçün hər şey öz üzərinə düşür. Düzdür, qaldığın yerdən də asılıdır. Məsələn, mən Silikon Vadisində qaldığım üçün burda evin aylıq kirayəsi 2500 dollardan başlayır.

- Özünüz getdiyinizdə bu maliyyə risklərini gözə almışdınız?
- Amerikaya çox gəlib-getdiyim üçün xərclərimin nə olacağından xəbərim var idi. Ona görə də pulsuz gəlməmişdim. Müəyyən qədər məbləğ yığmışdım.

- Nə qədər vaxt sonra iş tapdınız?
- 3 ay sonra iş tapdım. O isə ötəri iş idi, çünki ürəyimcə deyildi. Ancaq boş da qala bilməzdim. "Accenture” şirkəti məni "Google”a göndərmişdi. Bu işin mənfi tərəfi odur ki, bayramlarda evdə qalmırsan, gündəlik iş yükün çox olur. Digər işçilər 8 saatın tamamında gedirsə, mən, həftənin 5 günü gündəlik 12 saat işləyirdim. Düzdür, işdə artıq qaldığım saatın pulu ödənirdi, ancaq yenə də ağır rejim idi.


- 3 ay sonra iş tapmısınız. Bəs o 3 ay necə keçdi? İşlərə müraciət edirdiniz?
- 3 yox, elə "Google”da işlədiyim o 7 aydakı dövrdə də iş cəhətdən ürəyim rahat deyildi. Çünki o işdə özümü görmürdüm. Mən Bakıda işlədiyim dövrdə böyük şəbəkə mühəndisi vəzifəsində çalışırdım, Amerikada başladığım iş isə mənim təcrübəmə görə çox aşağı vəzifələr idi. Ümumiyyətlə, işləmədiyim 3 ay ərzində çox işə müraciət etdim. Demək olar ki, 80 faiz yerdən "yox” cavabı aldım. Bəzən işə götürmək istəyirdilər, amma Amerikada iş təcrübəm olmadığı üçün "yox” deyirdilər. Bunu birbaşa demirdilər, amma hiss edirdim ki, bu da onlar üçün önəmlidir. Ancaq 2-3 yerdən yaxşı vəzifələrə təklif aldım. O şirkətlər başqa ştatlarda idi, yerləşdikləri yer xoşuma gəlmirdi, ona görə təklifləri qəbul etmirdim. Düzdür, getməsəm də, o müsahibələr mənə yaxşı təcrübə qazandırırdı. Hər dəfə yeni sualla qarşılaşırdım və onları cavablandırmaqla bağlı təcrübə əldə edirdim.

- İş cəhətdən "yox” cavabları aldığınızda Amerikaya köçdüyünüzə peşman olurdunuz?
- Yox (gülür). 2010-cu ildən bəri Amerikaya köçmək, burda işləmək arzusuyla yaşamışam. Bunu bütün dostlarım bilirdi. Ona görə heç bir peşmanlıq ola bilməzdi.

- Sizin ailəlisiniz, övladınız var. Bu da sizə çətinlik yaratmadı?
- Təbii ki tək getməklə ailəvi köçməyin məsuliyyəti başqadır. Çünki həm də ailəni düşünürsən. Amma bura gəldiyimizdə övladım olmamışdı. Uşaqla bizə daha çətin olardı. Gəldiyimizdən bir il sonra uşaq oldu. Onda da müəyyən qədər hər şey qaydasına düşmüşdü, işləyirdim.

- Yoldaşınız da işləyir?
- Yox, çünki uşağımız hələ 7 aylıqdır. Ancaq onun Azərbaycanda kifayət qədər iş təcrübəsi var və burda iş tapması elə də böyük problem olmayacaq. Bir neçə ay sonra işləmək haqqında düşünür.

- Maraqlıdır, "Green card” udmasaydınız, Amerikaya gedəcəkdiniz?
- Mən 7-ci cəhddə "Green card” uddum. Amma demişdim ki, sonuncu müraciətimdir, bu dəfə də udmasam, artıq özüm getməyə çalışacam. Çünki artıq vaxt gedirdi və mən bu istəyimi reallaşdırmaq üçün bir neçə il də gözləmək fikrində deyildim. Proses daha ağır olacaqdı, çox vaxt aparacaqdı, ancaq yenə də onu edəcəkdim.

- Bəxtə inanırsınız?
- Bəxtə yox, çox istədiyin bir şeyi əldə edəcəyinə inanıram. "Green card” udmağımı bəxtə bağlamıram. Mən çox istəyirdim deyə qazandım. Mənə elə gəlir ki, çox istədiyin bir şeyi mütləq əldə edirsən, ya da o, özü qarşına çıxır.

- "Cisco”da iş rejimi sərbəstdir. İşə gəlib-getmək saatı ilə bağlı xüsusi sərt qaydalar yoxdur. Maraqlıdır, siz işdə hansı saatlarda olursunuz?
- Burda həftənin 5-ci günü sərbəst iş rejimi olur, evdən də işləyə bilirik. Mən yuxudan tez oyandığım üçün 9, 10-a işləmiş işdə ola bilirəm. İşdən çıxış vaxtım 2, 3, 4 ola bilir. Məcburiyyət yoxdur, amma bəzən mən 6-ya qədər də işləyirəm. Saat 6-ya qalanda baxırsan ki, ofisdə təksən, hamı gedib (Gülür).


- O vaxta qədər hamı gedir?
- Həmişə yox, amma elə hallar da olur. Çünki tıxacları nəzərə alırlar. Burda çox insan yaşayır. Tıxaclar Bakıdakından qat-qat böyük olur. Ona görə insanlar tıxac başlamamış - saat 3-də iş yerlərini tərk edirlər. Tıxaclarda keçirəcəkləri 2 saatı evdə çay içərək işlərini görürlər.

- Siz "Cisco”nun baş ofisindəsiniz?
- Bəli, San Xosedə yerləşən əsas ofisindəyəm. Burda şirkətin böyük bir şəhərciyi var. İşim "Cisco” şirkətinin Şimali və Cənubi Amerika üzrə ofislərini "Cisco”nun yeni məhsulları ilə təkmilləşdirməkdən ibarətdir.

- Rubrikamızın ənənəvi sualı: sizə görə uğurun sirri nədir?
- Əslində, Amerikada, Silikon Vadisində bir şirkətdə işə başlamağıma uğur yox, karyerada bir artım deyərdim. Ona görə, bunu uğur hekayəm yox, karyerada bir pillə irəliləmək adlandırardım. Hər hansı bir startapda uğurlu olsam, buna uğur hekayəsi deyə bilərəm.

Sualınıza gəlincə, standart olaraq mən də çalışmaq deyərdim. Çünki çalışmaq, kitab oxumaq, dayanmadan özünü inkişaf etdirmək və s. önəmlidir. Bakıda öz üzərində işləməsən belə, əvvəlki təcrübənlə müəyyən yerlərdə işə düzələ bilirsən. Rəqabətli mühitdə işləmək üçün təkcə təcrübə kifayət etmir. Rəqabət böyük olan yerdə artıq dayanmaq olmaz. Çalışmasan, yeni texnologiyaları tez mənimsəyib tətbiqinə başlamasan, geridə qalırsan. Bu da menecerlərinin diqqətindən qaçmır. Burda rəqabət çox böyükdür. Amerikada bir göz qırpımında işsiz qala bilərsən. Avropada, Azərbaycanda belə praktika yoxdur, yanaşma bir az fərqlidir. Ancaq Amerikada istənilən vaxt səni işdən çıxara bilərlər. Çalışmasan, öz üzərində işləməsən, sənin nəticən olmadığını görsələr, işdən anında çıxara bilirlər.

Aygün Asimqızı



banner

Oxşar Xəbərlər