• cümə, 29 Mart, 18:22
  • Baku Bakı 14°C

AMEA xüsusi karantin rejiminin tələblərinə uyğun fəaliyyət göstərir

05.04.20 21:00 629
AMEA xüsusi karantin rejiminin tələblərinə uyğun fəaliyyət göstərir
Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə tədbirləri uğurla davam etdirilir. Bu pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən bütün zəruri təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu məsələ ilə bağlı vaxtında qəbul etdiyi effektli qərarlar, atdığı addımlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) da koronavirus pandemiyası ilə mübarizə sahəsində aparılan dövlət siyasətini və həyata keçirilən tədbirləri tam dəstəkləyir, bu məsələ ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirir.
O cümlədən Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və vətəndaşların özlərini daha ciddi qorumasına şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən xüsusi karantin rejiminin tələblərinə AMEA tərəfindən yüksək səviyyədə əməl olunur.
Bu fikirlər AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevin Trend-ə təqdim etdiyi məqalədə yer alıb.
Məqalədə deyilir ki, Operativ Qərargahın 2020-ci il martın 20-də keçirdiyi müşavirədə bəzi dövlət qurumlarının, o cümlədən AMEA əməkdaşlarının bu il martın 29-dan əməkhaqqı saxlanılmaqla bir ay müddətinə ödənişsiz məzuniyyətə göndərilməsi haqqında qərar qəbul edilib. Buna uyğun olaraq, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bu qurumun əməkdaşlarının 2020-ci il martın 29-dan əməkhaqqı saxlanılmaqla bir ay müddətinə məzuniyyətə göndərilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda, həmçinin AMEA-nın fasiləsiz iş rejimində fəaliyyət göstərən bəzi müəssisə, təşkilat və xidmətlərində təxirə salınması mümkün olmayan işlərin xüsusi əmək rejiminin qaydalarına riayət edilməklə yerinə yetirilməsi tövsiyə olunub.
Azərbaycan ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb olunan dövlət orqanlarının və qurumlarının Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş siyahısına AMEA-nın nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi də daxil edilib.
Eyni zamanda, Azərbaycan ərazisində müəyyən edilmiş qeyri-iş günlərində işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş siyahısına telekommunikasiya və rabitə xidmətləri də daxil edilib. Bu da onunla əlaqədardır ki, xüsusi karantin rejimində informasiya-kommunikasiya texnologiyaları xüsusi rol oynayır. Belə ki, bu şəraitdə dövlət idarəetməsinin, təhlükəsizlik tədbirlərinin, təhsil fəaliyyətinin, digər zəruri xidmətlərin həyata keçirilməsi və istehlakçıların tələbatlarının ödənilməsinin ən səmərəli üsulu informasiya-kommunikasiya texnologiyaları vasitəsilə virtual münasibətlərin yaradılmasıdır.
AMEA-nın elmi müəssisə və təşkilatlarını elmi-tədqiqat, elmi-praktiki və tədris məsələlərinin həyata keçirilməsi zəruri olan müasir şəbəkə servisləri (İnternet provayder, hostinq , e-mail, veb-portallara xidmət, cloud computing v. s.) ilə təmin edən "AzScienceNet" elm-kompüter şəbəkəsi də ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən telekommunikasiya xidmətləri göstərir. AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən "AzScienceNet", həmçinin ölkəmizin elm və təhsil müəssisələrinin GEANT (Avropanın Elm və Təhsil şəbəkəsi) təşkilatına inteqrasiyasını Milli GRİD Mərkəzinin dünyanın qabaqcıl elmi-tədqiqat mərkəzləri (CERN, Dubna Nüvə Tədqiqat Mərkəzi və s.) ilə birgə tədqiqat aparılmasını təmin edir. Hazırda AMEA-nın əməkdaşları ev şəraitində "AzScienceNet"in təqdim etdiyi bu xidmətlərdən istifadə etməklə elmi fəaliyyətlərini davam etdirirlər.

O cümlədən Respublika Seysmoloji Xidmət Mərkəzi də öz fəaliyyətində "AzScienceNet" tərəfindən təqdim olunan yaddaş və hesablama resurslarından, digər internet xidmətlərindən istifadə edir.
Hazırda AMEA-nın rəhbərliyi də idarəetməni onlayn rejimdə həyata keçirir, qurumun elmi müəssisə və təşkilatları ilə müşavirələr təşkil edir, müzakirələr aparır.
AMEA-nın digər elmi müəssisə və təşkilatlarının veb-saytları da xüsusi karantin rejimində ev şəraitində məsul əməkdaşlar tərəfindən idarə olunmaqla "AzScienceNet"in göstərdiyi xidmətlər əsasında fəaliyyət göstərir, müvafiq şəxsləri zəruri informasiya ilə təmin edir.
Bütün bunları nəzərə alaraq, "AzScienceNet"in fasiləsiz iş rejimində fəaliyyətini davam etdirməsi üçün institutun əməkdaşlarından ibarət işçi qrup yaradılıb. İşçi qrup növbətçilik prinsipi əsasında Azərbaycan ərazisində elan edilmiş xüsusi karantin dövründə mərkəzin fəaliyyətinə texniki dəstək göstərəcək. Burada fəaliyyət göstərən əməkdaşlar xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün icaze.e-gov.az portalı vasitəsilə qeydiyyatdan keçiblər.
AMEA prezidentinin digər bir Sərəncamında xüsusi karantin müddətində bu qurumun magistrantları üçün təhsil prosesinin müəyyən olunmuş müddətdə həyata keçirilməsini, tədris edilən fənlərin tədris planlarında nəzərdə tutulmuş həcmdə mənimsənilməsini təmin etmək məqsədilə müvafiq tədrisin internet üzərindən həyata keçirilməsi tapşırılıb. Sərəncama uyğun olaraq, AMEA-nın ayrı-ayrı elmi müəssisələrində martın 29-dan etibarən müxtəlif internet xidmətlərindən istifadə etməklə magistrantlar üçün onlayn dərslər təşkil olunur.

banner

Oxşar Xəbərlər