AMEA Naxçıvan Bölməsində iki kitabın təqdimatı keçirilib
AMEA Naxçıvan Bölməsinin
Mərkəzi Elmi Kitabxanasında bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun
Musiqi və teatr şöbəsinin sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun
"Hüseyn Cavid və Naxçıvan teatrı” adlı monoqrafiyanın və Ədəbiyyatşünaslıq şöbəsinin
elmi işçisi Nərgiz İsmayılovanın "Müqəddəs məkan Naxçıvan” adlı kitabın təqdimatı
keçirilib.
Tədbiri giriş sözü ilə kitabxananın
direktoru Nuridə Kəngərli açaraq Azərbaycan ədəbiyyatının inkişafında böyük
xidmətləri olan Hüseyn Cavidin ölməz əsərlərinin Naxçıvan teatrının repertuarının zənginləşməsindəki
yerindən danışıb. O, əbidin həyatının Naxçıvan dövrünün işıqlandırıldığı "Hüseyn
Cavid və Naxçıvan teatrı” adlı monoqrafiyanın yazılmasının əhəmiyyətindən, müasir
dövr üçün aktuallığından söhbət açaraq bildirilib ki, yeni nəşr Azərbaycan sənətşünaslığı
üçün dəyərli elmi əsər olmaqla yanaşı, müəllif tərəfindən aparılan ciddi tədqiqatların,
araşdırmaların nəticəsini özündə əks etdirib. Monoqrafiyada arxiv materialları əsasında
Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifi olan Hüseyn
Cavidin ömür və sənət yolu, bu keşməkeşli yolun Naxçıvanla bağlı məqamlarına nəzər
salınıb, Cavid qələminə məxsus dram əsərlərinin səhnə taleyi izlənilib.
"Müqəddəs məkan Naxçıvan” adlı kitabdan da bəhs
edən N. Kəngərli qeyd edib ki, yeni nəşrdə tanınmış naxçıvanlı alim, təbib, şair,
sənətkarlar haqqında maraqlı faktlarla zəngin yazılar verilib, həmçinin Azərbaycan
ədəbiyyatında Şərq və Qərb mövzusuna toxunulub.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin "Naxçıvan teatrına həsr olunan qiymətli əsər” və
"Naxçıvanın zəngin ədəbi-mədəni irsinin tədqiqinə həsr olunan qiymətli əsər” mövzularında geniş məruzəsi
dinlənilib.
Məruzə ətrafında Bölmənin
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin böyük elmi
işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov, Ədəbiyyatşünaslıq
şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimov və Folklorşünaslıq
şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov çıxış edərək hər iki kitabların üstün cəhətlərini tədbir iştirakçıları ilə bölüşərək
müəlliflərə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda müəlliflər tədbir iştirakçılarına öz
dərin minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün qeyd edək
ki, "Hüseyn Cavid və Naxçıvan teatrı” və "Müqəddəs məkan Naxçıvan” adlı kitablar AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi
Kitabxanasının "Yeni kitabların daimi sərgisi”ndə nümayiş olunur.