• cümə axşamı, 28 mart, 17:23
  • Baku Bakı 16°C

AMEA Naxçıvan Bölməsi 2017-ci ilin birinci yarısında mühüm naliyyətlər əldə edib

21.07.17 16:30 1126
AMEA Naxçıvan Bölməsi 2017-ci ilin birinci yarısında mühüm naliyyətlər əldə edib
2017-ci ilin birinci yarısında AMEA Naxçıvan Bölməsi bir sıra yeni uğurlar əldə edib. Belə ki, bölmə bu ilin birinci yarısında fəaliyyətini 6 istiqamət, 7 mövzu, 34 iş üzrə 78 mərhələdə davam etdirib. Bölmədə Naxçıvanın tarixi, maddi və mənəvi mədəniyyəti, mədəni mühiti, təbii sərvətləri, sosial-iqtisadi inkişafı, coğrafi şəraiti, potensial enerji mənbələri, biomüxtəlifliyi, qədim əlyazmaları, günəş sistemi cisimlərinin tədqiqinə həsr olunan tədqiqatlar aparılıb.
2017-ci ilin birinci yarısında əməkdaşların 25 monoqrafiya, 13 kitab, 1 dərsliyi, 298 elmi məqaləsi, 123 konfrans materialı və 4 tezis olmaqla 464 elmi əsəri nəşr edilib. Əsərlərdən 1 monoqrafiya, 1 kitab, 52 elmi məqalə, 52 konfrans materialı, 2 tezis olmaqla 108 əsər xaricdə çapdan çıxıb. Elmi məqalələrdən 20-si impakt faktorlu jurnallarda çap olunub.
Ötən ilin birinci yarısı ilə müqayisədə bu ilin birinci yarısında 196 əsər, o cümlədən 19 monoqrafiya, 10 kitab, 1 dərslik, 164 məqalə və konfrans materialı və 2 tezis çox çap olunub. Həmçinin birinci yarımildə çap olunan monoqrafiya sayı (25 monoqrafiya) 2016-cı ilin illik göstəricisindən (23 monoqrafiya) çox olub. Cari ildə bir elmi əməkdaşa düşən əsər sayı 6,0 olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 ədəd artıqdır. Elmi məqalələrdən 63-ü xaricdə olmaqla 271-i beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda çapdan çıxıb. O cümlədən bölmə əməkdaşlarının 2 monoqrafiyası, 7 kitabı, 1 atlası və 271 məqaləsi hazırlanaraq müxtəlif nəşriyyatlara təqdim olunub.
Bu dövrdə Bölmənin "Xəbərlər” və "Axtarışlar” jurnalının iki nömrəsi çap olunub. Bundan əlavə, bölmədə yaradılan tədqiqat qrupu tərəfindən "Gülüstan türbəsi” üç dildə məqalələr toplusu çap edilib. "Qarabağlar Türbə Kompleksi” (üç dildə) məqalələr toplusu isə nəşrə hazırlanıb. Hazırda (üç dildə) "Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik Atlasın üzərində iş aparılır. Həmçinin AMEA-nın Coğrafiya İnstitutu ilə birgə "Naxçıvan coğrafiyası” ikicildliyi üzərində işlər davam etdirilir.
"İslam həmrəyliyi İli” çərçivəsində Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar "Naxçıvan: Türk-İslam mədəniyyəti abidələri” albom-kataloqu və "İslamda müdrik kəlamlar” kitablarının hazırlanması ilə əlaqədar işçi qrupu yaradılıb və kitabların çapa hazırlığı yekunlaşıb. Birinci kitab beynəlxalq konfrans ərəfəsində çap olunub.
7-8 iyul 2017-ci il tarixdə "Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçirilib. Ümumillikdə isə bölmədə 6 konfrans, 4 iclas, 26 seminar, 11 kitab və monoqrafiyanın təqdimat mərasimi, Heydər Əliyev lektoriyasının 3 məşğələsi baş tutub.
Bundan əlavə, Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu ilə Fransa Respublikası Milli Elmi Araşdırmalar Mərkəzinin Arxeologiya laboratoriyası arasında, həmçinin Əlyazmalar Fondu ilə M. Füzuli adına Əlyazmalar İnstitutu arasında əməkdaşlığa dair müqavilələr imzalanıb.
Bölmədə yerinə yetirilən iki qrant layihəsinə 2017-ci ilin ilk ayında yekun vurulub və 2017-ci il üçün qalib olan bir beynəlxalq, 3 respublika səviyyəli qrant layihəsinin icrasına başlanılıb.
Birinci yarımildə elmi əməkdaşlardan kimya üzrə fəlsəfə doktoru Günel Məmmədova Rusiya Təbiətşünaslıq Akademiyasının professoru seçilib, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrolgiya və Patent üzrə Dövlət Komitəsinin İxtiraçılıq sahəsində nailiyyətlərə görə IV respublika müsabiqəsində yer tutub və mükafatlandırılıb, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov Qars Valiliyi, Azərbaycanın Qarsdakı Baş Konsulluğu, Qars Bələdiyyəsi və Qars Qafqaz Universitetinin birgə təşkil etdiyi Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş şeir müsabiqəsində fərqləndiyinə görə "Təşəkkür” sertifikatına, iqtisadiyyat üzrə fəlsəfə doktoru Sevinc Cabbarova Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu təşkilatçılığı ilə keçirilən tədbirdə "İlin fəal gənci” nominasiyası üzrə diploma, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova Naxçıvan Muxtar Respublikasında 2017-ci il üçün "İlin yazıçısı”, "Ədəbiyyat qəzeti”ndə çap olunan əsərlərinə görə Azərbaycan Yazıçılar Birliyi və "Ədəbiyyat” qəzetinin "Əli bəy Hüseynzadə” mükafatlarına layiq görülüb, filologiya üzrə fəlsəfə doktoru Nuray Əliyeva elm sahəsində səmərəli fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplomla, elmi işçi Turac Süleymanova Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif edilib.
banner

Oxşar Xəbərlər