• çərşənbə, 24 Aprel, 06:47
  • Baku Bakı 13°C

AMEA-da Aqil Əliyevin 90 illik yubileyi qeyd olunub

13.12.16 13:13 1545
AMEA-da Aqil Əliyevin 90 illik yubileyi qeyd olunub
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli iqtisadçı alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Aqil Əliyevin anadan olmasının 90 illiyi münasibətilə yubiley tədbiri keçirilib.APA-nın xəbərinə görə, AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, tədbir prezident İlham Əliyevin "Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına əsasən təşkil olunub.
A. Əlizadə qeyd edib ki, Aqil Əliyevin elmin inkişafı istiqamətində getdiyi yol, gördüyü işlər, əldə olunan nəticələrin hər biri sosial sahələri əhatə edib: "O, fəaliyyətini əhalinin həyat səviyyəsini öyrənməyə, istehlak problemlərini araşdırmağa həsr edib. Alimin əsas elmi fəaliyyəti kənd təsərrüfatının maddi-texniki bazasının inkişafına, kənd əhalisinin sosial rifahının yüksəldilməsinə, səhiyyənin iqtisadi problemlərinin həllinə yönəlib. Aqil Əliyevin tədqiqatlarında səhiyyə ilə iqtisadi inkişaf arasında qarşılıqlı əlaqə məsələləri xüsusi yer tutub. Alim Azərbaycanda məhsuldar qüvvələrin yerləşdirilməsi sxeminin tərtibçilərindən biri olub".
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Aqil Əliyev cəmiyyətin inkişafında sosial sahənin rolu və əhəmiyyətinə həsr etdiyi qiymətli elmi əsərləri ilə iqtisad elmindəki boşluq aradan qaldırılıb. Onun sözlərinə görə, bu gün ölkədə sosial iqtisad sahəsi üzrə elmi məktəb formalaşıb.
AMEA-nın akademik katibi, akademik Əhliman Əmiraslanov Aqil Əliyevlə bağlı xatirələrini bölüşüb. O bildirib ki, AMEA-nın müxbir üzvü Aqil Əliyev elmi tədqiqatlar aparmaqla yanaşı, pedaqoji fəaliyyətlə məşğul olub, Azərbaycan Tibb Universitetində siravi müəllimlikdən professor, kafedra müdiri vəzifəsinə qədər yüksəlib.
banner

Oxşar Xəbərlər