• cümə, 29 Mart, 12:01
  • Baku Bakı 14°C

Almaz Ələsgərli “Polat Alemdar”la bir serialda çəkilir

20.09.13 10:26 5083
Almaz Ələsgərli “Polat Alemdar”la bir serialda çəkilir
Respublikanın əməkdar artisti Almaz Ələsgərlinin serialda çəkiləcəyi xəbərini eşidib, bunu onun özündən soruşduq. İfaçı bizimlə söhbəti zamanı yayılan xəbərlərin doğru olduğunu, Türkiyənin məşhur serial ulduzları ilə eyni səhnəni bölüşdüyünü söylədi. Almaz xanım aktrisalıq qabiliyyətinin hələ tələbəlik illərindən olmasından və Azərbaycanın məşhur simaları ilə teatrda bir səhnəni bölüşməsindən, özünün İncəsənət Universitetində aktyorluq təhsili almasından danışdı. Onun sözlərindən bəlli oldu ki, ifaçını gələcəkdə Hollivud filmlərində görsək, heç də təəccüblənməməliyik.
Qızım məni öldürər
- Almaz xanım, yay tətilini necə keçirdiniz?
- Gözəl yay tətili keçirdim. Azərbaycanın bölgələrini gəzdim. İndi isə bol enerji ilə yeni mövsümdə işləməyə hazıram. Və bir də, hər iki aydan bir İsveçə gedirəm, qızımı görməyə. Qızım orada yaşayır. Onu görməyə getməsəm, qızım məni öldürər (gülür).
- Nə zaman klip çəkdirməyi düşünürsünüz?
- Klip çəkdirməyi hələ ki düşünmürəm. Çünki bugünkü dövrdə klipə tələbat yoxdur. Yeni mahnılarım var. Bundan əlavə, peşəkarlar tərəfindən çəkilən böyük bir seriala çəkilirəm. İnşallah, oktyabrda məni serial qəhrəmanı kimi görəcəksiniz.
- Çəkiləcəyiniz serial barədə danışmağınızı istərdim.
- Həmin serialda ana rolunu oynayıram. Bu obraz serialdakı əsas rollardan biridir. Serial “Oğurlanmış arzular” adlanır. Serialı türk rejissoru, “Kurtlar vadisi” serialının aktyoru Osman Albayraq çəkir. Serialda türk aktyorları da rol alıb. Belə ki, bizdə sevilərək izlənilən “Kaybolan yıllar”da Əsmər rolunu canlandıran Saruhan Hunel, “Kurtlar vadisi” serialında Polat Alemdar rolunun ifaçısı Necati Şaşmazla eyni səhnəni paylaşacam. Serial elədir ki, dayanmır, davam edir. Biz də onunla birlikdə çəkilişlərə davam edirik.
Onlara görə çəkiliş 100 dəfə dayandırılır
- Gözlənilirmi ki, Almaz Ələsgərli ifaçılıq sənətini atıb, aktrisalıqla məşğul olsun?
- Onu bilmək olmaz. Gələcəkdə nə olacağını indidən demək olmur. Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyorluq fakültəsini bitirmişəm. Musiqili Komediya Teatrında əsas rolları oynadığım zamanlar da olub. Misal üçün, “Dəli Könül” tamaşasında Könülü oynamışam. Musiqili Komediya Teatrında bizim dahi sənətkarlarla - Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Ofeliya Məmmədzadə ilə bir səhnəni paylaşmışam. Mənim üçün gözəl aktrisa olmaq baxımından heç bir problem yoxdur. Türk seriallarına baxa-baxa düşünürdüm ki, kaş bu aktyorlarla bir seriala çəkilərdim. Hər zaman belə xəyallara dalırdım. Bir gün də beynimdə öz-özümə sual-cavab edirdim ki, birdən mənə zəng olundu, serialda oynamaq üçün təklif gəldi. Mən də can-başla razı oldum. Hazırda çəkilişlər davam edir. Nəzərinizə çatdırım ki, çəkildiyim səhnələrdə heç zaman ikinci dublum olmur. Elə bir dəfə kamera qurulur, bir dəfə də çəkilirəm. Yəni obrazımı gözəl canlandırıram. Peşəkarcasına oynayıram. Hiss edirəm ki, rejissor məndən razıdır. Görürəm ki, bir çox aktyorlar bir səhnəni dəfələrlə oynayır, alınmır, yenidən çəkilir. Onlara görə çəkiliş 100 dəfə dayandırılır. Mənə görə isə heç zaman “stop” olmayıb.
- Sizcə, haqqınızda film çəkilməsi, orada oynamağınız mümkündür?
- Mənə belə təkliflər edilib. Amma hələ ki bu barədə düşünmək istəmirəm. Başımı bu serialla qatıram. Arzularım hamısı o serialda öz əksini tapacaq. Mənə elə gəlir, bu serial sənətimdə çox şeyi dəyişdirəcək. Bir də gördünüz ki, Hollivudda çəkilən məşhur filmlərin birinə dəvət almışam (gülür). Ola da bilər ki, Türkiyədə çəkilən serialların birində mənə böyük bir rol verdilər. Ümumiyyətlə, mən mimikalı rolları daha çox sevirəm. Belə ki, gözlə, qaşla, sifət cizgiləri tamlıqla verilən kadrları sevirəm. Aktrisa kimi ekran qarşısına keçəndə çox həyəcanlı oluram. Evdə daima öz üzərimdə məşq edirəm ki, sabah ekran qarşısına çıxanda deməsinlər ki, bu oynaya bilmir. Çox istedadlı və talantlı insanam. Mənim üçün nə müğənnilikdə, nə sənətdə, nə konsert verməkdə, nə də toy aparmaqda heç bir problem yoxdur. O qabiliyyət mənim qanımdan, canımdan irəli gəlir.
- Deyəsən başınız seriala qarışıb, yeni mahnılarınızı eşitmirik.
- Yox, elə deməzdim. Belə ki, Nadir Əzimovdan, Nailə Mirməmmədlidən və Gövhər Həsənzadədən yeni mahnılar yazdırmışam. Əlimdə yeni 5 mahnım var. Onları radioya verib “raskrutka” edəcəyəm. Bundan əlavə, verilişlərdə oxuyacağımı düşünürəm.
Şou-biznesin toppuşu
- Yeri gəlmişkən, çoxdandır verilişlərdə görmürük sizi.
- Bəli. Çoxdandır verilişlərə çıxmıram. Yayda heç çıxa bilmirdim. Ancaq yeni mövsümdən tamaşaçılarım məni ekranlarda da görə biləcəklər.
- Uzun müddətdir ki, səhnədəsiniz. Dünən ortaya çıxan müğənnilərin belə, ləqəbi var. Sizinsə yoxdur. Özünüz özünüzə nə ləqəb verərdiniz?
- Məni hər kəs şou-biznesin toppuşu kimi tanıyır. Düzünü desəm, mənim ləqəbə ehtiyacım yoxdur. Bu lazımsız bir şeydir.
- Almaz xanım, “mahnılarımı gənclər pulsuz olaraq oxuya bilərlər” demisiniz. Sizin mahnınızı hər hansı gənc oxusa, onunla münaqişələriniz yaranmaz ki?
- Əsla. Elə müğənnilərdən deyiləm ki, mahnılarımı hansısa gənc ifaçı oxuyanda onu məhkəməyə verim, ya da gedib ona deyim ki, mənim mahnımı oxuma. Biz azad ölkədə yaşayırıq. Biz də bu ölkənin ifaçılarıyıq. Kimin ürəyi istəyir, götürüb oxusun. Burada heç bir problem yoxdur. Halal xoşları olsun.
- Qızınızın yenidən ailə həyatı qurduğunu deyirlər. Bu xəbər doğrudurmu?
- Son vaxtlar qızım haqqında çıxan şayiəyə bərk əsəbiləşmişəm. Mənim özümdən danışsınlar, qızlarımdan yox. İfaçıyamsa, yaradıcılığımdan yazsınlar. Əgər qızım ailə həyatı qursa, bunu niyə gizlədim ki, açıq deyərəm. Sevmək, ailə qurmaq pisdir ki? Mən də qızlarımın həyatında elə xoş hadisələrin olmasını istəyərəm. Xeyir işi gizlətməzlər, sevgi gözəl duyğudur. Belə suallara bir daha cavab verməyəcəyimi mətbuat nümayəndələrinin nəzərinə çatdırmaq istəyirəm.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər