AZE | RUS | ENG |


Almaniyadakı seçkilərin Avropaya təsiri olacaqmı?

Almaniyadakı seçkilərin Avropaya təsiri olacaqmı?
Politoloqların fikrincə, Merkelin bundan sonra atacağı addımların fərqli olacağını indidən söyləmək mümkündür

Almaniyada keçirilən parlament seçkilərində kansler Angela Merkelin başçılıq etdiyi alyans qalib gəlib. Bülletenlərin 100 faizinin hesablanmasından sonra hakim Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı 33 faiz səs toplayıb. İkinci yerdə Sosial Demokrat (20,5%), üçüncü isə Almaniya üçün Alternativ Partiyasıdır – 12,6 faiz.

Beş faizlik seçki baryerini keçən Azad Demokratik Partiya (10,7%) , Sol Partiya (9,2%) və Yaşıllar Partiyası (8,9%) da Bundestaqda təmsil olunacaqlar. 

Maraqlıdır ki, Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı ilə seçkidə 4-cü dəfədir qələbə qazanan Merkel və tərəfdarları ötən seçkilərdən fərqli olaraq səslərin müəyyən faizini itiriblər. Amma əvəzində uzun illərdir parlamentə düşə bilməyən və nasistlərə yaxınlığı ilə seçilən Almaniya üçün Alternativ Partiyası Bundestaqa düşən partiyalar sırasındadır. Bəs görəsən Almaniyadakı bu seçkilərin Avropa məkanına, xüsusilə Türkiyəyə təsiri necə olacaq?
 
 

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, ötən seçkilərdən fərqli olaraq bu dəfəki seçkidə Merkelə olan etimad təxminən 9 faiz azalıb: "Xüsusilə ən böyük məğlubiyyətə ölkənin ikinci partiyası olan Almaniya Sosial Demokratlar Partiyası məruz qalıb və təxminən 21 faiz səs toplayıb. İndidən onu söyləmək olar ki, Angela Merkelin seçkiöncəsi verdiyi bəyanatlarla seçildikdən sonra verəcəyi bəyanatlar və siyasəti arasında müəyyən fərqlər olacaq. Bu proqnozlaşdırılan məsələdir. Xüsusilə, Almaniyada təəccüblü olan məsələlərdən biri neofaşist sağ radikal qüvvənin - Almaniya üçün Alternativ Partiyasının 12 faizdən çox səs toplaması çox həyəcanlı bir siqnal olub. Bu partiyanın gənclər arasında populyar olması, bundan başqa, Almaniyanın NATO və Avropa Birliyindən çıxmasını gündəmə gətirməsi, Rusiyaya loyal münasibətdə olması təbii ki, Almaniyada birmənalı qarşılanmayıb. Buna baxmayaraq, onların şüarları kifayət qədər populyar idi. Bu səbəbdən də Angela Merkel və onun tərəfdarları Almaniya üçün Alternativ Partiyasının şüarlarının məşhur olduğunu görüb, bir çox hallarda onların seçicilərini öz tərəflərinə cəlb etmək üçün sərt bəyanatlarla çıxış edirdilər və onlardan bir qismi məhz Türkiyəyə ünvanlanmışdı. Hesab edirəm ki, Almaniya Sosial Demokratlar Partiyasının rəhbəri Martin Şults və partiyası seçkilərdə qalib gəlsəydi, bu, Türkiyə ilə bağlı məsələlərə çox mənfi təsir göstərəcəkdi. Ümumiyyətlə, bunun Avropa İttifaqı-Türkiyə münasibətlərinə də təsir göstərəcəyi istisna edilmir”. 

E.Nəsirov qeyd etdi ki, Angela Merkel kifayət qədər təcrübəli siyasətçidir və artıq 4-cü dəfədir Almaniyanın idarə edilməsi ona tapşırılır: "Belə olan təqdirdə, o, Türkiyənin bütövlükdə regionun və Avropanın, xüsusilə Almaniyanın təhlükəsizliyi üçün oynadığı rolun fərqindədir. Merkel çox gözəl dərk edir ki, Türkiyənin Suriyadan gələn qaçqınların Avropaya axınının qarşısının alınmasında müstəsna xidmətləri olub. Söhbət 3 milyon qaçqının qarşısında durmaqdan gedir və bunun əvəzində maliyyə ödənişlərini isə hələ də almayıb. Bütün bu reallıqlar fonunda Merkelin seçkilərdən sonra atacağı addımların fərqli olacağını indidən söyləmək mümkündür. Amma hər halda seçkilərdə qələbə qazanan partiyaların iştirakı ilə hökumət formalaşdırılacaq. Buna baxmayaraq, söz sahibi Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı olacaq. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, növbəti 4 il ərzində Almaniya-Türkiyə və eyni zamanda Avropa İttifaqı-Türkiyə münasibətlərində bir qədər yumşalma tendensiyasına şahid olacağıq”.
 
 

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Merkelin kansler olduğu müddətdə Almaniya-Türkiyə münasibətlərində gərginləşmə mövcud idi: "Merkel yenidən kansler seçildi və buna baxmayaraq, ona hökuməti formalaşdırmaq o qədər də asan olmayacaq. Çünki 50 ildən sonra parlamentə millətçi, bir az da nasistlərə yaxın olan, 3-cü yerdə dayanan partiya da daxil olub. Merkel hökuməti formalaşdırmaq üçün koalisiya yaradacaq və bu da onun vaxtını alacaq. Düşünmürəm ki, Merkelin Türkiyə ilə bağlı siyasəti dəyişəcək”.

E.Şahioğlu vurğuladı ki, Avropa İttifaqının 2 əsas aparıcı dövləti var - Almaniya və Fransa: "Avropanın yükü bu iki əsas dövlətin üzərindədir. Almaniya daha çox iqtisadi yükün altına girib. Hər iki dövlətin o biri ölkələrə təsir imkanları var. Amma buna baxmayaraq, Almaniya və Fransa arasında qeyri-rəsmi rəqabət gedir. Merkelin gücü daha çox görünür, çünki o, kanslerdir və partiyası da parlamentdə daha çox səs toplayıb. Hökumətin formalaşdırılmasında Merkel problemlərlə qarşılaşa bilər. 

Türkiyəyə münasibətdə isə Almaniya və Fransa arasında fərqlilik görünür. Fransa heç də Almaniyanın dediyini təkrar etmir. Məsələn, Fransa prezidenti və rəsmiləri demirlər ki, Avropanın qapıları tamamilə Türkiyənin üzünə bağlıdır. Düşünürəm ki, bu rəqabət Almaniyadakı seçkilərdən sonra da davam edəcək. Çünki beynəlxalq aləmdə çox ciddi proseslər baş verir. Düzdür, Avropa İttifaqının əsas başağrısı Ukrayna hadisələridir. Amma Ukrayna ilə bağlı da yekdil siyasət yeritmək mümkün deyil, çünki Rusiya müqavimət göstərir. Bu istiqamətdə də ortaq məxrəcə gəlmək Avropa İttifaqı ölkələri üçün çətindir. Bəzi dövlətlər hətta Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması ilə çıxış edir. Halbuki, Almaniya və Fransa istəyir ki, bütün Avropa dövlətləri Ukrayna mövzusunda əsas siyasi xətdən kənara çıxmasınlar. Merkelin bunu bacaracağını söyləmək çətindir.

Almaniyanın Rusiya ilə münasibətləri də hamar deyil. Bu istiqamətdə də Merkeli çətinliklər gözləyir. Digər bir məqam Almaniya ilə Amerika arasındakı münasibətlərlə bağlıdır. Çünki Avropanın liderləri görürlər ki, Trampın siyasəti nə Amerikaya, nə də Avropa İttifaqına uğur gətirir. Tramp prezident seçildikdən sonra təhlükəsizliyə daha çox pul ayrılmasını tələb etdi ki, Avropanın təhlükəsizliyi məsələsində yük Amerikanın üzərində çox olmasın. Bu məsələdə hələ ki konsensus yoxdur. Hiss olunur ki, Merkel Trampın siyasətini bəyənmir, amma buna baxmayaraq Amerika dünyanın super gücüdür. Vaxtilə ABŞ Avropanı, Almaniyanı nasizmdən xilas edib, Marşal planını həyata keçirib ki, bu dövlətlər ayaq üstə dayana bilsin. İndi görürük ki, Almaniyada nasistlərə yaxın partiya səs qazanıb parlamentə düşə bilirsə, burada artıq əhval-ruhiyyə dəyişib”.
 
Bəxtiyar MƏMMƏDLİ    


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001