Almanın köhnə, yoxsa İranın təzə avtomobili?
"İkinci əl”
avtomobillərə son vaxtlar maraq artıb. Bunu bazardakı qiymətlər deyir. Düzdür,
uzun müddət bazarda vəziyyət sabit olsa da, hazırda qiymətlərdə artım müşahidə
edilir. Bəs "ikinci əl” avtomobillərə marağı artıran, qiymətini yüksəldən səbəb
nədir? Eyni zamanda, bazarda müşahidə olunan daha bir məqam var. Çin və İran
istehsalı avtomobillərə meyl edənlərin sayı da çoxdur. Ucuz qiymətə yeni
avtomobil... Bəs bu avtomobillərin keyfiyyəti qiyməti ilə əks mütənasib ola bilərmi?
İran və Çin istehsalı olan avtomobillər ucuzluğu ilə yanaşı, keyfiyyəti ilə də
seçilirmi?
"Əvvəlcə buna süni qiymət artımı deyərdim, amma...”
"VIP Escort Motors”un rəhbəri, avtomobil eksperti Rəşad
Quliyev "Kaspi”yə
açıqlamasında bildirdi ki, mart ayının sonlarından başlayaraq "ikinci əl”
avtomobillərinin qiymətində artım müşahidə olunur. Bunun isə bir neçə səbəbi
var: "Əvvəlcə buna süni qiymət artımı deyərdim, amma artıq elə deyil. Çünki
qiymətlərdə kəskin şəkildə artım var. Nə ilə bağlıdır? Birincisi, ümumiyyətlə,
hər il martın əvvəllərindən avqustun sonuna qədər avtomobillərin qiyməti süni
qalxır. Bu müddət bəzən sentyabr-oktyabr aylarına, hətta dekabra qədər davam edə
bilir. Necə ki martda tikintiyə başlayanların sayı çoxalır deyə, həmin vaxtdan
etibarən tikinti materiallarının qiyməti qalxır, avtomobil də elə. Mart ayından
başlayaraq avtomobillərə tələbat çoxalır, ona görə də qiymət artır. Mövsüm
xarakterli olaraq, hər il bu cür qiymət artımı olur. Bundan əlavə, əhalidə bir
az valyuta ehtiyatı yaranıb. Gəlirləri artdığını demək olmaz, sadəcə, son aylar
dollar və avronun məzənnəsində xeyli düşmə var. Ona görə əhalinin maşın almağa
marağı da artıb. Eyni zamanda, avtomobil idxalında 10 faizə yaxın artım var. Daha
bir məqam isə turizmdəki canlanma ilə bağlıdır. Ölkəyə gələn turistlərin
sayının artması bəzi avtomobil modellərinə marağı artırıb. Çünki turistləri
daşımaq üçün müxtəlif avtomobil modellərinə maraq çoxalıb. İli 2007-ci ildən
yuxarı "Mercedes Vito”, "Viano”, "V Class” və "Sprinter” modellərinə hazırda
daha çox tələbat var. Gündəlik idxal olunan 20 avtomobildən 15-i "Mercedes
Vito”, "Viano” modelləridir. Bu modellərə olan tələbat ölkəmizə avtomobillərin
idxalını artırıb”.
Köhnə "Mercedes” 10, təzə Çin maşını 2 il?
Ekspertin
sözlərinə görə, Çin və İran avtomobillərinə marağın çox olmasına səbəb qiymətlərinin
ucuz olmasıdır. Ucuz ətin şorbası isə olmur: "Qiymətləri ucuzdur, həm də sərfəli
lizinq şərtləri təklif edirlər. Məsələn, bir avtomobili 5 illik kreditlə verirlər.
Uzunmüddətli ödəmə imkanı olduğu üçün əhali onu seçir, amma onlarda illik faiz
Almaniyadakı kimi deyil. 1 yox, 30 faizə
yaxın bank faizləri var. 5 ilə 2-2,5 maşının pulunu ödəmiş olacaq. Onlar çox
ucuzdur, həm də İran, Çin avtomobilləri satan rəsmi dilerlər tez-tez sərfəli
kampaniyalar həyata keçirirlər. Çünki gətirdikləri avtomobil satılmayıb,
anbarlarında qalıb. 2015-2016-cı il avtomobilləri var ki, sıfır kilometr gedişi
var. Ona görə məcbur olub ucuz verirlər.Qiyməti
müqayisə etsək, İran maşının yenisi 15 min manatdırsa, "Mercedes”in yenisinin ən
ucuzu 45-50 min manatdır. Qiymət fərqi çoxdur. Ona görə bizdə yeni və ucuz
olanı almağa çalışırlar. Bir şey var ki,
20 ilin "Mercedes”ini alıb 10 il sürmək olar, amma təzə İran, Çin maşını alsan,
2 il sonra yararsız hala düşür. Bir-iki il keyfiyyətlidir, sonra dağılır.
Düzdür, ölkəmizdə rəsmi diler və servisləri var, aparıb düzəltdirmək olur, amma
o avtomobil daim adamı yorur. Ona görə əhali daha çox son 10-15 ilin
"Mercedes”lərinə maraq göstərir. İndi idxal olunan avtomobillərin 90 faizi
turistləri daşımaq üçün istifadə olunan modellərdir. Həm qiymətləri münasibdir,
həm də hazır iş yeri kimidir”.
"Qışa doğru avtomobillərin qiymətləri düşür”
Nə qədər
qiymət artımı olmasına gəlincə, R.Quliyev bunları söylədi: "Əvvəl bizdə ən çox
satılan "Mercedes”in işlənmiş "E-Class” və "C-Class” modelləri idi.
1999-2000-ci ilin "C-Class”ının qiyməti əvvəl 7000-7500 manata idisə, indi
8500-9000-ə tapmaq çətindir. 7-8 min manata satılan maşında 1000-1500 manat artım
böyükdür. 8-9 min manata olan avtomobil mart ayında 10 min manata qalxmışdısa,
indi 11500-12000-ə təklif edirlər. Bunlar mövsüm xarakterlidir”.
Ekspert
onu da bildirdi ki, avtomobil sektorunda qarşıdakı dövr üçün qiymətlərin necə dəyişəcəyini
öncədən tam proqnozlaşdırmaq olmur: "Qeyd etdiyim kimi mövsüm xarakterli qiymətlərdəki
artım avqust ayına kimi davam edir. Ondan sonra sentyabr ayı gəlir, məktəblər
açılır, avtomobilə maraq azalır. Amma nə qədər azalsa da, sentyabr, oktyabr
ayına qədər bu, davam edə bilir. Ondan sonra satışda azalmalar baş verir.
Dekabr yaxınlaşdıqca, avtomobilin ili köhnəlir. Tutaq ki 2005-in avtomobili
hazırda 12 ilin avtomobili sayılırsa, dekabrdan sonra 13-cü ilə keçir. Ümumiyyətlə,
qışa doğru avtomobillərin qiymətləri düşür. Sentyabr-oktyabr ayından etibarən
yeni modellər çıxır, məsələn 2018-ci ilin avtomobillərini gözləyirik, artıq
sifarişlərimizi vermişik. Oktyabrda hazır olacaq avtomobillər 2018-ci ilin
modeli sayılır. Yeni model çıxır, işlənmiş avtomobillərin isə ili köhnəlir. Ona
görə qiymətlər düşür. Amma yenə də valyuta elə bir dərəcədə oynaya bilər ki,
ili düşsə belə, qiymət yüksələ bilər. Hər şey valyutadan asılıdır”.
"Keyfiyyət qiymətə görə özünü göstərir”
Avtosfer.az
saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlının sözlərinə
görə, İran, Çin və digər Asiya ölkələrində istehsal olunan müxtəlif avtomobillər
var ki, onların qiyməti digər Avropa ölkələrində istehsal olunan avtomobillərə
nisbətən daha ucuzdur. Burada isə keyfiyyət qiymətə görə özünü göstərir: "Ucuz avtomobillər
bahalarla keyfiyyət məsələsində müqayisə oluna bilməz. Devalvasiyadan sonra əhalinin
maddi imkanlarını nəzərə alanda görürük ki, əksər adamlar ucuz və təzə olanını
istəyir. Bununla da Çin, Hindistan, İran və digər ölkələrin daha ucuz
avtomobillərinə maraq çoxalıb. Avtomobildən yaxşı məlumatı olanlar isə bilirlər
ki, təzə Çin avtomobilindənsə köhnə alman maşını daha yaxşıdır. Ona görə işlənmiş
Almaniya, Amerika, Koreya maşınlarını daha üstün tuturlar. O baxımdan həmin
avtomobillər işlənmiş olsalar da, qiymətlərində artım hiss olunur”.
"İran istehsalı olan keyfiyyətli maşınlar çoxdur”
E.Muradlı
deyir ki, İranla Çin avtomobilləri keyfiyyət cəhətdən eyni deyil: "İran
istehsalı olan keyfiyyətli maşınlar çoxdur. Düzdür, bəzi işbazlar daha ucuz
başa gəlsin deyə, ölkəmizə idxal etdikləri avtomobilin konstruksiyalarında müəyyən
dəyişiklik etdirirlər. Təhlükəsizlik yastıqlarından tutmuş digər detallarına qədər.
Təki istehsalı ucuz başa gəlsin, burda baha satıb çox gəlir əldə etsin. İnsan həyatı
ilə oynayırlar. Söhbət təzə maşınlardan gedir. Bu gün üçün yaxşı haldır ki,
İran həmin avtomobilləri öz iş adamları vasitəsilə gətirir. Ortada hansısa bir
işbaz olursa, ucuz başa gəlsin deyə, hansısa bir dəyişiklik etdirirsə, bu zaman
keyfiyyətdə problem ola bilər”.
Ekspert
bildirdi ki, Çin avtomobilləri alanalar artıq tədricən peşmançılıq hissi
keçirirlər: "Bir il əvvəl Çin istehsalı olan maşın alan şəxs deyir ki, artıq
mühərrik xarab olub, usta tapıb düzəltdirə bilmir. Dəmir parçası kimi metalloma
vermək istəyir. Çünki Azərbaycanda o avtomobillərin güclü mütəxəssisləri
yoxdur. Çinin təzə avtomobilini alanlar bir ildən sonra keyfiyyətini görəcəklər.
Azərbaycanın ən ucqar kəndində "Mercedes”, "Hyundai”, "Nissan”ın detalını, onu
düzəldəcək ustanı tapa bilərsiniz. Çin avtomobilləri üçün bunu deyə bilmərik.
Bu cür hallarla üzləşən sürücülər yavaş-yavaş Çin avtomobillərindən imtina edəcəklər”.
"Qiymətlərin artması idxalın məhdudlaşması ilə
bağlıdır”
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri
Ramil Osmanlı bizimlə
söhbətində bildirdi ki, təkrar avtomobil bazarında hazırda qiymətlərin artması
idxalın məhdudlaşması ilə bağlıdır: "Yəni bu sahədə qəbul olunan qərarlar
idxala mənfi təsir göstərir. İdxal azalır və bu da təklifi aşağı salır. Təklif
aşağı düşdükcə, təbii ki, bazarda alıcıların seçim imkanları məhdudlaşır. Müəyyən
mənada tələb azalıb, amma buna baxmayaraq, avtomobil alıcıları var. Orta və
kiçik sahibkarlar da indiki şəraitdə satmaq üçün avtomobil tapa bilmirlər. Bu səbəbdən
də qiymət artımı baş verir”.
R.Osmalı
da qeyd etdi ki, Çin və İran avtomobillərinə marağın artması qiymətlərinin daha
ucuz olması ilə bağlıdır: "Qiyməti ucuz olduğuna görə, alıcıların mövcud
iqtisadi imkanları müəyyən mənada cavab verir. İki ildir Mərkəzi Bank avtomobil
bazarına kreditlərin verilməsini məhdudlaşdıran qərarlar qəbul edib, eyni
zamanda Avro standartların tətbiqi nəticəsində artıq ölkəyə ucuz avtomobil
idxalı məhdudlaşıb. Ona görə də yeganə alternativ variant Çin və İran
avtomobilləridir. Bu səbəbdən həmin avtomobillərə tələb artıb”.
Aygün
Asimqızı