• cümə, 29 Mart, 14:26
  • Baku Bakı 14°C

Almanı atdım xarala, qaldı sarala-sarala...

29.07.20 17:24 903
Almanı atdım xarala, qaldı sarala-sarala...
Və ya Azərbaycan almasının ixracı niyə azalıb?

Bu il Azərbaycan almasının ixracı azalıb. Belə ki, yanvar-iyun aylarında ölkədən 24,5 min ton alma ixrac edilib. AZƏRTACDövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən almanın dəyəri 9 milyon ABŞ dolları olub. Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 16,2 milyon dollar olmaqla 39,3 min ton alma ixrac edilib. Bəs görəsən adı dillərdən məşhur olan Azərbaycan almasının ixracı niyə azalıb? Daxili bazarda tələbat artıb, yoxsa...
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, pandemiyanın yaratdığı situasiya idxal-ixrac əməliyyatlarına ciddi təsir edib: "Yerli bazarlarda xaricdən idxal olunan məhsullar da var. Bu bazar iqtisadiyyatında seçimlə əlaqəli olan bir məsələdir. Bəzi hallarda istehlakçılar idxal olunan məhsulların alışına üstünlük verir. Sahibkarlar təbii ki, mövcud vəziyyəti qiymətləndirərək məhsul idxal edir. Amma ümumiyyətlə götürdükdə bu il pandemiyanın yaratdığı situasiya idxal-ixrac əməliyyatlarına ciddi təsir edib. Aydın məsələdir ki, yerli istehsalçılar öz məhsulunu əsasən Rusiya bazarına çıxarır. Bu il yaranmış şəraitlə əlaqədar olaraq sahibkarlar öz məhsulunu xarici bazara təklif edə bilmir. Çünki Rusiya bazarları ilə iş daha çox subyektiv əsaslarla qurulub. İndiyə kimi bir çox istehsalçılar məhsulunu mövsüm dövründə fərdi şəkildə Rusiya bazarlarına aparır və topdansatışa təklif edirdi. Amma hazırda hərəkətin məhdudlaşması bu istiqamətdə çevik mexanizmlərin və formalaşmış dəyər zəncirlərinin olmaması, şirkətlərin tədarüklə bağlı prosesdə zəif iştirakı müəyyən gecikmələrə gətirib çıxarır. Hazırda kifayət qədər məhsul istehsalçıların əlində toplanıb qalıb. Lakin bu məhsulları bazarlara təklif edə bilmirlər. Nəinki xarici, hətta yerli bazarlara məhsulların çatdırılması ilə bağlı müəyyən sıxıntılar var. Fermerlər öz məhsullarını son istehlakçıya, yarmarkalara, pərakəndə ticarət müəssisələrinə çatdıra bilmirlər. Məhsul əslində var və boldur, amma bu məhsulun indiki halda təşkil edilib xarici bazarlara çıxarılması ilə bağlı inkişaf etmiş çevik mexanizmin olmaması, dəyər zəncirinin zəif olması pandemiyanın təsirlərini daha da ağırlaşdıran faktor kimi çıxış edir”.
Aqrar məsələlər üzrə ekspert Qadir Bayramlı bildirdi ki, Azərbaycanda istehsal olunan almanın böyük hissəsi ilin ikinci yarısından sonra bazara çıxarılır: "İndi bazarlara çox az miqdarda yay alması çıxarılır. Amma almanın əsas yetişmə dövrü iyul ayından başlayıb payızın ortalarına qədər davam edir. İxracatın azalması məsələsinə gəldikdə isə bütün ölkələrdə ixracat fəaliyyəti məhdudlaşıb. Ona görə də bu azalmalar təbii haldır. Almanın böyük şəhərlərə çıxarılması pandemiya şərtlərində xeyli çətinləşib. Əgər vəziyyət sabitləşərsə bu il alma ixracının ümumi həcminin keçən illə müqayisədə yüksək olacağını düşünürəm. Digər aqrar məhsullar kimi Azərbaycan alması da əsasən Rusiyaya, qismən isə Ukrayna və Qazaxıstana ixrac edilir. Bütövlükdə isə ənənəvi bazarlarımız keçmiş sovet respublikalarıdır. Almaların çeşidi və keyfiyyəti yüksələrsə, yeni bazarlara çıxış əldə edə bilərik. Avropa bazarlarında məhsul idxalına ciddi standartlar tətbiq olunur. Ekoloji təmizlik, keyfiyyət, qablaşdırma və digər məsələlərə xüsusi önəm verilir. Alma ixracını artırmaq üçün soyuducu məsələsinin də həllini tapması lazımdır. Müəyyən bölgələrdə belə soyuducu anbarlar var. Amma onların qiyməti fermerlər üçün əlçatan deyil. Bu soyuducuların qiyməti bahalı, sayı isə məhduddur. Belə soyuducu anbarların sayını artırıb qiymətləri əlçatan etmək vacib məsələdir. Bu il keçən illə müqayisədə almanın məhsuldarlığının daha çox olacağı gözlənilir. Qeyd etdiyim kimi vəziyyət sabitləşərsə, bu il almanın ixrac həcmi arta bilər”.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov qeyd etdi ki, almanın mövsümü sentyabr ayından başlayır. İxrac da məhz həmin dövrdən sonra artır: "İndi bazarlara əsasən yay alması çıxarılır. Onun da həcmi o qədər böyük deyil. Təbii ki, koronavirusun yayılması logistika şirkətlərinin fəaliyyətinə ciddi təsir edib. Amma pandemiya şərtlərinin istehsala heç bir təsiri yoxdur. Açıq sahədə işlər həmişə fasiləsiz gedib. Azərbaycanın daxili bazarının almaya olan illik tələbi təqribən 60-70 min ton civarındadır. Daxili bazara əsasən ikinci sort almalar çıxarılır ki, bu da ümumi istehsalın 25 faizini təşkil edir. Ümumi istehsal həcmi keçən il 260 min tona yaxın idi. Bu il bu rəqəmin 270 min ton olacağı gözlənilir. İstehsal edilən almanın 75 faizi xarici ölkələrə ixrac olunur. Əsasən Rusiya, Qazaxıstana və ərəb ölkələrinə alma ixrac edirik. Hələlik Azərbaycan almasını Avropa bazarına çıxara bilmirik. Çünki Polşa, Fransa, İspaniya kimi güclü meyvə istehsalçıları var. Amma hədəfimiz yaxın zamanda ekoloji təmiz məhsullarımızı Avropa bazarlarına da çıxarmaqdır. Azərbaycan bağlarında əkilən almalar Avropa almalarından heç də geri qalmır. Əksinə, dad baxımdan bizim alma onlarınkından daha üstün və keyfiyyətlidir. Amma bazarlara çıxarmaq və mexanizmi qurmaq bir qədər çətindir. Ona görə də həmişə rahat yolu seçib məhsulumuzu Rusiyaya ixrac etmişik. Son bir neçə ildə ərəb ölkələrinə də məhsul istehsal edirik. Amma hədəfimiz məhsulumuzu Avropa bazarına çıxarmaqdır”.
Şəbnəm
banner

Oxşar Xəbərlər