• cümə, 19 Aprel, 23:03
  • Baku Bakı 24°C

Alman teatrı və teatr təhsili

15.09.14 13:52 2781
Alman teatrı və teatr təhsili
Son otuz ildə Almaniyada teatr uğurla inkişaf edir. Sözsüz ki, bu inkişaf teatr təhsili ilə sıx bağlıdır. Bu əlaqənin nədən ibarət olduğunu, teatr xadimlərinin necə yetişdirildiyini və hansı kriteriyalar əsasında öyrədildiyini bilmək düşünürük ki, oxucularımıza da maraqlı olar.
Alman ali və professional teatr təhsili sistemi mürəkkəb struktura malik bir sistemdir. Hansı ixtisaslar üçün hansı variantlar əlverişlidir, lazımı səviyyə üçün gərəkli olan dərs saatlarını necə təyin etməli və s. bu kimi məsələlər, ölkə iqtisadiyyatına təsir göstərəcək problemlər dərəcəsində aktualdır. Aktyor-tələbə təhsil müddəti boyunca ilk növbədə tələbədir, sonra isə aktyor.
Almaniyada aktyor kimi yetişməyin üç üsulu var:
1. Dövlət aktyor məktəblərində təhsil almaq yolu ilə.
2. Lisenziyalaşdırılmış özəl məktəblərdə təhsil almaq yolu ilə.
3. Fərdi dərs verən özəl şəxslərin yanında təhsil almaq yolu ilə.
Almaniyada mövcud olan dövlət teatr məktəblərinin sayı 14, Avstriyada 6, İsveçrədə 2-dir. Semestr ərzində bu məktəblərə 100-500 avro pul ödəmək lazımdır. Vakant yerlər 300-ə yaxın olsa da namizədlərin sayı 5000-ə çatır. Tam kurs səkkiz semestr təşkil edir.
Özəl məktəblər hüquqi və hər yerdə qəbul olunan diplomlar verirlər və onların məzunları da dövlət təqaüdünə iddia edə bilərlər. Özəl məktəblərdə təhsil haqqı isə 700 avro təşkil edir. 2010-cu ildən eynisəviyyəli təhsil standartını təmin etmək məqsədilə almandilli özəl aktyor məktəblərinin peşəkar ittifaqı yaradılıb.
Beləcə biz görürük ki, dövlət məktəbləri özəl məktəblərə nəzərən ucuz olsa da, özəl məktəblərə qəbul olmaq daha asandır. Lakin dövlət məktəblərinə qəbul olmaq özü bir uğur hesab olunur. İkinci olaraq, böyük teatrlar heyətlərini dövlət məktəbi məzunlarından toplamağı üstün tutur. Baxmayaraq ki, onların ştatda yer tutmaq şansları elə də yüksək olmur. Məzunlardan sadəcə 30-40% daimi işlə təmin olunurlar.
Bundan əlavə təhsil planı da fərqlənir. Özəl məktəblərdə praktikaya önəm verildiyi halda, dövlət məktəblərində təhsilin universallığına önəm verilir. Teatr tarixi, kino tarixi, incəsənət tarixi kimi fənnlər plana salınsa da sadəcə olaraq formal xarakter daşıyır. Əlbəttə heç kim aktyor məktəbini teatr tarixi fənni tədris olunduğu üçün seçmir. Bu məktəbə meyl edənlər sadəcə onun praktiki kriteriyalarını nəzərə alırlar. Paradoks məhz burasındadır ki, dövlət məktəblərinə daha çox axın olur, çünki burada praktikanın daha sistematik və daha dolğun tədris olunduğuna inanılır.
Özəl və dövlət anlayışından əlavə Almaniyada Şərq və Qərb anlayışları da mövcuddur. Ölkənin əsas və ən populyar aktyor məktəbi Şərqi Berlində yerləşən və Ernest Buşun(22.01.1900-08.07.1980 aktyor) adını daşıyan məktəb hesab olunur. Bu məktəbin tələbələri Stanislavski və Brext ruhunda tərbiyə olunurlar. Digər tanınmış məktəb isə Almaniyanın qərbində Bohumda yerləşir. Bohum məzunları nağılvari konsentrasiyaya malikdirlər. Bu məktəbin yetirmələri Çaplin kimi hər bir epizod üzərində ayrı-ayrılıqda işləyə bilirlər.
Hər iki məktəbə nəzər saldıqda onların zahiri keyfiyyətlərə önəm vermədiklərini aydın görürük. Heç kim bu məktəbləri model agentliyi ilə səhv sala bilməz. Burada hər görkəmdə və hər xasiyyətdə tələbə var. Bu tələblərdən sadəcə aktyor texnikasına yiyələnmək tələb olunur.
Teatr təhsili ilə məşğul olan pedaqoqlar Almaniyanın məşhur simalarıdır ki, onların bir qisminin pedaqoji fəaliyyəti uzunömürlü olmuşdur. Məsələn rejissor pedaqoqikasına nəzər salaq: Peter Ştayn (1937-ci il), Lyuk Bondi (1948), Frank Kastrof (1951), Kristof Martaler (1952), Armin Petras (1964), Karen Bayer (1965) və b.
Yəqin ki, alman teatrında çalışan rejissorların təhsili hansı səviyyədədir sualına cavab verməyə kifayət edəcək bir siyahıdır. Bu siyahını daha da uzatmaq olar. Təəssüf ki, teatr prosesinin bütün iştirakçıları barədə danışa bilmərik. Lakin teatr təhsilinin bir sahəsi var ki ondan danışmamaq qəbahət olar. Bu Teatrşünaslıq sahəsidir.
Müasir Avropa teatrında teatşünaslıq teatr tənqidindən kəskin şəkildə ayrılır. Bu gün Almaniya teatrında ən maraqlı və bizim üçün anlaşılmaz olan peşələrdən biri dramaturq peşəsidir. Həqiqi dramaturq hər şeydən əvvəl tamaşanın ideoloqudur. Bəzən o bütün teatrın və teatr istiqamətinin ideoloquna çevrilə bilər. Rejissor dramaturqla birlikdə tamaşanın nə haqqında və necə olacağı suallarına cavab axtarır. Dramaturq məşqlər boyu qeydlər aparır, tamaşanın bütün iştirakçılarına-rejissordan tutmuş, geyim üzrə rəssama qədər lazımi materialları əldə etməyə kömək edir.
Dramaturq rejissorla birlikdə tamaşanın düşüncə mərhələsində obrazını rəsm edən şəxsdir. Dramaturq lazım gələrdə original teksti redaktə etmək kimi bir funksiya da daşıyır.
Beləliklə bu peşənin nümayəndələri əsasən teatrşünas seminarlarında meydana çıxırlar. Teatr tarixi və teatr nəzəriyyəsi teatrşünaslıq seminarlarında əsas reallıq kimi öyrənilir.
Belə alındı ki, son iyirmi-otuz ildə bu ixtisasın tədris olunması sahəsində nəzərə çarpacaq dəyişikliklər baş verdi. Nə isə sona çatdı, nə isə yeni başlanğıc qazandı. Teatr tarixini və teatr nəzəriyyəsini öyrənən insanlar gözlənilmədən praktikaya istiqamətləndilər.
Əminliklə deyə bilərik ki, müasir alman teatrının bir çox yeni xüsusiyyətləri öz mənbəyini Qissen Universitetinin teatrşünaslıq seminarlarından götürür.
Gələcəkdə teatrşünasların teatrı mövcud olacaqmı?
Ənənəvi aktyor və rejissor sənətindən bizlərə nə qalacaq?
Teatrda müasirliyin üstünlük təşkil etməsilə ənənə itiriləcəkmi?.
Biz bütün bu suallara cavabı əlbəttə ki, zamanın öhdəsinə buraxırıq. Sadəcə onu deyə bilərik ki, müasir teatr dünyasında Alman teatrının və teatr məktəbinin rolu danılmazdır.
Aygün Süleymanova
teatrşünas
banner

Oxşar Xəbərlər