Alkoqolizm niyə yayılır?
Nizami
Gəncəvi yazırdı ki, bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o
da... Amma haqqında danışacağımız su o sulardan deyil. Bunun artığı da, əskiyi
də ziyandı.Alkoqollu
içkilər etil spirtindən hazırlanmış sənaye məhsuludur. Sintetik üsulla alınan
etil spirtinin tərkibində müxtəlif qarışıqlar olduğundan, ondan yalnız texniki
məqsədlər üçün istifadə edilir. Spirtli içki beyin əzələlərinin yığılmasına,
şişlərə və qan təzyiqinin yaranmasına səbəb olur. Bu da bədən üzvlərinin iflic
vəziyyətə düşməsinə gətirib çıxarır. Spirtli içkilərə qurşanan şəxsdən sağlam
övlad dünyaya gəlməsi sual altındadır. Doğulan uşaqlarda isə müxtəlif psixi və
fiziki xəstəliklər, o cümlədən əsəbilik, beynin inkişafdan qalması, qan azlığı
və s. xəstəliklər müşahidə olunur.
Alkoqoliklərin
sayı ilə bağlı bu günlərdə mətbuatda yayılmış statistik məlumatlar həyəcan
təbili çalmağa əsas verir. Son rəsmi məlumatlara əsasən, Azərbaycanda 2016-cı ildə
18-24 yaşlı 338 (2015-ci ildə 343, 2014-cü ildə 517), 25-29 yaşlı 924 (2015-ci
ildə 928, 2014-cü ildə 1240), 30-34 yaşlı 1638 (2015-ci ildə 1599, 2014-cü ildə
1429), 35-39 yaşlı 1798 (2015-ci ildə 1660, 2014-cü ildə 1669), 40-44 yaşlı
2628 (2015-ci ildə 2709, 2014-cü ildə 2583), 45-49 yaşlı 3165 (2015-ci ildə
3175, 2014-cü ildə 3027), 50-54 yaşlı 3386 (2015-ci ildə 3347, 2014-cü ildə
3245), 55-59 yaşlı 3468 (2015-ci ildə 3434, 2014-cü ildə 3374), 60-64 yaşlı
2861, 65 yaşdan yuxarı 1713 (ümumilikdə 2015-cü ildə 60 yaşdan yuxarı 4582,
2014-cü ildə 5193 ) nəfər alkoqolik olub.
Alkoqolizmin artma səbəbləri, spirtli içkinin ziyanları və
bunun qarşısını almaq üçün nə kimi tədbirlər görüldüyünü aydınlaşdırmağa
çalışdıq.
İnsanları əyləncə, kef
məclisləri daha çox cəlb edir
Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, statistik məlumatları hər zaman dəqiq qəbul etmək olmaz: "Bəzən bu məlumat doğru, bəzən
də səhv ola bilər. Ancaq verilən bu informasiyanı doğru qəbul etsək belə, deyə
bilərik ki, alkoqolizmin artma səbəblərindən biri əhalinin davranış formasıdır.
Yəni insanların alkoqola olan meyilliliyi. Bu, elmi ədəbiyyatda da göstərilib
ki, istənilən davranışa üç faktor güclü təsir göstərir: mühit, aldığı
informasiya və insanın üstünlük verdiyi dəyərlər. İlk olaraq mühitimizdə nə baş
verir - bunu araşdırmaq lazımdır. Hazırda kifayət qədər spirtli içkilər
satılır. İnsanların maddiyyata marağı artıb. Maddiyyata meyilləndikcə,
insanları əyləncə, kef məclisləri daha çox cəlb edir. Beləcə, içkiyə maraq
artır, mənəvi dəyərlər arxa plana keçib. Bu təkcə Azərbaycanda yox, bütün
dünyada belədir”.
İctimai qınaq yoxdur...
Əhməd
Qəşəmoğlunun sözlərinə görə, digər bir qisim insanlarda isə psixoloji sıxıntı
olur və onlar səhv olaraq çıxış yolunu narkotika və alkoqolda görürlər: "Əsas
problem mühitdədir. Təhlil etmək lazımdır ki, bu mühitdə alkoqolizmin artmasına
təsir göstərən nələrdir. Başqa bir səbəb isə informasiya qıtlığıdır. Bizdə
alkoqolizmin ziyanı ilə bağlı maarifləndirici iş getmir. Amma kütləvi
informasiya vasitələrində bu içkilərin
cəlbedici reklamı yayımlanır. Yəni alkoqolun təbliği daha güclüdür, nəinki ona
qarşı mübarizə tədbirləri. Üçüncü faktor, dəyərlər faktorudur. İnsanlar
əvvəllər mənəvi dəyərlərə üstünlük verirdilər. Məsələn, içki içməməklə
fərqlənmək istəyirdilərsə, indi o dəyərlər, istəklər ortadan qalxıb. Kim nə
içir, nə edir - ictimai qınaq yoxdur. Amma bir zamanlar cəmiyyətdə alkoqollu
içkiləri içənlərə qınaq daha güclü idi.
Maarifləndirici fəaliyyət
proqramı hazırlansın
Sosioloq
son olaraq qeyd etdi ki, sadalanan bu faktorlarda məsələnin xeyrinə yox,
ziyanına olan meyillər daha güclüdür: "Ona görə də alkoqolizmin artımı baş
verir. Bu artımda bəzi qüvvələrin də marağı ola bilər. Yəni əhali narkotika,
alkoqolla məşğul olsun ki, keyfiyyətcə zəifləsin. Bu kimi şeyləri təhlil etmək
lazımdır. Çalışmaq lazımdır ki, ümumi bir maarifləndirici fəaliyyət proqramı
hazırlansın. Həmin proqramda mühitdə nə baş verdiyi, informasiya təminatımızda
hansı problemlərin olduğu təhlil edilsin. Həmçinin gənclərin dəyərlərinə təsir
etmək lazımdır. Burda orta məktəblərin, televiziya proqramlarının öhdəsinə
böyük iş düşür. Yekun olaraq onu deyim ki, vəziyyətin günü-gündən
mürəkkəbləşdiyi bir vaxtda, problemi bir-iki tədbirlə həll etmək olmaz. Bunun
üçün elmi təminata böyük ehtiyac var. Elmi təminat isə ciddi, əhatəli,
maarifləndirici, elmi əsaslara dayanaraq fəaliyyət proqramı hazırlamaqdır. Bunu
həyata keçirmək üçün isə istər qanunvericilik bazası, istərsə də inzibati
yollar müəyyənləşməlidir”.
Asılılıq halları daha çox psixoloji yüklənmə
nəticəsində yaranır
Zərərli
vərdişlərin yaranmasına təsir göstərən amillərdən biri də insanın yaşadığı psixoloji
sarınsıntı və gərginlikdir. Psixoloq
Könül Cəfərova bildirir ki, bu məqamda şəxsin daxilən yaşadığı natamamlıq
kompleksi də onu aludəçiliyə istiqamətləndirir: "Ümumiyyətlə alkoqollu içkilər,
narkotiklər və bu kimi zərərli vərdişlər insanda asılılıq yaradır. Bu asılılıq
da insanın iradəsindən irəli gəlir. İnsanın beyni sağ və sol yarımkürələrdən
ibarətdir. Sağ yarımkürə hisslər, sol yarımkürə isə məntiqlə çalışır. Həmin
məqamlarda isə daha çox insanın emosional hissləri hərəkətə keçir. Şəxsin stressə
davamsız olmağı, özgüvən əskikliyi, cəmiyyətə adaptasiya ola, özünü təsdiq edə
bilməməyi zərərli vərdişlərdən asılılığa gətirib çıxarır. Həmçinin insanın
psixoloji olaraq yüklənməsi, şəxsin "məni”ni
tapa bilməməyi, natamamlıq kompleksi yaşaması bu və ya digər zərərli
vərdişlərə yiyələnməsinə səbəb olur. Bu asılılıqdan qurtulmanın kifayət qədər
yolları mövcuddur. Reabilitasiya mərkəzləri var ki, həmin mərkəzlərdə bu
insanlarla iş aparılır. Bu asılılıq halları daha çox psixoloji yüklənmə
nəticəsində yarandığı üçün təbii ki, psixoloq və psixiatrların da köməyi lazımdır.
Və həmin zərərli vərdişlər insanlar üçün xeyirli olanlara sublimasiya
edilməlidir. Onları monoton həyat tərzindən uzaqlaşdırmaq, maraqlarını fərqli
istiqamətə yönəltmək lazımdır”.
Spirtli
içki sağlamlığın bir nömrəli düşmənidir. Əslində hər şey insanın öz əlindədir.
Düzdür, psixoloji dəstək də önəmlidir. Amma bu məqamda nə edəcəyinə insan özü
qərar verməli, seçimi özü etməlidir. İradəli insan sağalmağı, bu aludəçilikdən
qurtarmağı qarşısına məqsəd qoyarsa və bunu həqiqətən istəyərsə, buna nail ola
bilər.
Günel
Azadə