• cümə axşamı, 28 mart, 20:45
  • Baku Bakı 13°C

Alışveriş üzərindən turizmin təşviqi

24.04.17 12:12 973
Alışveriş üzərindən turizmin təşviqi
Azərbaycan mediası ölkədə aparılan islahatları, böyük kampaniyaları dəstəkləməklə diqqət çəkir. Bugünlərdə də belə böyük və diqqətçəkən kampaniyalardan birinə şahidlik edirik. Bakı uzaq perspektivə hesablanmış, Dubay və İstanbul kimi böyük şəhərlərdə – qlobal mərkəzlərdə uğurla sınaqdan çıxarılmış alışveriş festivalına ev sahibliyi edir.Aprelin 10-da başlamış festival mayın 10-dək davam edəcək. Hələlik konkret rəqəmlərlə bağlı şəxsən mənim geniş bilgim olmasa da diqqətimi çəkən iki ayrı məqam üzərində dayanmağı gərəkli sayıram. Bunlardan biri çox məşhur insanların bu festivalla bağlı fikirlərini dilə gətirməsi, onu təqdir etməsi, digəri isə medianın festivala ayırdığı müstəsna diqqətdir.
Festival üçün özəl olaraq qurulmuş bakushopfest.com saytına, eləcə də ayrı-ayrı media səhifələrinə baxanda bəlli olur ki, dünyanın fərqli yerlərindən çox məşhur insanlar bu festivalı təqdir edir. Onlardan bəziləri hətta Bakıya gələrək bugünlərdə bizimlə birlikdə olur, bəziləri də gələ bilmədikləri üçün təəssüf edir, növbəti festivala mütləq qatılmaq istədiklərini deyirlər.
Kim var bu məşhurların arasında? Gəlin baxaq.
Türkiyənin "Qalatasaray” futbol klubunun və Türkiyə milli komandasının əfsanəvi oyunçusu, hazırda məşqçi kimi fəaliyyət göstərən Bülənd Qorxmaz;
Polşanın Krınitsa şəhərində keçiriləcək və 60-dan çox ölkədən 3500 qonağın qatılacağı İqtisadi forumun baş meneceri Mikolay Tauber;
Məşhur dəb tarixçisi və Rusiyanın Birinci kanalında yayımlanan "Dəbli hökm” verilişinin aparıcısı Aleksandr Vasilyev;
Ukraynalı səyahətçi Katerina Kamelçuk;
Finlandiyalı iş adamı, Rusiyada fəaliyyət göstərən və "Buldozer” ləqəbi ilə tanınan milyonçu Pekka Vilyakaynen;
Moldova Respublikasının sabiq Ombudsmanı xanım Aurelia Qriqoriu;
Dünyaca məşhur italyan futbolçu Françesko Toldo;
Gənc aktrisa və televiziya aparıcısı, Qırğızıstanın parlayan ulduzu Nəzirə Aytbekova;
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza;
Rusiyanın "Skolkovo” texnoparkının baş direktoru Renat Batırov;
Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze və daha kimlər yoxdur ki, bu siyahıda.
Bu məşhur siyasət, iş, idman və sənət adamlarının hamısı Bakı Alışveriş Festivalını təqdir edir, bəziləri məhz bugünlərdə bura gəlməyi seçir, digərləri isə gələ bilmədikləri üçün dərin təəssüf hissi keçirir.
Anlaşılan odur ki, Bakı Alışveriş Festivalı (Bakı Şopinq Festivalı) sadəcə bir güzəştli bazarlıq imkanı deyil, həm də Azərbaycanın tanıdılması üçün əlavə və çox əlverişli bir imkandır.
Medianın bu festivala diqqəti də təəccüblü və təsadüfi deyil. Festivalın başlanmasından ötən iki həftə ərzində Azərbaycanın və bir sıra xarici dövlətlərin ən aparıcı media qurumları bu festivala diqqət ayırıb və ayırmağa da davam edir. Bunlar arasında Türkiyədən CNN Türkdən tutmuş "Milliyet” qəzetinə, Rusiyanın NTV, Rossiya 24 TV kanallarına qədər çox ciddi media qurumlarına rast gəlmək olar. Özü də bu qurumlar festivala sadəcə bir dəfə deyil, dəfələrlə müraciət edir, onun Azərbaycana faydası haqqında öz tamaşaçı və oxucularını məlumatlandırırlar.
Azərbaycan mediası isə, gözlənildiyi kimi, festivalla bağlı gündəlik xəbərlər, görüntülər yayır. Anlaşılan odur ki, ölkə mediasının ən ciddi və hər zaman milli maraqlara mütləq bağlı olduğunu əməlində göstərən qurumları bu işdə də yaxasını kənara çəkmir, ümummilli maraqlara – Azərbaycanın perspektivinə hesablanmış daha bir təşəbbüsün uğurlarının təmin edilməsində öz töhfəsini verir. Biz 1-ci Avropa Oyunları, Avroviziya, Formula 1 kimi çox böyük idman və mədəniyyət tədbirləri, eləcə də ayrı-ayrı ictimai-siyasi, iqtisadi və humanitar toplantılara Azərbaycan mediasının ayırdığı diqqəti bu dəfə də müşahidə edirik. Yəni "hər şey əladır” deyə bilərik. Yalnız kiçik istisnalarla.
Diqqətimizi çəkən həm də budur ki, bəzi media qurumları bu festivalın məramını doğru anlamadıqlarından, yaxud da sadəcə ümumi işdən yaxalarını kənara çəkmək kimi vərdişlərinin olması üzündən yenə də kənarda qalmış kimi görünürlər. Bəziləri iddia edir ki, ortada alışveriş var, buna aid xəbərlər reklam kateqoriyasına aid ola bilər. Digərləri də hamıdan ağıllı olduqları üçün iddia edirlər ki, bu festivalla bağlı xəbərlər ictimai maraq kəsb etmir. Bu yanaşmanın yalnız bir sevindirici tərəfi var: belə düşünənlərin sayı festivalın mahiyyətini anlayanların sayından müqayisə edilməyəcək qədər azdır.
Bir daha qeyd etmək istərdik ki, Bakı Alışveriş Festivalı sadəcə kiminsə alver etməsi üçün əlavə imkanlar demək deyil. Bu festivalın əsas məqsədi alışveriş turizminin təşviq edilməsi, Azərbaycana mümkün qədər çox əcnəbi turistin gəlməsinə nail olmaqdır. Yəni əsas məqsəd ölkə iqtisadiyyatına əlavə güc qatmaq, xidmət və ticarət sahələrini stimullaşdırmaq, insanımız üçün yeni iş yerləri açmaqdır. Belə bir nəcib məqsədləri olan təşəbbüsü dəstəkləməmək sadəcə anlaşılan deyil. Yaxud bir az da irəli gedərək deyə bilərik ki, sabotajdır. Amma hələlik belə deməyək. Festival bitər, konkret sonuclar təhlil edilər, bu prosesdən kənarda qalanlar da arqumentlərini ictimailəşdirər. O zaman biz də qəti qərarımızı verərik. Hələliksə hər kəsə yaxşı alışveriş və istirahət arzu edək.
Azər HƏSRƏT,
banner

Oxşar Xəbərlər