AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Çalışqan tələbə istənilən professorun sevimlisidir” – Təhsil

“Çalışqan tələbə istənilən professorun sevimlisidir” – Təhsil

Gənclik qəzeti
23 Dekabr 2014, 10:52 1546
“Əgər biz Azərbaycanda aldığımız təhsil ilə xaricə gedib orada özümüzü təsdiq edə biliriksə, deməli, təhsilimizdə vəziyyət o qədər də acınacaqlı deyil. Sadəcə, yeniliklərə açıq olmalı, təhsil sahəsində islahatları sürətləndirməliyik”. Bu sözləri Almaniyada təhsil alan həmyerlimiz Gülşən Əhmədli deyib.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”ndan yararlan Gülşən təhsilini Almaniyada tibb təhsili verən məşhur universitetlərdən birində - Hannover Tibb Məktəbində plastik və rekonstruktiv cərrahiyyə ixtisası üzrə rezidentura səviyyəsində davam etdirib. Ölkəmizi xaricdə uğurla təmsil edən tələbə z təhsilini uğurla başa vuraraq, həkim-mütəxəsis ali peşə-ixtisas dərəcəsinə yiyələnib.

“İdeyalarımı reallaşdırdım”

İlk dəfə Almaniyaya gedəndə yeni sistemə, yeni dilə və fərqli şəraitə uyğunlaşmağın çətinliyindən danışan Gülşən deyir ki, oradakı təhsil sistemi, tələbə-müəllim münasibətləri onun mühitə alışmasına çox kömək olub: “İlk dəfə Almaniyaya gəldikdə çətinliklərim olurdu. Amma orada təhsil sistemi, müəllim-tələbə münasibətləri o qədər sərbəstdir ki, onların köməkliyi ilə mən bu çətinliklərin öhdəsindən gəlməyi bacardım. Xaricdə təhsil almaq mənə tibb sahəsində aldığım bilikləri dərinləşdirməyə və yeni ixtisaslaşma istiqamətində təhsilimi davam etdirməyə imkanı verdi. Orada təhsil almaqla yanaşı müxtəlif tədqiqatlarla məşğul olaraq, öz ideyalarımı da reallaşdıra bildim. Almaniyanın təhsil sistemi Azərbaycan təhsil sistemindən tamamilə fərqlənir. Tələbələrin müəyyən edilmiş ümumi qrafikləri olsa belə, onların sərbəst seçim imkanı daha genişdir. Tələbələr istədikləri fənləri seçir, əlavə dərslərdə iştirak edir, çətin qavradıqları fənlərə dair kursları bir neçə dəfə keçdikdən sonra yekun imtahanı verilər. Eyni zamanda, Almaniyada universitetlər çox güclü texniki bazaya malik olduğundan tələbələr öz ixtisaslarına aid bütün kitabları oxuyur, laboratoriyalarda istədikləri tədqiqatları apara bilirlər. Burada tələbə olarkən maraqlandığın sahə üzrə elmi tədqiqata da başlaya bilərsən. Elmi rəhbər və professorlarla sıx təmas dərslərin hazırlanması prosesinə müsbət təsir göstərir. Müəllimlərlə təhsil alanlar arasındakı sağlam və səmimi münasibət hərtərəfli bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanmasına zəmin yaradır”.

“Ölkəmizi təbliğ edirdim”

Gülşən təhsil aldığı müddətdə Almaniyada ölkəmizin təbliği baxımından bir çox işlər görüb. O deyir ki, alman dostlarına Azərbaycandan bəhs edən kitablar, musiqi diskləri aparıb. Bununla yanaşı, həmsöhbətimiz milli mətbəximizin təamlarını da almanlara daddırıb: “Təhsil aldığım ölkədə Azərbaycanla bağlı dolğun məlumatların yayılmasında maraqlıydım. Oradakı dostlarıma Azərbaycana aid kitablar, musiqi diskləri aparmışdım. Bayramlarımız, tarixi günlərimiz, milli mətbəximiz haqqında da onları məlumatlandırırdım. Amma əlbəttə ki, bu, hamısı deyil. Mən təhsil aldığım ixtisas üzrə Azərbaycandan gəlmiş ilk tələbə olduğum üçün üzərimə ölkəmiz haqında aydın təəssüratın yaradılması baxımından böyük bir məsuliyyət düşürdü. Əminliklə deyə bilərəm ki, həm təhsildə əldə etdiyim uğurlarla, həm də təhsil aldığım universitetlə Azərbaycanda tibb sahəsində təhsil alan tələbələr arasında yaratdığım əlaqələr sayəsində bu məsuliyyətli işin öhdəsindən layiqincə gələ bildim.
2011-ci ilin aprel ayında professor P.M.Voqtun Azərbaycana səfərinin təşkilində yaxından iştirak etdim. Onun Bakıdakı bir çox klinikalarda, eləcə də Azərbaycan Tibb Universitetinin rəhbərliyi ilə görüşünün təşkilinə nail oldum. Həmin görüşlərdə əldə olunmuş razılaşmalara əsasən, 2011-ci ilin yayında 10 nəfərə yaxın tələbə Almaniyada təcrübə
keçdilər”.

“Usta-şagird münasibətləri”

Gülşən deyir ki, xaricdə təhsil almaq insanın həyatında müsbət mənada rol oynayır. Bunun üçün hər bir azərbaycanlı tələbə bir semestr da olsa xarici təhsildən yararlanmalıdır: “Azərbaycan gənclərinə çalışqan olmağı, stereotiplərdən uzaq olub bilik səviyyələri ilə yanaşı, dünyagörüşlərini də genişləndirmələrini məsləhət görərdim. Çalışsınlar heç olmasa, ali təhsilin bir səviyyəsini və ya bir neçə semestrini xarici
universitetlərdə alsınlar. Bunun onların həyatlarında necə böyük rol oynadığını aydın şəkildə görəcəklər”.
Gülşən deyir ki, Almaniyada müəllim tələbə münasibətlərindən çox, usta-şagird münasibətləri hökm sürür: “Rezidentura səviyyəsində təhsil aldığıma görə, tələbə-müəlim münasibətləri digər səviyyələrdən xeyli dərəcədə fərqlənirdi. Burada tələbə-müəllim münasibətindən daha çox, obrazlı desək, usta-şagird münasibətləri hökm sürür. Yəni, biz praktiki olaraq müəllimimizdən yox, ustadımızdan yeni biliklər əldə etməyə çalışırdıq”.

“Əcnəbi-yerli tələbə anlayışı yox idi”

Təhsil aldığı universitet haqqında məlumat verən həmsöhbətimizin sözlərinə görə, bu universitetdə hər kəsə münasibət eyni dərəcədə olub: “Təhsil aldığım universitetdə əcnəbi və ya yerli tələbə anlayışı ilə qarşılaşmamışam. Sanki hamı həm həkim, həm də tələbə idi. Düzdür, əcnəbi tələbələr dil çətinlikləri yaşadıqlarına görə, bəzi məqamlarda yerli tələbələrdən geri qala bilirdilər. Amma bunun da öhdəsindən bir az çox çalışmaqla gəlmək olurdu. Savadlı, çalışqan tələbə isə istənilən professorun sevimlisi idi”.

Aygün ƏZİZ

*Yazı Təhsil Nazirliyinin saytında gedən məlumatlar əsasında hazırlanıb.Təhsil"> Təhsil">