Alış-veriş mərkəzlərində yaranan xırda pul qıtlığı
Gündəlik
həyatımızın ayrılmaz hissələrindən biri də alış-verişləridir. Günün istənilən
saatında - səhər, günorta, axşam hətta bəzən
gecə yarısı belə marketə üz tutmalı oluruq. Çünki gündəlik zəruri
ehtiyaclarımızın siyahısı demək olar ki, bitib-tükənmək bilmir. Alış-veriş
zamanı marketlərdə tez-tez yaşanan problemlər də diqqətdən yayınmır. Budəfəki
mövzumuza hər bir şəxs o qədər də əhəmiyyət verməsə də, yəqin ki, çoxlarımız
bununla rastlaşmışıq. Belə ki, marketlərdə olan xırda pul böhranı ilə hər kəs heç
olmasa bir dəfə də olsa mütləq "sınağa”
çəkilib. Kassir verdiyin məbləğin qalığını qaytarmaq əvəzinə "xırda yoxdur”
deyib, ya hansısa məhsulu təklif edir, ya da müştərinin özündən xırda pul tələb
edir. Məcbur qalıb ya təklif edilən məhsulu götürürük, ya da öz pulumuzdan
imtina etməli oluruq. Bəs görəsən hətta böyük dövriyyəli super-market
şəbəkələrində belə, qarşılaşdığımız xırda pul probleminin kökündə nə dayanır?
Ümumiyyətlə, bu məsələ necə tənzimlənməlidir ki, nə şiş yansın nə kabab?
Suallarımızı ekspertlərə ünvanladıq
İqtisadçı-ekspert Rəşad Həsənovdeyir ki, bu barədə hər hansı rəsmi qayda yoxdur: "Əsas məsələ müştəri
məmnuniyyətinin təmin edilməsidir. Bu baxımdan da marketlər öz kassalarında
xırda pulun olmasını mütləq təmin etməlidirlər. Amma mənim fikrimcə, bu məsələ
müzakirə olunacaq qədər böyük problem deyil. Qiymət məsələsində hər bir market fərqli siyasət yürüdür.
Məsələn hər hansısa bir məhsul, 56, 75 yaxud 97 qəpik ola bilər. Ona görə də qalıq
pulun qaytarılmasında müəyyən çətinliklər ortaya çıxa bilir. Amma bu, özünü
ümumilikdə son məbləğdə, yəni, ayrı-ayrı məhsullarda göstərmir. Ona görə də sahibkarlar
müştəri məmnuniyyətini təmin etmək üçün daimi olaraq öz kassalarında xırda pul
qalıqlarını təmin etməyə çalışmalıdırlar. Digər bir problem isə xırda pulu vətəndaşlara verərkən, onların bundan
imtina etmələridir. Bəzi hallarda müştərilər hətta bu pulu almaqdan çəkinirlər.
Ona görə də sahibkarlar öz vəsaitini qəpiklərə çevirmək istəmir. Amma
ümumilikdə götürdükdə, xırda pulun təmin edilməsi vacib məsələdir. Xırda qəpiklərin əksər yerlərdə
istifadə edilməməyi onun əlçatanlığını aşağı salır. Ona görə də böyük ticarət
şəbəkələri bunun üçün hansısa bank filiallarına yaxınlaşmalı olurlar.
Praktikada belə hallara çox rast gəlinir. Bəzən marketlərdə vaxt çatışmazlığı
və digər səbəblər üzündən və yaxud da bu sahəyə məsul olan şəxsin səhlənkarlığı
ucbatından kassalarda qalıq pul çatışmazlığı yaranır. Amma bu həll olunmayan
bir problem deyil. Qeyd etdiyim kimi, bu, sırf müştəri məmnuniyyətindən asılı
olan bir məsələdir. Bu hal bir neçə dəfə təkrarlandıqda həmin ticarət şəbəkəsi
öz müştərisini itirir. Çünki belə neqativ hallar istər-istəməz müştəridə qıcığa
və narahatlığa səbəb olur. Bu, həm də xidmət keyfiyyətinin aşağı olmasının
göstəricisidir. Son nəticədə isə müəssisə öz müştərisini itirir. Rəqabət
mühitində müəssisələr çalışmalıdırlar ki, belə nöqsanlar olmasın. Bəzən nağd pul
çatışmazlığı ucbatından müəssisələri kifayət qədər vəsaitlə təmin edə
bilmirlər. Yəni bu da real problem olaraq qalmaqdadır. Əksər müəssisələrdə
gündəlik dövriyyəyə uyğun olaraq, kassada pul saxlamağa çalışırlar. Bəzi
hallarda ümumiyyətlə, kassa boş qalır. Ona görə də sahibkar çalışmalıdır ki,
müəyyən məbləğ ayırsın ki, davamlı olaraq müştərilər və kassada əyləşən şəxs
arasında hər hansı bir neqativ hal yaşanmasın. Təəssüflər olsun ki, bu sahədə
də problemlər çoxdur”.
Marketoloq Seymur Quliyevbildirdi ki, mağazalarda rast gəlinən xırda pul problemləri əsasən 5-10,
maksimum 20 qəpiklə bağlı olur: "Qəpik metal olduğu üçün kağız əskinasla
müqayisədə ağırdır. Bu səbəbdən, insanlar qəpik daşımaq istəmir və
alış-verişlərini kağız əskinaslarla tərk etməyə üstünlük verirlər. Ona görə də
kassalarda xırda pul problemi yaranır. Əgər mağazada xırda pul problemi varsa,
müştəridən əlavə pul istəməklə məbləği tamamlayıb, bu problemi həll etmək olar.
Məsələn, qiyməti 11 manat olan məhsul alan zaman istehlakçı 20 manat verirsə, ondan
əlavə bir manat istəməklə və 10 manat geri qaytarmaqla xırda pul problemini
həll etmək olar. Yaxud, dəyəri 1 manat 70 qəpik olan məhsulu alarkən 2 manat
verən müştəridən 20 qəpik daha almaqla ona 50 qəpik vermək olar. Nəticədə daha
çox qarşılaşdığımız 20 qəpik problemini həll etmək üçün bir addım atılmış olar.
Bəzən axşam saatlarında kassalar sayım edib təhvil verərkən, səhəri gün üçün həm
qəpiklər, həm də kağız əskinaslar tədarük etmirlər. Böyük əyyarlı pullar götürülməli, kiçik əyarlı
pullar kassaya verilməlidir. Yəni, kassanın günə başlanğıc balansı kiçik əyarlı
pullarla açılmalıdır. Xırda pul problemini yaradan səbəblərdən biri də bu
qaydaya riayət edilməməyidir. Qalıq pul
probleminin yaranmasının digər səbəblərindən biri isə müştərilərin böyük əyarlı
əskinaslara üstünlük verməsidir. Yəni, alıcı çox kiçik əyarlı əskinasları cibdə
və ya pul qabında daha çox yer tutduğu üçün daşımaq istəmir və böyük əyarlı
əskinaslara üstünlük verir. Nəticədə müştəri ödəniş edərkən kassaya böyük
əyarlı əskinas verir. Kassir isə xırda pulları verdikcə, kassada qıtlıq yaranır.
Düşünürəm ki, problemin həll yolu nağdsız ödənişlərin tətbiqidir. Kartla ödəniş
edilən zaman kassada xırda pul problemi olmur. Həmçinin, müştəri də 1-2-5 qəpik
olmayan zaman, konkret məbləğdən daha çox ödəmir”.
"Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov isə
bildirdi ki, belə məqamda müştərinin məhsulu geri qaytarmaq hüquq var: "Bəzən
pulun qalığı əvəzinə müştəriyə digər bir məhsul təklif edilir. Əgər bu olmasa,
market müştəriyə mütləq pulu qaytarmalıdır. Əgər pul qaytarılmazsa,
istehlakçının hüququ var ki, məhsuldan imtina etsin. Çünki pulun qalığını
qaytarmaq satıcının borcudur”.
Şəbnəm Mehdizadə