• cümə, 29 Mart, 14:59
  • Baku Bakı 14°C

Çalıquşunu örnək götürən müəllim – Təhsil

22.10.16 14:42 3910
Çalıquşunu örnək götürən müəllim – Təhsil
Müəllimlik müqəddəs sənətdir. Gələcəyin memarı, insanların inandığı, ən dəyərli varlıqları olan uşaqlarını etibar etdiyi şəxsiyyətdir müəllim. Amma öz yerindən, yurdundan, rahat şəraitindən imtina edib ucqar kənd yerlərində dərs deyən müəllimlər haqqında nə qədər gözəl, təsirli sözlər desək də, kifayət etmir... Onlar öz fədakarlıqları ilə icra etdikləri peşənin qarşısında baş əydirirlər. Eynilə müsahibim Gülnar Əhmədova kimi...

Fəridə kimi müəllim olacam...

Gülnar 1996-cı ildə Rusiyada müəllim ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya fakültəsində "Kimya müəllimliyi” ixtisasına qəbul olub. Hazırda Şəmkir rayonunun ucqar kəndlərindən olan Nərimanlı kənd məktəbində dərs deyir. Müəllimlik peşəsinə yiyələnməsinin ən böyük səbəbi Rəşad Nuri Güntəkinin "Çalıquşu” əsəri və eyniadlı filmdir: "Çalıquşu”nda baş rolda oynayan Fəridəyə baxıb bu sənəti sevdim. Fəridə kənd uşaqlarına dərs deyir, onlara həm ana, həm bacı, həm müəllim olurdu. Onun fədakarlığı, bütün çətinliklərə baxmayaraq, sənətə sevgisi mənə çox təsir etmişdi. 8-ci sinifdən qərar verdim ki, mən də məhz Fəridə kimi müəllim olacam və kənd yerlərində ehtiyacı olan uşaqlara kimyanın sirlərini öyrədəcəm”.

Müəllimlik elə müqəddəs sənətdir ki...

Gülnar üçün müəllimlik fədakarlıq tələb edən sənətdir: "Müəllim şagirdlərinin yaxın dostu, sirdaşı, qayğıkeşi, düşünəni, onların bu günü və gələcəyi üçün narahat olanı, addımlarını düzgün atmaları naminə yol göstərəni, bələdçisidir. Hər bir şagirdin taleyi müəllimin əlində olur. Məhz müəllimin düzgün yol göstərməsi və təhsil verməsi şagirdin, xüsusilə də ucqar kənd şagirdlərinin bütün həyatını dəyişə bilər. Müəllim yalnız sinifdə olduğu 45 dəqiqəni yox, bütün ömrünü şagirdləri ilə paylaşır. O, gözünün nurunu, qəlbinin odunu, ürəyinin sevgisini, illərinin zəhmətini şagirdlərinə verir. Müəllimlik elə müqəddəs sənətdir ki! Yeri gələndə kiçik bir uşağın göz yaşlarını silmək, valideyn kimi onlara qol-qanad açmaqdır. Bu işi icra edən şəxs mütləq onu sevməlidir. Bəzən valideynlərin uşaqlarına "müəllim də ola bilməyəcəksən?” kimi dediyi sözlər məni incidir. Məhz sənətimin haqqını vermək üçün ucqar kənddə dərs deməyi özümə borc bildim. Bir millətin milli, əxlaqi və mədəni cəhətdən güclü və mədəniyyət baxımından inkişaf etmiş olması müəllimlərdən asılıdır. Müəllim cəmiyyətdə davranış və görünüşüylə nümunə olmalıdır ki, "bir müəllim ola bilməyəcəksən” sözünü deməyə heç kimin haqqı çatmasın. Müəllim fədakar, əsl öyrədən olmalıdır. Mən də ehtiyacı olanların yanında olmaq istədim. Ucqar kənddəki uşaqların müəllimə ehtiyacı olduğu halda rahat şəraitdə dərs deməyi özümə sığışdırmadım”.

"Kənd həyatının gözəlliyini hamı yaşamalıdır”

Gülnar ilk günlər kəndə gələndə darıxsa da, xəyallarını gerçəkləşdirərək kənddə sənətini icra etdiyi üçün xoşbəxtdir: "Kəndin insanları o qədər mehribandır ki, insan burada özünü yad kimi hiss etmir. Balaca kənddir və əhalisi çox sadə, səmimidir. Hamı bir-birini tanıyır, hörmət edir. Sevgi dolu, qayğıkeş insanlar sanki bu kəndə yığılıb. Ümumiyyətlə, kənddə böyüyə, kiçiyə çox böyük hörmət var”.
Şəhər həyatından sonra kəndin çətinlikləri haqqında danışan müsahibimiz deyir ki, insan sevdiyi işi görürsə, bütün çətinliklər ona rahat görünür: "Çətinlik hər yerdə var. İnsan istəsə, xarabalığı cənnətə çevirə bilər. Hələ sevdiyi işi görmək, xəyallarını gerçəkləşdirmək istəyirsə, insanların qarşısında heç bir maneə durmaz. Buna görə də ucqar yerə gedənlər çətinlikdən qorxmasınlar. Kənd insanının səmimiyyətini, kənd həyatının gözəlliyini hamı yaşamalıdır”.

İnternetsiz, planşetsiz uşaqlığım...

Müsahibimiz kənd məktəbi ilə şəhər məktəbinin fərqlərindən də danışdı. Deyir ki, nəinki şagirdlər, ümumiyyətlə, kənd əhalisi ilə şəhər əhalisi arasında fərq çoxdur: "Kənd insanları çox istiqanlı və səmimidirlər. Uşaqların müəllimələrini görərkən simalarında yaranan sevinc, oxumaq həvəsləri məni sevindirir. Şəhər uşaqları internet, telefon, planşet kimi vasitələrlə məşğul olduqları üçün sanki ünsiyyət qurmaqda çətinlik çəkirlər. Üstəlik, çoxbilmiş olurlar, beyinləri tez ayılır. Kənd uşaqları isə yeni texnologiyadan, ümumiyyətlə, istifadə etmirlər. Boş vaxtlarını bir-birləri ilə maraqlı oyunlar oynayaraq keçirirlər. Mənə internetin, telefonun həyatımıza bu qədər daxil olmadığı uşaqlığımı xatırladırlar. Onların təhsil almağa marağı çox böyükdür. Gücləri yetdiyi qədər oxumağa çalışırlar. Kənd məktəbində təhsil alanlar daha zəhmətkeş olurlar. Çünki onlarda əməyə sevgi uşaq yaşlarından aşılanır”.
Məktəbin şəraiti haqqında məlumat verən gənc müəllim deyir ki, ucqar kənd olsa da, məktəb bütün standartlara cavab verir: "Məktəbdə şərait çox yaxşıdır. Üstəlik, bu məktəbdə qızların dərsə gəlməməsi kimi problem yoxdur. Bütün şagirdlər məktəbə gəlir və bacardıqları qədər öyrənməyə çalşırlar. Müəllim şagirdlərlə elə münasibət qurmalıdır ki, şagird ondan çəkinməsin və istədiyini soruşsun. Mənim şagirdlərimlə münasibətim də məhz belədir. Onlar dərsə diqqətlə qulaq asır, əksəriyyəti isə gələcəkdə müəllim olmaq istəyir”.

"Çalıquşunu həyatda yaşayıram”

Gülnar deyir ki, uşaqlarla səmimi münasibət qurmaq üçün onlarla birlikdə dərsdən sonra və ya istirahət günlərində kəndi gəzir, dağlardan böyürtkən toplayırlar: "Uşaqlarla dağı gəzintiyə çıxmışdıq. Məni kəndlə onlar tanış etdilər. Balaca kənd olduğu üçün hamı bir-birinə qonşudur. Yığışıb getdik. Kəklikotu, moruq, böyürtkən yığdıq. Kitablarda oxuduğum, gördüyüm kənd məhz bu kənddir. Texnologiyadan uzaq, təmiz və səmimi... Sanki Çalıquşunu həyatda yaşayıram”.
Aygün ƏZİZ


banner

Oxşar Xəbərlər