Alınan mallar geri qaytarıla bilər
Son zamanlar bir sıra ticarət obyektlərində "Alınan
mallar geri qaytarılmır” kimi lövhələrin asılması halları müşahidə
olunur.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət
Dövlət Xidməti bildirir ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”
Qanuna əsasən, istehlakçı aldığı malda zəmanət müddəti ərzində qüsur,
saxtalaşdırma aşkar edərsə, satıcıdan aşağıdakılardan birini tələb edə bilər:
- lazımi
keyfiyyətli mala dəyişdirməyi;
- satış
qiymətini uyğun məbləğdə azaltmağı;
- malın
qüsurlarının icraçının (satıcının, istehsalçının) hesabına aradan
qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya
üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;
- malın,
həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən
hesablanma şərti ilə əvəz edilməsini;
- müqavilənin
ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.
Satıcı istehlakçının sadalanan tələblərindən birini
yerinə yetirməyə borcludur.
Satıcı (icraçı) istehlakçını maraqlandıran malın
(xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə, həm də tərkibi,
yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin
tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri
və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz
istifadəsi üsulları və qaydaları barədə istehlakçıya zəruri və düzgün məlumat
verməlidir. Satılan mal barədə yanlış və ya kifayət qədər dolğun olmayan məlumatın
verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti)
almasına səbəb olubsa, bu zaman onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini
tələb etmək hüququ var.
Lazımi keyfiyyətli qeyri-ərzaq malı
(qanunvericiliklə qaytarılması və dəyişdirilməsi qadağan olunan mallar - qızıl
və qızıl məmulatları, şəxsi gigiyena əşyaları, uşaq oyuncaqları,
parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça
yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları və s. istisna olmaqla) öz
formasına, ölçüsünə, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə
görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçı həmin malı alınma günü
sayılmamaq şərtilə, 14 gün ərzində digər lazımi keyfiyyətli uyğun mala dəyişdirmək
hüququna malikdir. Bu zaman mal əmtəə görünüşü, istehlak xassələri, plombu,
yarlığı alındığı kimi saxlanılmaqla, həmçinin kassa çeki və ya mal alınan zaman
verilən digər sənədlərlə birlikdə təqdim olunmalıdır.
Mal dəyişdirilən vaxt satışda uyğun mal yoxdursa,
istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa malı almaq, qaytarılan
malın dəyəri məbləğində pulu geri götürmək və ya satışa uyğun mal gələn kimi
onu dəyişdirmək hüququna malikdir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mağaza sahiblərini qanunvericiliyin tələblərinə
əməl etməyə, istehlakçıların qanunvericiliklə qorunan hüquqlarını pozmamağa
çağırır, belə hallar müəyyən ediləcəyi təqdirdə onlara qarşı qanunvericiliyə
uyğun olaraq ciddi məsuliyyət tədbirlərinin həyata keçiriləcəyini bildirir.
İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsinə əsasən
satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının
pozulmasına görə 600 manatdan 900 manatadək məbləğdə cərimə nəzərdə tutulur.