• cümə, 29 Mart, 09:25
  • Baku Bakı 5°C

Alimlərin alimi

23.11.17 12:30 3754
Alimlərin alimi
"Elmlə sənətin qeyri-adi uğurlarını kəşf edən, zəkası ilə "cansız təbiət” terminini elm tarixindən silən Xudu Məmmədovun şəxsiyyətinə də, xarakterinə də, sadəliyinə də vuruldum. Fəxr edirəm ki, Türk dünyasında Xudu Məmmədov kimi ziyalı var”. Bu sözləri böyük qırğız yazıçısı Çingiz Aytmatov görkəmli alim Xudu Məmmədov haqqında yazıb. "Siz məndən təkcə 1 il 2 gün yox, bütün parametrlərlə böyüksünüz, mənim əziz Xudu müəllimim!”- deyə böyük yazıçı qeyd edib.
Xalq şairi Bəxtiyar Vahabzadə isə dostunu belə xarakterizə edib: "Xudu içində yaşadığımız sistemin məhvə labüd olduğunu, cəmiyyətin təbii qanunları nəticəsində yaşamağa qabil olmadığını dəlillərlə sübut edərdi. O, cəmiyyətdəki hər şeyi təbiət qanunları ilə ölçərdi. O deyərdi ki, əgər cəmiyyətdə təbiətə yad bir qanun yaranarsa, bu qanunun yaşamağa haqqı yoxdur. Bu mənada kommunizm insanın təbii hisslərinə ziddir. Kommunizm kabinetdə yaranmış fantastik bir ideologiyadır, insana qarşı çevrilən bir ideologiya cəmiyyətdə duruş gətirə bilməz. O, bunu təbiət qanunları əsasında elə sübut edərdi ki, mən buna inanmaya bilməzdim”.
Yaşasaydı, Xudu Məmmədovun 90 yaşı olacaqdı. Görkəmli kristalloqraf, təbii quruluş formaları ilə milli naxışlar arasında, elmi və bədii yaradıcılıq arasında əlaqələrin böyük tədqiqatçısı kimi tanınıb. Akademik Teymur Bünyadov xatirələrində yazır: "Xudu Məmmədov kristalloqrafiya elmi sahəsində ingilislərin, yaponların və bəzi qabaqcıl dövlətlərin alimlərinin fikirlərini təkzib etmiş, öz kəşflərini, dünya əhəmiyyətli ixtiralarını yaratmışdır. Xudunun ixtiraları təkcə elmi, nəzəri deyil, həm də böyük təcrübi əhəmiyyət kəsb edir. Elmimizdə, həyatımızda Xudu məktəbi, Xudu dünyası yaşayır”.
Xudu Məmmədov böyük alim olmaqla bərabər, xalqımızın yaxın ictimai-siyasi tarixində öz yeri olan, türkçülük ideyalarının yaşaması və təbliği yolunda çalışan və sovet rejiminin hökm sürdüyü dövrdə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan azsaylı ziyalılarımızdan biri idi.
Görkəmli alimi yaxından tanıyanların xatirələri Xudu Məmmədovun təkcə bir alim kimi deyil, həm də Azərbaycan azadlıq hərəkatının öncüllərindən olan bu insanın bütöv bir şəxsiyyət kimi yüksək keyfiyyətlərindən danışır. Dinlədikcə, oxuduqca, seyr etdikcə gözlərimizin önündən çalışdığı sahənin mükəmməl alimi, müstəqillik uğrunda mübariz, dostlarına, ailəsinə sədaqətli, etibarlı sirdaş, nəhayət, gənclər üçün həyatda mayak ola biləcək bir insan canlanır.
Qoşa qanad
«Xudu Məmmədov Azərbaycan gəncliyinin qarşısında gedən və gəncliyin son dərəcə güvəndiyi bir insan idi. X.Məmmədov elə bir şəxsiyyət idi ki, günlərlə haqqında danışsan, bitməz. Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin önündə gedən insanlardan biri idi, Xudu Məmmədov. O elə azadlıq hərəkatının üzvləri ilə keçirdiyi iclasda da ömrünü başa vurdu” - deyən Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli Xudu Məmmədovu Azərbaycan ziyalı mühitinin ən görkəmli simalarından biri adlandırır: "Xudu müəllimin anası bizim kənddən - Novruzlu kəndindən, atası isə Ağdamın Mərzili kəndindən idi. Mərzili bizim kənddən 5-6 kilometr aralı idi, ancaq az qala bir kənd sayılırdı. Ona görə də mən Xudu müəllimin həm nəsil-kökünü yaxşı tanıyıram, həm də ona bir ziyalı kimi yaxından bələdəm. Xudu müəllim orta təhsilini Novruzlu və Mərzili kəndlərində alıb. Doğma kəndlərində 7 illik məktəbi bitirdikdən sonra rayon mərkəzindəki orta məktəbdə təhsil alıb”. 1946-cı ildə X.Məmmədov Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinə daxil olur.
Ali təhsilini başa vurandan sonra Azərbaycan EA-nın Kimya İnstitutunda əmək fəaliyyətinə başlayır. 1969-cu ildə doktorluq dissertasiyasını müdafiə edib, 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib. O, dəqiq elmlər üzrə nəinki respublikamızda, keçmiş ittifaq məkanında ən istedadlı tədqiqatçı kimi tanınır. Kəşfləri, ixtiraları, sanballı elmi məqalələri maraqla qarşılanır, müəllifinə şöhrət gətirir, nüfuz qazandırır.
"Onun adı Bakı Dövlət Universitetinin ən məşhur məzunları sırasındadır. Xudu müəllimin dostlarının hamısı gözümün qarşısında olub. Bəxtiyar Vahabzadə, professor Nürəddin Rzayev, tanınmış şair Şahmar Ələkbərzadə, Zeynal Məmmədov... Onlar hər həftə ya Bakıda, ya da Ağdamda bir yerdə olurdular”. C.Məmmədli Xudu Məmmədovu istedadlı publisist kim dəyərləndirir: "Öz sahəsini yaxşı mənada maarifçilik xətti ilə tanıtmaq istəyən adamlar publisistikaya çox bağlı olurlar. Xudu Məmmədov da böyük publisist idi. Onun elə publisistik əsərləri var ki, yüz il bundan sonra da bizə dünyanın gedişatını öyrədəcək. Müəllim, alim, insan olmağın sirlərini aşılayacaq”. X.Məmmədovun uzun illər Azərbaycan Televiziyasında elmlə bağlı verilişlər apardığını eyən C.Məmmədli həmin verilişlərin çox populyar olduğunu xatırlayır: "Elm və həyat” verilişi çox populyar idi. O veriliş Azərbaycan xalqı üçün böyük maarifçilik işi gördü. Xudu müəllim elmi və sənəti qoşa görürdü. O, «Qoşa qanad», «Naxışlar» adlı kitablarında elm və sənəti birləşdirib qoşa qanad kimi təqdim edirdi. Xudu müəllimin alimliyi, elmi fəaliyyəti, şəxsiyyəti və milli mənliyi bir-birini təbii şəkildə tamamlayırdı”.
«Mənim ilk oxucum öz millətim olmalıdır»
"Hər bir alim iki koordinat sistemində dəyərləndirilə bilər. Bir – öz ixtisası üzrə dünya çapında, bir də bütün mənəvi-intellektual potensialı ilə öz xalqı, milləti üçün gördüyü işlərlə. Bir mütəxəssis kimi onun xidmətlərini dəyərləndirmək mənlik deyil. Onun elmi yaradıcılıq fəaliyyəti az-çox dərəcədə işıqlandırılıb. Amma mən onun haqqında bir müəllim və ziyalı kimi danışmaq istəyirəm. Təkcə ona görə yox ki, mənim müəllimim olub, bizə "kristalloqrafiya” fənnini tədris edib, həm də ona görə ki, onun qeyri-adi, çox yüksək bir müəllimlik istedadı var idi” – söyləyən akademik Səlahəddin Xəlilovun xatirələri də Xudu Məmmədovun məhz bu istiqamətdəki fəaliyyəti barədədir: "Xudu Məmmədov bir neçə illik tədqiqatların yekununa dair monoqrafiya yazmaq üçün London nəşrlərindən sifariş alsa da, ingilis dilini yaxşı bilməsinə baxmayaraq, bu monoqrafiyanı öz dilimizdə yazmışdı. Silikat kimyası üçün fundamental əhəmiyyətə malik olan bu əsər Azərbaycan elm tarixində kristallokimyaya dair doğma dilimizdə ilk kitab idi. Monoqrafiya ingilis və ya rus dillərində çap olunsa idi, dünya şöhrəti qazanmış gənc türk aliminin dünya elminə böyük töhfəsi olardı. Ancaq «mənim ilk oxucum öz millətim olmalıdır» kəlamları bu insan haqqında çox söz deyirdi. Xudu Məmmədov millətə, vətənə, doğma təbiətə bağlı adam idi. Təbiət vurğunluğu onun elmi yaradıcılığının da əsas ilhamverici amili idi. O, elmi tədqiqatla yanaşı, enerjisinin böyük bir qismini Azərbaycanda elmi-kütləvi fikrin yayılmasına, istedadlı gənclərin yaradıcı fəaliyyətə cəlb olunmasına, ictimai şüurun strukturunda elmi düşüncənin payının artmasına sərf edirdi”.
S.Xəlilov qeyd edir ki, X.Məmmədovun Azərbaycan televiziyasında uzun müddət aparıcısı olduğu "Elm və həyat” verilişi neçə-neçə gəncin elmə münasibətinin formalaşmasında böyük rol oynamaqla yanaşı, Azərbaycanda elmi-publisistik dil üslubunun formalaşmasına da böyük təsir göstərib: "Bu veriliş elm adamlarının, ziyalıların mənəvi-intellektual ehtiyaclarını ödəmək baxımından bu gün də TV kanalları üçün bir örnək, ən gözəl nümunədir. Tək universitet auditoriyası üçün yox, bütün ölkə miqyasında: televiziyada apardığı "Elm və həyat” proqramı, məclislərdəki çıxışları, gənclərə tövsiyələri ilə. Mən də ondan kristalloqrafiyadan daha çox, yaradıcı təfəkkür üsullarını, adi görünən şeylərə fərqli baxış imkanlarını öyrənmişəm. Əlbəttə, o dövrdə biz Xudu müəllimin başqalarından fərqini bir o qədər də dərk edə bilməzdik. Tədris etdiyi fənni daha sistemli, daha əyani və yaddaqalan şəkildə öyrədən müəllimlərimiz az deyildi. Təkcə onu xatırlatmaq kifayətdir ki, bizə o dövrdə Mehdi Əliyev, Kəriş Köçərli, Rəhmi Həsənov, Mədət Sərdarlı kimi tanınmış metodistlər dərs keçirdilər. Əksinə, X.Məmmədov bu baxımdan onlarla rəqabətə girə bilməzdi. Xudu müəllimin standartlardan, bəzən hətta mövzudan kənara çıxması, tez-tez diqqəti adi şüur səviyyəsində məsələlərə yönəltməsi və adiliyin özündə heyrətamiz məqamları görüb düşünmək, düşündürmək, suallar qoymaq vərdişi aşılaması – bütün bunlar dəyərini indi-indi anladığımız böyük bir yaradıcılıq məktəbi idi”.
S.Xəlilov qeyd edir ki, Xudu Məmmədov tələbələrinə hansısa hazır biliklərdən daha çox, istənilən məsələyə elmi yanaşmanın – alimliyin yollarını öyrədib: "Universitet müəllimləri həm də elm adamlarıdır, elmi-tədqiqat vərdişlərinə malikdirlər. Biz universiteti bitirdikdən sonra da Xudu müəllimlə əlaqəni davam etdirir, ondan məsləhətlər alırdıq. Onun həm Fiziki kimya institutunda, həm də Fizika institutunda laboratoriyası var idi. Lakin biz içəri buraxılmaq üçün hər dəfə xüsusi icazə almalı olurduq. Bir dəfə bu ciddiyyətin və rəsmiyyətin səbəbini soruşanda, o, məsələni özünəməxsus yumorla belə izah etdi: "Siz elə bilirsiniz ki, burada çox məxfi nəticələr alınır və elmi sirləri qorumaq üçün belə ciddiyyət göstərilir? Yox, əslində kənar adamlar burada tədqiqat aparılmadığından xəbər tutmasınlar deyə, içəri buraxılmırlar”.
S.Xəlilov Xudu Məmmədovu elmşünasliq problemlərinin böyük bilicisi kimi dəyərləndirir: "Bu problemləri bizə izah etmək üçün o, fikirlərini çox vaxt konkret misallar üzərində qururdu. Xudu Məmmədovun "Qoşa qanad” əsəri isə daha çox dərəcədə yerli mühiti və mentaliteti də nəzərə almaqla yazıldığından, bizim üçün qat-qat dəyərlidir. Düşünürük ki, milli mentaliteti bizə uyğun olan adamların elm haqqında fikirləri yerli şəraitdə elmə münasibətin formalaşması və elmin optimal təşkilatlanması işində daha çox yardımçı ola bilər”.
Xudu Məmmədovu yeni dövrün zirvəsi, Azərbaycan xalq hərəkatının ilk şəhidi də adlandırırdılar. Qəlbinin yaralı yeri isə işğalda qalan Ağdam idi. "Allaha rəvadırmı, bu cür torpaqlar düşmən əlində qalsın?” - deyə ağlayırmış. Torpaqlarımızın işğaldan azad olduğu gün görkəmli alim və böyük vətəndaşın narahat ruhunun dinclik tapdığı gün olacaq...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər