• cümə, 29 Mart, 01:24
  • Baku Bakı 7°C

Aliment öhdəliyi necə həll edilsin?

15.02.17 12:30 3138
Aliment öhdəliyi necə həll edilsin?
"Həyat yoldaşımdan ayrılandan sonra iki körpə uşağımla yaşayıram. Lənkəran Rayon Məhkəməsi keçmiş həyat yoldaşımın hər uşağa görə 70 AZN, ümumilikdə hər ay 140 AZN aliment ödəməsi barədə qərar çıxarsa da, bu günə qədər həmin pulu ala bilməmişik. Üstəlik, öhdəmdə olan iki azyaşlı uşaqla birlikdə vaxtilə birgə yaşadığımız mənzildən də çıxarılmışıq. Amma bütün cehizlərim, eləcə də digər əşyalarım hal-hazırda həmin mənzildədir. Keçmiş həyat yoldaşım törətdiyi cinayətlə əlaqədar həbs olunandan sonra alimentin verilməsi ilə bağlı ümidlərim tamam alt-üst olub”. Problemlə üzləşən Zəhra Əliyeva (ad və soyad şərtidir) alimentin ödənməsi ilə bağlı əlaqədar qurumlara müraciət etsə də, heç bir nəticə olmayıb. Redaksiyamıza göndərdiyi məktubunda həyat hekayətini anladan qadının əlacı media işçilərindən kömək ummağa qalıb.
Qanunlar və tövsiyələr uşağın müdafiəsinə yönəlib
Bu gün Azərbaycan məhkəmələrində alimentlərin verilməməsi ilə bağlı yüzlərlə iş var. Z.Əliyeva da ölkəmizdə aliment ala bilmədiyi üçün haqqı pozulan minlərlə qadından biridir. Hakimlərin problemin ədalətli həlli üçün çıxardığı qərarlar da bir çox hallarda həllini tapmır. Heç şübhəsiz, məsələnin "Qordi düyünü”nə düşməsində məsuliyyət ilk növbədə alimenti ödəməkdən yayınan atanın üzərinə düşür. Övladlarını dünyaya gətirən, sonra onları gərəksiz əşya kimi tullayan "atalar” uşaqların yaşaması üçün aliment ödəməkdən imtina edirlər.
İstər Cinayət Məcəlləsinin 306-cı maddəsinə görə məhkəmə qərarının icrasından boyun qaçıran şəxslərin 3 il azadlıqdan məhrum edilməsi, istər İnzibati Xətalar Məcəlləsində aliment ödənilmədiyi təqdirdə, şəxsin inzibati qaydada həbs edilməsi ilə bağlı maddələr, "Uşaq hüquqları haqqında” qanunda uşaqların mənafeyinin üstün tutulması, eləcə də Uşaq Hüquqları Konvensiyasında uşaq hüquqları ilə valideynlərin hüquqlarının toqquşacağı təqdirdə, azyaşlıların hüquqlarına üstünlük verilməsi ilə bağlı tövsiyələr həm də aliment öhdəliyinin yerinə yetirilməsi üçün uşaqların müdafiəsinə yönəlib.
Elə isə uşaqların aliment almaq hüquqları niyə pozulur? Valideynlər alimentin ödənilməsi ilə bağlı öhdəlikləri niyə yerinə yetirmirlər? Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, bır sıra ictimai birliklərin və hüquq müdafiəçilərinin Aliment Fondunun yaradılması ilə bağlı Nazirlər Kabinetinə ünvanladığı, amma bu günədək cavabsız qalan Aliment Fondunun yaradılması problemin həlli ola bilərmi? Bəlkə alimentin ödənilməsi ilə bağlı qanunvericilikdə boşluqar var? Fakt isə odur ki, alimentlərin ödənilməsi ilə bağlı real mənzərə ürəkaçan deyil. Hazırda ölkəmizdə ödəməkdən yayınan minlərlə valideyn var. Bəziləri aşağı gəlirlərini bəhanə edir. Hətta məhkəmənin keçiriləcəyi vaxta qədər ölkədən qaçanlar da olur.
Aliment tələbi ilə 68832 icra sənədi
"2016-cı ildə yerli icra qurumlarının icraatında aliment tələbi ilə əlaqədar 68832 icra sənədi olub” - deyə alimentlərlə bağlı yaranan problemlərlə bağlı sorğumuza cavab olaraq Ədliyyə Nazirliyindən bildirdilər. Belə ki, həmin icra sənədlərindən 4899-u üzrə icraata xitam verilib (uşaqların yetkinlik yaşına çatması, alimentin tam ödənilməsi, tərəflər arasında barışıq sazişinin imzalanması, iddiaçının aliment tələbindən imtinası, tərəflərin barışaraq ailə münasibətlərinin davam etdirilməsi əsasları ilə). "İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə əsasən, icrasız və ya qismən icra edilmiş (borclunun və ya uşağın vəfatı, tələbkarın ərizəsi, borclunun xəstəliyi, icra sənədinin verilməsinə əsas olmuş qərarın ləğv olunması və s. əsaslarla) 829 icra sənədi aidiyyəti məhkəmələrə qaytarılıb. İlin sonuna icraatda icrası davam edən 63104 icra sənədi qalıb: "İl ərzində alimentin ödənilməsindən yayınan və olduğu yer məlum olmayan 3913 şəxs barəsində axtarış qərarı qəbul edilib. Həmçinin alimentdən yayınan 2521 şəxs inzibati məsuliyyətə cəlb edilib (o cümlədən, 2074 şəxs barəsində inzibati həbs tənbeh növü seçilib). 180 şəxs barəsində isə cinayət işi başlanılıb”.
Aliment öhdəliyinin yerinə yetirilməməsi probleminin hüquq müdafiəçilərini narahat etdiyini deyən Səadət Bənənyarlı müəyyən çətinliklərin olduğunu da qeyd edir: "Biz alimentin büdcədən ödənilməsi ilə bağlı təklif vermişdik”. Hüquq müdafiəçisi həmçinin, dövlətin vətəndaşdan aldığı məbləğin də həmin fonda köçürülməsi məsələsini irəli sürdüklərini bildirir: "Həm uşağın, həm də ananın əziyyət çəkməməsi üçün qanunvericilikdə belə bir dəyişikliyin olması müsbət hal olardı”.
Alimenti ödəməyən insanlara qarşı sərt cəzaların tətbiqi problemin həlli deyil
Alimentlərlə bağlı problemin bütün dünya ölkələrində yaşandığını deyən Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü Çingiz Qənizadə eyni zamanda sivil, mədəni insanların bu problemi yaratmadığını da söyləyir: "Məsələyə Avropa ölkələrində daha intizamla yanaşırlar. Bizim ölkəmizdə isə alimentlərin verilməsi ilə bağlı ciddi problemlər var”. Problemlə bağlı Milli Məclisdə müəyyən addımlar atıldığını, aliment öhdəliyi olanların ölkədən çıxışına qadağa qoyulması ilə bağlı qanunvericilikdə dəyişiklik edildiyini, həmin şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati qaydaların sərtləşdiyini bildirən millət vəkili bununla belə yenə də problemlərin mövcud olduğunu deyir: «Bu yaxınlarda mənə edilən müraciətdə icra məmurları tərəfindən müəyyən tədbirlərdən sonra valideynin 2-3 ay ödəmə etdiyi, sonradan ödəməni dayandırdığı qeyd edilib. Nəticədə aliment alan tərəf əziyyət çəkir. 2-3 aydan ötrü də hansısa inzibati metodları tətbiq etmək olmur. Bu baxımdan davamlı və intizamlı formada alimentlərin ödənilməsində problemlər qalır. Alimenti ödəməyən insanlara qarşı sərt cəzaların tətbiqi problemin həlli deyil. Tutaq ki, onu həbs etdilər və o, məhkəmənin qərarı ilə 6 ay və ya 1 il cəzaçəkmə müəssisəsinə getdi. Onda alimentin verilməsi ümumiyyətlə reallaşa bilməyəcək”.
Problemin həlli üzərində düşünüldüyünü deyən millət vəkili üzvü olduğu komitə tərəfindən ədliyyə orqanları ilə müəyyən görüşlər keçirdiklərini və hələlik bu istiqamətdə ümumiləşmə aparıldığını deyir. Bəs belə bir çətin məsələnin icrası istiqamətində icra və qanunvericilik orqanları hansı addımları ata bilər ki, gələcəkdə bu kimi problemlərin qarşısı alınsın? Millət vəkili hələlik bu suala cavab verməyi yanlış hesab edir. Belə ki, atılan addımların hansının müsbət nəticəyə gətirib çıxaracağı ilə bağlı məsələlər ölçülüb-biçilməlidir: "Əlbəttə, bu, problem olaraq qalır. Mən icra məmurlarını da qınamıram. Aliment verməli olan şəxslərin qeydiyyatda olduqları yer yaşadıqları yerlərdən fərqlidir. Onları tapmaq çətin olur. Tapılanda da söz verirlər: bir ay ödəyir, sonradan ödəmirlər. Ədliyyə Nazirliyi ilə qanunvericilik orqanı arasında davam edən hazırkı dialoqlar gələcəkdə hansı addımların atılmalı olduğunu reallaşdıracaq». Millət vəkilinin fikrincə, aliment öhdəliyi olanın bu cür məsuliyyətsiz və vicdansız yanaşması icra məmurları üçün də problemlər yaradır. Aliment Fondunun yaradılması təşəbbüsünə gəlincə, millət vəkili hesab edir ki, təşəbbüs borclu tərəfdə «Aliment fondu var» - deyə alimenti ödəməkdən imtina etmə və yayınma fikirlərini gücləndirə bilər: "Əgər belə bir fondla bağlı dünya təcrübəsi varsa, ondan istifadə etmək olar. Belə bir fond yaradılarkən onun maliyyə imkanları, bütün aliment verilməli insanlara vəsaitin hər ay ödənməsi qaydaları, büdcənin vəziyyəti və s. məsələlər ölçülüb-biçilməlidir. Çünki alimentlə yaşayan ailələr bir neçə kateqoriyaya bölünür. Ümumilikdə buna hamının ehtiyacı var, amma onların içərisində daha yoxsulluq şəraitində olanlar var ki, dövlətin onlara dərhal diqqət yetirməsinin tərəfdarıyam».
Həbsxanalarda məşğulluq artırılmalıdır
Ailələrdə boşanmalardan sonra ən çox yaranan problemin alimentlərə bağlı olduğunu deyən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev isə alimentlərin verilməsi ilə bağlı son illərdə çoxlu məhkəmə qərarları olduğunu qeyd edir: "Çünki boşanmaların sayı getdikcə artır. Bu da ilk növbədə aliment problemini ortaya çıxarır. Çox təəssüf ki, məhkəmə qərarlarının çoxu aliment öhdəliklərini ödəməyənlərlə bağlıdır”. Ə.Nuriyev hazırda alimentin verilməsi ilə bağlı çıxarılan qərarların icrasının da çətin olduğunu bildirir: "Borclular bir çox hallarda «Mən işləmirəm, pulum yoxdur» - deyərək, özlərinə haqq qazandırırlar. Bəzi hallarda isə məşğulluq idarələri həmin şəxslərə müxtəlif işlər təklif etsələr də, onlar sadəcə, həmin işlərdən boyun qaçırırlar. Belə olanda məhkəmə həmin şəxs haqqında minimal rəqəm müəyyənləşdirir”. Hüquqşünasın sözlərinə görə, hətta boşanma hadisəsi olmadan da məhkəmə alimentlə bağlı qərar qəbul etməkdə haqlı ola bilər: "Bəzi hallarda nikaha rəsmi xitam verilmir. Ancaq ata övladlarını saxlamaqdan imtina edir. Belə olan halda ona qarşı aliment tələbi ilə çıxış etmək olar. Onda məhkəmələr də müvafiq qərar qəbul edirlər”. Ə.Nuriyev qeyd edir ki, həm aliment öhdəliyi olan, həm də başqa cinayətə görə cəza çəkən şəxslər var ki, onlara qarşı da aliment tələbi ilə çıxış etmək mümkündür. Bunun üçünsə cəzaçəkmə müəssisələri həmin şəxsləri müəyyən işlərlə təmin etməlidir: "Xüsusən övladları qarşısında aliment öhdəliyi olan şəxslərin işləməsinə üstünlük verilməlidir. Son illər cəzaçəkmə müəssisələrində məşğulluğun səviyyəsi getdikcə artmaqdadır. 7000-ə yaxın məhkum artıq işlə təmin olunub”.
Qanunvericilikdəki boşluq
Ekspertlər hesab edir ki, problemin həlli üçün hökumət tərəfindən cəzaçəkmə müəssisələrində məşğulluğun artırılması istiqamətində müəyyən qərarların qəbuluna da ehtiyac var. "Əgər ataya qarşı məhkəmənin hər hansı bir qərarı varsa və o azadlıqdan məhrumetmə yerindədirsə, qanunvericiliyə görə cəzaçəkmə müəssisələrində olan məhbuslar çalışa və gəlir əldə edə bilərlər”- deyən hüquqşünas Ruslan Vəliyev aliment öhdəliyi olan şəxsin həbsxanada olsa belə, öhdəliyini yerinə yetirməsinə imkan yaradıldığını bildirir: "Cəzaçəkmə müəssisələri yalnız onların sərbəst hərəkət etmək azadlığını məhdudlaşdıran yerdir. Məhbusların digər hüquqları - əmək və istirahət hüququ isə məhdudlaşdırılmır. Ona görə də məhbus cəza çəkdiyi müəssisədə gəlir əldə edə və bununla aliment öhdəliyini yerinə yetirə bilər”.
Hüquqşünasın sözlərinə görə, alimentlərin icrası ilə bağı problem yarandıqda yığılmış alimentin məbləğini həmin şəxsin mülkiyyətində olan əmlaka yönəltmək mümkündür: "Azərbaycanda bir çox şəxslər iş yerlərini və gəlirlərini gizlədirlər. Hətta, belə olan halda məhkəmələr yaşayış minimumu məbləğində hər bir uşaq üçün aliment kəsirlər. Şəxsin gəliri olmasa belə, məhkəmələr onun barəsində ölkə üzrə müəyyən olunmuş yaşayış minimumu məbləğində aliment kəsirlər. Hətta, valideyn işləməsə belə məhkəmə tərəfindən təyin edilən məbləği ödəməyə borcludur. Hər bir uşağın yaşayış minimumu səviyyəsində maddi təminat almaq hüququ var. Əgər alimenti ödəməkdən boyun qaçıran şəxsin adına avtomobil, ev və ya digər əmlak varsa, uşaqla qalan valideyn həmin alimenti atanın əmlakına yönəldə və onu məhkəmə qaydası ilə tələb edə bilər”.
Alimenti ödəməyə fiziki imkanları əl verməyən şəxslərə gəlincə, həmin şəxsin əlilliyi olduqda buna görə dövlət ona müavinət ödədiyindən uşağın digər valideyni alimenti həmin müavinətə yönəldə bilər. R.Vəliyev Aliment Fondunun yaradılması ilə bağlı göstərilən təşəbbüslərin isə hələ də cavabsız qaldığını təəssüf hissi ilə bildirir: "Dövlət imkanı olmayan ailəyə həmin fonddan alimenti ödəyir, sonra isə həmin şəxslərdən alınan vəsait hesabına pul fonda qaytarılır. Nəticədə uşağın hüquqları təmin olunur. Çünki uşaq atasının nə vaxt pul verəcəyini və ya valideynləri arasında olan münasibətə görə vəsaitdən məhrum ediləcəyini gözləyə bilməz. Fond ən azı uşağın minimum tələblərini qarşılaya bilər”. Hüquqşünas alimentlərin ödənilməsi sahəsində qanunvericilikdə boşluqların olduğunu da istisna etmir: "Belə məqamda məsələ təkcə alimentin verilməsi ilə həll olunmur, çünki uşağın başqa hüquqları, məsələn mənzil hüququ da var. Bununla bağlı qanunvericilikdə olan bu məsələlərə Nazirlər Kabineti və ya digər qurumlar tərəfindən aydınlıq gətirilməlidir.
Təbii ki, nə ekspertlərin qanunvericiliklə bağlı səsləndirdiyi fikirlər, nə də Aliment Fondunun yaradılması təşəbbüsü valideynin olmayan vicdan hissini bərpa edə bilməz. Olsa-olsa onu məsuliyyətə çağırar. Ancaq valideyn övladını dünyaya gətiribsə, onun qayğısına da qalmalıdır. Uşaq heç bir halda valideynlərin bir-birini sevməməsinin və ya anlamamasının günahkarı deyil.
Təranə Məhərrəmova
Məqalə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ)"Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı çərçivəsindəjurnalistlər arasında "Uşaq hüquqlarının qorunması: milli/beynəlxalq qanunvericilik və təcrübə”mövzusunda keçirdiyi müsabiqəyə təqdim üçündür
banner

Oxşar Xəbərlər