• cümə, 26 Aprel, 03:56
  • Baku Bakı 16°C

Alim pul qazansın, elm də, biznes də inkişaf etsin...

11.07.17 12:13 1646
Alim pul qazansın, elm də, biznes də  inkişaf etsin...
"Azərbaycan elminin innovasiyaları var, lakin onların tətbiqi zamanı çətinliklərlə üzləşir. Ölkəmizdə bizneslə elmin əlaqəsinin yaranması üçün biznes bazası mövcud deyil. Aydındır ki, biznesimiz gəncdir, Azərbaycan elminə çox maraq göstərmir. Risk etməyi hələ düşünmür. Amma Azərbaycan elmi özü vəsait qazanmalıdır. Alimlər biznesin qarşısında borcludurlar. Onlar iş adamlarında maraq oyatmalıdırlar" – bu sözləri ötən ay Bakıda keçirilən "İnnovasiya və texnologiyaların iqtisadi islahatlarda əhəmiyyəti" mövzusunda keçirilən konfransda çıxışı zamanı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.
Azərbaycan elminin əsas problemi kimi də, məhz maliyyənin olmaması göstərilir. AMEA-nın prezidenti qeyd edib ki, xaricdəki xırda ixtiranın gəlir gətirməsi mexanizmi Azərbaycanda yoxdur. Buna görə də elm bizneslə ölkənin inkişafı naminə təmas yaratmalıdır. Bəs bu təmas necə qurulmalıdır? Elmlə biznesin əlaqəsi necə yaradılmalıdır? Bu istiqamətdə vəziyyət necədir?
Elmlə biznesin əlaqəsini qurmaq mümkün olarsa...
İqtisadçı alim Vüqar Bayramov "Kaspi”yə açıqlamasında bildirdi ki, Azərbaycanda ali təhsil müəssisələri üçün ən böyük problemlərdən biri ABŞ və digər inkişaf etmiş ölkələrdən fərqli olaraq, onların beyin mərkəzləri kimi fəaliyyət göstərməməsidir: "ABŞ və digər aparıcı ölkələrin universitetləri həm də beyin mərkəzi olaraq fəaliyyət göstərirlər. Onlar yalnız dövlət deyil, həm də özəl sektor üçün konkret ideyalarla, innovasiyalarla, təşəbbüslərlə çıxış edirlər. Nəticədə, elmlə, eləcə də universitetlərlə biznesin bir əlaqəsi formalaşır. Azərbaycanda isə bizneslə universitetlərin və ya elmi müəssisələrin əlaqəsi daha çox formal xarakter daşıyır. Elmi müəssisələr biznesə innovativ təşəbbüslər irəli sürməlidir. Biznesin innovasiyası elmdən gəlməlidir. Bu cəhətdən, elmi müəssisələr və ali məktəblərin yalnız tədris həyata keçirən bir müəssisə deyil, həm də beyin mərkəzi kimi formalaşmasına ehtiyac var. Dünyanın bir çox məşhur universitetlərində bu təcrübə var”.
İqtisadçı alim deyir ki, elmlə biznesin Azərbaycanda əlaqəsini qurmaq mümkün olarsa, bu innovativ iqtisadiyyatın inkişafına təkan vermiş olacaq: "Bu imkan verəcək ki, biznes elmdən faydalansın, daha innovativ ideyalarla məhsulların, xidmətlərin bazara çıxarılmasını təmin etsin. Bu biznesin inkişafı ilə yanaşı, elmi müəssisələr, universitetlər üçün əlavə gəlir mənbəyi deməkdir”.
"Elmi müəssisələr potensiallarını təqdim etməlidirlər”
Ekspert onu da bildirdi ki, burada əlaqənin formalaşmasında hər iki tərəf maraqlı olmalıdır: "Eyni zamanda iqtisadiyyatdakı rəqabət çox önəmlidir. İqtisadiyyatda rəqabət güclü olarsa, biznes özü elmi müəssisələrlə işləməkdə, rəqabəti udmaq üçün daha innovativ məhsulları bazara çıxarmaqda maraqlı olur. Ona görə, dövlətin də bu istiqamətdə kifayət qədər böyük öhdəlikləri var. Elmi müəssisələr, universitetlər biznesə töhfə verəcək imkanlarının olduğunu təsdiq etməlidirlər. Biznes elmi müəssisələrlə əməkdaşlığın onlara fayda gətirəcəyinə əmin olmalıdır. Bu əminlik yaranarsa, elmi müəssisələr özlərini, imkanlarını təqdim edə bilsələr, o zaman biznes əməkdaşlıqda maraqlı olacaq. Hər iki tərəf maraqlı olmalıdır, amma ilk növbədə elmi müəssisələr potensiallarını təqdim etməlidirlər ki, biznes ondan faydalana bilsin”.
Biznesdəki elmi problemlərin həll yolu...
İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, dosent Əlövsət Əliyevin sözlərinə görə, dünyada gedən iqtisadi, elmi proseslərin analizi onu göstərir ki, elm təhsillə yanaşı, bizneslə də inteqrasiyada olmalıdır: "Yəni bir-birinə sifariş verməlidir. Biznesdə qarşıya çıxan bütün elmi problemlər elmi təşkilatların köməyi ilə həll oluna bilər. Bu da elmin inkişafına səbəb olur. Ən böyük dövlətlərdə bütün şirkətlərin elmə sifarişi var. Həm kadr cəhətdən, həm də onların yerinə yetirdiyi işlərin innovasiya nöqteyi-nəzərindən lazımi səviyyədə olması, rəqabət qabiliyyətinin artırılması, idarəetmədə innovativ proseslərdən istifadə etmək üçün elmi tədqiqatlara ehtiyac var. Azərbaycan da qabaqcıl biznes strukturlarımız, böyük korporativ şirkətlərimiz bu proseslərdən istifadə etməlidirlər. Heç də təsadüfi saymıram ki, universitetlər publik hüquqi şəxs olurlar. Tədqiqatçı professor vəzifələri təsdiq edilir. Ümumiyyətlə, əksər professorlar tədrislə yanaşı, elmi praktik işləri yerinə yetirirlər”.
Ə.Əliyev deyir ki, elmlə biznes strukturları kifayət qədər yaxınlaşmalıdır. Elm biznesə işləməlidir, biznes isə elmə kömək etməlidir: "Təəssüf ki, Azərbaycanda bu, çox zəif inkişaf edib. Ancaq akademiyanın öz nizamnaməsində də sahibkarlıq prinsiplərinə yer verilib, icazə verilib, sahibkarıq strukturları yaradılıb. AMEA-nın nəzdində Yüksək Texnologiyalar Parkı, Elm Texnologiya, İnnovasiya parkları yaradılıb. Onlar bilavasitə kömək edir ki, elm iqtisadiyyatla yaxınlaşsın, iqtisadiyyatdan gələn sifarişlər yerinə yetirilsin. Mövcud məhsul buraxılışında rəqabət qabiliyyəti artırılsın, xaricə çıxış imkanları artırılsın. Bu sahədə irəliləyiş olması üçün sahibkarlıqla bağlı qurumlarda bu istiqamətə yönəlik strukturlar yaradılmalı, akademiya ilə əlaqələr qurulmalıdır”.
"Alim investoru inandırmağı bacarmalıdır”
Bəs alimlərin biznesə töhfə verəcək yenilikləri varmı? Ə.Əliyev deyir ki, əksər alimlərin praktikaya yönəlik müəyyən ideyaları var. Lakin alim investoru inandırmağı bacarmalıdır: "İnvestorları inandırmaq çətin məsələdir. Çünki bu cür sahələrə kapital qoyuluşu müəyyən risk tələb edir. Ona görə də, dünya praktikasında vençur fondlar yaradılır ki, bu cür riskli maliyyələşmənin qarşısı alınsın. İnvestorlar buna ümumiyyətlə, çətin gedir. Alimdən tələb olunur ki, öz ideyasını müdafiə etsin, arxasınca düşsün, inandırmağı bacarsın. Bu nöqteyi-nəzərdən ölkəmizin biznes mühitinin yaxşılaşmasının normativ hüquqi əsaslarında ola bilsin ki, bəzi hallarda boşluqlar var. Buna görə, lazımi hüquqi sənədlər hazırlanmalıdır ki, nə elm adamı, nə investorlar qorxmasın. Alim inanmalıdır ki, onun beyin məhsulu qorunur, gələcəkdə ideyası tətbiq olunanda, o da gəlir əldə edəcək. Biznes adamlarının isə riskləri sığortalanmalıdır ki, onlar bu istiqamətdə müəyyən yatırımlar etsinlər”.
"Kapital dəyəri olan informasiyaya malik olmaq lazımdır”
Ekspert, dosent İsa Qasımov deyir ki, hazırda inkişaf etmiş ölkələr üçün sənaye yox, daha çox informasiya cəmiyyəti maraqlıdır: "İnformasiya cəmiyyəti, bilik və ya elm əsaslı iqtisadiyyatın müasir yanaşmalarda ortaya çıxan təzahürüdür. Əvvəllər ağır sənayesi inkişaf etmiş ölkələr daha inkişaf etmiş qəbul edilirdisə, indi isə sənayenin intellektual yanaşmalarla inkişaf etdirilən, o cümlədən informasiyanın təhlili və istifadəsinə əsaslanan sahələrdə güclü olan ölkələr daha inkişaf etmiş qəbul edilir. Bu o deməkdir ki, istehsalı inkişaf etdirmək hələ güclü olmaq mənasına gəlmir. Burada başlıca məqam kapital (pul) dəyəri olan informasiyaya malik olmaq lazımdır. Məsələn, patent və bu kimi əlavə dəyərə malik imkanlar, eləcə də bu imkanların kütləvi satışı arzuedilən inkişafa səbəb ola bilir. Qeyd edək ki, patent informasiyadır. Bax, bu cür yanaşmalar güclü ölkələrin informasiyadan necə pul qazandıqlarına nümunə ola bilər. Daha çox qazananlar isə informasiyanın analizindən qazanırlar. Onlardan çox qazananlar isə analizə əsaslanaraq, doğru proqnozlar verib bazara doğru giriş edənlərdir. Dolayısı ilə, ölkə başçımızın "neft kapitalının intellektual kapitala çevrilməsi” devizi çox əhəmiyyətlidir. Dünya intellektual kapital üzərində inkişaf edir, dəyişir. İntellektual kapitalın formalaşması isə elm-təhsil-biznes əməkdaşlığı konseptində baş verə bilir”.
10 il sonra belə olmayacaq...
İ.Qasımovun sözlərinə görə, elm maliyyətutumlu sahədir: "Elmin inkişafı yaxşı, kreativ yanaşmaları olan təhsillə mümkündür. Hazırda dünyanın inkişaf etmiş universitetləri təkcə tədrislə məşğul olmur. Tədrisi sahibkarlıq aspektində inkişaf etdirərək, professor-müəllim heyətini də sahibkarlıq fəaliyyətinə cəlb edərək, təkcə metodoloji tədris yanaşmaları aşılamır, həm də praktiki olaraq bazarın ehtiyaclarına, tələblərinə, eyni zamanda, növbəti illərdə tələb olunan ehtiyaclara uyğun yanaşmaları sərgiləyir. Elmi-tədqiqat işləri gələcəkdəki bazarın tələblərinə uyğun olaraq aparılır. Ola bilsin, hazırda kimsə neftin hasil olunması və ya neft sənayesinin inkişafı ilə bağlı elmi-tədqiqat aparır. Amma digər tərəfdən, dünyada gedişat alternativ enerjini artıq daha çox aktuallaşdırır. Neft ənənəvi sahə kimi indi aktualdır, amma 10 il sonra belə olmayacaq. Tədqiqatlarımızı 10 il sonra kommersiyalaşdıra bilməyimiz üçün bu gün başladığımız tədqiqatlar 5-10 il sonranın tələblərinə uyğun planlaşdırılmalıdır. Bu isə innovasiyaların formalaşdırılması və tətbiqini zəruri edir”.
Gəlirli, amma riskli...
İntellektual kapitalın riskləri də çoxdur. Müsahibimiz deyir ki, məhz buna görə də, insanlar bu sahəyə az meylli ola bilərlər: "Bu işin əhəmiyyətini görən inkişaf etmiş ölkələr, bu sahəni qanunvericiliklə, dəstəkləyici proqramlarla təşviq ediblər. Həmin ölkələr intellektual yanaşmalarla inkişaf ediblər. İntellektual yanaşma ilə inkişaf edən ölkədə ixrac potensialı güclü, xarici bazardan asılılıq az olur, insanların kütlə psixologiyası zəif inkişaf edir, insanlar düşünərək, demokratik baxımdan daha yaxşı inkişaf edir. O cəmiyyətin insanları daha çox xoşbəxt olurlar. Məsələn, araşdırmalarda dünyanın ən xoşbəxt xalqlarının Şimalı Avropa - İsveç, Danimarka, Norveç kimi ölkələrdə yaşadığı məlum olub. Dünyanın ən innovativ düşüncəli, dünyaya ən çox innovasiya töhfəsi verən ölkələr sırasında da həmin ölkələri müşahidə etmək olar”.
İ.Qasımov bildirdi ki, biznesdə kapital qoyuluşu böyüdükcə risklər də böyüyür. Riskləri azaltmağın yolu isə elmi yeniliklərin tətbiqidir. Ona görə böyük şirkətlər, holdinqlər, böyük kapital portfelinə malik şirkətlərin daha çox araşdırmaya ehtiyacı var: "Ölkəmizdə fəaliyyət göstərən bir çox böyük şirkətlərin bu istiqamətə pul xərcləməyə imkanları var. Ancaq istənilən halda, kiçik və orta sahibkarlara da araşdırma, innovasiya fəaliyyətləri lazımdır. Ancaq maliyyə vəziyyətləri imkan vermədiyi üçün onlar o istiqamətdə geniş tərkibli iş apara bilmirlər. Hər bir ölkənin iqtisadiyyatı onun kiçik və orta sahibkarlığının kütləviliyi, gücü ilə hesablanır. Bu aspektdən götürəndə, inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr kiçik və orta sahibkarlığın inkişafı aspektində innovasiyaları təşviq edib dəstəkləyirlər. Elmi tədqiqatçılara, araşdırmaçılara elə imkanlar, təşviq proqramları təklif edirlər ki, bu vəziyyət kiçik sahibkarların da innovativ yanaşmalardan faydalanmasına zəmin verir”.
Elm-təhsil-biznes əməkdaşlığı...
Ekspert qeyd etdi ki, ölkəmizdə intellektual inkişafa nail ola bilmək üçün, elm-təhsil-biznes əməkdaşlığını formalaşdırmalı və inkişaf etdirməliyik. Bu işdə isə texnoparkların və ya elm parklarının, eləcə də biznes inkubatorların inkişaf etdirilməsi vacib məqamlardandır: "Nəzərə almalıyıq ki, elm-təhsil-biznes əməkdaşlığının formalaşdırılması və inkişaf etdirilməsi prosesinin başlanğıcında hökumətin stimullaşdırıcı və dəstəkləyici qanunvericiliyi ən mühüm amillərdəndir. Bu yanaşma qanunvericiliklə tənzimləndiyi təqdirdə, elm adamları, o cümlədən təhsil müəssisələri ilə biznesin yaxınlaşması və ya birgə fəaliyyəti arzuolunan nəticələr verə bilər. Əslində bu yanaşmalar dünya təcrübəsində mövcuddur. Bundan başqa, elm-təhsil-biznes əməkdaşlığının formalaşdırılması işində maarifləndirici və qarşılıqlı işgüzar çevrəni inkişaf etdirən konfrans və ya seminarların keçirilməsi də məqsədəuyğun addımlar kimi qiymətləndirilir. Xatırladım ki, 2017-2018-ci tədris ilində elm-təhsil-biznes əməkdaşlığına əsaslanan konfrans və ya seminarların keçirilməsi nəzərdə tutulur”.
Aygün Asimqızı
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir
banner

Oxşar Xəbərlər