• cümə axşamı, 25 aprel, 14:08
  • Baku Bakı 23°C

“Ali təhsil almamağıma peşman deyiləm” – Sadə peşə adamı

25.11.14 11:20 4546
“Ali təhsil almamağıma peşman deyiləm” – Sadə peşə adamı
Bərbər Vasif Məmmədov: “Ali məktəb oxumadan sevdiyi işlə məşğul olan peşəkar insan onlarla universitet oxuyan “savadlı” insandan daha yaxşı yaşaya bilər”
“Kişi salonuna göz dərmanı almaq üçün gələn də var, saç kəsdirməyə gələn də. Biz bərbərlərin dünyası kiçicik olsa da, sevgi doludur. İşimizi sevgi ilə, peşəkarcasına gördükdən sonra pul qazanmaq o qədər də çətin olmur. Çünki, işi sevdikdən sonra onu pul qazanmaq üçün yox, sevdiyin üçün edirsən. Sevdiyin işi gördükdə isə, elə pul da gəlib səni özü tapır”. Bu sözləri bizimlə söhbətində “sadə peşə adamı” rubrikamızın budəfəki qonağı gənc bərbər Vasif Məmmədov dedi.
“Sənətimi sevirəm”
Ölkəmizdə ali savadlı, diplomlu gənclərlə yanaşı, orta məktəbi, yaxud peşə məktəbini bitirib alın təri ilə özlərini, ailələrini dolandıran gənclərimiz az deyil.
Müsahibimiz Vasif də işinin peşəkarıdır. Kiçik yaşlarından oxumağa marağı olmadığından məktəbi bitirdikdən sonra, universitet oxumaq əvəzinə, uğur qazanacağı peşənin ardınca getməyi üstün tutub. Hazırda Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən “Raul kişi salonu”nda bərbər kimi çalışan 24 yaşlı həmsöhbətimiz 3 ildir ki, bu sənətlə məşğul olur. O deyir ki, uşaqlıqdan ailəsi, dost tanışı onun istedadına bələd olub və bu sənətin ardınca getməyi məsləhət görüblər: “Əslində uşaqlıqdan özümün də bu sənətə marağım var idi. Yaxşı saç ustası olmaq istəyirdim. Amma nədənsə, çəkinir, özümə inanmırdım. Bu peşə ilə məşğul olmaq mənə əlçatmaz gəlirdi. Ta ki qohumumla danışana qədər. Bir gün qohumum məni yaxşıca danladı və mənə sənətin dərinliklərindən danışdı. Bundan sonra usta yanına getdim. Sənəti öyrəndikcə, ona olan sevgim daha da artdı. Düzdür, əlimdə diplomum, ali savadım yoxdur, amma öz həyatımı normal şəkildə qurmağıma kömək edən sənətim var və mən bu sənətdə olmağımdan çox məmnunam. Çünki, sənətimə bağlıyam və çox sevirəm”.
“Daim öyrənmək lazımdır”
Sənətinin incəliklərindən danışan müsahibimiz deyir ki, bərbərlik sənətində səbirli və zövqlü olmaq əsas şərtdir: “Məncə hər bir sənətdə uğur qazanmağın sirri onu sevmək və işinin peşəkarı olmaqdır. Bərbərlik sənətində də əgər səbrin və zövqün yoxdursa, sənətin öhdəsindən gəlmək mümkün deyil. Bərbər qazanacağı puldan çox işinə maraq göstərməlidir ki, müştəri də ondan razı qalsın”.
Müsahibimiz işinin peşəkarı olsa da daim öyrənməyə can atır. O deyir ki, dünya gör-götür dünyasıdır. Bu məsəli unutmaq olmaz: “Hələ şagird olarkən hər dəfə şüşəli kişi salonlarının qarşısında dayanır, kənardan ustanın əlinə baxırdım. Ayıb olmasın deyə semiçka alıb çırtlayırdım ki, guya kimisə gözləyirəm. Ustanın əl işlərinə baxdıqda, yeni bir şey görən kimi gəlib ustamdan soruşurdum. İndi də saçımı vurdurmağa gedəndə, ustanın əlinə diqqət edib öyrənməyə çalışıram. Sənəti inkişaf etdirmək üçün, bir yerdə dayanmaq olmaz. Daim öyrənmək lazımdır”.
Sənətin çətinliyi- kaprizli müştərilər
Həmsöhbətimiz deyir ki, sənətinin çətin tərəfi “kaprizli” müştərilərlə işləməsidir: “Kaprizli müştərilər sənətin dadı, duzudur. Bəzən deyirlər ki, kişilər çox kaprizli olmur, bu problem daha çox qadın salonlarında olur. Ancaq bu belə deyil. Bizim salonun kaprizli müştəriləri daha çox yaşlı kişilər olur. Bəzən yaşlı dayı bir tükdən tutur yaxınlaşır güzgüyə ki bunu da götür. Əslində götürsək saçın forması dəyişir. Ancaq bunu izah etmək çox çətindir. Belə hallarda yenə də müştəri ilə dil tapmağı bacarmaq, onu razı salmaq lazımdır. Mən də bəzən keçmiş dövrü, əsgərlik xatirələrini yadına salıram başlayırıq müzakirə etməyə. Əsas odur ki, müştərinin damarını tuta bilirəm. (Gülür - A.Ə) Məqsədimiz müştərinin bizdən razı getməsidir. Çünki, müştəri hər zaman haqlıdır. Hər insanın istədiyini ona verməlisən ki, səndən razı olsunlar. Əl işləri ilə yanaşı ustanın dili də şirin olmalıdır. Bizim sənətin çətinliyi kaprizli insanlarla işləməkdir”.
“Pul qazanmaq çətin deyil”
Azərbaycanda hər addımbaşı kişi salonlarının açıldığından şikayətlənən müsahibimiz vurğuladı ki, bu sahədə vəziyyət yaxşı deyil: “İndi hara baxırsan bərbərxana açıblar. Bu sahəni bilən də, bilməyən də bərbər işləyir. Çünki, bəzi “ustalar” eşidiblər ki, bu sənətdə yaxşı pul qazanmaq mümkündür. Hər kəs saç ustası ola bilməz. Bu sahə xüsusi bacarıq, istedad tələb edir. Usta hər zaman öz üzərində işləməli, dünyagörüşü olmalıdır ki, onda müəyyən zövq formalaşsın”.
Aylıq gəlirə gəldikdə isə, müsahibimiz deyir ki, sənətinin bilicisi olduqdan sonra, bərbərlik sənətində pul qazanmaq o qədər də çətin deyil. Nə qədər qazandığına gəldikdə isə, o zarafatyana cavab verir: “Babam həmişə deyirdi ki, kişi gərək üç şeyi gizlətməyi bacarsın: arvadını, gəlirini, getdiyin yeri”. Mənim də gəlirim Allaha min şükür yaşamağıma kifayət edir. Yəni ali təhsil almamağıma peşman deyiləm. Ətrafımda o qədər qırmızı diplomlular var ki, ya işləmirlər, ya da aya 300-500 manat maaş alırlar. Düşünürəm ki, ali məktəb oxumadan sevdiyi işlə məşğul olan peşəkar insan onlarla universitet oxuyan savadlı insandan daha yaxşı yaşaya bilər”.
“Bəlkə, tülü sərib, sonra qırxasan?”
Vasif iş başında başına gələn maraqlı və gülməli əhvalatlardan da danışdı. O deyir ki, bərbərxanada günlərinin çoxu gülməklə keçir: “Bir gün işdə oturmuşdum. Birdən gördüm ki, bir kişi qaça-qaça salona daxil oldu. Mebelin yanına yaxınlaşdı. Mən də saçını kəsmək üçün qayçını götürüb yanına getdim. Mənə dedi ki, “qardaş mənə göz dərmanı ver də”. Elə bildim zarafat edir. Dedim ay dayı, bura aptek deyil, salondur. Görmürsən darağı, qayçını? Kişi üzümə baxdı və salondan çıxdı”.
Bir dəfə də iş yoldaşım təzə saç qırxmağa başlamışdı. Müştərinin üzərinə tül sərmək yadından çıxmışdı. Oğlanın saçını qırxdı. Müştərinin də bütün üstü, başı, ağzı burnu tük içində idi. Oğlan baxdı dostumun üzünə, axır dözməyib dilləndi ki, “ay qardaş, sən neynirsən?. Bəlkə, tülü sərib, sonra qırxasan?”. Həmin gün çox gülmüşdük.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər