• cümə, 26 Aprel, 10:58
  • Baku Bakı 12°C

Alətləri ilə dost olan usta - Peşə adamı

21.10.17 10:00 5629
Alətləri ilə dost olan usta - Peşə adamı
Düşünür ki, hər kəs öz daxili aləmini müxtəlif formada əks etdirməyi bacarmalıdır. Bu, müəyyən mənada insanın gördüyü işində özünü mütləq göstərir. Deyir ki, o da öz daxili aləmini düzəltdiyi fiqurlarla ortaya çıxarmağa çalışır. Müsahibimiz taxtadan əl işləri düzəldən 23 yaşlı Nicat Zeynalovdur.

Hobbi kimi başladım

Nicat deyir ki, bu işə marağı bir təsadüf nəticəsində yaranıb: "İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsində təhsil almışam. Universiteti bitirəndən sonra hərbi xidmətə yollandım. Elə bu işə də əsgərlikdən sonra başlamışam. Əslində konkret olaraq belə bir işə başlamaq kimi niyyətim yox idi. Əsgərlikdən təzə gələndə dostum yeni ev almışdı. Evinə isə saat lazım idi. Dedim ki, saat almağa ehtiyac yoxdur, mən sənə hədiyə edərəm. Elə ilk işim də o saat oldu. İlk olaraq hobbi kimi başladım. Sonra dostlarım, tanışlarım xeyli dəstək göstərdilər, mənə bu işi biznesə çevirməyi məsləhət gördülər. İşə başlamazdan əvvəl internetdə kiçik araşdırmalar edir, bəzi səhifələri izləyirdim. Kreativ şeylərə marağım olduğuna görə, bu, diqqətimi çəkdi və məşğul olmağa qərar verdim”.


"Həvəs və istək olan yerdə hər kəs bunun öhdəsindən gələ bilər”


Deyir ki, düzəltdiyi işlərin hamısının xoşagəlimli olmasına çalışır. Ona görə, bu işlər həm də müəllifinin daxili aləmini ifadə edir: "İnsan içindəkiləri nə iləsə ifadə etməyi bacarmalıdır. Mən də özümü düzəltdiyim fiqurlarla ifadə etməyə çalışıram. Bir ildən çoxdur ki, taxtdan müxtəlif fiqurlar hazırlayıram. Özümə usta deyə bilmərəm. Usta olmaq üçün uzun illər tələb olunur. Hələlik həvəskar kimi fəaliyyət göstərirəm. Ustanı usta edən onun alətləridir”.

Nicat fikirləşir ki, bu işi görmək üçün insandan xüsusi istedad tələb olunmur: "Məncə, həvəs və istək olan yerdə hər kəs bunun öhdəsindən gələ bilər. Özüm hələlik başqa sahədə işləmirəm. Amma əlbəttə ki, istədiyim kimi həyatı təmin etmək üçün gələcəkdə ixtisasıma uyğun bir işdə çalışmaq istərdim. Yəqin ki, onda bu işi hobbi kimi davam etdirə bilərəm. Çünki nəyisə yaratmaq insana daxili rahatlıq gətirir. Həm də bu işi görmək üçün səbirli olmaq lazımdır. Çünki bəzən bir işin hazırlanması üçün uzun müddət vaxt lazım olur. Ümumilikdə götürəndə isə, bir fiqurun hazırlanması iki-üç gün vaxt aparır. Yəni, belə desəm, bir işin tam səliqəli şəkildə hazır olması üçün iki-üç gün vaxt tələb edilir. Əgər işinin yaxşı alınmasını istəyirsənsə, səbirlə çalışmağı öyrənməlisən. Bir günə hazırlanan fiqurla iki-üç günə hazırlanan heç vaxt eyni ola bilməz”.

"Xanım müştərilərin kaprizləri çox olur”

Sifarişlər haqqında danışan Nicat deyir ki, sifarişçilərin verdiyi ideyaların daha yaxşısını hazırlamağa çalışır: "Təzə başladığıma görə, yalnız instaqram vasitəsi ilə sifarişlər qəbul edirəm. Düzünə qalsa, sifarişləri qəbul etməyimin əsas məqsədi pul qazanmaq deyil. Çünki hazırladığım fiqurların bəyənilməsi və kiminsə üzündə təbəssüm yaratması mənim üçün qazancdan daha önəmlidir. Sifarişlər arasında ən çox saata maraq göstərirlər. Palitra, domino formasında saatlar, brelok, əsas sifarişlər sırasındadır. Bəzən dibçəklər və müxtəlif cür sifarişlər də edilir. Adətən, xanım müştərilərin kaprizləri çox olur. Bu məni nəinki bezdirir, əksinə stimul verir. Çünki standart nələrisə hazırlamaq elə də maraqlı deyil. Ona görə də çalışıram ki, verilən ideyaların daha yaxşısını hazırlayım”.

"Zaman və təcrübə ən yaxşı təhsildir”

Müsahibim deyir ki, bu işin professionalı olmaq üçün hansısa təhsilə də ehtiyac görmür: "Ümumiyyətlə, Azərbaycanda bildiyim qədəri ilə bu sahənin tədrisi yoxdur. Düzünü desəm, bu haqda heç maraqlanmamışam da. Mənə görə, zaman və təcrübə ən yaxşı təhsildir. Elə ustalar var ki, taxtadan heykəllər hazırlayır. Məncə, nələrisə onlardan öyrənmək hər hansı təhsildən daha faydalıdır. Ustaların təcrübəsi əsl məktəbdir. Düzdür, bu vaxta qədər işimlə bağlı heç kimdən nə isə öyrənməmişəm. Babamdan mənə çoxlu alətlər qalıb. Onların köməkliyi ilə bir çox şeyi özüm təkbaşına öyrəndim. Amma işin sirlərini öyrənə biləcəyim bir adamın olmasını istərdim və burada pis heç nə görmürəm. Çünki elə şeylər var ki, onları internetdən, yaxud hansısa kitabdan öyrənmək olmur. Bu işin kiçik sirləri var ki, onu da yalnız təcrübəli ustalar bilir. Düzdür, hər usta bir o qədər səmimi olmur. Gərək özünü inandırmağı və sübut etməyi bacarasan ki, o, bu sirlərini səninlə paylaşsın”.

"Təhlükəsizlik məsələləri bu işdə çox önəmlidir”

Bu işdə ən çox dostlarının köməyinə minnətdar olduğunu deyən həmsöhbətim motivasiyanın önəmi olduğunu fikirləşir: "Dostlarımın verdiyi motivasiya mənim üçün çox vacibdir. Məsələn, loqonun hazırlanması bir qədər maraqlı olub. Belə ki, loqonun hazırlanmasında mənim heç bir əməyim olmayıb. Əslində «Ağacdələn» təklifinə mən heç qarışmadım. Çünki mən "Wooden art” fikirləşirdim. Sonra baxdım ki, bu addan çox istifadə edilib. Təkrar ad qoysaydım, maraqsız olardı. Sonra belə bir ideya gəldi və onu da seçdik. Sonradan "Ağacdələn” loqosunu da mənim üçün bibim oğlu hazırladı”.

"Mənə görə bu işin çətinliyi yoxdur. Amma təhlükəsizlik məsələlərinə mütləq diqqət yetirmək lazımdır. Aparatlarla işləyərkən maksimum ehtiyatlı olmalısan. Təhlükəsizlik məsələləri bu işdə çox önəmlidir. Çünki hər an hər bir şey ola bilər. Müsbət tərəfləri isə mənə görə çoxdur. İlk növbədə insan bu işi görəndə mənəvi rahatlıq tapır”, – deyə müsahibimiz sonda əlavə etdi.

Şəbnəm Mehdizadə





banner

Oxşar Xəbərlər