• çərşənbə axşamı, 19 mart, 11:49
  • Baku Bakı 8°C

Aleksandr Yakovleviç Tairov (1885-1950)

06.06.17 13:20 7181
Aleksandr Yakovleviç Tairov (1885-1950)
Rus sovet rejissoru, Kamera teatrının yaradıcısı və rəhbəri. Tamaşaları: "Famira-kifared” (1916), "Salomeya” (1917), "Fedra” (1922), "Qarağac altında sevgi” (1926), "Nikbin faciə” (1933), "Xanım Bovari” (1940), "Günahsız müqəssirlər” (1944) və d.Aleksandr Yakovleviç Tairov 24 iyun (6 iyul) 1885-ci ildə Poltava quberniyasının Romn şəhərində müəllim ailəsində dünyaya gəlib. Onun teatrla haqqında ilk təəssüratları Rusiyanın vilayətlərini səyyar truppası ilə gəzən Adelney qardaşlarının faciə tamaşaları ilə bağlı olub. Sonralar Tairov həvəskar tamaşalarda çıxış etməyə başlayıb.
Gimnaziyanı bitirdikdən sonra Aleksandr, Kiyev Universitetinin Hüquq fakultəsinə daxil olur. Bu illər ərzində o, əyalət teatrlarının tamaşalarına baxır, həmin teatrların istedadlı aktyorlarını izləyərək özü də səhnədə oynayırdı. 1906-1907-ci teatr sezonunda Tairov artıq Komissarjevskayanın teatrında çıxış edirdi. Burada o, Meyerholdun tamaşasında müəllif rejissurası ilə tanış olur və birdəfəlik şərti teatr estetikasını rədd edir. Daha sonralar Səyyar Teatrda, Peterburq Yeni Dramatik Teatrında çıxış edir. Səyyar teatrda Tairov artıq rejissor kimi işləməyə başlayır. Lakin Yeni Teatrın gündəlik vəziyyəti, əvvəlki teatr məyusluğu Tairovun teatrla əlaqəsini birdəfəlik kəsməyə sövq edir.
1913-cü ildə o, Peterburq Universitetinin hüquq fakultəsini bitirib, Moskva vəkilliyə başlayır. Tairova elə gəlirdi ki, o, teatrda yanılıb. Lakin K.A.Mardjanovun faciə və operettanı, dram və farsı, opera və pantomimanı birləşdirəcək fantastik Azad Teatrı yaratmaq ideyası Tairovun bu teatrda rejissor kimi işləməyə razılıq verməsinə səbəb olur. Məhz Tairovun səhnələşdirdiyi pantomim tamaşa olan Şnitselin "Pyerettonun yataq örtüyü” və çin nağılı "Sarı bluz” Azad Teatra məhşurluq gətirdi və gözlənilməz maraqlı kəşflər oldu. Bu tamaşalarda Tairov "teatrallaşdırılmış teatr”ı bəyan edir və "emosional jest” prinsipini irəli sürür. "Pyerettonun yataq örtüyü” tamaşasının premyerası 4 noyabr 1913-cü ildə baş tutur. Əlbəttə ki, Tairov bu tamaşada iyirmi dörd yaşlı Alisa Koonenin gözəl ifası ilə zamanın nəbzini tuta bilmiş, süjetin əhvalını yaratmışdı.
25 dekabr 1914-cü ildə Tairov Moskvada 1910-1920-ci illər gənc nəsil üçün yaradılmış incəsənətin yeni simvolu rolunu oynayan teatrı - Kamera Teatrını yaradır. Əlbəttə ki, Tairova əlverişli şərait yaradılmışdır. O, bunları unutmayacaqdı: etibarlı aktyorlar, sadiq dostlar, əla məkan – az vəsaitlə möcüzə kimi əldə olunan XVIII əsrə aid Tversko buvarındakı malikanə. Lakin bütün bunlar bəs etməzdi, əgər Tairovun cəsarəti, inanmı və ən əsası Alisa Koonenə olan məhəbbəti olmasaydı. Kamera teatrı bu sevginin adıyla ucaldılmışdı. Rejissor vəaktrisa 1914-cü ildə nigah bağlayırlar. Teatr onlardan hər şeyi aldı-nə uşaqları oldu, nə də xüsusi dostluq münasibətləri...
1914-cü il. Birinci Dünya Müharibəsi gedir, Tairov isə qədim hind klassiki Kalidasanın "Sakundala” dramını səhnələşdirməklə məşğuldur. Onu bu pyesi hazırlamağa nə vadar edirdi? Aydındır ki, Şərqə olan məhəbbət, Alisa Koonenə uğur gətirəcək K.Balmontun füsunkar tərcüməsi və zərif sadəliyi, xəttləri və rəngləri ilə "İncəsənət dünyası” sərgisində Tairovun bəyəndiyi Pavel Kuznetsovun çəkdiyi çöl və Buxara şəkilləri idi.
Həmin dövrün əhvalında pessimizm hökm sürürdü. Tairov isə səhnədə gözəlliyin, ağılın, həyat eşqi ilə dolu başqa bir dünyanı yaratmağın mümkünlüyünü iddia edirdi. İlk olaraq Tairov daha sadə, primitiv uşaq tamaşaları göstərməyə məcbur oldu. Lakin bir hal həməncə özünü büruzə verdi: səhnəni əlavə şeylərdən azad etmək. Tairov, üş ölçülü kosmik mərhələ yaratmaq niyyətində idi və bu işdə ona rəssam Aleksandr Ekster yardımcı oldu. Dekorasiya kubizm üslubunda qurulmuşdu. Bu özünü "Famira Kifared” tamaşasında göstərdi. Piramidalar, kublar, aktyorların hərəkət etdiyi rampalar qədim Yunanıstanın obrazını yaratmağa imkan verirdi. Famiri Şərq yaraşıqlısı Nikolay Tsereteli oynayırdı. "Famir”adan sonra Tairov Oskar Uayldanın "Salomeya”yasına müraciət edir. Tamaşanı tərtibatı zamanı, Ekster nazik metal çərçivələrdən, hətta fanerlərdən istifadə etmişdi. Baş rolda - Salomeyanı əvəzolunmaz Alisa Koonen canlandırmışdı.
1917-ci ildə Kamera teatrı icarə pulunu ödəyə bilmədiklərinə görə Tversko Bulvarından qovulur. Yeni məkan - tamaşalar üçün çox az münasib olan Nikitin darvazalarındakı aktyor birjası oldu. Hədsiz zəhmət sərf olunurdu ki, səhnədə və seyrçi salonunda temperaturu dörd dərəcədən heç olmasa altı dərəcəyə qaldıra bilsinlər. 1919-1920-ci il mövsümünün açılışı üçün Tairov E.Skribin "Andrienna Lekuvrer” melodramını seçir. Bu tamaşa Kamera teatrı tarixində ən anşlaqlı tamaşalardan olacaq və teatr bağlanan günə qədər repertuardan düşməyəcəkdi. Bu tamaşanın 750-ci göstərisindən sonra fransız yazıçısı Kan-Rişar Blok qeyd edirdi ki, Tairov və Koonen Skribin melodramını faciənin zirvəsinə qaldırdılar.
4 may 1920-ci ildə teatrda yeni bir premyera oynanılır-E.A.Qofmanın "Şəhzadə Brambilla” əsərinin tamaşa-kapriççiosu. "Gülüş canlıdır və canlının sevincidir-tamaşanın şüarı məhz belə idi... ”-Tairov başa salırdı. Reallıq və fantastika, ekstsentrial və qroteks, möhtəşəm və aktobatik nömrələr – bütün bunlar Tairov və rəssam Q.Yakulovun "Şəhzadə Brambilla”da yaratdıqları idi.
1922-ci ildə Tairov yenə də rəssam Q.Yakulov ilə daha bir şən əhvallı tamaşa hazırlayır – Lekokanın operettası əsasənda "Jirofle Jiroflya”. Burada Koonen və şou xarakteri daşıyan xor iştirak edirdi. Tairov bu tamaşada teatrının vacib estetik prinsipini açıqlayırdı: burada hərəkət mədəniyyəti, söz mədəniyyəti və əlbəttə ki, daxilin zənginləşdirilməsi nəzərdə tutulurdu. Tairov belə hesab edirdi ki, onunKamera teatrında axtarışlarının birinci mərhələsi Rasininin "Fedra” (1922) tamaşası ilə tamamlanır. Bu tamaşadakı bir çox səhnələr dünya teatr tarixinə daxil oldu. Koonen-Fedranın çıxışı əfsənəyə çevrildi: aram-aram səhnəyə gəlir və onun cəhrayı plaşı yerlə elə sürünürdü ki, sanki ardınca böyük alovun izləri qalırdı.
1922-ci ilə premyeraları olan "Fedra” və "Jirofle-Jiroflya” tamaşaları Kamera teatrının ən yüksəliş dövrü oldu. Onlarla fəxr edir, bu tamaşalara xariciləri gətirir, ölkə xaricinə qastrola bu tamaşaları yollayırdılar. Kamera teatrının onillik yubileyini Bolşoy Teatrda qeyd etdilər.1923-1925-ci illər Fransa və Almaniya qastrolları çoxlarının yaddaşına həkk olundu. Hətta 1925-ci il Parişdəki Beynəlxalq sərgidə Kamera teatrı mükafat eldə etdi və Tairov səfərdən qalibiyyətlə döndü.Aleksandr klassik faciələri müasir seyrçilərə daha yaxın olması üçün onları "diriltmə” yolları axtarırdı. O, rus və fransız səhnəsində faciəni oynayarkən yalançı klassik maneraları inkar edirdi. Alisa Koonen qeyd edirdi ki, Tairov Rassininin pyesindəki padşahları və şəhzadələri adi insanlar kimi göstərmək istəyirdi: "Padşahları oynamayın!”- deyə Tairov məşqlərdə dəfələrlə təkrar edirdi.
Tairovun planlarında yenə də əvvəlki kimi birinci yerdə müasir faciənin yaradılması dururdu. Bu yolda rejissor bir neçə dəfə Ostrovskinin "Tufan” pyesinə müraciət etmişdi. O, ən az xarici gözəlliklə ilgilənir, ən çox isə hadisələrin faciəvi əsasları ilə maraqlanırdı.1920-ci illərin ortalarında Tairov axtardığı müəllifi axır ki tapır: bu amerikan dramaturqu O’Nill idi. 11 noyabr 1926-cı ildə dünya teatr tarixinə düşən "Qarağac altında sevgi” tamaşasının premyerası olur. O’Nillin XIX əsr amerika fermerlərinin həyatından bəhs edən sadə süjetə malik dramında Tairov çoxmənalı mifə əsaslanırdı: "hesab edirəm ki, bu pyesdə O’Nill müasir ədəbiyyatda ən yaxşı antik faciə ənənələrindən yüksəyə qalxa bilmişdir”. Tamaşada ögey ananın (A.Koonen) oğulluğuna (N. Tsereteli) olan faciəvi sevgisi və onların ferma uğrunda şiddətli rəqabəti təsvir olunmuşdur.
1929-cu il O’Nillin "Zənci” pyesi əsasında hazırlanan tamaşada Ella və Nefacimin sevgi tarixcəsi əks olunurdu. Koonen-Ella tamaşada qadının bütün həyatını yaşamış bir obrazı yaradırdı-gənc qız çağlarından ta ki yaşlaşmış dəli qadına qədər olan mərhələni. "Zənci” və "Qarağac altında sevgi” tamaşalarından sonra müəllif O’Nill belə yazırdı: "sizin bu tamaşalarınızı görəndə heyrətim və təşəkkürüm sonsuz oldu. Onlar mənim işimin tamamən daxilini açıb göstərdiər. Yaradıcı fantaziyalı teatr həmişə mənim xəyalım, arzum olub və Kamera Teatrı bu arzumu reallaşdırdı”.
"Nikbin faciə” (Vişnevski) tamaşasında Tairovun əsas devizi "Səma, Yer, İnsan” adlanırdı. Baş rolda çıxış edən A.Koonen yenə də yaddaqalan obraz yarada bilmişdir. Dənizçilər heyətinə başçılıq edən qadın sanki inqilabı polk yaratmışdı.Növbəti sezonun premyerası "Misir gecələri” adlanırdı. Tairov bir tamaşa daxilində Bernard Şounun "Sezar və Kleopatra”, Puşkinin "Misir gecələri”, Şekspinin "Antonio və Kleopatra”sını birləşdirməyi qərara almışdı. Təhlükəli eksperiment çoxdan Misir obrazı ilə maraqlanan şöhrətli və cəsarətli akrtisa Koonenin sayəsində uğulu alınmışdı. "Misir gecələri”nin ardınca teatrda A.Borodinin komik operası, Demyan Bednının yeni mətninə əsaslanan "Cəngavərlər” (1936) tamaşaya qoyuldu. Tamaşa uğurla keçsə də, az sonra rus xalqının tarixi keçmişinin təhrif olunması bəhanəsi ilə repertuardan tamamən çıxarıldı. Tənqidçilər Kamera teatrı və onun rəhbərlərini hər tərəfdən sıxışdırırdılar. Əmin edirdilər ki, teatr bütövlükdə "bizim partiya, Oktyabr inqilabı, sovet sisteminə maskalanmış şəkildə qarşı çıxırdı”. Prokofyevin "Yevgeni Onegin” operası üzərində məşqlərə son verməli oldular. 1937-ci ilin avqustunda Tairovun Kamera teatrı ilə Oxlopkovun Realist teatrının birləşdirilməsinə dövlət qəti qərar verdi. Və bu teatrlar iki il müddətində belə şəraitdə davam etdilər.
1940-cı ildə Tairov Floberin "Xanım Bovari” əsəri əsasında növbəti möhtəşəm tamaşanı səhnələşdirir. Və əlbəttə ki, Alisa Koonen parlaq oyunu ilə yenə də uğur qazanır. Tairov burada romanın dramatizmini açır, insan qəlbinin lap dərinliklərinə yol tapır.Müharibə teatrı Leninqradda qastrolda olarkən yaxalayır. Təcili Moskvaya qayıdan teatr sentyabrda növbəti tamaşanı - Q.Mdivaninin "Batalyon qərbə gedir” əsərini səhnələşdirir. Kamera teatrı təkcə Balxaş və Barnaulda 500-dən artıq tamaşa oynayır. 1944-cü ildə isə Kamera teatrında "Qağayı” (Çexov) oynanılır. Tamaşadan danışarkən Tairov qeyd edirdi: "Qağayı”- insana, onun ulduzuna, onun gələcəyinə, onun imkanlarına inanan böyük pyesdir”. Rejissor Çexovdan sadəcə fraqmentlər götürmüşdü. Aktyorlar qrimsiz oynayırdılar.
Tairovun növbəti tamaşası 1944-cü ildə səhnələşdirdiyi "Günahsız müqəssirlər” (Ostrovski) oldu. Son illər Kamera teatrında dramatik keçirdi. 1940-cı illər onun üçün ağır oldu. Bir yandan şaraitsizlik, bir yandan hər an gələn yoxlamalar, bir yandan teatr daxilində bağlanan aktyor məktəbi... Düzdür Tairov mübarizə aprırdi, etdiyi səhvləri etiraf edirdi və ümid edirdi ki, teatrı xilas edə biləcək. 19 may 1949-cu ildə yuxarının qərarı ilə Tairov Kamera teatrından qovulur. 29 may sonuncu dəfə Alisa Koonenin rol aldığı "Adriennu Lekuvrer” tamaşası oynanılır. Tamaşadan sonra alqışlar, təbriklər olsa da aktrisa ağlayır və bu onun sonuncu rolu olduğunu qeyd edir. Səhnə pərdələri bağlansa da, seyrçilər getmirlər, sonunda Tairovun göstərişi ilə elan olunur ki, teatr bağlandı. Ardınca Alisa və Tairovu Vaxtanqov teatrına göndərsələr də, onlara bir gələcək vəd edilmir. Az keçmir ki, bir məktub alan Tairov dövlətin onlara təşəkkür etdiyini və artıq pensiyayayolladıqlarını oxuyur (o zaman Alisanın 59, Tairovun isə 65 yaşı vardı). Bu onlara vurulacan son ən ağır zərbə olur.
9 avqust 1850-ci ildə Kamera teatrının adı dəyişdirilərək A.S.Puşkin adına Moskva Dram Teatrına çevrilir. Sentyabrda Aleksandr Yakovleviçin səhhəti daha da pisləşir və sentyabrın 25-də 1950-ci ildə Solovyev xəstəxanasında dünyasını dəyişir...
Pirimova Nigar
Teatrşünas
banner

Oxşar Xəbərlər