• şənbə, 20 Aprel, 01:23
  • Baku Bakı 15°C

Aleksandr Qalibin: “Komanda işi olmadan heçbir uğurdan söz gedə bilməz”

16.09.16 16:35 1995
Aleksandr Qalibin: “Komanda işi olmadan heçbir uğurdan söz gedə bilməz”

Sentyabr ayının 9-10 tarixlərində Sankt-Peterburqdakı "Baltika evi” teatrının səhnəsində aktyor və rejissor Aleksandr Qalibinin Lev Tolstoyun "Anna Karenina” romanı əsasında quruluş verdiyi "Anna. Faciə” tamaşasının premyerası baş tutdu. Bunu fürsət bilərək qəzetimizin bu sayında oxucularımıza adı çəkilən rejissorun aparıcı teatr portallarından birinə verdiyi müsahibəni təqdim edirik:

-Bu layihə necə yarandı?

-İdeya mən hələ Stanislavski teatrında çalışdığım vaxtlar doğmuşdu. Teatrın truppası ilə öz şagirdlərimi vahid məqsəd altında birləşdirmək üçün "Anna Karenina” romanını səhnələşdirmək istəyirdim. Mən Stanislavski teatrını tərk edib "Baltika evi” teatrına gəldikdə bu ideyanın həyata keçəcəyi anı səbrlə gözləyirdim. Nəhayət "Baltika evi”nin rəhbərliyi mənə yeni quruluş təklif etdikdə mən öz arzumu onlara bildirdim və müsbət cavab aldıqda dərhal Lena Qreminaya ssenari üzərində birgə iş təklif etdim. Biz Lena Qremina ilə birgə "Ç qardaşları”, "Mata Hari”. "Çar Maksimilian” tamaşaları üzərində çalışmışıq.

-Riqada quruluş verdiyiniz "Mata Hari” tamaşası səssiz kino estetikasında bir tamaşa idi. "Anna. Faciə” tamaşası isə yunan faciəsi kimi xarakterizə edilir. Yeni dram ilə klassik forma necə birləşir?

-Bu sadəcə romana başqa bir gözlə baxmaq, başqa bir formayla yanaşmaq cəhdidir. Biz elə bir tamaşa ərsəyə gətirmək istəyirdik ki, orada həm faciə, həm simvolik teatrın, həm də ekzistensional elementlər olsun. Tolstoyun romanında təqdim etdiyi qadın öz hüdudlarına, öz çərçivəsinə sığmayan, bu hüdudların üstündə mövcud olan qəhrəmandır və mən bunu öz tamaşamda əks etditməyə çalışmışam. Məni hər zaman insanın özünü hüdüdlarından kənar necə təcəssüm etdirməsi maraqlandırıb.

-Səkkiz hissəlik romanı 2 saatlıq tamaşaya necə çevirdiniz?

-Biz bu tamaşada Levin xəttini tamamilə çıxartmışıq. Mən paralel xətt üzrə hərəkət etməkdən imtina edərək ancaq Anna üzərində fikrimi topladım. Məhz tamaşasnın adı - "Anna. Faciə” buradan doğur. Digər personajlar yalnızca Annanın mahiyyətinin dərk olunmasına xidmət etmək məqsədi daşıyırlar.

-Karenin rolunu siz və "Baltika evi” teatrının aktyoru Valeri Solovyov ifa edirsiniz. Eyni zamanda həm oynayıb həm quruluş verməyə necə nail olursunuz?

-Teatrın rəhbərliyi mənim səhnəyə çıxmağımı istəyirdi. Mən də səhnəyə çıxıb öz ideyamda təcəssüm olunmaq fürsətini əldən vermək istəmədim. Bunun asan başa gəldiyini deyə bilmərəm. Mən Karenini Annanın gördüyü kimi göstərməyə, ona Annanın gözü ilə baxmağa çalışmışam.

-Kareninin "funksiya” kimi bir anlam qazanması riski yoxdurmu?

-Tamaşada bu fikrin tam əskini dəstəkləyən epizodlar var, baxmayaraq ki, bütün personajlar Anna obrazının açılmasına kömək etmək üçün çıxış edirlər.

-Zaman keçdikcə sizin üçün tamaşalara quruluş vermək asan olur ya çətin?

-Heç bir tamaşa asanlıqla, tər tökmədən başa gəlmir. Kimdənsə yeni nə isə öyrənməyə ehtiyac duyursan. Burada hər şey sənin birgə çalışdığın komandadan asılıdır. Mənim mükəmməl komandam var. Edqar Smironovla biz bir-birimizi anlayırıq. Onun yerindəcə verdiyi plastik qərarlar, fikri dəqiq anlama məharəti məni heyran edir. Musiqi tərtibatı və xorla işi öz üzərinə götürən Nataşa Anastasyeva tamaşaya qeyri-adi atmosfer gətirib. Mən öz teatrımdan razıyam.

-Siz Peterbruqun bütün aparıcı teatrlarında uğurlu tamaşalar səhnələşdirmisiniz.

- Hər şey artıq dəyişib. Mən artıq uzun müddətdir Peterburqda quruluş vermirəm. "Sevdiklrəinizlə ayrılmayın” tamaşasından 14 il keçib.

-Siz 90-cı illərin əvvələrində rejissor kimi fəaliyyətə başlamısınız. Nəzərinizdə nələr dəyişib?

-"Lya-fyun in der-laft”, "Üç bacı” tamaşalarını üç qəpiyə səhnələşdirirdik. İndi bu gülməli səslənir. Mən Avropada bir sıra tamaşalara quruluş vermişəm və bu mənə zamana və pula qənaət etməyi, aktyorları doğru seçməyi, düzgün təşkil etməyi öyrədib. Hər şeyin əsasında komanda işi dayanır. Bunsuz heç bir uğurdan söz gedə bilməz.

-Bu yaxınlarda siz "Qızıl balıq” filmini çəkmisiniz. Bu barədə danışardınız.

-İlk olaraq deməliyəm ki, mənə ən böyük dəstəyi 70 faizlik büdcə ilə Mədəniyyət Nazirliyi verdi. Biz ekspedisiya təşkil etdik, iki ay Qırğızıstanda yaşadıq, orada çəkilişlər apardıq. Çətinliklərimiz olsa da film Moskva festivalının rus proqramında birinci mükafara layiq görüldü.

-Filmin satışı ilə əlaqədar hər hansı təxmin varmı?

- Bütün hüquqlar prodüsserə verilib və hal-hazırda filmin taleyi prodüserdən asılıdır. Mən bu işdən tamamilə kənardayam. Hesab edirəm ki, bu mənim səhvimdir. Çünki, 70 faizlik büdcə mənə verilmişdi.

- Təxmini deyə bilərsinizmi teatr və kinoda növbəti işiniz nə olacaq?

- Fikirlər var, ancaq nə olduğunu deməyəcəyəm. Teatrda və kinoda bir neçə layihə nəzərdə tutulub. Mənim quıuluşlarım ətraf aləmlə dialoqdur və mən qarşı tərəfdən reaksiya gözləyirəm. Tələsmirəm, səbrlə gözləyirəm. Berdyayev demişdir ki, "yaradıcılıq insanın yaradıcı fəaliyyətinin tanrının yaradıcı qüvvəsinə cavab verməsidir”. Mən kənardan izləyib, bu, mənə gərəkdir ya yox qərarını verə bilirəm. Və bugünki gündə bu mənə zövq verir.

Niyaz Cəfərov

teatrşünas

banner

Oxşar Xəbərlər