• çərşənbə, 24 Aprel, 12:05
  • Baku Bakı 27°C

Albert Kamü haqqında

01.12.19 12:00 1292
Albert Kamü haqqında
Albert Kamü. Bu adı eşitdikdə ağlıma ilk olaraq "Yad" romanı gəlir. Məktəbliydim. Universitet tələbəsi dostumun məsləhəti ilə oxumuşdum bu romanı və yaxşı ki oxumuşdum. Amma müəllifin adı çəkiləndə ağlına ilk bu roman gələn, deyəsən, tək mən deyiləm.
"Yad” romanında müəllif pessimizmin, absurdizmin obrazı kimi çıxış edir. Bunu əsərdəki obrazlara baxaraq aydın şəkildə görə bilərik. Amma bu cəhət müəllifin digər romanlarına şamil deyil.

Ümumi olaraq Albert Kamü əsərlərində ölüm mövzuları, ölüm həqiqətinin psixoloji məqamları, yaşamın mənası, ümumiyyətlə, ölümə qarşı olan münasibətlər göstərilir.

Əsərləri oxuduqca, əslində, yaşamın nə qədər mənasız olduğu faktını görürük. Müəllif özü belə bütün bu kimi həqiqətlər uğruna yaşamağı ortaya qoyur.
Məsələn, elə "Yad" romanındakı Mersault obrazına dərindən baxmağımız kifayət edər ki, dediklərimi siz də müşahidə edəsiz.

Biz bu əsərdə bir sıra həyati məsələləri görə bilərik. Məsələn, bir insanın nə qədər laqeyd, pessimist olduğunu bu əsərdə aydın şəkildə bilinir.

Köhnə məhəlləmizdə bir qoca kişi var idi. Bir iti idi, bir də özü. Halına çox acısam da, açığı, itini sevmirdim. Yadıma uşaq vaxtı həmin itin ölümündən sonrakı vəziyyət düşür, bir də əsərdəki Salamanonun itini itirməsi. İtini itirəndən sonra onun keçirdiyi hisslər.

Amma mən tanıdığım yaşlı kimi Salamano kimi deyildi. O, itini övladı kimi sevirdi. Hərdən itin yeməyindən yediyini də görürdün. Salamano isə itini sevsə də, həm də onu döyüb və söyürdü.

Əsərdə qəribə olan obrazlardan biri də Merso obrazıdır. Hər şeyə laqeyd Merso. Merso obrazı mənə ilk dəfə oxuyanda çox qəribə gəlirdi. Mersonun evliliyə münasibəti, anasının ölümü ərəfəsindəki davranışları və.s fikirlərimi qarışdırırdı.

Rayon Sintes obrazı da psixoloji problemli bir obrazdır. Əsərdə o, Psixoloji problərinin olmağını hər sözü, hər məsələni şişirtməyi, yalan danışmağı və.s kimi xüsusiyyətlərdən görə bilərik.

Ümumiyyətlə, onu deyim ki, məni ilk cümlədən ovsunlayan bir neçə roman var. Barmaq hesabı. Elə biri də bu romandır. Romanın ölüm xəbəri ilə başlaması, müəllifin oxucu düşüncəsində ilk həmləsidir. "Bu gün anam öldü. Bəlkə də dünən. Bilmirəm.”

Mersaultunun sonrakı cinayəti ümumiyyətlə, etdiyi və dediyi hər şey onun xarakter olaraq necə biri olduğunu ortaya qoyur.

"Taun" romanı

Roman Əlcəzairdə Oranda şəhərində yayılmış epidemiyaya qarşı insanın mübarizəsini, əzmini göstərir.

Real və müasir dünyada taunun niyə və necə olmasını bilirik. Amma əsərdə Keşiş Paneluo bunu cəza kimi görür. Məsələn, digər bir obraz, həkim Bernard Ryö isə taunu bir pislik kimi qəbul edir, deyir və buna qarşı mübarizə aparmaq lazımlığını bilir. Həkim Bernard Ryö insanı və insanlığı sevən, onlara kömək etməyə çalışan bir obrazdır.

Həkim Ryönun təbirincə desək, heç Tanrı da bu müxtəlif əqidəli, xarakterli insanları birgə mübarizə aparmaq fikrindən döndərə bilmədi. Çünki əqidələri fərqli olsa da, hər biri pisliyə qarşı mübarizə aparırdı. Bundan gözəl nə ola bilər ki…

Tanrıya inanıb-inanmasından asılı olmayaraq bütün yaxşı insanlar şəhərdə tüğyan edən və hər gün yüzlərlə insanın ölümünə səbəb olan bu bəlaya qarşı birlikdə mübarizə apardılar.

Keşiş Panelu illər öncə onu tərk etmiş arvadına vaxtında sevgisini göstərə bilmədiyi üçün özünü günahkar sayan, bütün ömrünü bilinməyən bir əlyazmaya həsr edən Jozef Qran, şəhərə reportaj hazırlamaq üçün gəlib taun epidemiyası başladıqdan sonra şəhərdən çıxış qadağan edildiyinə görə də geri qayıda bilməyən jurnalist Ramber, qoca həkim Kastel, tanrıya inanmamağına baxmayaraq müqəddəs olmağa çalışan, bütün insanları sevən, pisliklərə, naqisliklərə qarşı mübarizə aparan Jan Taru və həkim Ryö.

Həkim Ryö və dostları xəstəliyə qarşı mübarizə apardılar və qalib gəldilər. Ancaq Ryö bu uğurun keçici olduğunu və taunun bir gün yenidən qayıda biləcəyini bilir… Və o daha bir şeyin fərqindədir: bir gün ölümlə birlikdə yox olacağımız halda yaşadığımız müddətcə pisliklərə qarşı mübarizə aparmalı olduğumuzu.

"Yad" romanında mənasız yaşamı göstərən, həyatın mənasız olduğunu göstərə Kamu, bu və digər romanlarında heç də belə olmadığını göstərir.

Ayrıca, bu iki əsər arasında da müəyyən paralellər apara bilərik. "Yad" romanının qəhrəmanı ilə Ryö arasında müqayisə aparsaq onların analarına olan münasibətini nümunə göstərmək olar. Məsələn, hər iki obrazın analarına olan münasibəti.

Bu əsərin "Yad"dan bir fərqli cəhəti isə əsər boyunca davam edən nikbinlik, heç nəyin gec olmamağına yazıçının inamıdır.

Orxan Saffari
banner

Oxşar Xəbərlər