• cümə, 29 Mart, 05:41
  • Baku Bakı 7°C

Ağlamamaq üçün gülürük...

06.06.16 11:06 2995
Ağlamamaq üçün gülürük...

Dünya ədəbi praktikasında azsaylı dahi komediyalar var ki, bu komediyaların belə bir janr şərtiliyi var, gözəl anlar, xoş atmosfer getdikcə tədricən azalır, zaman-zaman hadisələr ciddiləşir. Hətta bəzi tənqidçilər buna görə qəzəblənir və belə komediyaların "komediya” adlandırılmasını düzgün hesab etmirlər. Komediyanın sərhədləri mətbəx və evi, evin içində baş verən hadisələri aşırsa, "komediya olmaqdan” çıxır. Bəs bu tipli əsərlərin janrı komediya deyilsə, faciə deyilsə, bəs nədir? Sadəcə olaraq, dünyanın 100 möhtəşəm əsərlərindən biridir- "ÖLÜLƏR”

Cəlil Məmmədquluzadənin müəllifi olduğu "Ölülər”in əsası sadəcə gülüş üzərində qurulmayıb, bu səbəbdən də onun hədəfi daha geniş, zərbələri isə dağıdıcıdır. Və bu gün haqqında danışacağımız tamaşa "Ölülər” əsərinin Hüseynqulu Sarabskinin 1916-ci il ilk səhnə quruluşunun 100, Tofiq Kazımovun 1966-cı il quruluşunun 50 və xalq artisti Nurəddin Mehdixanlının 60 illiyinə həsr olunub. Haqqında danışacağımız tamaşa uzun bir yol keçib, o üzdən də müqayisələr, mübahisələr üçün yetərincə faktlar, fikir mübadiləsi üçün yetərincə ideyalar var.

Tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətov, rejissorlar isə Anar Sadıqov, Əlif Cahangirlidir. Qısa teatr təcrübəmdən bunu bilirəm ki, qara qutudan ibarət səhnə və aktyorlar üçün yaradılmış açıq məkan, konstruktiv dəqiqliklə yığılan səhnə forması, professional işıq həlli və səhnədə işıqların oyunu Azər Paşa Nemətovun imzasıdır. Hətta öncədən tamaşanın müəllifinin adını da bilməsəm, sadaladıqlarım bunu bilməyə yetərlidir. Niyə məhz "Ölülər”? Aydın məsələdir ki, teatr özündə bu dəqiqə nə baş verdiyini, neçə illər bundan öncə və bundan sonra nə baş verəcəyini göstərir. "Ölülər” keçmiş, indiki, gələcək - bu üç zaman formasını vahid hadisələrin konturlarını cızaraq fraqmental şəkildə də olsa görükdürə bilir. Rejissorun təqdim etdiyi səhnə həlli bədii obrazların və hadisələrin yeni ideya üzərində qurulmuş kompozisiyasını, vahid sistemini təşkil edir. Yazının əvvəlində də üstüörtülü şəkildə qeyd etdiyim janr məsələsi xüsusilə yeni formada işlənmişdir. "Ölülər”in əsas ideya xəttində başlıca olaraq "Ölülər”in komediya formasını, həssaslıqla hər replikada, monoloqlarda, kütləvi səhnələrdə işlənmiş uğunub gülə biləcəyimiz "Ölülər” komediyasını gördüm.

Tamaşanın səhnə quruluşu açıq olan qara məkan və səhnənin mərkəzində yerləşdirilən, üç hissəyə qapılar, pərdələr vasitəsilə ayrılmış, üzərində sanki memarlıq nişanələri olan hündür arakəsmədən ibarətdir. Tamaşa müddətində hadisələrin məkanı məhz bu sadə düzənlənmiş yerdir. Tamaşanın əsasını onun ideyası təşkil edirsə, mövcudluğu hadisələrlə çatdırılır. İlk hadisə Cəlalın dərs məqamıdır ki, məncə bu, tamaşaçının baş verəcək hadisələrə daxil olması üçün vurulan ilk zərbə kimi effektli idi. Mirzə Hüseyn müəllim (xalq artisti Hacı İsmayılov) və Cəlal (Canəli Canəliyev) dialoqu Hacı İsmayılovun ciddiliyi, peşəkarlıqla taxdığı və gəzdirdiyi "müəllim” maskası ilə əhatələnirdisə, Cəlal bir oyunbaz idi, şirin danışığı, məsum hərəkətləri, xoş görünüşü onu bu tamaşanın sevimli qəhrəmanlarından biri etdi, desəm, yəqin ki yanılmaram. Onu da qeyd etmək istəyirəm ki, Cəlalın müəllimini yamsılaması, sözlərin düzgün tələffüzündə yaratdığı maraqlı səs assosasiyası tamaşanın qəhrəmanın gəlişinə yüngül, rahat keçid üçün imkan yaradırdı.

"Alçaq bir insana elm öyrətmək yol kəsən bir şəxsin əlinə qılınc vermək kimidir...”

Budur İsgəndər... Azərbaycan ədəbiyyatının üsyankar, Azərbaycan teatrının sərxoş qəhrəmanı... Rejissor bu rolu Anar Heybətovun oyununda realizə etmişdir. Aktyorun simasındakı biveclik, artıq üsyandan usanmış, ətrafında baş verənlərlə mübarizənin mənasız olduğunu anlayan İsgəndər obrazı tərəf müqabillərini heç bir məqamda əsas qəhrəman kimi üstələmirdi. O səbəbdən də İsgəndərin səhnə varolması pərəstişlə qarşılanırdı. Konkret desək, Anarın İsgəndəri sadədir, sevgi ilə dolub daşan qəlbə malikdi, çirkinlikləri bayağı açıb ağartsa da, içində sadəcə mərhəmət var. İsgəndərin əsas psixoloji durumu "ruh düşgünlüyü”, "çarəsizlik”dir ki, aktyor sətiraltı formada bacısı Nazlı ilə söhbətində xüsusilə bunu görükdürür. Bu mənəvi ruh düşkünlüyü mütləq vəziyyət kimi İsgəndərin zaman-zaman sərxoşluğuna haqq qazandırır. Sanki İsgəndərin bu haləti onu əhatə edən insanlar tərəfindən gizlədilir, ondan qaçırlar. Onu heç kəs görmək, dinləmək istəmir. Tamaşanın gedişatında İsgəndərin dəfələrlə araq içməsi də onun real vəziyyətini - mənəvi çarəsizliyini görükdürmək üçündür. Sanki narkozda olan insan kimi o heç nə hiss etmir, bu səbəbdən də spirtin yüksək faizi ona təsir etmir, canı yanmır, acımır...

Xüsusilə də Anar Heybətov ön səhnədə aparte-monoloq çıxışlarında zamanından və düşdüyü vəziyyətdən sanki utanan, xəcalət çəkən İsgəndəri gerçəkləşdirir. İsgəndər "baxın mən ağıllıyam, onlar nadandırlar, cəhalət içindədirlər” demir. İsgəndərin oyunu ilə digər tərəfin-sadə insanların sadəcə yazıq və məsum olduqları aşkar görünür. Mühüm fraqmentlərdən biri İsgəndərin bacısı Nazlı ilə (Xədicə Novruzlu) ünsiyyətidir ki, Anarın istər bacısına, istər Cəlala-qardaşına olan sevgisi tamaşaçıda qəhər yaradır. Bu səhnələrə üzülərək baxmadan keçinmək olmur. Əslində bu məqamlarda Anarın İsgəndəri qəhrəman olmadığını, daha doğrusu belə cəmiyyətdə qəhrəman ola bilməyəcəyini sanki etiraf etmiş olur.

"Onun yanında iki mən sığmaz. Sən "Mən!” deyirsən; o da "Mən!” deyir. Ya sən öl, ya da o ölsün ki, bu ikilik qalmasın”

Məncə bu tamaşanın qəhrəmanı Şeyx Nəsurullahdır. Elə rejissor onun səhnəyə gəlişini də xüsusi təmtəraqla işləmişdir. Sanki o, Əlahəzrət cənablarıdır, dinin ünlü simasıdır, o Şeyx Nəsurullahdır. Xalq artisti Nurəddin Mehdixanlının Nəsurullahı bir üzü saxta şeyx, digər üzü cır-cındıra bürünmüş dərvişdir. Əvvəlcə onu qeyd edim ki, çoxsaylı tamaşalarda izləsəm də, mən Nurəddin Mehdixanlının bu cür oyununu təsəvvür belə etməzdim. Aktyorun Şeyx Nəsurullahı peşəkar insan elminin bilicisi, yetərincə savadlı-ərəb, fars sözlərini düzgün tələffüzü edən kimi təqdimatı təqdir olunmalıdır. Həmçinin onun sadə insanları ələ salması, yuxarıdan aşağı baxması, müxtəlif jestlərin dili ilə aşağılaması məncə çox qabardılmışdır. Təklikdə birinci hissənin sonunda əynindəki libası, üzündəki qrimi kənara atan Şeyx Nəsurullah-N.Mehdixanlı əsl simasını əyyaş, fırıldaqçı eləcə də xəstə durumunu görükdürmüş olur.

Şeyx Nəsurullah müxtəlif epizodlarda fərqli davranış nümayiş etdirir. Xüsusilə də onun köməkçisi Şeyx Əhməd (əməkdar artist Aslan Şirin) Nəsurullahın həqiqi simasının qabardılması üçün çox gözəl şərait yaradır. Şeyx Əhmədin obrazı aktyor oyununda məsləksiz, mənafeyi olmayan xarakterlərlə əhatə olunsa da, səhnədə olduğu istənilən məqamda çox uğurlu idi. Bəzi hallarda Şeyx Əhməd–Aslan Şirin Nəsurullahı idarə edən, onun "zibillərini” gizlədən, yol göstərən, bəzi məqamlarda da "niyə görə mən özüm Şeyx Nəsurullah olmayım” deyə qəzəblənən oyun sərgiləyirdi.

Şeyx Nəsurullahın və İsgəndərin görüş səhnələri bəzi məqamlarda xüsusi qabardılsa da, bu tamaşada rejissor həmin səhnələri əsasən ötəri keçidlərlə verərək, təmtəraqsız görüntü yaratmışdır. Sanki İsgəndər rejissor tərəfindən qorunur, müdafiə olunurdu. İkinci hissədə İsgəndərin onsuz da faciəsi daha da surətlənir. Zatən bu cəmiyyətdə vəziyyət ürək açan deyildir, bir qalmışdı ölülərin dirilməsi - vəziyyəti daha da kəskinləşdirərdi. Hətta ailəsi tərəfindən qovulan İsgəndər atasının (əməkdar artist Kazım Abdullayev) uşaq məsumluğu ilə kütlədən utanmasından, anası Kərbəlayi Fatmanın (xalq artisti Laləzar Mustafayeva) səsli-küylü yanaşmasından sağlam mübarizə apara bilmir. Və istənilən məqamda Şeyx Nəsurullaha uduzur.

Tamaşanın ən baxımlı hissələri kütləvi səhnələr idi ki, biz kütləvi səhnələrin çox zaman uğursuz olduğunun şahidi olmuşuq. "Ölülər” tamaşasında – xüsusən də gələn məktubun oxunması və Məşədi Orucun (Mətləb Abdullayev) baş verən hadisələrə hərəkətlərlə, oxuduğu sözlərə intonnasiya ilə reaksiya verməsi ən yadda qalan səhnələrdəndir.

Onu da qeyd etməliyəm ki, səhnədə çıxış edən aktyorların rejisssor tərəfindən irəli sürülmüş konsepsiyanın öhdəsindən düzgün gəlmələri hər bir aktyorun oyununu ayrı-ayrılıqda fərqləndirmişdi. İstər Hacı Kazımın (əməkdar artist Əjdər Həmidov) yazıqcasına söylədiyi replikalar, istərsə də Hacı Baxşəlinin (əməkdar artist Sabir Məmmədov) kütlənin içindən fərqlənən səs-küyü hətta kütlədə çıxış edən aktyorları da ayrı-ayrılıqda bir epizodun daşıyıcısı kimi uğurlu edir.

Qeyd edim ki, tamaşada SSRİ xalq artisti Qara Qarayevin "Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunur. Tamaşanın musiqisi isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestr tərəfindən ifa olunur. "Ölülər” tamaşasının əsas ideya-tematik düşüncəsi zəif təfəkkürlü insanlar, savadsız savadlılar, ziyalısı olmayan cəmiyyət, aldanmağa hazır olan-əmrlərlə yaşamağa ömürlük düçar olan toplumun fəci vəziyyətidir. Hər addımbaşı sadaladığım nə qədər insanla, nə qədər hadisə ilə üzləşirik? Bundan daha aktual nə ola bilər ki...

Rejissor, xalq artisti Azər Paşa Nemətovun "Ölülər” üçün təqdim etdiyi yeni model hava şarları kimi yüngüldür, rahat tamaşaçı tərəfindən həzm olunacaq dilə, peşəkar çalışan aktyor ifalarına, bir-birindən bərk yapışmış səhnə həllindən-ümumi konsepsiyadan ibarətdir. Tamaşa boyunca gülürük, gülürük, hər güldüyümüzdə isə sətiraltı ağlamaq istiyik. Ağlamamaq üçün gülürük...

Aygün Süleymanova

teatrşünas

banner

Oxşar Xəbərlər