AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Aktyorlarımız bazarkoma, qəssaba bənzəyirlər

Aktyorlarımız bazarkoma, qəssaba bənzəyirlər

Mədəniyyət
07 Noyabr 2012, 18:54 1874
Ötən həftə Nizami Kino Mərkəzində İctimai Televiziya və Radio Yayımları Şirkəti Mədəniyyət və Turizm Nazirliyi ilə birgə teleradio işçilərinin peşə bayramları ərəfəsində “Carçı film” günləri keçirdi. Tədbirdə millət vəkilləri, yazıçı və şairlər, tanınmış sənətkarlar iştirak edirdi.
Tədbirdə çıxış edən Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı bu gün teatrda aktyorların qoca insan obrazlarını yetərincə canlandıra bilməməyindən şikayətləndi. Onları tənqid edən S.Rüstəmxanlı aktyorların acı çəkən insanın obrazını tamaşaçılara kifayət qədər canlı şəkildə təqdim edə bilmədiyini də vurğuladı. Mövzunun maraqlı olduğunu nəzərə alaraq S.Rüstəmxanlıyla əlaqə saxlayıb fikirlərini genişləndirməyi xahiş etdik. Xalq şairi ilk öncə qeyd etdi ki, teatr mürəkkəb bir sənətdir: “Burada güclü əsər, güclü rejissor, güclü yaradıcı heyət, teatral tamaşaçı olmalıdır. Qeyd etdiyim bu dörd ünsür birlikdə olmayanda tamaşa effektli alınmır. Azərbaycanda bu gün təəssüf ki, normal tamaşaçı qalmayıb, tamaşaçılarımızın mədəni səviyyəsi çox aşağıdır, yaxşı rejissorlarımız azdır, demək olar ki, yox dərəcəsindədir. Teatrda fəaliyyət göstərən aktyorların çoxu köhnə aktyorlardır. Onların simalarına baxdıqda, anlamaq olar ki, həmin aktyorlardan film çəkmək olmaz”.
S.Rüstəmxanlı hesab edir ki, teatrdan istedadlı aktyorları uzaqlaşdıran əsas səbəb həyat şəraitlərinin yaxşı olmaması, maaşın azlığı və s.dir. Bu kimi səbəblərdən aktyorlar teatrda çox qalmaq istəmir. “Teatrlarımızda yaxşı aktyorlar da var. Ancaq gənc, istedadlı, tanınmış simalar son dərəcə azdır. Teatrlarımızda eyni müəlliflərin eyni əsərləri səhnələşdirilir. Hər mövsüm eyni sənətkarın yaradıcılığına müraciət olunur. Vurğuladığım problemlər yalnız bir teatra aid deyil, fəaliyyət göstərən əksər teatrlarımızda vəziyyət eynidir. Təbii ki, bu proses davam etdiyi müddətcə teatra tamaşaçı marağı az olacaq. Ona görə tamaşalara baxmağa tamaşaçı gəlmir”. S.Rüstəmxanlının fikrincə, orta və ali məktəblərdən istedadlı gəncləri tapıb yetişdirmək lazımdır. “Necə ki Cəfər Cabbarlı zamanında bu işləri görürdü. Kinolarımızda aktyorlarımızın simalarına fikir versəniz, görərsiniz ki, onlar bazarkoma, qəssaba bənzəyirlər. Çox təəssüf ki, teatrlarımızda ziyalı, mədəni aktyor siması çox azdır. Tamaşada yaxşı əsər, yaxşı rejissor, aktyor olmayanda təbii ki, teatrlarda tamaşaçı qıtlığı yaranacaq. Qeyd etmək istəyirəm ki, əsərlərin hazırlanması sahəsində də monopoliya yaranıb. Teatr təşkilatçıları gənc dramaturqları axtara bilər”.
Xalq şairinin sözlərinə görə, bəzi insanlar səlahiyyətlərindən, imtiyazlarından istifadə edib, davamlı olaraq öz əsərlərini teatrlarda nümayiş etdirirlər. “Teatrda vacib deyil ki, əsər təqdim olunsun. Gənc dramaturqlar axtarıla bilər, onlarla müqavilə bağlana bilər, gənc rejissorlara müraciət oluna bilər. Mən xarici ölkələrin festivallarında çox olmuşam, onlarda tamam başqa mövzulara müraciət olunur. Bizim teatrların demək olar ki, əksəriyyətində eyni, köhnəlmiş mövzulara müraciət olunur, teatrların hamısı bir-birini təkrar edir. Eyni əsərlərlə Azərbaycanın dramaturgiyasını teatr sənətində yetərincə təqdim etmək olmaz”.
S.Rüstəmxanlının fikirlərinə münasibətini öyrəndiyimiz Xalq artisti, tanınmış rejissor Mərahim Fərzəlibəyov hesab edir ki, teatra ancaq onu sevən adam gəlməlidir, teatrı sevmək və ona məktəb kimi baxmaq lazımıdır: “Akademik Milli Dram Teatrının repertuarı rəngarəngdir. Tamaşaçı və aktyor arasında canlı təmas yaranmalıdır. Teatrda xarici dramaturgiya ilə maraqlanan tamaşaçıların, gənclərin, yaşlı nəslin də marağı nəzərə alınıb. Müasir ədəbiyyatımızdan Elçinin tamaşaları hazırlanıb, İlyas Əfəndiyevin, Mirzə Fətəli Axundovun əsərlərinə yer vermişik. Hazırda teatra tamaşaçı gəlir, amma tamaşadan tamaşaya da çox fərq var. Teatra tamaşaçı o zaman daha çox gələrdi ki, teatrın afişalarının şəhərdə, şəhərin kənar yerlərində təqdimatı, reklamı yüksək olsun”.
Rejissorun fikrincə tamaşalar televiziya vasitəsilə reklam olunsa, teatra tamaşaçı daha çox gələr: “Tamaşaçı evdə oturarkən reklam vasitəsilə bilərdi ki, bu gün hansı teatrda hansı tamaşa oynanılacaq və o tamaşaçıda həmin tamaşaya maraq oyanardı. Mənə elə gəlir ki, reklam nə qədər güclü olsa, teatr tamaşaçılarına tamaşaçı axını da düzələr. O ki qaldı tamaşanın səviyyəsinə, onu tamaşaçılar özləri daha yaxşı bilir. Hər bir tamaşanın müsbət və mənfi cəhətləri ola bilər”.
Gənc Tamaşaçılar Teatrının aktyoru və rejissoru Nicat Kazımov da tamaşaların əvvəlki kimi reklam olunmadığını qeyd etdi: “Bu gün teatra tamaşaçı gəlir, amma əlbəttə ki, bu say yetərincə deyil. Bu günlərdə Bakıda Beynəlxalq Teatr Festival Konfransı keçirilir. Bu konfransda Qazaxıstanın nümayəndəsi qeyd etdi ki, bizdə tamaşaçı problemi yaşanmır. Tamaşaçını biz üç yaşından ailədə, sonra uşaq bağçasında, daha sonra isə məktəb zamanında yetişdiririk. Bu proseslərdən sonra isə tamaşaçı mütəmadi olaraq teatra gəlir. Bu prinsipə Sovet zamanı riayət olunurdu, indi də bu prinsipi yenidən yaratmaq lazımdır. Körpəliyindən uşaqları Kukla Teatrına, sonra Gənc Tamaşaçılar Teatrının uşaq tamaşalarına, daha sonra isə axşam seanslarına öyrəşdirmək lazımdır”. N.Kazımov sözlərinə görə, səviyyəli tamaşaya tamaşaçı gəlir. Düzdür, ola bilər ki, tamaşa anşlaqla keçməsin. Yaxşı tərtib olunmuş tamaşaya 50 nəfər belə gəlsə, bu yaxşı göstəricidir, çünki həmin o 50 nəfər, teatra daha 50 nəfəri də özü ilə gətirəcək: “Teatrlarda keyfiyyətsiz tamaşalar səhnədə qalmamalıdır ki, tamaşaçılarımızı itirməyək”.

Xəyalə Rəis