Aktyor olmaq asandır, insan olmaq çətin
Səhnə yoldaşları Ağaxan Salmanlı haqda: "Bu dəfə
həmin tamaşanı onsuz oynadıq, səhnədə olanda gözümüz kulisdə idi, onu
axtarırdıq”
Bütün dünyanı koronavirus xəbərlərinin bürüdüyü fevral
ayını yola verib, marta qədəm qoymaq istəyirdik ki, üzücü bir xəbər aldıq.
Fevralın 29-da xalq artisti Ağaxan Salmanlı həyata gözlərini əbədi yumdu. Azərbaycan
mədəniyyətinin, teatr və kinosunun itirdiyi ustad sənətkar 78 yaşında bu dünya
ilə vidalaşdı. Xalq artisti ölümündən bir gün qabaq sevimli nəvəsinin toy
məclisində iştirak edib, orada doyunca oynamışdı, bu günü çoxdan gözlədiyini və
hər kəsin evində belə sevincli günlərin olmasını arzu etmişdi.
Nəvə toyu görmək arzusuna çatan sənətkar, toyun
səhərisi günü oğlu Mətinlə zəngləşib, onlara getdiyini söyləyib. Son telefon
danışığından cəmi beş dəqiqə sonra isə həyata gözlərini əbədi olaraq yumub...
Oğlu Mətin Salmanlı deyir ki, xalq artisti özünü həmin gün yaxşı hiss edirdi:
"Səhər əhvalı yaxşı idi. Avtobusda olanda zəng etdi, dedi ki, sizə gəlirəm, bir
az oturub, çay içib teatra məşqə gedəcəm. Üç dəqiqə keçdi və zəng gəldi ki, atanızın
halı yaxşı deyil, hazırlaşıb evdən çıxırdım ki, növbəti zəngdə dedilər, artıq
vəfat edib. Doğrudur, valideyn itkisi ağırdır, amma Ağaxan Salmanlı kimi atanı
itirmək daha çox ağırdır. Hər zaman deyib-gülürdü, şikayət etmirdi. Elə heç
kimə əziyyət vermədən də bu dünyadan köçdü”.
Ağaxan Salmanlı sənətə gəldiyi ilk gündən teatr
ictimaiyyətinin diqqətini çəkməyi bacaran aktyorlardan olub. Lirik-psixoloji ovqatlı,
fəci-dramatik, eyni zamanda komik və xarakterik obrazların mahir ifaçısı kimi
özünü göstərərək insanların sevgisini qazanmağı bacarıb.
İstedadlı aktyor obrazların daxili dünyasına ağılla müdaxilə edir, onların
mahiyyət və psixoloji durumunu dəqiq mənimsəyir, sonra ifa prosesini yaşayırdı.
Buna görə də onun bütün psixofizioloji durumu obrazların konseptual və praktik
durumu ilə tarazlaşırdı. Ağaxan Salmanlının təcəssümündə Kərbəlayi Mirzəli
(C.Məmmədquluzadə. "Danabaş kəndinin məktəbi”), Məcid (N.B.Vəzirov. "Dələduz”),
Romeo (U.Şekspir. "Romeo və Cülyetta”), Cəfər Cabbarlı (Seyfəddin Dağlı.
"Aydınlığa doğru”), Səməd (İ.Qasımov, H.Seyidbəyli. "Sən nə üçün yaşayırsan?”),
Artur (Eteri Voyniç. "Ovod”), Hacı Murad (S.S.Axundov. "Tamahkar”) və s. obrazlar
tamaşaçılar tərəfindən rəğbət və məhəbbətlə qarşılanmışdı.
Aktyorun ölümünə sarsılan sənət yoldaşları xalq
artistini unutmayacaqlarını deyirlər. Mərhum sənətkarla eyni teatrda çalışan rejissor Gülnar Hacıyeva bildirir ki,
Ağaxan Salmanlı insanların qəlbində taxt qurub, onların xatirəsində əbədi
olaraq enerjili, şən və pozitiv biri kimi qalacaq: "İnsan dünyanın ən uca
titullarına sahib ola bilər, amma əgər sözün əsil mənasında keyfiyyətli insan,
şəxsiyyət ola bilmirsə, o titullar, qazandığı mükafatlar sabun köpüyündən başqa
bir şey deyil. Bu dünyada yaxşı insan olmağı bacarmaq lazımdır. Ağaxan müəllim
yaxşı insan olmağı bacaranlardan idi. Hər zaman mənə məsləhətlər verirdi,
problemlərimi onunla bölüşürdüm. Onu hər zaman yaxşı insan kimi xatırlayacam və
rəhmətlə yad edəcəm. A.Salmanlı gənclərə dəstək olur, məsləhətlər verir, kömək
edirdi. Oynadığı tamaşalarda özünəməxsus ifa tərzi vardı. Sözün əsil mənasında
peşəkar sənətkar idi. Sənətini sevən, sənətinə hörmət edən bir sənətkar
kimi Gənc Tamaşaçılar Teatrı onu heç
vaxt unutmayacaq. Yeri hər zaman görünəcək”.
Rejissor dünyasını dəyişən yaşlı sənətkarların
əvəzolunmaz olduqlarını vurğuladı: "Bəzən deyirlər ki, yeni gənc nəsil yetişir,
korifey sənətkarlarımızın yerini gənclər doldurur. Gənc nəsil nə qədər istedadlı
olursa-olsun, heç kimin yeri doldurulmaz. Ağxan Salmanlını, Yaşar Nurini,
Səyavuş Aslanı əvəz edəcək kimsə yoxdur”.
Aktyor Natiq
Fərzəliyev mərhum sənətkarı optimist, xeyirxah biri kimi
xatırlayacağını qeyd edir: "Onunla gözəl günlərimiz olub. Ağaxan Salmanlı
gənclərə çox dəstək olurdu, onlara tövsiyələr
edir, yol göstərir, birlikdə zaman keçirirdi. Teatrda fəaliyyət göstərən bəzi
gənc nəsil nümayəndələri onun tələbələridir. Ətrafı ilə yaxşı münasibət
saxlamağı bacaran, enerjili insan idi. Daim səhnədə olmaq, maraqlı obrazlar
yaratmaq istəyirdi. Həm aktyor, həm də rejissor kimi çalışırdı. Sözünü demiş
istedadlı sənətkarlarımızdan idi. Yoldaşlıqda, dostluqda, münasibətdə yaxşı insan
idi. Ölümündən 2 gün öncə məşqimiz vardı. Ağaxan müəllimin quruluş verdiyi
"Tıq-Tıq xanım” tamaşasında onunla dublyor idik. Zəng edib dedi ki, bu dəfə
tamaşa 75-ci dəfə oynanılacaq. Bu da yubileydir. Sənin növbən olsa da, icazə
ver, bu dəfə yerinə mən oynayım, amma sən yenə də tamaşaya gəl. Dedim ki, sən oynayırsan,
mən niyə gəlim? Dedi ki, gəlib səhnəyə çıxarsan, tamaşaçılara deyərsən ki, bu
tamaşanı 75-ci dəfə oynayırıq. Dedim ki, gələrəm. Amma yubiley tamaşada oynamaq
ona qismət olmadı. Heç kimə əziyyət vermədi, sakit şəkildə bu dünyadan köçdü. Bizsə
o tamaşanı oynadıq. Ruhu şad olsun”.
Aktrisa Günel
Məmmədova mərhum sənətkarla uzun müddətdir ki, birlikdə
çalışdıqlarını, onun mülayim xasiyyətə malik bir insan olduğunu bildirdi: "Ağaxan
Salmanlı teatra ilk gün gəldiyimdən mənə dəstəyini əsirgəməyib. 2 gün bundan qabaq
onun rejissorluq etdiyi "Tıq-Tıq xanım” tamaşasını 75-ci dəfə oynadıq. Yubiley
tamaşasında oynamağı çox istəyirdi. Bu ona qismət olmadı. Biz bu yubileyə öncədən
hazırlaşırdıq, həmin günü qeyd etməyi düşünürdük. Tamaşanı biz oynayanda, o,
kulisdən izləyib, ləzzət alırdı. Biz bu dəfə həmin tamaşanı onsuz oynadıq,
səhnədə olanda gözümüz kulisdə idi, onu axtarırdıq”.
Aktrisa, A.Salmanlı ilə eyni səhnəni bölüşdüyü üçün
özünü xoşbəxt hesab edir: "Çox xoşbəxtəm ki, onun yubileyində aparıcılığı mənə həvalə
etmişdi. Aktyor olmaq asandır, amma insan olmaq çətindir. O həm yaxşı aktyor,
həm də yaxşı insan idi. Sənətsevər, səhnəsevər idi. Tamaşaları sevərək
oynayırdı, məsuliyyətli idi, hər zaman roluna hazır idi. Onunla çox qastrol
səfərində, tədbirlərdə, çəkilişlərdə olmuşuq. Onun ölümü bizə təsir etdi,
həyatsevər insanın birdən-birə yox olması çətin gəlir”.
Ölümündən bir gün sonra onun quruluş verdiyi "Tıq-tıq xanım” tamaşası 75-ci
dəfə nümayiş olundu. Tamaşadan sonra teatrın aktyoru, əməkdar artist Elnur Kərimov
"Facebook” səhifəsində ilk dəfə onsuz oynadıqları bu tamaşanı ona həsr
etdiklərini yazdı: "Kövrəldik. Hər zaman kulisdən bizə baxıb, oyunumuzdan həzz
aldığın o yer boş idi. Gözümüz səni axtardı. Sənsiz bu tamaşanın yubileyini də
qeyd edə bilmədik. Yerin behişt olsun”.
Onunla sonuncu dəfə Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrı mövsümə yeni başlayanda, "Tıq-Tıq xanım” tamaşasında görüşmüşdük.
Tamaşanın başlamasına yarım saat qalmış kulisə keçmişdim. Narazılıq edirdi, geyimlərlə
bağlı narazılığı vardı. Kefinin olmadığını görüb, "sənətkar, niyə narazısınız”
deyə sual verdim. Əlindəki xalatı göstərib, "necə yaxşı olum e, axı Xan bu
paltarı geyinməz” dedi. "Ağaxan müəllim, gəlin, bir şəkil çəkdirək, kefiniz
yerinə gəlsin” deyib əhvalını düzəltmək istədim. "Kefim olmayanda, şəkildə pis
düşürəm. Güləndə də hiss olunur ki, yalandan gülmüşəm” deyərək xalatını
geyinməyə başladı. Onunla hər görüşümüzdə teatra tamaşaçı marağından söhbət salırdım.
Deyirdi ki, tamaşaçı incəsənətə mənəvi ehtiyac kimi yanaşsa, bunu çörəyə-suya
olan ehtiyac kimi qəbul etsə, incəsənəti də məişət qayğıları siyahısına daxil
etsə, tamaşa zalı heç vaxt boş qalmaz: "Məişət qayğıları bitib-tükənən deyil.
Həyatını təkcə məişət qayğılarına həsr edən insan, mənəviyyatdan geri qalar.
Belə halda, ona teatr da gərəksiz olur. Tamaşa zalının boşluğu aktyor üçün
fəlakətdir. Sıxıntıdır... Susuz akvariumdur..."
Sevgi dolu bir insan idi, Ağaxan müəllim. Sevgidən
danışanda gözlərinin içi parıldayırdı: "Bilirsən qızım, sevgi elə bir hissdir ki,
özünə qarşı hörmət istəyir. Həyat mənalıdır. Sevgi olmasa, əlbəttə, həyat boş
olar. Həyatın özü sevgidir. Oğlanla qız bir-birini sevir. Ümumiyyətlə, gül
toxumsuz bitməz. Hətta heyvana sevgi göstərirsən, o da istər-istəməz, sevgisini
sənə bildirir”.
Anidən əsəbiləşməyi də vardı. Haqsızlıq, yalan
görəndə, od püskürürdü. Belə anlarda onu
sakitləşdirmək asan olmurdu. Haqsızlıqla barışmazdı.
Onun haqqında keçmiş zamanda danışmaq nə qədər
çətin olsa da, Azərbaycan teatrının onu unutmayacağı ilə təskinlik tapırıq.
Allah rəhmət eləsin.
Xəyalə Rəis