AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Akko şəhərinin meri: ümidvaram ki, işğal edilmiş Azərbaycan əraziləri tezliklə azad olunacaq

Akko şəhərinin meri: ümidvaram ki, işğal edilmiş Azərbaycan əraziləri tezliklə azad olunacaq

Təfsilat
16 İyul 2020, 18:49 273
Mən dəfələrlə demişəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mən Azərbaycan xalqının tərəfindəyəm. Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş verən son hadisələr bir daha sübut etdi ki, Azərbaycan qeyri-müəyyən status-kvoya dözməyəcək, bu səbəbdən də Azərbaycanın mövqeyini ədalətli və beynəlxalq hüquq normalarına müvafiq hesab edirəm.
Bu fikri AZƏRTAC-a müsahibəsində İsrailin Akko şəhərinin meri Şimon Lankri bildirib.
"Mübahisəsiz və beynəlxalq səviyyədə qəbul edilmiş faktdır ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Ermənistanın bu təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu, öz torpaqlarında qaçqına çevrilən insanlar üçün real fəlakətdir”, - deyə Şimon Lankri qeyd edib.
"Biz israillilər sözdə deyil, əməldə gözəl bilirik ki, müharibə və terror nə deməkdir. Bir il bundan əvvəl, "Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə şəhərimizdə Azərbaycanın Xocalı şəhərində törədilən qanlı faciəyə həsr olunan səyyar sənədli fotosərgi ən yüksək səviyyədə keçirildi.
Azərbaycan xalqına qarşı törədilən erməni vəhşiliklərindən və vandalizmindən bəhs edən bu fotosərgi şəxsən məni sarsıtdı. Ümidvaram ki, işğal edilmiş Azərbaycan əraziləri tezliklə azad olunacaq və azərbaycanlı qaçqınlar öz doğma yurdlarına qayıda biləcəklər”, - deyə Şimon Lankri qeyd edib.
İsrailin Akko şəhərinin meri Tovuzda həlak olan azərbaycanlı əsgər və zabitlərin ailələrinə, bütün Azərbaycan xalqına İsrail Dövləti və xalqı adından dərin hüznlə başsağlığı verib.
"Azərbaycan xalqının tarixində bu çətin və həlledici anda İsrail xalqı adından, İsrailin Akko şəhərinin meriyası, Akko şəhərinin əslən Azərbaycandan olan çoxsaylı dağ yəhudiləri icması, "İsraildə Azərbaycan Evi” adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi naminə həlak olmuş əsgər və zabitlərin yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı vermək istəyirəm”, - deyə İsrailin Akko şəhərinin meri vurğulayıb.
Şimon Lankri qeyd edib ki, bir neçə il bundan əvvəl Azərbaycanda olarkən Azərbaycan xalqının səmimiliyinin və qonaqpərvərliyinin, tolerantlığının və multikulturallığının şahidi olub.
"Məhz əslən Azərbaycandan olan vətəndaşlar və mənim dostum, Azərbaycan əsilli dağ yəhudiləri icmasının başçısı Nexemiya Şirin Mixaeli və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut mənim üçün Azərbaycan adlı ölkəni kəşf etdilər. Onlar İsraildə daim fəxrlə deyirdilər ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb, yəhudilər orada özlərini heç vaxt qərib hiss etməyiblər. Mən bu ölkəyə gedib, insanların yəhudilərə belə səmimi və mülayim münasibətini görəndə Azərbaycanın əsl və həqiqi dostu olmağımla fəxr etdim və qürur hissləri keçirdim”, - deyə Şimon Lankri bildirib.
Akko meri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına ümid etdiyini bildirib. "İsrail Dövləti dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır və mən də bu fikirlə həmrəyəm. Bu gün İsrail Dövləti və Akko şəhərinin meriyası Azərbaycan və Azərbaycan xalqı ilə birlikdədir”, - deyə Şimon Lankri şərh edib.