• cümə, 19 Aprel, 16:49
  • Baku Bakı 25°C

“Akademikin son əsəri” romanı təqdim edildi - Fotolar

11.10.17 13:40 6415
“Akademikin son əsəri” romanı təqdim edildi - Fotolar
Oktyabrın 11-də Azərbaycan Yazıçılar Birliyində Sabir Rüstəmxanlının "Akademikin son əsəri” adlı yeni romanının təqdimat mərasimi keçirildi. Kitabın annotasiyasındakı məlumatlar əsər haqqında dolğun təsəvvür yaradır: "Tarix bu günün güzgüsü olduğu kimi, bu gün baş verən olaylar da onun bir çox gizli və qaranlıq səhifələrinə işıq salır. Yüz illər boyu millətin başına gələn faciələrin iç və dış səbəbkarları adını və rəngini dəyişmiş şəkildə bu gün də yaşamaqdadır. Son iki əsrdə Azərbaycan xalqı işğal, soyqırımı, köçürmə, repressiya, milli dəyərlərinin əlindən alınması, mənəvi aşınma kimi, bəlkə də heç bir xalqın görmədiyi zülmlərdən keçib. "Akademikin son əsəri” Azərbaycan xalqının üzləşdiyi yeni bir fiziki və mənəvi repressiyaya – genetik savaşa həsr edilib. Tarixçi alimin taleyi araşdırdığı tarixlərin bir parçasıdır. Son otuz ilin olayları ilə bağlı zəngin informasiya ilə yüklənməsi əsərin başlıca özəlliklərindəndir”.
Tədbirdə Fikrət Qoca, Sona Vəliyeva, Çingiz Əlioğlu, Firudin Cəlilov, Rahid Ulusel, Seyran Səxavət, İntiqam Qasımzadə və başqa ziyalılar, eləcə də oxucular iştirak edirdi. Giriş sözündə xalq şairi Fikrət Qoca Sabir Rüstəmxanlının yaradıcılığını yüksək qiymətləndirdi, onun həm yaxşı şair, həm də gözəl yazıçı olduğunu qeyd etdi.
Tədbirin aparıcısı - şair, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid S.Rüstəmxanlının yaradıcılığından, fəaliyyətindən və son kitabından söhbət açdı.
Daha sonra çıxış üçün söz filologiya üzrə fəlsəfə doktoru,Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyevaya verildi. S.Vəliyeva "Akadamikin son əsəri” romanı barədə əhatəli çıxış edib, romanın bədii həlli, strukturu və ideyası barədə danışdı. O, Sabir Rüstəmxanlının yaradıcılığının orta və ali məktəb tələbələrinə çatdırılmasının, tədrisinin vacibliyini bildirdi, əsərlərinin öyrədici xarakter daşımasını vurğuladı: "Bu kitab məktəblərə paylanmalıdır. Burada söz verirəm ki, əsərin "Kaspi" liseyində müzakirə və təqdimatını təşkil edəcəyik. Mən ümumiyyətlə, Sabir bəyin qələmindən çıxan bütün əsərləri oxumağa çalışıram. Kitabda Turan ideyası ilə bağlı da məqamlar var. Bu əsərlə Sabir bəy sanki bugünkü nəsli daha ayıq-sayıq olmağa səsləyib. Azərbaycanın başına gətirilən bəlalar əsərdə dolğun formada işlənilib”.

Sonra şair Çingiz Əlioğlu Sabir Rüstəmxanlı barədə fikirlərini bölüşdü: "Biz üç dost idik – Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli və mən. Onlar məndən iki yaş kiçik idilər. Mən texniki fənlərə maraqlı və daha çox dərəcədə rusdilli kitablarla böyümüş biri idim. Mən taleyimə minnətdaram ki, qarşıma Sabir Rüstəmxanlı kimi bir dost çıxdı. Məndən iki yaş kiçik olmasına baxmayaraq, Sabir Rüstəmxanlıdan çox şey öyrənmişəm. Məsələn, gənclik illərində türkçülük haqqında demək olar, az şey bilirdim. Ancaq Sabirlə ünsiyyətdən çox şey öyrəndim. Hətta o vaxt Qanlı Yanvar hadisələrdən sonra Sabir bəy mənə dedi ki, bu hadisə haqqında Oljas Süleymanovdan münasibət məktubu almaq lazımdır. Mən bunu bir dost tapşırığı kimi qəbul edib, icra etdim. O olduqca vətənpərvər insandır. Təsadüfi deyil ki, onun son iki romanı Azərbaycanın dəyərli şəxsiyyətləri olan Məhəmməd Hadi və Ziya Bünyadov barədədir. Bilirsiniz, Məhəmməd Hadi Azərbaycan poeziyasının istiqamətini müəyyənləşdirən əsas şairlərdəndir və onun həyatı haqqında az məlumat var. Bu əsəri isə Ziya Bünyadov haqqındadır. Yadımdadır, Ziya müəllimlə məni Sabir bəy tanış etmişdi. Bu əsərdə onun obrazı, Azərbaycanın bir dövrünün tarixi olduqca dərin yaradılıb”.
Sabir Rüstəmxanlı haqqında Seyran Səxavət də çıxış etdi: "Biz onunla böyük yol keçmişik. Kişi kimi, insan kimi yaşamışıq və bu gün də simamızı dəyişməmişik. Sabir haqqında fikirlərimi yazmışam, demişəm. O, dünəni ilə və bu günü ilə maraqlı bir insandır”.
Firudin Cəlilovun çıxışı da yaddaqalan oldu: "Sabir Rüstəmxanlı bu əsəri ona görə belə yarada bilib ki, o dövrün, meydan hərəkatının içində olub, öncüllərindən olub. Əgər o proseslərdən uzaq bir adam olsaydı, əlbəttə, belə bir əsəri yaza bilməzdi. Mən bu əsəri üç kitab şəklində – trilogiya kimi görürəm. Çünki o illər, əsərdə təsvir edilən hadisələr bir kitaba sığan məsələ deyil. Ümid edirəm ki, digər kitablar da yazılacaq. Sabir bəyi bu əsər münasibəti ilə təbrik edirəm”.
Sonra professor Rahid Uluselə söz verildi: "Sabir bəy haqqında iki kitab yazmışam. Onun yaradıcılığı, toxunduğu mövzular daim millətin ən ağrılı problemləri olub. Siz bilirsiniz ki, Sabir bəy çox oxunan yazıçılarımızdandır, onun "Ömür” kitabını Azərbaycanda az qala hamı oxumuşdu. Mən Sabir Rüstəmxanlının əsərlərinin ingilis və rus dilində olan variantlarına da baxdım. Onlar uğurla tərcümə ediliblər və müsbət haldır ki, başqa dillərdə oxuyanda görürsən ki, çevrildiyi dilin auditoriyası üçün də bu kitablar böyük əhəmiyyətə malikdir”.
Qulu Məhərrəmli çıxışında tarixi romanların, şəxsiyyətlərə ünvanlanan əsərlərin əhəmiyyətindən danışdı.
Sonda söz müəllifə verildi: "Bu gün bu tədbirdə görmək istədiyim dostların demək olar ki, çoxu gəldi. Bütün iştirak edənlərə təşəkkür edirəm. Bu hələ kitabla ilkin tanışlıq üçün keçirilən tədbirdir, kitabın müzakirələri, oxucuların münasibətləri sonra olacaq”.

Fərid








banner

Oxşar Xəbərlər