AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Akademik Teatrda Ctrl+Alt+Delete

Akademik Teatrda Ctrl+Alt+Delete

06 Fevral 2015, 07:12 998
Sənət, konkret desəm, teatr insanlardan o zaman uzaqlaşır ki, onlar fərqli dildə danışmağa, fərqli düşünməyə, fərqli mövzuları müzakirə eləməyə başlayırlar.

Obrazlı bir müqayisə. Fərz edək ki, teatr kişidir, tamaşaçı qadın. Kişi (teatr) qadınsız (tamaşaçısız) mənasızdır, məzmunsuzdur. Qadın (tamaşaçı) kişisiz (teatrsız) rəngsiz, ruhsuz, cansız buz parçasından başqa bir şey deyil. Odur ki, bu iki canlı orqanizm – kişi-qadın (teatr-tamaşaçı) arasında saziş qaçılmazdır.
Əgər teatr (kişi) tamaşaçısını (qadınını) anlamasa, dərdinə şərik çıxmasa, zamanla məhvə məhkumdur.
Kişi-qadın (teatr-tamaşaçı) arasında birinci şərt güvən duyğusudur. Çünki qadın kişiyə (tamaşaçı teatra) güvənməsə münasibətlər bəribaşdan alınmayacaq. Uzun sözün qısası, tamaşaçı səhnədə öz problemini, öz qayğısını, öz dərdini, öz sevincini, bir sözlə, özünü görməsə, teatra inanmayacaq. Səhnədə baş verənlər həyatı əks etdirmədikcə, gerçək həyatda baş verənlərdən maraqsız olduqca, gerçəkliyə refleksiya etmədikcə teatr tamaşaçısını itirməyə məhkum olacaq.

Akademik Milli Dram Teatrının səhnəsində oynanılan “Keçmişdən zəng” tamaşasını teatrın tamaşaçısına doğru attdığı bir addım kimi dəyərləndirirəm və zənnimcə, tamaşa bütün zamanların ən aktual, ən sivri, həm də ən dadlı, ən ləzzətli problemini gündəmə gətirir. Özü də bunu adət etdiyimiz “teatr dili” ilə (gerçəklikdən uzaq, utopik dil) deyil, bir addım belə atmadan dünyanın o biri ucunda baş verənlərdən xəbərdar olub, olaya yerindəcə münasibət bildirən adamların “dil”ində təqdim edir.
Mövzu klassikdir: məhəbbət üçbucağı. Bir qadın və iki kişi... Vəziyyət olduqca gərgindir. Çünki qadın həmişəki kimi, yenə arada qalıb (odla suyun arası kimi) – bir tərəfdə zavallı, səfil, quruca sevgi, digər tərəfdə pul, para, qlamur zəngin həyat. Hələlik ikincinin tərəfində olan qadın hansını seçəcək. Baxaq görək.
75 dəqiqə davam edən oyunun süjeti olduqca sadədir.Yəni Eynəkli xaker 15 il əvvəl onu aldadan arvadı və dostundan aldığı mənəvi zərbədən sarsılır. Arvadı və dostu birlikdə qaçarkən, xakerin layihələrini də oğurlayıb aparır, firma quraraq böyük pulların da sahibi olurlar. Xaker isə oğurlanmış telefonların satışı ilə məşğuldur. Və..., keçmiş arvadının telefonu dolayısı ilə onun əlinə düşür və telefona zəng gəlir. Hər şeyi alt-üst edən keçmişdən gələn bu zəng, eyni zamanda bir çox həqiqətlərin üstünü açır və Eynəkli (xaker) mənəvi əzabdan qurtulur. O, bu sarsıntını aradan qaldırmaq üçün “keçmişdən zəng” adlı virtual oyun qurur və dostu ilə arvadını da bu oyuna iştirakçı qismində daxil edir. Etsin görək.
Ukraynalı dramaturq Anatoli Krımdır ədəbi materialın müəllifi. Deyilənə görə, Ukrayna və Rusiyada yetərincə tanınır bu qələm sahibi. Amma açığı, şəxsən mən, bu müəllif haqqında heç nə eşitməmişdim tamaşanın adı afişalarda görünənə qədər. Onun adını afişalarda görəndən sonra “ən yaxşı dostum” google-dan öyrəndim ki, sən demə, tanımadığım bu tanınmış adam Ukrayna Yazıçılar Birliyinin katibi, Baltimor şəhərinin (ABŞ) fəxri sakini, Ukraynanın əməkdar incəsənət xadimi, ABŞ Beynəlxalq Elm və İncəsənət Akademiyasının akademiki imiş, özü də dramaturq kimi yetərincə məşhur imiş. İnanmazsınız, amma A.Krımın şəxsi veb-saytı da var imiş.
Əlqərəz. Bu Kişinin “Allaha məktublar”, “Yəhudi xoşbəxtliyinin sirri”, “Qadın məntiqi”, “Ekstrim ehtirası”, “Veronada payız”, “Pullar hardan gəlir?”, “Keçmişdən zəng” kimi pyesləri də varmış. Səni bilmirəm, amma mən yaxın zamanda bu pyesləri də oxumaq niyyətindəyəm. O ki qaldı, “Keçmişdən zəng”ə, bu pyesini müəllif 2008-ci ildə tamamlayıb. Pyes 2009-cu ildə M.Qorki adına Krım Akademik Rus Teatrında tamaşaya qoyulub. Azərbaycan teatrında isə sözügedən tamaşa A.Krımın dramaturgiyasına ilk müraciətdir. Siftəmiz mübarək.

Pyesin səhnə təcəssümünün müəllifi isə gənc rejissor ƏR-Toğruldur. Pyesi Azərbaycan dilinə Dilsuz tərcümə edib. Janrı bir hissəli tragikomik virtual oyun kimi müəyyənləşdirilmiş tamaşa üzərində çalışan yaradıcı heyətin əksəriyyətini gənclər təşkil edir. Tamaşanın quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayıov, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Xanım Həsənovadır. Səhnə əsərində rolları Əməkdar artist Sevinc Əliyeva (Qadın), aktyorlar Rəşad Bəxtiyarov (Eynəkli) və Elnar Qarayev (Kişi) ifa edirlər.
Janrı virtual oyun kimi təyin olunmuş tamaşa büsbütün “oyun içində oyun” prinsipi ilə qurulub. Odur ki, tamaşa başlayar başlamaz səhnədə asılan windows ekranında kursor hansısa oyunun üstündə dayanır, klik eləyir və tamaşaçıları oyuna dəvət edir. “Keçmişdən zəng” adlı bu oyunda şərtləri və qaydaları Eynəkli haker təyin edir. Qaydalar isə olduqca asandır: “Virtual aləmdə bağışlamağı ifadə edən simvol yoxdur”.
Güclü forma yaradıcılığı düşüncəsinə malik olan gənc rejissor Ər-Toğrul oyun məntiqini, virtual oyunu səhnə tərtibatında, mizanların qurulma prinsipində və aktyor oyununda tamaşanın sonuna qədər qoruyur. Hadisələr levellərlə dəyişir.
NEW GAME, LEVEL 2, LEVEL 3 və... MİSSİON COMPLETED. GAME OVER - tamı tamına bir oyunun sonu. Amma bu hələ THE END deyil. Eynəkli hakerin oyununun sonudur. ...Və oyunun sonunda o, köhnə həyatından qalan bütün izləri silir (ŞHİFT+DELETE), kompüterini və beynini (həmçinin xatirələrini) format edir, yeni həyata başlayır.

Səhnə tərtibatının funksionallığı həyatın iki üzünü də tamaşaçıya göstərməyə imkan yaradır. Belə ki, fırlanan dairənin bir üzü səfil, bir üzü zəngin evini göstərir. Dairə fırlandıqca illər də bir-birini ötüb keçir. Maraqlı, qeyri-adi formada təqdim olunan oyunda personajlar da sanki virtualdır. Sanki ötən 15 il ərzində heç nə dəyişməyib. Eynəkli hələ də yoxsul otağında “zəngin” kompüterinin başındadır. Dəyişən bir şey var. O da telefon xəttində danışan erotik səsli Zoyadır. Zoyanın missiyası tamaşaçını (elə Eynəklini də) darıxmağa qoymamaqdır. Eynəkli “alış-veriş” zamanı başı müştərilərinə qarışan vaxtda, keçmiş arvadından və keçmiş dostundan intiqam almaq üçün planlar qurduğu zamanda və s. erotik xətt hər zaman açıqdır, Zoya xəttədir (fondadır), tamaşaçını mürgüləməyə qoymur.
Elə ki, rejissor duyur ki, hadisələr uzanır və tamaşaçı daxırmaq üzrədir – lappadan gur işıqlar tamaşaçı zalını işıqlandırır, “XANIMLAR və CƏNABLAR” özlərini boks meydanının ortasında görür. Daha bir “oyun içində oyun”. Eynəkli (R.Bəxtiyarov) və Kişi (E.Qarayev) rinqdədir. Qadın (S.Əliyeva) həyatda olduğu kimi, oyunda da qalibi elan edir, döyüşü döyüşsüz qazanan yenə Kişi olur. Əsl oyunu kimin qazandığı isə hələ heç kəsə bəlli deyil. Bəlli olan tək şey odur ki, nə baş verirsə, hər şey yaxşılığa doğrudur...
Və yaxud daha bir rejissor gedişi (buna rejissor hiyləsi də deyə bilərdik) - Tamaşanın qızğın məqamı. Kişi əlində silah Eynəklini hədələyərkən tapançadan güllə açılır. Eynəkli “Matrisa” filmini andıran plastik hərəkətlə “ölür”. Hətta həmin anda zalda tamaşanın bitdiyini düşünən adamların pıçıltısı eşidilir. Amma rejissor yenə də bizi “aldadır”. Virtual oyunun şərtlərinə uyğun olaraq, RESTART düyməsinə basılır və sonuncu səhnə yenidən (bu dəfə başqa sonluqla) ifa olunur. Realist oyun məntiqinə zidd olan bu üsul kompüter oyunu kontekstində heç kəs (ömründə bir dəfə də olsun, kompüter oyunu oynayan) üçün anlaşılmaz qalmır.
Ümumiyyətlə, tamaşanın janr təyini rejissor yozumu, musiqi seçimi, səhnə tərtibatı kimi aktyor ifasını da şərtləndirir. Aktyorların hər biri – Elnar Qarayev də, Rəşad Bəxtiyarov da (xüsusilə), Sevinc Əliyeva da öz ampluasında deyil, görməyə adət etdiyimiz qəliblərdən kənardadır. Aktyorların hər üçündə start həyacanı var, onlar hər an ENTERə hazırmış kimi daim startdadırlar, oyunun həyəcanı ilə levellərin dəyişməsinə aktiv reaksiya göstərirlər. Tamaşanın aktyor oyunundan danışarkən Rəşad Bəxtiyarovun ifasını xüsusi qeyd etmək lazımdır. Aktyor sanki sırf oyunun şərt və tələblərinə, prinsiplərinə proqramlaşdırılıb, kodlaşdırılıb. Səhnədə qeyri-ciddi görünməkdən çəkinməyən aktyor personajını virtual aləmin şifrələnmiş kodları ilə təqdim edir.

ƏR-Toğrulun bizə təqdim etdiyi oyunun missiyası hələ bitməyib. Ona görə də THE ENDə tələsməyin. ƏR-Toğrulun oyununun missiyası bizi – tamaşaçını “nə baş verirsə, hər şey yaxşılığa doğrudur” məntiqinə kökləyir. Və gətirib elə bir məqama çatdırır ki, tamaşaçı dərk edir: ruhda zaman və məkan yoxdur. Ruhda hər şey virtualdır – sevgi də, oyun da, lap elə biz özümüz də.

P.S. Tamaşa haqqında çox şey yazmaq olar. Səhnə işində kifayət qədər nöqsanlar da, teatr icmasının diliylə desək, “nakladka”lar da tapmaq olar. Amma mən bu niyyətdə deyiləm. Çünki “Keçmişdən zəng” tamaşasını Akademik Milli Dram Teatrının repertuarı üçün çox maraqlı və uğurlu bir iş hesab edirəm. Nəzərə alsaq ki, tamaşanın quruluşçu rejissorunun vur-tut 24 yaşı var, adam daha da fərəhlənir.

Könül Əliyeva
teatrşünas