ÜAK-la bağlı problem Rusiyanın vasitəçilik missiyasına xələl gətirir
Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının Rusiyanın
Ədliyyə Nazirliyinin təqdimatı ilə Ali Məhkəmə tərəfindən ləğv edilməsi Azərbaycanda
birmənalı qarşılanmır. Çünki Azərbaycan Rusiyaya sadəcə qonşu dövlət kimi
deyil, həm də dost ölkə olaraq münasibət sərgiləyib.
Eyni zamanda Rusiya ATƏT-in Minsk qrupunun həmsədri olaraq, Azərbaycan
üçün mühüm əhəmiyyət kəsb edib. Uzun illərdir Rusiya həmsədr olaraq ABŞ və
Fransa ilə birgə Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətində vasitəçilik
missiyası həyata keçirir. Bu çərçivədə rəsmi Moskva münaqişə tərəfləri olan Ermənistan
və Azərbaycanın rəhbər şəxslərinin, nəticəsi olmasa belə, görüşlərinin keçirilməsinə
nail olub. Lakin bütün Rusiyanı əhatə edən ÜAK-ın qeydiyyatının ləğvi bu ölkənin
vasitəçilik missiyasına xələl gətirməklə yanaşı, həm də etimadsızlıq mühitinin
yaranmasına gətirib çıxarıb.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Fikrət Sadıxov bildirdi ki, ÜAK böyük bir təşkilatdır və
bütün Rusiya ərazisində fəaliyyət göstərirdi: "Bu təşkilat təkcə azərbaycanlıları
yox, hətta Rusiya vətəndaşları olan aparıcı elm və ictimaiyyət xadimlərini də
özündə birləşdirirdi. Eyni zamanda, Rusiya-Azərbaycan münasibətlərinə, hər iki
ölkənin inkişafına təkan verən bir qurum idi. Bunun birdən-birə ləğvi, əlbəttə
ki, müəyyən mənada həm münasibətlərə təsir edəcək, həm də onun Minsk qrupundakı
həmsədrlik funksiyasına. Çünki biz onsuz da Minsk qrupunun fəaliyyətindən razı
deyilik və hər zaman narazılığımızı dilə gətiririk. Amma eyni zamanda Rusiyanın
belə hərəkəti ona qarşı etimadsızlığa gətirib çıxara bilər. Əslində mövcud reallıq
budur. Həmçinin Rusiya strateji tərəfdaşımız idisə, belə bir addım atmamalı
idi. Bu ölkəyə bir həmsədr kimi münasibətimiz dəyişə bilər. Yəni, bu ölkəyə
etimadsızlığın, etibarsızlığın, inamsızlığın yaranması mümkündür”.
F.Sadıxov əlavə etdi ki, ÜAK rəhbərliyi geri durmamalı və məhkəmə qərarından
apellyasiya şikayəti verməlidir: "Yox, əgər onun fəaliyyətini bərpa etmək
mümkün olmayacaqsa, bunun bazasında yeni təşkilat yaratmaq lazımdır. Yəni, bu
qurumu yeni ad ilə qeydiyyatdan keçirmək olar. Çünki belə bir təşkilatın
ümumiyyətlə sıradan çıxmasına imkan vermək olmaz”.
Politoloq Natiq Mirinin sözlərinə
görə, Rusiyanın Azərbaycana qarşı siyasəti bütün zamanlarda ona hesablanıb ki,
Azərbaycan bu ölkənin nüvəsi ətrafında fırlanan orbitdə olsun: "Dünən də elə
olub, bu gün də belədi və sabah da Rusiya buna çalışacaq. Ancaq Azərbaycan müəyyən
mənada müstəqil siyasət yürütdüyü üçün müxtəlif zamanlarda problemlərlə üzləşir.
Təbii ki, bu məsələnin içərisində Dağlıq Qarabağ məsələsi var. Məhz buna görə də
Dağlıq Qarabağ məsələsi artıq 24 ildir ki, həll olunmur. Çünki Rusiya Azərbaycandan
əmin olmadığı üçün bu münaqişəni bir təzyiq vasitəsi olaraq saxlayır ki, ölkəmiz
ən azından, strateji seçim anında Qarabağ problemini düşünmək məcburiyyətində
qalsın. Bu gün təbii ki, Dağlıq Qarabağ problemi Rusiyanın əlində bir vasitə
kimi Azərbaycana təzyiq mexanizmi olaraq düşünülüb. Ölkəmiz bütün dövrlərdə
bunu nəzərə almaq məcburiyyətindədir. Hətta bu gün Rusiyanın ATƏT-in Minsk
qrupu həmsədri kimi nüfuzuna xələl gəlmiş olsa belə, Azərbaycan bu faktı qəbul
etmək məcburiyyətindədir. Çünki Dağlıq Qarabağ münaqişəsinin yaradıcısı
Rusiyadır. Bu problemi yaratmaqla bərabər, indi prosesi idarə edən də bu ölkədir.
Çox təəssüflər olsun ki, digər həmsədr dövlətlər bu prosesin idarə olunmasını hələ
də Rusiyanın öhdəsinə buraxıblar. Ona görə də Rusiya Dağlıq Qarabağ problemi ilə
bütün zamanlarda, eləcə də indi də manipulyasiya ilə məşğuldur. Son günlər erməni
hərbçilərinin işğal olunmuş torpaqlarda aktivləşməsini də bu kontekstdə dəyərləndirmək
lazımdır”.
N.Miri qeyd etdi ki, ÜAK-ın qeydiyyatının ləğv olunmasını da haradasa
Azərbaycana təzyiq vasitəsi kimi dəyərləndirmək lazımdır: "Çünki bütün bu məsələlər
bir-biri ilə bağlıdır və bunlar Azərbaycanın son aylarda atdığı müstəqil siyasi
addımlarla bilavasitə əlaqəlidir. Buraya ölkəmizin Avropa ilə strateji saziş
imzalamaq məsələsindən tutmuş, Azərbaycanın konstitusiya referendumu keçirməsi,
yeni vitse-prezidentlik institutunun yaradılması, struktur dəyişikliyi və gələcək
perspektivə hesablanan islahatlar, regionda Azərbaycan-Türkiyə hərbi təlimlərinin
keçirilməsinədək kompleks məsələlər daxildir. Bunlar təbii ki, Rusiyanı
qıcıqlandırır. Ona görə də məsələyə məhz bu kontekstdə yanaşmaq lazımdır. Düşünmək
lazım deyil ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv olunması hansısa
bir qrup Azərbaycan əleyhinə olan qüvvələrin işidir. Qətiyyən bu belə deyil,
çünki Rusiyada prezidentin iradəsindən kənarda bu cür strateji hüquqi addımlar
atılmır. Düşünürəm ki, Rusiyada iki-üç milyon azərbaycanlını özündə birləşdirən
bir təşkilat ləğv olunursa, biz də ölkəmizdə fəaliyyət göstərən mədəniyyət və
media mərkəzlərinin fəaliyyətinə yenidən baxmalıyıq”.
Bəxtiyar MƏMMƏDLİ