• cümə, 19 Aprel, 20:39
  • Baku Bakı 24°C

“ÜAK-ın qeydiyyatının ləğvi məqsədyönlü şəkildə ortaya atılıb”

13.05.17 11:30 1057
“ÜAK-ın qeydiyyatının ləğvi məqsədyönlü şəkildə ortaya atılıb”
Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və bütün sahələr üzrə qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələri inkişaf etməkdədir. Azərbaycan Şimal qonşusu ilə münasibətlərin strateji xarakter daşıdığını hər zaman bəyan edib, ticarət-iqtisadi, siyasi əlaqələrin daha da möhkəmlənməsində maraqlı olub. Eyni zamanda Azərbaycan dövləti bütün hallarda Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri qurulub və qarşılıqlı dəstək ruhu hökm sürüb.

Bundan başqa, Azərbaycan dövləti rus dilinin və mədəniyyətinin qorunub saxlanması, rusdilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün də bütün zəruri addımları atıb və atmaqdadır. Lakin əfsuslar olsun ki, son zamanlar bəzi Kreml rəsmilərinin, eləcə də Rusiyanın bir sıra rəsmi dairələrinin davranışlarında ölkələrimiz arasındakı münasibətlərə xələl gətirəcək davranışlar müşahidə olunmaqdadır.

Rusiya Ədliyyə Nazirliyi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi ilə bağlı məhkəməyə müraciətin edilməsi də bu qəbildəndir. Ehtimal var ki, Rusiya Ədliyyə Nazirliyi tərəfindən qaldırılmış iddia əsasında mayın 15-də keçiriləcək məhkəmə prosesində ÜAK-ın qeydiyyatı ləğv ediləcək. Təbii ki, bu vəziyyət həm Rusiyadakı azərbaycanlıları, həm də Azərbaycan cəmiyyətini, o cümlədən ölkəmizdəki rus icmasını narahat etməyə bilməz. Məhz bu narahatlıqdan irəli gələrək, sıralarında milliyyətcə rus olan 120 min Azərbaycan vətəndaşını birləşdirən Azərbaycanın Rus İcmasının Respublika Şurası bir daha bəyanat yayıb. Bəyanatda bildirilib ki, Rusiyada müəyyən qüvvələr ÜAK-ın təşkilati fəaliyyətində xırda çatışmazlıqları axtarmaqla, Rusiyanın böyük ictimai təşkilatının ləğvinə şərait yaratmağa çalışırlar. Qeyd olunub ki, bu münasibət Azərbaycan və Rusiya, Azərbaycan və rus xalqları arasındakı dostluq əlaqələrinin inkişafına və genişlənməsinə xidmət etmir. Bəyanatın sonunda Rusiyadakı sağlam qüvvələrə çağırış edilib ki, ÜAK-ın ləğvinə yönəlmiş niyyətlərin gerçəkləşməsinə imkan verilməsin. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi də ÜAK-ın ləğv edilməsi üçün məhkəməyə göstərilən təzyiqlərlə bağlı etiraz bəyanatı yayıb.

Bunlarla yanaşı, Azərbaycan cəmiyyətinin təmsilçiləri də ayrı-ayrılıqda müxtəlif media qurumlarında çıxış edərək, ÜAK-ın ləğv edilməsi üçün məhkəməyə göstərilən təzyiqlərə münasibət bildiriblər. Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bu barədə "Kaspi”yə açıqlamasında qeyd edib ki, Rusiya Ədliyyə Nazirliyi tərəfindən qaldırılmış iddia əsasında mayın 15-də keçiriləcək məhkəmə prosesində ÜAK-ın qeydiyyatının ləğv edilməsi Şimal qonşumuzda anti-Azərbaycan qüvvələrin fəallaşmasının göstəricisidir. Onun sözlərinə görə, Rusiyada erməni lobbisi ilə birgə fəaliyyət göstərən bir sıra qurumların fəallığı da məsələnin bu həddə gəlib çatmasına səbəb olub: "Bu hadisə nəinki Azərbaycan vətəndaşlarını, eləcə də bütün dünyadakı azərbaycanlıları narahat edir. Çünki ÜAK-ın ləğvi siyasiləşmiş şəkildə, məqsədyönlü şəkildə ortaya qoyulub. Tarixən Rusiya və Azərbaycan arasında əlaqələr yüksək səviyyədə olub. Bu gün də bu belədir. Prezident Vladimir Putin də dəfələrlə çıxışlarında qeyd edib ki, Rusiya üçün Azərbaycan strateji tərəfdaşdır. Rusiyada çoxmilyonlu azərbaycanlı icması yaşayır, onlar Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıqları ilə seçilirlər. Rusiyanın Azərbaycan əsilli vətəndaşları fəal seçici və vergiödəyiciləridirlər. Rusiyanın azərbaycanlı icması da iki ölkə arasında siyasi, iqtisadi, mədəni münasibətlərdə körpü rolunu oynayır, bu əlaqələrin sağlam məcrada saxlanmasına tərəfdardır. Belə olan halda, Azərbaycan icmasının ən böyük ictimai birliyinin qeydiyyatının ləğv edilməsi çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin öz xarakterinə ziddir. Bu, Rusiyada tolerantlıq mühitini, millətlərarası münasibətləri təhdid edən addımdır. Məhkəmənin belə qərar qəbul etməsi Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrə də kölgə salar, onları zədələyər. Düşünürəm ki, əgər belə arzuolunmaz qərar qəbul edilərsə, bu, Rusiyanın regiondakı fəaliyyətinə, bitərəf mövqeyinə kölgə salacaq. Ümid edirik ki, Rusiyadakı sağlam qüvvələr bu kimi reallıqları nəzərə alacaq, ədalətli qərarın qəbul edilməsinə nail olacaqlar”.

İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri, tarixçi-alim Məhərrəm Zülfüqarlıda hesab edir ki, ÜAK-ın ləğvi barədə qərarın qəbul edilməsi istiqamətində atılan addımlar Rusiyadakı anti-Azərbaycan dairələrin və erməni lobbisinin Rusiya və Azərbaycan arasında münasibətləri yenidən sınaq qarşısında qoymaq niyyətindən irəli gəlir. Onun fikrincə, belə bir addım Ermənistana hərbi yardımın artırılması fonunda baş verirsə, bu, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına, ATƏT-in Minsk qrupunun həmsədri mandatına da kölgə salır: "Azərbaycan-Rusiya münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Son dövrlər ÜAK ətrafında baş verənlər bu münasibətlərə qısqanclıqla yanaşan qüvvələrin fəaliyyətindən irəli gəlir. Azərbaycanın müstəqil siyasət yürütməsi, qütbləşən dünyada kiminsə yanında yer alıb kimlərə qarşısa olmaması, hətta ən çətin məqamlarda Rusiyaya tətbiq edilən embarqolarda iştirak etməməsi, Rusiya-İran-Azərbaycan formatında Bakıda ən yüksək səviyyədə görüşün keçirilməsi, Vladimir Putin və İlham Əliyev arasındakı sıx dostluq əlaqələri heç də hamını məmnun etmir. Buna görə də Rusiya rəhbərliyi ayıq-sayıq olmalı, ölkələrimizarası münasibətlərə hər hansı formada xələl gətirə biləcək addımın qarşısı zamanında alınmalıdır”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər