• cümə, 19 Aprel, 09:13
  • Baku Bakı 13°C

ÜAK-ın ləğvi Rusiyanın milli maraqlarına uyğun deyil

16.05.17 12:00 1297
ÜAK-ın ləğvi Rusiyanın milli maraqlarına uyğun deyil
Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) 2001-ci ildə ümummilli lider Heydər Əliyev və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin dəstəyi ilə yaradılıb. Konqres Azərbaycanın xarici ölkələrdəki ən böyük diaspor təşkilatıdır. Rusiyanın 80-dən çox bölgəsində şöbələri olan ÜAK bu ölkənin vətəndaş cəmiyyətinin ayrılmaz hissəsinə çevrilə bilib. Konqres Rusiyada yaşayan azərbaycanlıların bir-biri ilə mədəni-mənəvi əlaqələrinin qurulması, soydaşlarımızın Rusiya cəmiyyətinə inteqrasiyası və iki ölkə arasında münasibətlərin inkişafı sahəsində mühüm işlər görüb. Eyni zamanda ÜAK Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, milli-mədəni irsimizin tanıdılması, soydaşlarımız arasında milli həmrəyliyin gücləndirilməsinə yönəlmiş bir sıra uğurlu layihələrə imza atıb. Təəssüflər olsun ki, Rusiya Ədliyyə Nazirliyi belə bir təşkilatın ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət edib. Dünən məhkəmə iddianı qəbul edib. Təbii olaraq Azərbaycanda ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı məhkəmə iddiası, çıxarılan qərar etiraza səbəb olub. Diaspor təşkilatları, ictimai-siyasi xadimlər, millət vəkilləri bunun iki ölkə arasındakı münasibətlərə mənfi təsir edəcəyini bildiriblər.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov da ÜAK-ın ləğvinə cəhdin Azərbaycan ictimaiyyətində narahatlıq yaratdığını dilə gətirib. Qeyd edib ki, Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv edilməsi barədə bu ölkənin Ali Məhkəməsi qarşısında iddia qaldırması anlaşılmaz addımdır. Onun sözlərinə görə, bu addım Rusiya-Azərbaycan strateji tərəfdaşlığının yüksələn xətlə inkişafına kölgə salır:"İki ölkə arasında münasibətlər çox parametrlərlə inkişaf etməkdədir. Fundamental məsələlərdə Azərbaycanla Rusiyanın mövqeyi üst-üstə düşür. Bəzi ölkələrin, xüsusən də Amerika Birləşmiş Ştatlarının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara Azərbaycan heç vaxt qoşulmayıb. Hətta həmin ölkələr tərəfindən Azərbaycana bununla bağlı təzyiqlər də edilib. Amma buna baxmayaraq, Azərbaycan heç vaxt Rusiyaya qarşı sanksiyalara qoşulmayıb”.

Politoloq E.Nəsirov onu da əlavə edib ki, Rusiyada müəyyən siyasi dairələrin, ermənipərəst qüvvələrin məqsədi Bakı ilə Moskva arasındakı inkişafda olan münasibətlərə xələl gətirmək, iki dövlətin münasibətlərini korlamaqdır: "ÜAK hər zaman Rusiya-Azərbaycan münasibətlərinin inkişafına töhfə verib, iki dövlətin xalqları, vətəndaş cəmiyyəti institutları arasında münasibətlərin inkişafına yardım edib. Rusiya Ədliyyə Nazirliyinin bu konqresin ləğv edilməsi üçün qaldırdığı iddia, məhkəmənin verdiyi qərar Azərbaycan ictimaiyyətində narahatlıq yaradıb. Antiazərbaycan dairələrin, ermənipərəst qüvvələrin bu niyyətinin həyata keçməsinə imkan vermək olmaz. İnanırıq ki, Rusiya rəhbərliyi bu məsələyə obyektiv müdaxilə edəcək və antiazərbaycan dairələrin bu niyyəti baş tutmayacaq”.

"Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də hesab edir ki, Rusiya Ədliyyə Nazirliyi tərəfindən ÜAK qeydiyyatının ləğvi ilə bağlı iddia qaldırılması Azərbaycan və Rusiya arasında son illər ərzində inkişaf edən münasibətlərin ruhuna uyğun deyil. O, qeyd edib ki, ÜAK-ın ləğvinə dair göstərilən səylər Rusiyanın milli maraqlarına da uyğun gəlmir. Rusiyanın Azərbaycanla bir çox sahə üzrə layihələr həyata keçirdiyini xatırladan Ə.Nuriyev Azərbaycanın da Rusiyaya hər zaman diqqətlə yanaşdığını, ölkəmizdə Rusiya mədəniyyətinin təbliği istiqamətində ciddi işlərin görüldüyünü söyləyib. Ekspert bildirib ki, Rusiyanın strateji maraqlarının təmin olunmasında Azərbaycan hər zaman bu ölkəyə dəstək verib:"Rusiyadakı Azərbaycan diaspor təşkilatları, orada işləyən azərbaycanlılar Rusiya iqtisadiyyatına çox böyük töhfə verirlər. ÜAK Rusiyada yaşayan azərbaycanlıların yeganə ictimai təşkilatı sayıla bilər. Amma Rusiyada ayrı-ayrı xalqların çoxsaylı belə ictimai birlikləri fəaliyyət göstərir. Rusiyada ermənilərin yüzlərlə ictimai birliyi var. ÜAK-ın qeydiyyatının ləğvi ilə Rusiyadakı bəzi dairələr Azərbaycan-Rusiya münasibətlərinə zərər vurmaq istəyirlər. Bütün bunlar Rusiyanın milli maraqlarına uyğun gəlmir. Bu, həm də Rusiyanın strateji maraqlarına ziddir. Bu, iki ölkə arasındakı münasibətlərə kölgə salmaq istəyən bir fəaliyyətdir”.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov ÜAK ətrafında baş verən proseslərin ciddi narahatlıq doğurduğunu dilə gətirib. Onun fikrincə, ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı iddianın arxasında Rusiya-Azəbaycan dostluğunu qəbul edə bilməyən müəyyən qüvvələr dayanır. C.Xəlilov qeyd edib ki, 2001-ci ildə yaradılan bu konqres ötən müddət ərzində Rusiyada yaşayan azərbaycanlıların problemlərinin həllində, onların Rusiya cəmiyyətinə inteqrasiyasında, hər iki xalq arasında dostluq münasibətlərinin inkişafında ciddi işlər görüb: "Əlbəttə, bu işlərin həyata keçirilməsində Rusiyanın müvafiq qurumlarının də dəstəyi olub. Lakin uzun illər ərzində səmərəli işlər aparan konqresin ləğvi narahatlıq doğurur. Respublika Veteranlar Təşkilatı, Azərbaycanın çoxsaylı veteranları Rusiyanın azərbaycanlıların mənafeyinin müdafiəsi, bu ölkə ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində aparılan fəaliyyətini yüksək qiymətləndirir. Amma eyni zamanda, konqresin qeydiyyatının ləğvindən narahat olduğumuzu da bildiririk. Bizim qənaətimizə görə, bu xoşagəlməz hadisənin arxasında Rusiya-Azəbaycan dostluğunu qəbul edə bilməyən müəyyən qüvvələr dayanır”.

Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov da bildirib ki, ÜAK-ın qeydiyyatının ləğv ediləcəyi ilə bağlı məsələlər və onun ətrafında baş verən proseslər Rusiya hökumətinin və administrasiyasının mövqeyi deyil. Onun sözlərinə görə, bu, Rusiyada fəaliyyət göstərən erməni yönümlü şəxslərin təxribatıdır: "Bu gün Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiyada fəaliyyət göstərən ən böyük diaspor təşkilatıdır. Bu təşkilatın böyük bir tarixi var. İki ölkə arasında olan həm siyasi, həm iqtisadi, həm mədəni əlaqələrə böyük töhfə verən bir təşkilatdır. Bu cür təşkilatın hər hansı bir bəhanə ilə bağlanılması Rusiya-Azərbaycan münasibətlərinə də xələl gətirə bilər. Bu, Rusiya hökumətinin mövqeyi olmadığı üçün Azərbaycan tərəfi, ölkə ictimaiyyəti bununla bağlı qonşu ölkəyə müraciətlər ünvanlamalıdır”.

Alpər TURAN

banner

Oxşar Xəbərlər