AZE | RUS | ENG |


Ağır zədələrdən böyük hədəflərə doğru gedən xanım - Portret

Ağır zədələrdən böyük hədəflərə doğru gedən xanım - Portret
O, anasına medal sözü verib

İdmanla məşğul olmaq ağır zəhmət tələb edir. Bu zəhmətə qatlaşmaq, gərgin hazırlıqlarda səbirlə məşqçilərin tapşırıqları yerinə yetirmək, məşqdən sonrakı ağrılara, gözlənilməz zədələrə sinə gərmək hər kişinin işi deyil. Ancaq idman təkcə kişilərin də işi deyil. Artıq uzun illərdi qadınlar da kişilər kimi bütün idman növlərində güclərini sınayır, mötəbər yarışlarda ölkələrinin şərəfini qoruyur, bayrağını yüksəldir, himnini səsləndirirlər.

Azərbaycan idman ölkəsidir. Lakin təəssüf ki, ölkəmiz qadın idmançıların uğurları sarıdan bir qədər korluq çəkir. Amma bu o demək deyil ki, bu vəziyyət həmişə belə davam edəcək.

Artıq ölkəmizdə böyük uğurlar üçün böyük perspektiv vəd edən xanım idmançılar yetişməkdədir. Elə son İslam Həmrəyliyi Oyunları da buna əyani sübut oldu. Bu mötəbər yarışda ölkəmizin medal kolleksiyasını zənginləşdirən idmançılar arasında yetərincə perspektiv vəd edən xanım idmançılar da oldu. Bu cür idmançılarımızdan biri də ağır atletimiz Elnarə Abbasovadır. Bu yazıda sizə İslam Həmrəyliyi Oyunlarında ölkəmizə bürünc medal qazandırmış gənc idmançımız barədə söhbət açacağıq.
 
 

Bədii gimnastikadan ağır atletikayadək

Elnarə Abbasova 1997-ci il avqust ayının 5-də Qazax rayonunda dünyaya gəlib. O, uşaq vaxtı çox dəcəl olub. Həmişə dalaşmağı sevən Elnarə, oğlan həmyaşıdlarının qəniminə çevrilmişdi. Nəhayət, anası qızının bu enerjisini daha yararlı bir sahədə istifadə etməli olduğun düşünür və onu idmana yazdırır. Balaca Elnarənin idmanla tanışlığı çox erkən, 6 yaşında olub. Anası çox dəcəl olan qızını rayondakı bədii gimnastika qrupuna yazdırır. O, düz iki il idmanın bu növü ilə məşğul olur. Lakin rayon yerində bu idman növündə uğur qazanmağın bir qədər çətin olacağını görən Elnarə, bədii gimnastika ilə vidalaşır. O, daha sonra güləş, karate və ən nəhayət voleybolla da məşğul olur.

Voleyboldan söz düşmüşkən, onun babası vaxtilə məhz bu idman növü ilə məşğul olub. Bir müddət yerli voleybol qruplarında voleybolla məşğul olan Elnarənin burdakı fəaliyyəti də uzun çəkmir. O, cəmi 8 ay sonra bu idman növü ilə də vidalaşır. Elnarə idman növlərini əlcək kimi dəyişsə belə, heç vaxt idmandan kənarda qalmayıb. O, həmişə evlərində, məktəbdə idmanla məşğul olurdu. Sevimli məşğuliyyəti isə turnikdə dartınmaq idi. Elə onun əsl istedadını da məhz bu fərdi məşqlər üzə çıxarır. Elnarənin istedadını üzə çıxaranlar isə vaxtilə karate ilə məşğul olmuş Mətanət xanım və rayonun xalq pəhləvanı İsrafil Məmmədov olur. Məhz onların məsləhəti ilə Elnarə özünü ağır atletikada sınamaq qərarına gəlir. Əvvəlki idman növlərindən fərqli olaraq, o, bu dəfə qərarı anası ilə birgə yox, özü verir. Elnarə ilk dəfə məşqə gedəndə ailədə heç kimin xəbəri yox idi. O, bu barədə ailəsini iki gün sonra məlumatlandırır.

Bu "ağır yük”ün altına girmək barədə qərarında ailəsinin xeyir-duası da əsas olur. Lakin ailədə heç də hamı onun bu cür ağır idman növü ilə məşğul olmasını dəstəkləmirdi. "Qız nədir, ağır atletika nədir” fikri ilə  Elnarəni bu yoldan çəkindirmək istəyən ailə üzvləri də oldu. Ancaq bu yolda da onun əsas dəstəkçisi məhz anası olur. Ailəsinin xeyir-duasını aldıqdan sonra bu idman növü ilə məşğul olmaq fikrini qətiləşdirən Elnarə, "Zirvə” idman klubuna yazılır.
 
 

İlk uğurlar

İlk dəfə məşqə gedəndə, ağır yükdən çəkinmir, əskinə, çox həvəsli idi. Onun bu həvəsi, məşqlərə can yandırması tezliklə öz bəhrəsini verir. 2010-cu ilin yanvar ayında bu idmanla məşğul olmağa başlayan Elnarə, cəmi iki ay sonra, Lənkəranda təşkil edilən yarışda 3-cü olur. Məşqlərə can yandıran Elnarənin körpücük üzərində uğurları özünü çox gözlətmir. Bir müddət sonra Azərbaycan çempionu olan Elnarə, daha sonra idman ustası adına da yiyələnir. 2012-ci ildə isə onun uğurlu çıxışı yığmanın məşqçilərinin də diqqətindən yayınmır. O, məhz bu ildə ağır atletika üzrə millimizə dəvət alır. Elnarə 2014-cü ildə Qazaxıstanın Almatı şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatının da iştirakçısı olur. Həmin dünya çempionatında ən gənc atlet olan (17 yaş) Elnarənin burda uğur qazanmasına təcrübəsizliyi mane olur.
 


Zədələrin "sındıra” bilmədiyi istedad

İdmançı həyatı şahmat lövhəsi kimidir. Burda ağ xanalarla yanaşı, qara xanalar da var. Heç bir idmançı uğura doğru irəliləyərkən bu "qara xana”lara toxunmadan keçə bilmir. İdmançının ən böyük düşməni zədələrdi. Təəssüf ki, Elnarə qısa karyerası ərzində bir neçə dəfə bu "düşmən”lə üzləşməli olub. 2012-ci ildə, karyerasının yüksəlişdə olduğu zaman belindən ağır zədə alan Elnarə, uzun müddət idmandan kənarda qalmalı olur. Bu dövr onun həyatında ən ağır anlarından idi. Bir idmançı üçün kənarda qalmaq, geri qayıdacağı günü səbirlə gözləmək qədər ağır heç nə yoxdur. Bu, idmançılar üçün bəlkə də, ən çətin sınaqdır.
 
Həmin ağır günləri xatırlayan Elnarə, "hər dəfə zala gedəndə kövrəlirdim, öz-özümə nə vaxtsa ayağa qalxacağıma və bu yükü yenidən qaldıracağıma söz verirdim” deyir.

O, bu sınaqdan da üzüağ ayrılır. Özünün sözlərinə görə, bu ağır günləri geridə qoymaqda anası ilə yanaşı, məşqçisi Rafael İbrahimovun çox böyük rolu olur.
        
Ağır zədədən qayıtdıqdan sonra ilk olaraq "Zirvə” kubokuna qatılan Elnarə burda 3-cü olur. Yeni-yeni formasını bərpa edən gənc idmançı yenə zədə maneəsi ilə üzləşir. 2015-ci ilin avqust ayında bu dəfə çiynindən zədə alan Abbasova, 6 ay idmandan kənarda qalmalı olur. Artıq bir dəfə bu çətinliyin öhdəsindən gəlmiş gənc idmançı, bu dəfə də bunu bacarır.
 
 

Karyerasının zirvəsində

Bu ili Elnarənin qısa karyerasının hələ ki, zirvəsi saya bilərik. İlin əvvəlində ilk dəfə böyüklər arasında ölkə çempionu olan Elnarə, mayda Bakıda təşkil edilən İslam Həmrəyliyi Oyunlarında da uğur qazanmağa nail olur. 63 kq çəki dərəcəsində çıxış edən gənc idmançı paytaxtımızda keçirilən yarışda birdən qaldırma hərəkətində 82 kq, təkanla qaldırma hərəkətində isə 102 kq-ı ram edir. Ümumilikdə 184 kq (82+102) nəticə göstərən Elnarə, bu çəkidə bürünc medal qazanır. Bu, hələ ki, onun beynəlxalq arenada qazandığı yeganə ciddi uğurdur.

"Anama söz vermişəm, medal qazanacağam”  

Hazırda Elnarə onu kəşf edən ilk məşqçisi İsrafil Məmmədov və Rayət Abdalovun rəhbərliyi altında çalışır. Yığma ilə birgə Moldovada təlim-məşq toplanışında olan gənc idmançı, bir neçə gün öncə bu ölkədə keçirilən turniri üçüncü pillədə başa vurdu. Onun əsas hədəfi isə gələn ay keçiriləcək Avropa çempionatında medal qazanmaqdı. O, "anama söz vermişəm, medal qazanacağam” deyir. Lakin Elnarənin ən böyük hədəfi olimpiya çempionluğudur: "İdmanla yeni məşğul olmağa başladığım zaman London Olimpiadası gedirdi. Həmin vaxt mən də yarışı izləyirdim. Kim olduğu yadımda deyil, ancaq fəxri kürsüyə çıxan idmançını görəndə özümü bir anlıq onun yerində təsəvvür etdim. Həmin gündən əsas məqsədim olimpiya çempionu olmaqdı”.
 
 

Ən böyük dəstək

Hər bir idmançının, xüsusilə xanım idmançıların bu sahədə uğur qazanması üçün ailənin rolu əvəzsizdi. İdmançının mübarizəsi təkcə meydanda yox, həm də ondan kənarda olur. Bu mübarizədə isə ona ailənin, yaxınların, dostların dəstəyi əsasdır. Elnarənin bu cəhətdən bəxti gətirib. Onun anası Afət xanımın qızının uğurlarında əvəzsiz rolu var. Elnarə idmanla məşğul olmağa başlayandan,  idmana böyük həvəsi olan anasının dəstəyini həmişə hiss edib. Onun üçün ilk yarışında da, sonrakı yarışlarında da anasının "sənə güvənirəm” sözləri həmişə ilham mənbəyi olub. Elnarə "həmişə anamı idman zalında görəndə, mənə əlavə güc gəlir” deyir. Hər bir uğurundan sonra isə ilk növbədə anasının ümidlərini doğrultduğuna görə sevinir.

İdmanda uğur gərgin məşqlərdən çox asılıdır. Buna görə, sıx qrafikdə çalışan idmançıların asudə vaxtı çox az olur. Elnarədə də həmçinin. Gənc idmançı asudə vaxtını əsasən, anası və ya dostları  ilə gəzintidə keçirməyə üstünlük verir. O, pop musiqisini daha çox sevir. Ən sevdiyi müğənni isə Miri Yusifdir. Uşaq vaxtından döyüş idman növlərinə marağı olan Elnarə, vaxt tapdıqca bu cür yarışları yaxından izləyir.
   
Portret

İdman ağır zəhmət tələb edir. Bu sahədə uğur qazanmaq üçün ağır məşqlərə dözməli, gözlənilməz zədələrə, uzun müddət çəkən bərpa prosesinə səbirlə yanaşmalısan. Çox gənc olmasına baxmayaraq, Elnarə artıq bu sınaqların bir çoxundan keçib. Onun bu sınaqlardan üzüağ ayrılmasında dözümlülüyü, səbri və ən əsası əzmkarlığı əsas rol oynayıb. Karyerasında hələ ki, İslam Həmrəyliyi Oyunlarındakı "bürünc” ən böyük zirvədir. Lakin ondakı potensial daha yüksək zirvələri fəth etmək üçün ümid vəd edir. Elnarə isə bu günə kimi ümidləri doğrultmağı bacarıb.
 
Elnur 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6836
GBP 1 İngilis funt sterlinqi 2.2277
TRY 1 Türk lirəsi 0.4644
KWD 1 Küveyt dinarı 5.6257
SEK 1 İsveç kronu 0.2086
EUR 1 Avro 2.0087
CHF 1 İsveçrə frankı 1.7328
USD 1 ABŞ dolları 1.7001