Çağır gəlsin dən, Koroğlu
Hələ kəndə çatmamış, girişindəcə ətrafa yayılan təndirdə bişən ö çörəyin ətri...
Təndirin istisi, tüstüsü demədən
övladlarının ruzisini öz əlləri ilə hazır edən qadınlar... Yoğrulan o xəmirdən
də hər kəs öz payını alırdı. Azyaşlı
uşaqlar da analarının, nənələrinin onlara düzəltdiyi kükələrin arasına
pendir qoyub həvəslə yeyirdilər. O çörəklərin
dadı da, təmizliyi də, ekoloji standartları da
indikilərdən qat-qat yüksək idi. Yaşlı nəslin dili ilə desəm, bərəkət də
elə o dövrdə idi...Bu saydıqlarım ötən əsrin 80-ci illərin sonlarından
başlayaraq yavaş-yavaş yoxa çıxmağa başladı. İndi nə o təndirlər qalıb, nə də o
çörəklərin ətri və dadı. Hər kəs hər şeyi böyük supermarketlərdən almağa daha
meyllidirlər. Kəndlilər də şəhərlilər kimi marketdən nəinki un, hətta hazır çörək
alırlar. Əvvəllər taxılını əkən kəndli onu dəyirmanlarda üyüdür, unu sortlara
ayırır, çörək üçün lazım olanını götürür, yerdə-qalanını isə mal-heyvanına,
toyuq-cücəsinə yem kimi verirdi. Zaman keçdikcə o təndirlərlə yanaşı, dəyirmanlar
da tarixin yaddaşına həkk olundu. Bu gün ancaq
yaşlı nəslin nümayəndələri dəyrimanla bağlı xatirələrini bölüşürlər. Bəs
görəsən səbəb nədir ki, kəndlilərin əkin-biçinə,
mal-heyvana, taxıl-çörək işlərinə marağı azalıb. Niyə artıq o dəyirmanlar indi
öz fəaliyyətini dayandırıb?
Sosioloq Lalə
Mehralı deyir
ki, səbəblər müxtəlifdir: "Çox vaxt
kənd əhalisindən asılı olmayan səbəblərdir. Taxıl əkmək dildə deyildiyi kimi
asan deyil. "Özüm əkim, becərim, tonlarla taxılım olsun, un ehtiyatımı ödəyim,
artığını satım, çörəyimi özüm bişirim” anlayışı bizə görə asandır. Amma gəlin
görün ki, taxıl əkini riskli əkin növüdür, iqlim dəyişikliklərinə son dərəcə həssasdır
- yağış az yağdı problem olur, çox yağdı problem yaradır. Üstəlik aqrar sığorta
da demək olar, yox dərəcəsindədir ki, kəndli
riski gözə ala bilsin. Bundan əlavə, taxıl azgəlirli əkin növüdür. Eyni sahədə
istənilən başqa məhsul əkilməsi kəndliyə daha çox gəlir verir. Taxıl əkini üçün
geniş sahələr lazımdır, az sahədə əkməyin heç əziyyətinə dəyməz. Geniş sahələr
isə heç kimdə yoxdur. Bunun üçün iri kollektiv təsərrüfatlar lazımdır. Daha
vacib məsələlərdən biri də yerli kiçik dəyirmanların sıradan çıxmasıdır”.
Sosioloq bəzi məqamlara da diqqət çəkdi: "Məlumatlara
görə, ölkədə 2 minədək kiçik dəyirman ləğv edilib. Yeni tikilmiş müasir iri dəyirmanlar
isə uzaqda yerləşir və əkinçiyə baha başa gəlir. Taxılçılıq təsərrüfatı üçün
texnika problemi də var. Məsələn, texnikanı
icarəyə götürmək baha başa gəlir , kəndli özü isə belə texnika ala
bimir. Bütün bu əziyyətlərə qatlaşıb sadəcə, öz ailəsinə buğda tədarük edənlər
var, amma çox azdır. Kəndli üçün hazır çörək almaq, un alıb evdə çörək bişirməkdən
daha sərfəlidir bu halda. Mənim anam da elə edir, kənddə yaşayır, yayda
yuxa-lavaşını, qışda sac xamralısını odun sacında bişirir. Qaldı ki, məsələnin
digər tərəfinə, kənd əhalisinin şəhərə axışmasına, bunun səbəbləri də müxtəlifdir.
Rayonda, kənddə işi olmayan üçün şəhərdə ən azı satıcı, fəhlə, firma təmsilçisi
kimi işlər tapmaq asandır. Bir səbəbi də televiziyaların durmadan şəhər həyatını
təbliğ etməsi, əyləncə mərkəzlərini reklam etməsi, şəhəri mədəniyyət beşiyi
adlandırması, kənd əhalisinin danışıq və adətlərinə dırnaqarası baxılmasıdır.
Bütün dünyanın şəhərdən can qurtardığı, kənd həyatının sağlam yaşayış tərzini
seçdiyi bir dövrdə, bizim cəmiyyətdə hələ də kəndi, kəndlini geridə qalan, mədəniyyətdən
uzaq hesab edən insanlar var. Bu cür düşüncə sahibləri insanların doğulub-böyüdüyü
kəndlini oranı tərk etməyə, şəhərə can atmağa vadar edir”.
Kənd təsərrüfatı
üzrə mütəxəssis, iqtisadçı Ruslan Atakişiyev bizimlə söhbətində bir sıra vacib məqamları
bildirdi: "Sovetlər dövründə insanlar kollektiv təsərrüfatın taxılçılıq zəmilərində
işləyirdilər. Buna görə də dövlət onlara
pay taxıl verirdi. İnsanlar da həmin pay taxılı dəyirmanlarda üyüdürdülər. İndi
isə vəziyyət tamamilə fərqlidir. Artıq şəxsi təsərrüfatlar fəaliyyət göstərir və
onlar məhsulu birbaşa satışa göndərirlər. Ona görə də işçilərə həmin pay taxıl
günümüzdə əmək haqqı olaraq verilir. Məhz
bu səbəbdən bir çox kəndli taxılı dəyirmanda üyütməkdə maraqlı olmurlar. Kiçik
həcmdə istehsal onlara sərf etmir. Məsələnin maddi tərəfini hesablayanda da kəndliyə
də haqq vermək olur. Ümumiyyətlə, taxıl bir o qədər də gəlirli sahə hesab
olunmur. İndi kəndlilər ərazini dincə qoymaq, yaxud torpağın münbitliyini təmin
etmək məqsədilə taxıl əkirlər. Kəndli bu
gün əkdiyi taxılı dövlətə təhvil verməkdə daha çox maraqlıdır, nəinki onu dəyirmanda
üyüdüb un hazırlmaqda”.
Müsahibim deyir ki, getdikcə dünya təcrübəsinə əsaslanırıq:
"Məsələn, Türkiyə təcrübəsinə müraciət etsək, görərik ki, dövlət kəndliyə
subsidiyalarla yanaşı, taxıl sifarişini də verir. Yəni belə desək, dövlət,
yaxud iri şirkətlər taxılı kəndlidən alır. Bizdə də getdikcə bu təcrübə
formalaşmağa başlayır. Kəndlilər üçün əlində
olan taxılı dəyirmanda üyüdüb, gündəlik təminatını ödəmək önəmli deyil.
Kəndli min bir zəhmətlə becərdiyi taxılı baha qiymətə satmaq istəyir.
Belə olan təqdirdə isə istehlakçılar çörəyin qiymətlərinin baha olmasından şikayətlənirlər. Hesab edirəm
ki, tənzimlənmə məsələsini, bu sektorda qiymət məsələlərinə nəzarət etməklə düzəltmək
olar. Taxıla olan tələbat və standartlar barəsində kəndliləri məlumatlandırmaq,
maarifləndirməklə bu məsələ həll ola bilər. Bu sahədə müəyyən işlər görülməli,
uyğun tədbirlər planı işlənib hazırlanmaldır”.
Şəbnəm
Mehdizadə