• cümə, 29 Mart, 03:04
  • Baku Bakı 7°C

“Ağıllı insan risk etməz, araşdırar” - Uğur hekayəsi

08.09.17 10:00 3679
“Ağıllı insan risk etməz, araşdırar” -  Uğur hekayəsi
İşləməyə fəhləlikdən başlayıb. Amma bu gün onun iş tarixçəsinə nəzər salanda böyük bir sıralama ilə qarşılaşırıq. Bir sıra aparıcı şirkətlərdə satış meneceri, satış departamenti rəhbəri, satışın idarə edilməsi, marketinq, menecment sahəsində çalışıb. Son dörd il ərzində isə peşəkar satış və satışın idarəedilməsi üzrə təlimçilik fəaliyyəti göstərir. Müsahibimiz "SatİŞ, Biznes və Konsultasiya” şirkətinin təsisçisi və rəhbəri Ənvər Yavəroğludur.

Qeyd edək ki, Ənvər Yavəroğlu Azərbaycanın Kristal Abşeron MTK, Gəmiqaya Holdinq, Sirab, Veysəloğlu, AVİS Tibbi Marketlər Şəbəkəsi, Femina Xəz Dəri və s. aparıcı şirkətlərinin satış üzrə işçi heyətinə peşəkar təlimlər keçib.

Müsahibimiz Çin, Türkiyə, Rusiya, İran, İngiltərədə öndə gedən şirkətlərin biznes strategiyalarının hazırlanma proseslərində iştirak edib, həmçinin qeyd edilən ölkələrdə müasir satış, satışın təhlili, satışın idarə edilməsi, liderlik, gələcəyə yönəlmiş planlaşdırma, biznesin inkişafı üçün strateji addımlar adlı təlimlərə qatılıb.

- İş tarixçənizə nəzər salanda ilk yerdə satıcı yazıldığını gördüm. İşə ilk olaraq satıcı kimi başlamısınız?

- Satıcı olmaq məqsədilə başlamamışam. Məqsəd pul qazanmaq idi. Gündüz dərsə gedirdim, gecə isə fəhlə işləyirdim, xaricdən yük gətirən tırları boşaldırdıq. Sonra satıcılığı da bacardığımı gördülər və məni bu istiqamətdə çalışmağa yönəltdilər. 1999-cu il sentyabrın 1-i Bakıya gəlib universitetdə qeydiyyatdan keçdim, ayın 2-dən işləməyə başladım. Həmin il dərslər ilk dəfə olaraq ayın 15-dən olacaqdı. 2000-ci ildən mağaza sistemində satıcı kimi fəaliyyətə davam etdirdim. 2001-ci ildə satış meneceri (ekspeditor) olaraq şirkətlərə korporativ satışlar həyata keçirdik. Peşəkar iş həyatım 2001-ci ildən sonra başladı.

- Məncə, satıcının bacarmalı olduğu ilk iş müştərini analiz etməkdir. Maraqlıdır müştərini necə analiz edirdiniz?

- İşə satıcı olaraq başladığım üçün özümü çox xoşbəxt hesab edirəm. Çalışdığım illəri də bir şans bilərəm. Çünki tarixə diqqət yetirsək, Azərbaycan iqtisadiyyatı sərbəst iqtisadi rejimə keçəndən sonra müəyyən bir dövr yaşamağa başladı. Ümumiyyətlə, mütəxəssislər 2003-dən 2013-cü ilə qədərki on ili 2000 il adlandırırlar. Hər ilə iki yüz il deyirdilər. Mən çox xoşbəxtəm ki, o illərdə işləməyə başladım. Çünki həm dünyada, həm Azərbaycanda çoxlu keçid dövrü oldu. O sıralar Azərbaycan müştərisinin psixologiyası bir az fərqli idi, hər gördüyü yeni şeyi qəbul edirdi. Açığı bir az da şansım gətirdi. O sıralar Azərbaycan müştərisi artıq individuallığı sevməyə başlamışdı. O damarı tutaraq satıcılıq həyatına başladıq.

- Universitet vaxtı bir çox tələbələr maddiyata görə ixtisasından uzaq sahədə işləməyə məcbur olur. Müvəqqəti getsələr də, illər keçəndən sonra yenə orada qalırlar, ixtisasa meyillənmirlər. İrəliləmək prosesi necə oldu? Nə qədər vaxt lazım oldu buna?

- Tələbəlik həyatı insanın xarakterinin formalaşdığı vaxta düşür. Bəzən universitet vaxtı çox gənclərin müvəqqəti olaraq çalışdıqları iş onların həyatına dönüşür. Çünki artıq insan içindəki sevda, uğur, qazancın ora aid olduğunu düşünür. Orta məktəb vaxtı mən 5 il tibbə hazırlaşmışam. Biz liseydə oxuyurduq, eyni anda 3 yerə imtahan vermək şansımız vardı. Mən Türkiyə (Karadeniz Teknik Univerisitesi), Qırğızıstan (Manas Universiteti) və ölkəmizdə Qafqaz Universitetinə məktəbə qəbul oldum. Mərmərə dənizində həmin il zəlzələ olmuşdu deyə, anam ağladı ki, Türkiyəyə getmə. Halbuki tibbə hazırlaşmışdım, orda qəbul olduğum ixtisas tiblə bağlı idi. Qırğızıstana təbii ki qoymadılar, məcburən Bakını seçdim. Bu gün iqtisadiyyatı seçdiyimə görə peşman deyiləm.

- İrəli getmək üçün biliklə yanaşı, motivasiya olmalıdır. Sizin motivasiyanız nə idi?

- Motivasiya heç vaxt bir yerdən gəlmir. Bermud üçbucağı kimi götürsək, üç tərəfdən gəlir. Birincisi, fiziksəllikdir. Yəni, fiziki olaraq insanın yeməyi, yatmağı, idmanı, sağlamlığı qaydasında olmalıdır. İkincisi zehinsəllikdir. Hər gün yeni informasiyalar qəbul etməlidir. Təlimlər, kitab oxumaq, filmlərə baxmaq, yaxşı insanlarla söhbət etmək və s. məsələlərə diqqət etməlidir. Bu ikisi qaydasında olduğu halda üçüncü bir qaynaq doğur. Bu da ruhsallıqdır. İnanc, özgüvən. Məndə bu üçü də tamam deyildi. Həmin illərdə mənim motivasiyamın nə olduğuna gələk. Anam 3 dəfə əməliyyat olunmuşdu, həkimlər 3-4 ay vaxt qoymuşdular, bacım həmin vaxt universitetə qəbul olmuşdu. Atam Türkiyədə işləyirdi, ailə vəziyyətimiz yaxşı deyildi. Ailədə mənim də bir qatqım olsun, heç olmasa öz xərcimi qarşılayım kimi bir güclü çalışmaq istəyi vardı içimdə. Bacımın da Bakıda oxuması mənim məsuliyyətimi ikiqat artırırdı. Nə qədər uğurlu alındığını deyə bilmərəm, amma dəstək olmağa çalışdım. Bu isə həyatımda bir iz qoymağa başladı və zamanla o yolla da davam etdim.

- Elə kadr var ki, bir işdə çox qala bilmir, eləsi də var ki, uzun illər eyni yerdə qalmağı bacarır. Sizin iş dəyişmələriniz arasında zaman nə qədər olub?

- 1999-cu ildən 2009-cı ilin dekabrında qədər bir iş yerində çalışdığımı qürurla deyə bilərəm. Satıcı, korporativ satış təmsilçisi, sonra satış təmsilçilərinin müdiri, sonra o müdirlərin müdiri və s. kimi irəliləmişəm. Ordan ayrılanda 300-400 nəfərin satış istiqamətində idarəedicisi vəzifəsində çalışırdım. Ayrılma səbəbim isə öz şəxsi şirkətimi qurmaq idi. Mənim üçün bir iş yerində uzun müddət çalışmaq önəmlidir. Ümumiyyətlə, insan çalışdığı iş yerinə bir növ sahiblənməlidir. Bu zaman enerjisini işə verir, komanda ruhu yaranır, irəli getmək üçün çalışır və zarafatyana desək, səhər yuxudan oyananda 200 qramlıq yorğanı 20 kilo olmur. Səhərlər işə getməmək üçün müdirə hansı bəhanənə deyəcəyi haqda fikirləşmir. İşçinin bir yerdə uzun müddət qalması üçün təbii ki işçilərlə yanaşı, idarəetmə də yaxşı olmalıdır. İdarəetmə yaxşı olanda, işçilər öz iş yerlərinə sahiblənəndə onlar şirkəti pis vəziyyətində heç vaxt atmırlar. Konsultasiya verdiyim bir şirkət iqtisadi çətinliklə üzləşmişdi. 160 işçisi olan bir şirkət idi, bütün işçilər vəziyyətdən çıxmaq üçün 3 ay könüllü maaşsız çalışdılar. Şirkət maaşlara ayıracağı pulla müəyyən büdcə yaradıb böhrandan qurtuldu. İndi ordan ayrılmayan işçilər 5 qat artıq maaş alırlar.

- Ümumi təcrübənizə nəzər salanda adama elə gəlir ki, hər şey sürətlə gedib və indi olduğunuz yerə çatmısınız. 17 illik təcrübədə irəliləmək prosesindəki sürətinizi necə qiymətləndirirsiz? Bu, sizi qane edirmi?

- 2010-11-ci illərdə qarşıma iki yol çıxdı. Ya şəxsi olaraq öz üzərimdə çalışmalıydım, ya da sahib olduğum şirkəti irəliyə aparmalıydım. İkisini bir yerdə edə bilməzdim. Çox çətin olsa da, birinci varinatı seçib, şəxsi brendim üzərində çalışmağa başladım. Dəhşətli dərəcədə maneələrlə üzləşdim, səhvlər etdim. Daima uğur görən insan heç vaxt uğurdan danışa bilməz, hər gün kabab yeyən insan heç vaxt kababın dadını anlaya bilməz. Çox sevinirəm ki, iş, şəxsi həyatım keşməkeşli oldu, səhvlərimi böyük bədəllərlə ödədim, bəlkə hələ də ödəyirəm. Amma sürətlə keçmədi. Maddi tərəfdən baxanda itkilər çox ola bilər, amma hamısı insana bir təcrübə olur. Sürətindən razı deyiləm, çünki o zaman bir yerdə rahatlaya bilərəm. Razı olmamağım məsuliyyəti, çalışma həvəsini artırır.

- Ötən il çap olunan "Həyatımızdakı satış, satışımızdakı həyat” kitabınızın üz qabığında belə bir qeyd var: "Kitabda sevgi var”. Satışla sevginin əlaqəsi nə dərəcədədir?

- Əslinə, kitabı bir az fərqli etməyə çalışdıq, roman kimi. Orada üç istiqamət var. Fərdi inkişaf, bir insanın öz həyatını danışması və iş həyatı. Kitabda baş qəhrəmanlar Sveta və Uğurdur. Uğur satış sahəsində çalışır, nişanlısı Sveta isə psixoloqdur. Uğur işində müəyyən çətinliklərə qarşılaşır. Axşam evdə telefonla danışanda Sveta ona psixoloji dəstək verir və o, sabah psixoloq dəstəyini işinə tətbiq edir. Orada göstərdiyim sevgi budur. Ümumilikdə isə, satışın əhvalı müştərinin əhvalından, müştərinin əhvalı isə satanın əhvalından asılıdır. Satan işinə qarşı sevgisini tam 100 faiz hiss etdirməsə, alanda şübhə yaranacaq.

- Biznes, yaxud hansısa böyük uğura gedən yolda riskin rolunun az olmadığını deyirlər. Siz bu haqda nə deyə bilərsiniz?

- Risk sözünün anlamı, təsirliliyi get-gedə aşağı düşür. 20 il bundan əvvəl risk ola bilərdi. 20 il əvvəl hansısa şirkəti digərinə dəyişmək risk ola bilərdi, çünki gedəcəyin yer haqda məlumatı tam əldə etmək olmurdu. Hazırda 2 dəqiqənin içində istənilən məlumatı əldə etmək olur. Bu gün ağıllı insan risk etməz, araşdırar. Başarılı olmaq üçün analitik qabiliyyət möhtəşəm olmalıdır. Risk etmək araşdırılmamış iş görmək deməkdir.

- Sosial şəbəkədə də aktiv istifadəçilərdənsiniz. Yazdığınız "Güc beyindən qidalanır, yoxsa ürəkdən” sualı diqqətimiz çəkdi. Orda hər kəs fərqli cavab vermişdi. Amma sizin cavabınızı görmədim...

- Onlar müəyyən məqsədlə paylaşımlardır. İnsanların orta statistik yanaşmalarını görmək, yaxud gəncləri düşünməyə vadar etmək. Bəzən birinə heç cavabı gözləmədən bir sual verirsən, amma o sualı bomba kimi onun beyninə atırsan. Cavab verməsə də, o haqda fikirləşir. İnsanların vicdani hissləri var, bir də ağlı. Həmişə belə fikirləşirəm ki, ağlı vicdani hisslərindən yüksək olan insanlar təhlükəlidirlər. Ağıl və vicdani hissləri eyni faizdə olanlardan təhlükə gəlməz. Vicdani hissləri yüksək olanlardan da ziyan gəlməz, onlar hər şeyə empatiya ilə yanaşırlar, ətrafa zərər verməsələr də, özlərinə ziyan vururlar. Ürək gücü yüksəkdirsə, buna cəsarət deyirlər, beyinsəl olaraq güc gəlirsə, bu siyasətdir. İnsana xas üç xüsusiyyət var. Siyasətcillik, dürüstlük və ağıl. Bunların 3-ü heç vaxt bir arada olmur. İkisi olur, 3-cü yox. Əgər siz ağıllı və dürüstsünüzsə, siyasətçi deyilsiniz. Ağıllı və siyasətcilsinizsə, dürüst deyilsiniz. Dürüst və siyasətçisinizsə, ağlınız yoxdur. Bu cümlədən yəqin ki hər şey bəlli olur.

- Uğurunuzun sirri nədir?

- Uğur iki cür olur. Birincisi öz vəzifələrini uğurla yerinə yetirmək. Məsələn, atalıq bir vəzifədir. Uğurlu ata olmaq. Uşaq məktəbə gedir, bu, onun vəzifəsidir. Dərslərində uğurlu olmaq kimi.

İkinci vəzifələrimizdən əlavə işlərə vəzifələnərək onları uğurla başa vurmaq. Məsəl üçün uşaq məktəblə yanaşı bir də idmana gedir və orada uğurlu olur. Vəzifəm olan bütün işlərdə uğurla başa vurmağa çalışıram. Önəmli olan vəzifələndiklərimi uğurla yerinə yetirim və bunu nümunəvi edim. Bunun üçün hər zaman çalışıram.
Hələ ki vəzifələndiyim işləri yerinə yetirməyə, yaratmış olduğum uğursuzluqları növbəti addımda bağlamağa çalışıram. Uğur qazanan insan uğursuzluğa daha yaxın olur. Pozitivliyi əsas götürürəm, mənim üçün yaxşı-pis rəng yoxdur, sevmədiyim fəsil yoxdur, mən bütün rəngləri sevirəm, başıma silah dayasalar, deyəcəm "nə gözəl silahdır”. İnsan hər şeydən zövq almağı bacarmalıdır. Konsultasiyalarımda da bunu aşılmağa çalışıram. Uğurun xüsusi sirri yoxdur ki onu aramaq üçün özümüzə əziyyət verək. Uğur üçün müəyyən yer yoxdur, uğur hədəflərdə deyil. Hansısa hədəfə çatmaq sənin uğurlu olmağın demək deyil. Hər an uğurlu olmaq üçün çalışmaq lazımdır. Yolu keçirsənsə bu, bir uğurdur, telefonla anamızla danışırıq onun kefini kökəldiriksə, bu da uğurdur. Kiçik uğurlar böyük uğurlara gedən yolda pillələrimiz, böyük uğurlar isə ömür yolumuzda mükafatlarımızdır. Bu, həm ətrafımızdakıları, həm də özümüzü xoşbəxt olmağa sövq edən ən böyük amildir.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər