Ağıllı gözlü “Canavar”
Publika
ona sadəcə, pərəstiş edirdi. Aktyorun yaxın dostları isə çox deyildi. O, özünü
işə və evə sərf etməyi xoşlayırdı: «Mən yalnız bir qadını sevmişəm: bir qadın,
bir teatr». O, çoxlu filmlərə də çəkilmişdi: «Sabah gəlin», «Doğma qan»,
«Belarusiya vağzalı», «Avtomobildən özünü gözlə», «Uğur centlmenləri»,
"Brilyant əl”... kimi sovet kinosunun inciləri sayılan ekran əsərlərində rol
almışdı və sevilmişdi Anatoli Papanov.
«Mən sadə
rusiyalı, kəndli balasıyam», - Papanov bu sözləri özü haqqında addımbaşı söyləyərdi,
lakin onun müqəddəratı heç də yaxşı olmadı.
Həyatda qalmaq
Anatoli
Papanov 1922-ci il, oktyabrın 31-də Vyazma şəhərində doğulub. Onun anası Yelena
Boleslavovna Roskovskaya polşalı idi və ailə Belarusiya ilə Polşa sərhədində
yaşayırdı. 1918-ci ildə bu torpaqlar bölündü və Yelena Boleslavovna tək qaldı:
onun qohumları Polşada, o isə Belarusiyada. Anatolinin atası Dmitri Filippoviç
Yelenadan 10 yaş böyük idi və qadın həmişə ona «siz» deyə müraciət edərdi.
1920-ci illərin axırlarında Papanovun valideynləri Moskvaya köçdülər.
Anatolinin paytaxt həyatı sadə və iddiasız idi. Atası kimi o da məktəbi bitirəndən
sonra fəhləliyə getdi. O, kürəcik-podşipnik zavodunda tökməçi işləyirdi. 10
saatlıq işdən sonra Papanov «Kauçuk» klubundakı teatr dərnəyinə gedirdi.
1939-cu ildə o, məzhəkə teatrında «Qırılmış fincan» tamaşasında oynayır və
«Mosfilm»də «Lenin oktyabrda» filminin yığıncaqlarında çəkilirdi.
Papanov
müharibənin nə olduğunu yaxşı bilən aktyorlardan idi. Təkcə cəbhədə təbliğat
briqadalarında və hərbi kino çəkilişlərinə görə yox, səngərlərdəki şəxsi təcrübəsinə,
döyüş meydanında hər an ölüm təhlükəsini hiss etdiyinə görə, o, müharibəyə bələd
idi. Onu cəbhəyə 1941-ci ilin avqust ayında çağırdılar. Demək olar ki, getdiyi
gündən od-alovun içərisinə düşdü. Bir il keçmiş Papanovun polku Xarkovda
bombardman zamanı böyük itkilərlə üzləşdi. Onun polk yoldaşlarının hamısı
qırıldı, özü isə ayaqlarından ciddi yara aldı – ayaq barmaqlarının ikisini və pəncəsinin
bir hissəsini itirdi. Beləcə, 21 yaşlı Anatoli 3-cü dərəcəli əlilə çevrildi və
davamlı müalicələrdən sonra tərxis edildi.
«Moskvaya
dönəndən sonra Tolya Kinematoqrafiya İnstitutuna daxil olmaq qərarına gəldi» -
deyə Papanovun dul qadını Nadejda Karataeva danışır: "O gələndə, qəbul
imtahanları artıq bitmişdi. İnstitutun bədii rəhbəri Mixail Tarxanov o vaxt
Anatoliyə dedi: «Əlbəttə, mən səni birdəfəlik ikinci kursa götürə bilərəm, bir
halda ki, orada qətiyyən kişilər yoxdur. Ancaq sən - axsayan və əlində əsa olan
bir insan kimi necə aktyor olmaq fikrinə düşmüsən?” Tolya: "Söz verirəm ki,
tezliklə siz mənim axsadığımı hiss etməyəcəksiniz” deyir. Belə də oldu.
Tolyanın əlilliyini demək olar ki, az adam bilirdi. Axsadığını isə uzun illər
onunla bir teatrda çalışan həmkarları belə hiss etməmişdilər.
Papanov
və Karatayeva kurs yoldaşı idilər. Onlar bir-birinə ilk baxışdan
vurulmamışdılar, hissləri də Şekspirin ehtiraslı məhəbbət romanlarındakı qəhrəmanlar
kimi deyildi. «Mən dərslərə "gimnastyorka” və sapoqlarda gedirdim. Tolya buna
fikir verib bir gün: «Sən də müharibədə iştirak etmisən?» soruşanda «hə» cavabı verdim. Bu zaman o, dərindən nəfəs
alaraq dedi: «Allaha çox şükür ki, söhbət etməyə adam tapıldı». Beləcə, bizim
dostluğumuz başladı və tədricən məhəbbətə çevrildi. Dördüncü kursda biz evləndik.
O, kinodakı kimi, qadına pərəstişkarlıq etməyi bacarmırdı. Çox ciddi və sadə
ailədən idi, gözəl sözlər söyləyə bilmirdi, amma mənə həmişə qayğıkeşlik göstərərdi.
O vaxt məni daha bir nəfər sevirdi. Necə oldusa, bir gün Tolya ilə bu haqda
söhbət etməyə başladıq. Mən dedim ki, o, mənim xoşuma gəlmir. Papanov isə
soruşdu: «Bəs kim sənin xoşuna gəlir?» «Sən mənim xoşuma gəlirsən» dedim və münasibətlərimizə aydınlıq gətirdik.
1945-ci ildə qələbə günündə nikah üçün ərizə verdik. Birlikdə 43 il yaşadıq.
Vaxt keçdikcə bizim məhəbbətimiz bir-birini dərindən başa düşməyə qədər artdı».
Dedi-qodunu sevmirdi
Papanovun
aktyorluq taleyi uzun müddət baş tutmur. İşlədiyi Satira Teatrında ona epizodik
rollar tapşırılırdı. Buna görə o, çox fikir edirdi: «Axı, mən hiss edirəm ki,
oynaya bilərəm». Rejissorların onun aktyorluq qabiliyyətini hiss etmələri üçün
on illərlə vaxt tələb olundu. "Cavanlığında Otellonu oynamağı arzulayırdı,
ahıllığında isə Kral Liri”- deyə həyat yoldaşı xatırlayır: "Əfsus ki, bu
arzusunu həyata keçirmək ona müyəssər olmadı. Buna baxmayaraq, həyatında ciddi
rolları çox olmuşdu. Xalq arasında onun obrazları milliləşmişdi. Baxmayaraq ki,
özü bu rolları o qədər də sevmirdi. Söhbət «Brilyant əldə»ki Lyolikdən, «Düşərsən
əlimə» cizgi filmindəki canavardan gedir”.
A.Papanov
kontrabandist Lyolikdən sonra ümumittifaq şöhrəti qazanır. Filmin çəkilişləri
Bakıda, Krasnodarda və "Mosfilm”də gedirdi. O zaman Azərbaycan kinematoqraflar
üçün fabrik sayılırdı. İçərişəhər, Xəzər dənizi, Qobustan Türkiyə, İran,
Argentina, keçmiş SSRİ rejissorlarının sevdiyi yerlər idi.
"Brilyant
əl” filminin çəkilişləri Bakıda 15 gün uzanır. Qız Qalası, qala divarları, Cümə
məscidi, Şirvanşahlar sarayı filmdə turistlərə göstərilir. Sonra ekrana
«Çikanuk» aptekinin yerləşdiyi, məşhur «Lənətə gəlsin» sözlərinin səsləndiyi
Kiçik qala küçəsi gəlir. Təəssüf ki, Anatoli Papanova filmin heyətinin tərkibində
Bakıya gəlmək qismət olmur. Yaxın dostu Andrey Mironov xatırlayırdı: «Brilyant əl»in
çəkilişlərini yadıma salanda təəssüflənirəm ki, tərəf-müqabilim Anatoli Papanova
Bakını - onun özünəməxsus gözəlliyini görmək, Xəzər üzərində uçuşan qağayıların
nəğməsini dinləmək, İçərişəhərin dar küçələri ilə gəzmək qismət olmadı. Mənim
xatirələrim isə unudulmazdır”.
A.Papanov
filmdəki rolundan danışanda deyirdi: «Tamaşaçılar mənim "Brilyant əl”dəki
rolumu həmişə xatırlayırlar. Ancaq mən öz rolumdan o qədər də razı deyildim.
Olsun ki, obraz mənim daxili aləmimlə zahiri aləmimi tam əks etdirmirdi. Qəribədir
ki, tamaşaçılar mənim kinoda oynadığım rollar içərisindən həmişə məhz bu obrazı
xatırlayırlar. Ümumiyyətlə, mən səhnədə və ekranda personajı təcəssüm etdirməyə
o qədər də maraqlı deyiləm”.
Aktyorun
qızı Anatoliya Papanova Yelena xatırlayır: "Atam mənə danışardı ki, Lyolik
rolunu tamam başqa cür oynamaq arzusunda idi. Ancaq Qayday tələb etdi ki, bu,
üzündə səfeh gülüşü olan bir personaj olmalıdır. Əlbəttə, film pis alınmamışdı.
Sonralar lətifələr yaranmışdı. Amma bu rol heç vaxt atama yaxın olmamışdı. Buna
bənzər vəziyyət «Düşərsən əlimə» cizgi filmi ilə də baş vermişdi. Cizgi filmi o
qədər populyarlaşmışdı ki, atam yolla gedərkən uşaqlar arxasınca «Canavar gəlir!
Canavar gəlir!» deyib, qışqırışırdılar.
Bir gün atam Vyaçeslav Mixayloviç Kotyonoçkinlə qarşılaşır və ona deyir:
«Bilirsən, sənin Canavarın bütün həyatımı çeynəyib!»
Papanov
üçün ən vacib rollarından biri «Dirilər və ölülər» filmindəki general Serpilin
olub. Məhz bu rol Anatoli Dmitriyeviçin yeni qabiliyyətini üzə çıxarıb. Bu rol
alınmaya da bilərdi, çünki Papanov sonuna qədər ondan imtina edirdi. «Tolyanı
heç cür yola gətirmək olmur, bütün məsləhətlərə əl yelləyərək: «Məndən heç
general olar!” deyirdi» - deyə Nadejda Karatayeva xatırlayır: "Həm də bu rola
onu Simonovun özü məsləhət görmüşdü. Amma Tolya inad edirdi. O zaman mən ona «heç
utanmırsan, axı səndən hamı xahiş edir» deyərək, yola gətirməyə çalışırdım. O,
kitabxanadan «Dirilər və ölülər» kitabını götürüb oxuyandan sonra mənə dedi: «Bilirəm
nəyə görə məndən əl çəkmirdilər, orada yazılıb ki, Serpilov at sifətli olsa da,
ağıllı gözlü idi». Tolya öz xarici görünüşünə görə işə də şübhə ilə yanaşardı:
«Nəyə görə onlar məni belə tərifləyirlər? Başa düşmürəm. Mən oynadığım kimi
oynayıram».
Papanov
gündəlik həyatında necə idi? Dostları ilə həmkarlarının hamısı bir ağızdan belə
deyir: «O, çox ciddi və utancaq idi. Səhnədən kənarda diqqəti özünə çəkməyi
sevmirdi. Şəxsi işləri üçün diqqəti cəlb etməyə çalışmırdı. Hərdən bu, mənasız
olurdu. Məsələn, uzun müddət heç kim bilmirdi ki, Papanovun avtomobili var. O,
heç vaxt avtomobilini teatrın yaxınlığında saxlamazdı. Həmişə onu həmkarlarının
gözündən kənarda saxlayardı. Öz hərəkətini sadə dillə başa salırdı: «Bizim
aktrisalarımızın çoxu yamaqlı "kalqotka”da işə gəlirlər, birdən mən «Volqa»da
peyda oluram! Ədəbsizlikdir».
Papanovun
qızı Yelena danışır: «Bizə atamla birlikdə kinoya çəkilməyi mütəmadi olaraq təklif
edirdilər. Atam isə hər zaman imtina etmək üçün bəhanə tapırdı. Yalnız bircə dəfə
o, özü birlikdə işləməyi təklif etdi. Rejissor kimi «Axırıncılar» tamaşasını səhnəyə
qoyurdu. Ancaq bu tamaşanın premyerası artıq Papanov rəhmətə gedəndən sonra baş
tutdu. Bir gün avtomobildə gedərkən o, mənə dedi: «Len, orada sənə məxsus rol
var, mən bunu hiss edirəm». Bir müddətdən sonra mən ondan: "Nə oldu ata, mən
oynayacağam?»-deyə soruşanda, o, mənə cavab verdi ki, bu, münasib deyil: "Bəs
teatrdakılar buna nə deyərlər? Deyərlər ki, Papanov özgə teatrdan qızını gətirib”.
Atam dedi-qodunu sevmirdi».
Müəmmalı ölüm
A.Papanov
1987-ci ilin yayında «53-cü ilin soyuq yayı» filminə çəkilir. Ancaq bu film
onun ölümündən sonra Kino Evində nümayiş etdirilir. 1987-ci ilin 7 avqustunda
aktyor hamamda çimərkən vəfat edib. Ancaq bu, onun ölümü ilə bağlı
versiyalardan biridir. Həmin vaxt həyat
yoldaşı Riqada qastrolda idi. Deyilənə görə, aktyor film çəkilişlərindən sonra
evə gəlib, vanna qəbul etmək istəyib. Yorğun, isti bədəninə soyuq duş qəbul
edib və damarları buna dözməyib.
Həyat
yoldaşı isə onun ölümünü şübhə ilə qarşılayıb: "Anatoli heç vaxt ürəyindən şikayət etməmişdi. O,
soyuq sudan qorxmurdu, hətta oktyabr ayında da çimirdi». Həmçinin filmin çəkilişləri
üçün aktyora verilən 9 min rubl da evdən tapılmayıb. Ona görə A.Papanovun ölümü
ilə bağlı Rusiya mətbuatında yer alan məqalələrdə "müəmmalı ölüm” sözləri
xüsusi vurğulanıb. 31 oktyabrda Anatoli
Papanovun 95 yaşı tamam olmalı idi. Dünyasını dəyişəndə isə aktyorun 65 yaşı
vardı.
Rus mətbuatından
çevirdi
Təranə Məhərrəmova