• cümə, 29 Mart, 16:43
  • Baku Bakı 14°C

Ailəvi baxdığımız Yeni il filmləri

28.12.19 12:15 2836
Ailəvi baxdığımız Yeni il filmləri
İnsanlar müxtəlif olduqları kimi, düşüncələri, seçimləri də fərqlidir. Bu, film seçimi mövzusunda da eynidir. Hər kəs boş vaxtında izləmək üçü zövqünə uyğun filmlər seçir. Amma bu dəfə sizinlə Yen il əhval ruhiyyəsini əks etdirən filmlərin siyahısını bölüşəcəyik.
İlk film "Şaxta baba” (The Santa Clause) adlanır. Bu filmdə Yeni il ərəfəsində ata ilə oğulun münasibətlərindən danışılır. Belə ki, oğlu Çarli ilə münasibətlərində bəzi problemlər olan Skott Kalvin bir qəzaya şahid olur. Tapın görək bu qəza kimin başına gəlir? Yeni il ərəfəsində uşaqlara hədiyyə paylamalı olan Şaxta babanın. Qəzadan sonra yeriməyə çətinlik çəkən Şaxta baba bütün işləri Skottun üzərinə qoyur. Bu işi sevə-sevə üzərinə götürən Skott Şaxta baba libasını geyinərək uşaqlara hədiyyələr verir. Qısa zamanda yeni işini sevən Skottun, oğlu ilə də münasibətlərində dəyişikliklər müşahidə olunur.
İkincisi isə romantik komediya janrında olan "Tətil” (The holiday) filmidir. Baş rollarını Cud Loy, Kameron Dias, Keyt Uinslet və Cek Blek oynayırlar. Filmdə Yeni il tətilində evlərini dəyişən iki həmkar xanımın tətil boyunca yaşadıqları macəradan danışılır. Biri amerikan, digəri ingilis olan qəlbi qırıq xanımlar yeni eşq axtarırlar. Belə ki, bu xanımlardan biri xəyanətə uğrayaraq sevgilisindən ayrılıb, digəri isə uzun zamandır gizli sevdiyi bəyin başqa biri ilə nişanlandığını eşidir. Beləcə, xanımlar baş verən bu kədərli hadisələri unutmaq üçün bir-biriləri ilə ölkələrini, evlərini dəyişirlər.
"Qütb ekspresi” (The Polar Express) filmi isə 3-cü sırada yer aldı. Uşaqların sevərək izlədiyi bu animasiya filmində balaca oğlanın qatarda səyahət edən zaman başına gələnlərdən bəhs edilir. Bu film Şaxta babaya inanmayanlar üçün çəkilib desək, yanılmarıq. Filmi izlədikdən sonra fikirləriniz dəyişəcək. Balaca oğlan Şaxta babanın varlığına inanmır. Bu oğlan yeni il ərəfəsində qəribə bir qatara minir və qütbə doğru yola düşür. Yol boyunca qatarda bir çox möcüzəli hadisələr yaşanır. Bununla da balacanın Şaxta babaya olan inamı yavaş-yavaş geri qayıdır. Əslində, oğlan qatarın onu Cənub qütbünə apardığını bilmir. Filmi izləyərkən istər-istəməz hadisələrin təsirinə düşürsən. Oğlanın oradan necə qayıtdığını, başqa hansı hadisələrin şahidi olduğunu isə film izləyərkən biləcəksiniz.
"34-cü küçədə möcüzə” (Miracle on 34-th street) filmi 4-cü sıradadır. Yeni ilin bütün ab-havasını özündə əks etdirən bu film, ən çox izlənənlər arasındadır. Fantastik komediya janrında olan film, Kris adlı bir bəyin Şaxta baba qiyafəsi geyinməsi ilə başlayır. Kris işini o qədər sevir ki, bir müddət sonra özünün həqiqətən də Şaxta baba olduğuna inanmağa başlayır. İmkansız deyə bir şeyin olmadığını Yeni il gecəsi bizə xatırladan bu filmin baş rolunda Hollivudun unudulmaz siması Natali Vudun 9 yaşındakı halını görürük. 96 dəqiqəlik film ilk dəfə 1947-ci ildə çəkilib. Oskara layiq görülən bu film, 1973-cü ildə televiziya, 1994-cü ildə isə kinotetar üçün yenidən çəkilib.
Yeni il əhval-ruhiyyəli filmlərdən danışıb, "Evdə təkbaşına” (Home alone) filminin adını çəkməsək, olmaz. Eyni ad altında 4 film çəkilib. "Evdə təkbaşına 1,2,3,4,” adı ilə məşhurlaşan bu kinolar uşaqlarla birlikdə böyüklərin də ürəyinə yol tapıb. Böyük həvəslə ailəvi şəkildə izlənilən bu filmlər içərisində "Evdə təkbaşına 1 və 2”-də yer alan Kevin daha çox sevilir. Evə girib soyğunçuluqla məşğul olan oğrulara qarşı öz üsulları ilə mübarizə aparan Kevini izləməkdən yorulmayanlar, illərdir ki, hər Yeni il ərəfəsində bu filmin kanallarda nümayişini böyük həvəslə gözləyir.
Günel Azadə
banner

Oxşar Xəbərlər