• cümə, 29 Mart, 11:26
  • Baku Bakı 5°C

“Ailədə problem” ifadəsinə gülüb keçən cütlük- Ailə

16.12.16 11:32 6637
“Ailədə problem” ifadəsinə gülüb keçən cütlük- Ailə
Vüsal Məmmədov: "Qadın nə qədər güclü olsa da, kişidə onu müdafiə etmək instinktini öldürməməlidir”
Nərmin Məmmədova: "Xoşbəxtliyi maddiyyatda görmək, ailə dəyərlərinə diqqət etməmək qadının primitivliyini göstərir”
Pozitiv və səmimidirlər. Ən əsası, problemsiz ailədir. Onlara görə, sevmək bir-birinə baxmaq deyil, iki nəfərin eyni istiqamətə baxmasıdır. Bu prinsiplə hərəkət etdikləri üçün aralarında heç bir ziddiyyət olmur və maraqlar da toqquşmur. Belə olan halda, "ailədə problem” ifadəsinə, sadəcə gülüb keçirlər...

"Ailə” rubrikamızın bu dəfəki qonaqları "Azvision.az” saytının baş redaktoru Vüsal və xanımı Nərmindir. Məmmədovlar ailəsinin Ayla adlı 7 aylıq qızları var.
Həmişə olduğu kimi, bu dəfə də müsahiblərimizin tanışlıq tarixçəsindən başlayaq.


"Niyə ağ ayılar pinqvinləri yemir?”

Həmsöhbətlərimiz "vasitəçilik” üsulu ilə tanış olub, evləniblər. Amma bu tanışlığın tarixçəsi olduqca gülməli və maraqlı olub. Nərminin "ev qızı” kimi təqdim edilməsi indiyə kimi Vüsalın dilindən düşmür: "Nərmin haqqında mənə danışanda, "facebook” profilini istədim. Dedilər ki, dəlisən-nəsən, o, "ev qızıdır”, facebookda yoxdur. Dedim, yaxşı, heç olmasa, "instaqram”ını verin. Dedilər "yox, nə danışırsan? İnstaqramı heç yoxdur!” Dedim, bəs necə əlaqə yaradım? Telefon nömrəsini verdilər. Mən də ilk mesajımda yazdım ki, "sizcə, niyə ağ ayılar pinqvinləri yemirlər? Təsəvvür edin, sizə bir qızın nömrəsini verirlər və siz onu tanımırsınız. Bilmirsiniz kimdir, necə adamdır, xasiyyəti necədir, nə ilə maraqlanır? Nə yazmalısan? Pinqvin söhbətini ona görə yazdım ki, nə cavab verəcəyi maraqlı gəldi”.

Sirli "V” hərfi və "çırpışdırılan parol”

Nərmin Vüsalın nömrəsini tanıdığı və ondan mesaj gözlədiyi üçün bu mesajı yazanın kim olduğunu anlayıb: "O mesajları indiyə qədər saxlayıram. Cavab yazdım ki, "bilmirəm”. O da ardınca yazdı ki, yəqin deyəcəksiniz, "bu necə maraqsız, duzsuz adamdır, ilk dəfə qıza gör, nə yazır?” Dedim yox, bu, əslində sizin maraqlı adam olduğunuzu göstərir. Həmin gün qonşuda xınayaxdı idi. Əlimə xına yaxanda, qızlar təsadüfən "V” hərfini yazdı. Bu hadisədən 10-15 dəqiqə sonra Vüsaldan həmin mesaj gəldi. Ondan sonra yazışmağa başladıq. Vüsalın "facebook” profili olduğu üçün şəkillərini rəfiqəm mənə göndərmişdi. İlk görüş yerimiz isə opera oldu. Təsəvvür edin, bu, mənim operaya ilk gedişim idi. Həm ilk dəfə operaya getdim, həm də Vüsalı gördüm. Sonra sıx-sıx görüşməyə başladıq”.
Vüsal: "Xöbəxtlikdən, mən ev oğlanı deyildim, facebook profilim var idi. Şəklimi oradan götürmüşdülər. Sonra bir müddət ev qızı söhbəti dilimə düşdü. Nərmini inandırdım ki, facebook profili açsın. Hətta necə açmaq lazımdır, necə dost yığmaq lazımdır - hamısını özüm başa saldım. Amma indi peşmanam. Çünki Nərmin mənim parolumu "çırpışdırıb” facebookumu izləyir” (Gülürlər – A.Ə.).
Nərmin: "Vüsal əvvəl deyirdi ki, ərlə-arvad arasında gizli münasibət olmamalıdır, parolu bir-birinə verməlidirlər. Amma sonra peşman oldu. İndi sözünü geri götürmək istəyir, amma söz bir dəfə deyilib, geri dönüş yoxdur”.
...Nərmin bizim yanımızdaca Vüsaldan ilk görüş tarixlərini soruşur. Vüsal apreldə olan bütün tarixi hadisələri əzbərdən sayır: İnsanın kosmosa ilk uçuşu, Azərbaycanda Sovet hakimiyyətinin qurulması, Leninin anadan olması... Amma ilk görüşlərini xatırlaya bilmir. "Nə edim, elə də ciddi bir tarixi hadisə deyil ki, yadımda qalsın”, - deyir. Nərmin bunun günahını özündə görür. Başı uşağa qarışdığı üçün Vüsala son vaxtlarda həmin günü xatırlatmayıb: "Görünür, tarixlərin üzərindən təkrar keçməliyik”.


"Onu ovuc içi kimi görürdüm”

Cütlüyümüz bir-birini zamanla tanıyıb sevib. Onları bir-birinə cəlb edən xüsusiyyətlərə gəlincə, Vüsal deyir ki, ilk gündən Nərmindən müsbət enerji alıb: "Mən yaşca Nərmindən böyüyəm. O zaman mənim 35, Nərminin 24 yaşı var idi. Bu, mənim üçün elə bir dövr idi ki, artıq qadınları tanıyır, həyatı dərk edirdim. Nərmin isə sadəlövh qız idi. Həyat təcrübəmdən irəli gələrək, Nərminin xarakterini ovuc içi kimi görə bilirdim. Hər bir şeyi başa düşürdüm. Əgər həmin vaxt 24-25 yaşında olsaydım, heç nə başa düşməzdim. Necə ki, vaxtilə başa düşməmişəm... Bir insan, bir qadın kimi Nərminin hər bir hərəkəti mənə aydın idi. İndi də görürəm ki, yanılmamışam. Nərmin haqqında düşündüklərimin hamısı düz idi”.
Nərmin isə düşünür ki, hər bir qadın Vüsal kimi kişi ilə ailə qurmaq istəyər: "Vüsalın xasiyyətində o qədər müsbət cəhət var ki... Vüsal qətiyyən bir qadını incitməz. Gecikən yeməyə, ütülənməyən paltara görə ağzını açan deyil. İnsani xüsusiyyətlərinə gəldikdə, hər bir qadının arzusunda olduğu ideal kişilərdəndir. Dürüstlüyünü, səmimiliyini bəyənirəm. Ən gözəli isə odur ki, tək mənə yox, bütün insanlara qarşı belədir”.

"Qısqanc qadın fəlakətdir”
Müsahiblərimizlə ailədə ideal qadın və kişinin xüsusiyyətlərini də müzakirə etdik. Vüsal deyir ki, qadın kişini bezdirməməlidir: "Qadın üçün birinci qızıl cəhət budur. Çünki kişi çox şeyə dözər, yola verər. Amma bezəndə, daha olduğu məkana sığmır və qaçmaq istəyir. İkincisi, yaxşı olar ki, qadın kişinin azadlığını tanısın və hörmət etsin. Kişi dovşan deyil ki, onu qəfəsə salıb, kələmlə yemləyəsən. Qadın kişiyə öz əşyası kimi yanaşmamalıdır. Əgər kişi ailə qurubsa, o demək deyil ki, hər şeydən imtina etməlidir. Təbii ki, onun dostları ilə münasibəti də, marağı da, hobbiləri də hamısı yerində qalır. Dəyişən odur ki, bir ailəsi var. Qadın bunu başa düşməlidir. "Kişinin bütün vaxtı mənə aiddir” kimi bir tələb qoymamalıdır. Ən əsası, qısqanc olmamalıdır. Qısqanc qadın həqiqətən fəlakətdir. Kişinin həyatında 12 ballıq zəlzələ kimidir”.

"Qısqanmaq zəiflikdir”

Bu keyfiyyətlərin hamısı Nərmində var, amma hər qadın kimi o da qısqancdır: "Mən isə deyiləm. Nərmin dərk etmir ki, bu, necə böyük bir xoşbəxtlikdir. Ərlərinin qısqandığı çox qadın tanıyıram ki, bundan əziyyət çəkirlər. Nərmin mənim onu qısqanmamağımı hərdən biganəlik kimi qəbul edir. Amma belə deyil. Qadına inanırsan və onu qısqanmırsan - bu, insanın şəxsiyyətinin gücüdür... Məncə, qısqanmaq zəif insanların işidir. Mənim də, deyək ki, 10 il əvvəl yaşadığım münasibətlərimdə qısqanclığım olub. Amma bu gün baxanda görürəm ki, çox mənasızdır. Yəqin ki, Nərmin də yaşa dolduqca daha təmkinli olacaq, daha az qısqanacaq. Amma məni narahat edən tək xüsusiyyəti Nərminin qısqanclığı və məni bəzi şeylərdə izləməyidir. İnsanın izləndiyini bilməsi xoş deyil. Qalan hər şey yerindədir. Mən Nərminlə istədiyim həyatı yaşayıram. Hansısa hobbi ilə məşğul olanda, kitab oxuyanda, filmə baxanda, digər şəxsi işlərim olanda Nərmin mənə mane olmur. 100 haldan 90-da başa düşür. Buna görə çox sağ olsun”.
Nərmin isə deyir ki, əsil kişi ailəsinə dəyər verməlidir: "Bütün kişilər anlayışlı olmalı, ailəsinə qiymət qoymalıdır. Hər zaman hiss etdirməlidir ki, bu ailə onun üçün dəyərlidir. Məncə, bunlar kifayət edir. Bizim aramızda elə bir münasibət var ki, nəyi etməli və nəyi etməməli olduğumuzu bilirik. Bir-birimizi tanıyırıq. Mən bilirəm ki, bunu etsəm, Vüsalın xoşuna gəlməyəcək. Etmədiyim üçün aramızda əlavə söz-söhbət çıxmır”.
"Biz dalaşmamışıq”
Vüsal da Nərminin fikirlərini təsdiqləyir: "Biz, ümumiyyətlə, heç vaxt dalaşmamışıq. Tam səmimi deyirəm. Ciddi söz-söhbətlərimiz, problemlərimiz də yaranmır. Mən, ümumiyyətlə, anlamıram ki, ailədə problem niyə olmalıdır axı?! Maliyyə problemi, iş problemi ola bilər, bu, ayrı məsələdir. Amma ailədə şəxslər arasında niyə problem olmalıdır? Ailədə problem ondan başlayır ki, ərlə arvad bir-birinin düşüncələrini, həyata baxışlarını qəbul etmək istəmirlər. Bu, kişinin eqosuna toxunur ki, niyə mənim sözümü arvadım qəbul etməsin?! Həmçinin qadının da öz eqosu olur, "mənim sözümü niyə ərim qəbul eləmir deyə” qıcıqlanır. Bunları başa düşsən, problem olmaz. İstənilən psixi terapiyanın kökündə problemi anlamaq durur. Psixoloji problemlərin mahiyyəti elədir ki, onları anlayanda avtomatik aradan qalxır”.
Azadlıq nədir?

Cütlüyümüzün xoşbəxtliyinin sirri bir-birilərini anlamalarıdır. Vüsal deyir ki, heç bir kişinin qadına qadağa qoymağa haqqı yoxdur: "Bizim ailədə "mən belə istəyirəm” söhbəti yoxdur. Çərçivəni özün-özünə qoy, nə istəyirsən et. Azadlıq odur ki, insan məhdudiyyətlərini özü müəyyənləşdirir. Biz Nərminlə tanış olanda artıq bu anlayış var idi. Nərmin öz çərçivələrini müəyyənləşdirə bilir. Onun özünə qoyduğu çərçivələr məni nəinki qane edirdi, hətta düşünürdüm ki, özünə qarşı çox sərtdir. "Mən kişiyəm, mən deyən olmalıdır” anlayışını başa düşə bilmirəm. Mənim kişi olmağım o demək deyil ki, qadına nəyisə qadağan etmək hüququm var. Belə bir hüququ mənə nə Ailə Məcəlləsi verib, nə də Mülki Məcəllə. Heç bir qanun heç kimə belə bir ixtiyar verməyib ki, sən kişisənsə, nəyisə qadağan edə bilərsən”.


Ağıllı qadın odur ki...


Övladları Aylanı necə tərbiyə etmək istədiklərinə gəldikdə isə, müsahiblərim qızlarını azad ruhlu, özünə güvənən və hüquqlarını bilən fərd kimi böyütmək istəyirlər.
"Qız uşağına öz hüququnu və azadlıqlarını tanıtmaq lazımdır”, - deyir Vüsal: "Çünki böyüyən gündən hamı onun hüquqlarını pozmağa çalışacaq. Bunu qohumlar da, məktəbdə sinif yoldaşları da, sevdiyi oğlan da, gələcəkdə həyat yoldaşı da etmək istəyəcək. Hər kəs qızın hüquqlarını məhdudlaşdırmağa çalışır. Bu səbəbdən, qızda azad şəxsiyyət ruhu olmalıdır. Ən azı, başa düşsün ki, ona nəyi qadağan edə bilməzlər və nəyi özü seçə bilər. Bunun üçün də güclü insan olmalıdır. Təkcə bizdə yox, bütün dünyada qadının xoşbəxt olması üçün onun daha güclü olmasına ehtiyac var. Qız uşağının güclü şəxsiyyət kimi tərbiyə olunması daha vacibdir, nəinki oğlan uşağının. Lakin burada çox həssas bir məqam var. Qadın nə qədər güclü olsa da, kişidə onu müdafiə etmək instinktini öldürməməlidir. Bizim beynimiz müasir sivilizasiyada yaşamaq üçün formalaşmayıb. Biz yüz min illərlə mağarada yaşayan insanlar olmuşuq. Şəhər svilizasiyasının uzağı 5000 il yaşı yar. Bizim beynimiz şəhərdə yaşayan insanın beyni deyil, mağarada yaşayan insanın beynidir. Mağarada qadın zəif idi, kişiyə qulluq edirdi, kişi isə onu müdafiə edirdi. Amma müasir sivilizasiya modeli bizə deyir ki, qadının kişinin müdafiəsinə ehtiyacı yoxdur, onlar bərabərdirlər. Bu, beyində alt şüurda oturuşmuş modelin krizisinə gətirib çıxarır. Ailədaxili zorakılıqlar buna görə meydana çıxır. Hamısı insan beyninin şəhər sivilizasiyasına alışa bilməməsinin nəticəsidir. Kişi o vaxt xoşbəxtdir ki, qadınını qoruduğunu hiss edir. Bu zaman özünün beynində proqramlaşmış missiyasını yerinə yetirdiyi üçün məmnun olur. Hesab edir ki, öz təyinatını icra edir. Amma kişi görəndə ki, qadın güclüdür, heç bir müdafiəyə ehtiyacı yoxdur, o zaman şüurda çaşqınlıq yaranır ki, yaxşı, bəs mənim rolum nədən ibarətdir? Kişinin mövcudluğunun mahiyyəti itir, ekzistensial krizis başlayır. Ağıllı qadın odur ki, həmişə kişidə o hissi saxlaya bilsin ki, mənim sənin müdafiənə ehtiyacım var. İşini elə qursun ki, kişi həmişə buna inansın. Belə kişi həmişə xoşbəxt olacaq. Kişi xoşbəxt olsa, qadın da rahat yaşayacaq. Mən istərdim ki, qızım bu məsələləri başa düşsün. Bunları başa düşmək asan deyil. Bunu başa düşmək üçün yüzlərlə kitab oxumaq, xeyli çətinliklərdən çıxmaq, həyatın müxtəlif üzlərini görmək lazım gəlir. Gənclər bunu anlaya bilmirlər, 40 yaşdan sonra başa düşürlər ki, söhbət nə imiş. Mən çalışacağam ki, qızım güclü olsun, həm də özünün seçdiyi kişiyə, onun müdafiəsinə ehtiyacı olduğunu hiss etdirsin”.

Əsl ailə budur…
Sonda cütlüyümüz ailə qurmaq istəyən gənclərə məsləhət verdi. Nərmin deyir ki, ilk olaraq ailə quracaqları insanın şəxsiyyətinə fikir versinlər. Maddiyyat ön planda olmamalıdır: "Belə düşüncəli qızlara baxanda məyus oluram. Çox xırdalıqlara, lazımsız nüanslara diqqət edirlər. Xoşbəxtliyi maddiyyatda görmək, ailə dəyərlərinə diqqət etməmək qadının primitivliyini göstərir. Halbuki ilk olaraq qarşındakının şəxsiyyətinə, insani hərəkətlərinə, cəmiyyətdə roluna baxmaq lazımdır”.
Vüsal: "Moskva göz yaşlarına inanmır” filmində belə bir fraqment var. Qız polkovnikə ərə getmək üçün onu dilə tutmağa çalışır. Amma onun arvadı gəlib qıza deyir ki, əgər sən polkovnikə ərə getmək istəyirsənsə, əsgərə gedib, onunla bir yerdə polkovnik vəzifəsinə çatana qədər yaşamalısan. Bizim qızlar bunu başa düşmürlər. Məcazi mənada desək, birbaşa polkovnikə ərə getmək istəyirlər. Halbuki, sosial nərdivanda özünün səviyyəsində olan bir oğlana ərə gedib, onunla bir yerdə sosial pillələri qalxmaq düzgün variantdır. 25-26 yaşındakı oğlandan böyük qazanc, ev, maşın gözləmək düzgün deyil. Bir yerdə ailə kimi yaşayaraq, onun karyerasının inkişafını səbirlə gözləməli və dəstək olmalıdır. Əsil ailə budur. O zaman gec-tez hər şey əldə olunacaq”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər