AZE | RUS | ENG |


AÇG-də iştirak payları açıqlanıb

AÇG-də iştirak payları açıqlanıb
Azərbaycan hökuməti və tərəfdaşlar Azəri, Çıraq və dərinsulu Günəşli üzrə dəyişdirilmiş və yenidən işlənmiş hasilatın pay bölgüsü sazişini imzaladılar
 
Azərbaycan hökuməti  və SOCAR,  BP, "Chevron", "Inpex", "Statoil", "ExxonMobil", TPAO, "Itochu" və "ONGC Videsh" şirkətləri ilə birlikdə bu gün "Azəri", "Çıraq" yataqları və "Günəşli" yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilib və yenidən işlənmiş sazişi imzalayıblar. 
 
"BP-Azərbaycan" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, saziş Milli Məclisi tərəfindən ratifikasiya olunmalıdır.
 
Saziş bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyevin və bir qrup yüksək səviyyəli xarici hökumət və dövlət rəsmilərinin iştirak etdiyi tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev və tərəfdaş şirkətlərin nümayəndələri tərəfindən imzalanıb.

Hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən BP layihənin operatoru olaraq qalacaq.
 
Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3,6 mlrd. dollar bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə 40 mlrd. artıq sərmayə qoyulması potensialı var.
 
Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP- 30,37%; AzACG (SOCAR)- 25%; Chevron- 9,57%; "Inpex" - 9,31%; "Statoil" - 7,27%; "ExxonMobil" - 6,79%; TPAO - 5,73%; "Itochu" - 3,65% və "ONGC Videsh Limited (OVL)" - 2,31%.

Bu sazişin ardınca, SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirməsi məqsədi ilə mühəndis-layihə işlərinin irəli aparılması haqqında razılaşma əldə olunub.
 
SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, bu gün Azərbaycan üçün əlamətdar bir gündür: "Bu gün bizə "Əsrin Müqaviləsi”nin imzalandığı vaxtı xatırladır. O dövrün çətin siyasi və iqtisadi şəraitinə baxmayaraq, ulu öndərimiz Heydər Əliyevin gərgin səyləri nəticəsində AÇG üzrə ilk müqavilənin imzalanması ilə Azərbaycanın sonrakı iqtisadi inkişafının təməli qoyulub. 1994-cü ildə ilk müqavilə imzalanandan bəri AÇG-yə 33 mlrd. dollar sərmayə qoyulub və 440 mln. ton neft hasil edilməklə ölkəmiz 125 mlrd. dollardan çox birbaşa mənfəət əldə edib. Bu gün SOCAR ilə tərəfdaş şirkətlər arasında aparılan danışıqlara yekun vuraraq, razılaşdırılmış şərtlər əsasında AÇQ layihəsi üzrə 2049-cu ilin sonunadək davam edəcək yeni müqaviləni imzaladıq. Yeni müqavilənin şərtləri Milli Məclis tərəfindən təsdiqlənəndən  sonra qüvvəyə minir ki, bununla da növbəti 32 il ərzində AÇG-nin ölkəmizə gətirdiyi iqtisadi mənfəətləri maksimuma çatdıracağıq. Yeni müqavilənin  şərtləri ölkəmizin və şirkətimizin 1994-cü ildən bəri artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını da göstərir və artıq reallıq olan tərəfdaşlığımızı yeni müstəviyə qaldırır".
 
BP şirkətinin baş icraçı direktoru Bob Dadli ötən 23 il ərzində "Əsrin Müqaviləsi" Azərbaycanı, Avropaya enerji təchizatını və bu işləri uğurlu etmək üçün əlindən gələni etmiş hər birimizi  həqiqətən dəyişib: "Bu gün imzalanmış saziş Azərbaycanın tarixində, bəlkə də, daha əhəmiyyətli bir hadisədir, çünki bu, növbəti 32 il ərzində bizə birlikdə çalışaraq AÇG-nin uzunmüddətli işlənmə potensialını həyata keçirmək və yeni sərmayələr, yeni texnologiyalar və yeni birgə səylərlə onun neftvermə əmsalını maksimuma çatdırmaq imkanı verir. Bu baxımdan, düşünürəm ki, bu sazişi Yeni Əsrin Müqaviləsi adlandırmaq düzgün olar".
 
AÇG üzrə mövcud hasilatın pay bölgüsü haqqında saziş 20 sentyabr 1994-cü il tarixində imzalanıb. O vaxtdan bəri yatağın işlənməsinə təqribən 33 mlrd. sərmayə qoyulub.
 
İlk neft "Çıraq" yatağından 1997-ci il noyabrın 7-də əldə edilib. İndiyədək AÇG-dən təqribən 3,2 mlrd. barel (təqribən 440 mln. ton) neft hasil edilib və bu neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə daşınıb.
 
AÇG-dən həmçinin ümumilikdə 30 mlrd. kubmetrdən artıq səmt qazı Azərbaycan hökumətinə təhvil verilib.

2017-ci ilin birinci yarısında AÇG-dən gündəlik orta hesabla 585 000 barel hasilat əldə edilib.
 
Hazırda AÇG-də 8 platforma - 6 hasilat platforması və 2 texnoloji platforma var. Bu platformalardan neft və qaz dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalına nəql olunur.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6280
GBP 1 İngilis funt sterlinqi 2.2440
TRY 1 Türk lirəsi 0.4395
KWD 1 Küveyt dinarı 5.6270
SEK 1 İsveç kronu 0.2015
EUR 1 Avro 1.9941
CHF 1 İsveçrə frankı 1.7189
USD 1 ABŞ dolları 1.7002