• cümə, 19 Aprel, 13:45
  • Baku Bakı 25°C

Afrikanın düşüncəsini dəyişən adam

19.09.16 14:09 2282
Afrikanın düşüncəsini dəyişən adam

Onun əsərlərini İspaniyada tapıb, oxumaq bir qədər çətin məsələdir. Amma yazdığı hər bir əsər çağdaş dünyanın bəşəri ideyalar təbliğ edən bünövrə əsərləri arasında yer alır. Uole Soyinka sərt tənqid etdiyi Nigeriyada yaşayır. O, əksəriyyətin "Nigeriyanın Mandelası” kimi tanıdığı populyar bir rol-modeldir.Oviedoda "Rekonkista” otelinin salonunda var-gəl edir, tez-tez qayğıyla saata baxırıq. Nigeriyalı Nobel Ədəbiyyat mükafatlı yazar Uole Soyinka YUNESKO və Avstriya Krallığı Fondu tərəfindən tərtib edilmiş "Dünya Şeir Günü”ndə iştirak etmək üçün təşrif buyurduğu paytaxtın bu görkəmli məkanında gecələyir. Budur, masaya yaxınlaşır və gecikdiyi üçün gülümsəyərək, üzr istəyir: "Gərək ki, bağışlayasınız. Əsirləri azad etməklə məşğul idim”.

"Necə yəni? Sən nə danışırsan Uole” – masanın hardasa digər tərəfində əyləşmiş şair Derek Uolkot təəccüblə soruşur.

"Nigeriya deltası nəhəngləri "Shell”də işləyən doqquz şərqlini qaçırıblar. Onları buraxmaqları üçün telefonla əlaqə saxlamalı oldum. Niyə burun sallayırsan, Derek?! Altısının həyatını xilas etdim, qaldı üçü. Amma görəcəksiniz, onları da xilas edəcəyik...”.

Nigeriya insanın bezib-darıxacağı bir ölkə deyil. Bu hadisədən bir ay sonra Londondan Laqosa gedən təyyarədə oturub, Oviedodakı ilk görüşümüzü xatırlaya-xatırlaya nigeriyalı didərginlər üçün buraxılan "The Week” dərgisini vərəqləyirəm. Dərgidə "Xainlərə ölüm” başlığı altında Nigeriya deltasında ağalıq edən dəniz quldurluğu ilə tanınan ailələrin portretləri yer alıb. Ədəbiyyatla bağlı bir müsahibə üçün dünyanın cinayət, aclıq, səfalət, xəstəliklə pəncələşən şəhəri Laqosa getmək çılğınlıqdır.

Buludlu adam Siyonka

Laqosa düşdükdən sonra yolun müəyyən bir nöqtəsində görüşmək qərarı almışdıq. Gəldiyimizi görən kimi bizi salamlamaq üçün maşından düşdü. Enerjili, uzunboylu topa buludu xatırladan saçları çox xoş təsir bağışlayır. Bu ölkənin demokratiya mübarizəsi fiquru deyir: "İlin üçdə birini Amerikada, üçdə birini Nigeriyada, qalanını təyyarələrdə keçirirəm”.

1960-cı ildə Nigeriya Böyük Britaniyadan ayrılıb, müstəqilliyini elan etdikdən bəri müxtəlif siyasi rejimlərin ilk hədəfi oldu, illərlə müxtəlif ittihamlarda həbs olundu, təzyiqlərə məruz qaldı, ən sərt üsullarla cəzalandırılan bu müdrik adam istiqanlılıqla bizi qucaqlayır: "Xoş gəldiniz. Laqosda vaxt itirmədən Abeokutaya gedirik, gəzməyə. Bir saat yarımlıq yolumuz var. Mən 1934-cü ildə orda anadan olmuşam”. Yeni yazdığı "Dan yeri söküləndə yola çıxmalı” əsəri haqqında danışır:"Hekayədə istədiyiniz obrazı öldürə bilər, başqa bir yerə göndərə bilərsiniz. Onu kiməsə aşiq edə də bilərsiniz. Xəstələndirə bilərsiniz. Hekayədə müəllif Tanrı olmağın əlçatmazlığını yaşayır. Amma burada... Offf.... Göz açıb-yumana kimi bir-birini əvəzləyən hərbi hökumətlər oldu. Bu isə neft hasilatı və tədürükü sistemini alt-üst etdi. Əkinçilik kimi gələcək vəd edən sahələr dağıldı. Neft bir anda hər şeyi sildi, sistemin mərkəzinə yerləşdi. Nigeriya varlı hökumətdir. Zamanla insanlar yaşamaq üçün işləmək, istehsal etmək bacarıqlarını da itirdilər. Müstəqil bir idarəetmə sistemi və demokratik yolla alınmış qanunların işə salındığı bir məclis istəyirik”.

Nəhayət, yazarın Abeokuta dağlarının tropik meşələrinin ortasında yerləşən, buna yüksələn də demək olar, dörd tərəfdən nadir tropik ağaclarla əhatələnmiş, müasir dizaynlı, qırmızı örtüklü nəhəng memarlıq əsərini xatırladan evinə çatırıq: "Nobel mükafatını qazananda pul yağışına düşdüm. Ailəmin yeddi nəsildir, qazandığından, yığdığından daha çox pulum var idi. Yazarlar üçün rahat işləyə biləcəkləri, insanın bütün daxili, xarici sistemini yeniləyən bir yer, atelye açmaq istədim. Düzdür, indi qırıq-sökükdür, mən həbs olunanda əsgərlər onu vəhşicəsinə dağıdıblar. Amma yenidən təmir edirik. Müxalif demokratların səs yazıları arxivinin məndə olduğunu düşünürdülər. Axtarış adı ilə evi məhv etdilər. Heç nə də tapılmadı”. Sonra evini gəzdirir: "Burda elektrik generatorum, günəş panellərim, qaz trubalarım, bir də su quyum var. Nazir Obasanjo söz vermişdi ki, iki ilə buraya işıq çəkiləcək. İndi də deyir ki, 2056-dan sonrakı nəsillərə qismət olacaq bu səadət”.

Yazarın Tanrısı olmaq

Ogun Soyinkanın Tanrısıdır. Adı olan bir Tanrı. Uole Yoruba tayfasından olduğu üçün mövcud alternativ tanrılardan birini seçmişdi. Yorubalar ölkə əhalisinin 21%-ni təşkil edir. Afrikanın ən böyük incəsənət xadimləri və əkinçilik mütəxəssisləri bu tayfadan çıxıb. Bir zamanlar qullara qoşularaq Kuba və Camaykaya yayılıblar. Lakin, Yoruban sülhsevər və insanın azadlıq və mənəvi təmizliyini müdafiə edən fəlsəfəsi ilə bu ölkədə varlığını hələ də qoruyur: "Həm xristian, həm də müsəlman azlıqlar var burada. Onların bircə məqsədi var, başqalarını məhv etmək, yox etmək. Hansı əsaslarla hamıdan və bütün inanclardan üstün olduqları qənaətinə gəliblər bilmirəm. Xırda ərazilərdə qətliamlar törədir, onsuz inancın da başqa heç nəyi qalmamış insanların inandıqları tanrıların heykəllərini dağıdıb, məhv edirlər. Bu məni çox təəssüfləndirir. İnsanı yer üzündə ən çox heyran edən fərqlilikdir. Eyni sistemlə çalışan milyardlarla insan var bu dünyada. Eyni yolla böyüyən, çoxalan milyonlarla canlı. Dünyanın bütün sehri, mənası, özünəməxsusluğu bu fərqlilikdə, fərqliliklərin bir-birini tamamlamasında, bir yerə gəldikdə möhtəşəm görünməsində deyilmi? Məktəb yolunun ən gözəl hissəsi yolumuz üstündə hər gün eyni saatda rəngli paltardakı dindar insanların müxtəlif Allahlara sitayiş mərasimi idi. Dünyanı bir rəngə, bir inanca, bir ölkəyə, bir ələ bağlamaq üçün verilən bu mənasız savaşın sonu yoxdur”.

"Bəs sizin qoruyucu Tanrınız Ogun, o necə bir Tanrıdır?”. "Mən nə diniar adamam, nə də ibadət edən. Elə olmaq yaxşı deyil. Amma Ogun həyat yolum da daxil olmaqla, girdiyim bütün yollardakı müqəddəs yoldaşdır. Müxtəlifliklərdən ibarət təbiətin və insanın dərisinin altındakı ikili təbiətinin simvoludur. Onun fəlsəfəsi ilə özümü tanımaq mənim üçün müstəqillik oldu. O, yalnızlığı sevənlərin Tanrısıdır. Xəyalpərəst bir ovçudur. Xristian və müsəlmanların inandığı Tanrıdan fərqli olaraq, o hər gün yenilənir, zamanla, ona inananların duyğuları ilə ayaqlaşır. Bütün dinlərin yaradıcıları, bütün çoxallahlı dinlərdəki Tanrılar olduqca insansayaq yaşayırlar – inanılmaz səhvlər edirlər, böyük əksəriyyəti şəhvətlə doludurlar, bəziləri qeyri-insani cəzaların arxasına sığınır... Bu Tanrılar belə özündə ikili yaşayan adi bir insanı təcəssüm etdirir”.

Abeokutaya yolunuz düşərsə, o qayalara dırmanın. Bu dağların təpəsindən ayaqlarınızın altına möhtəşəm bir mənzərə açılır. Qulağınızda Siyonkanı hər gün məktəbə getmək üçün oyadan azan səsi...

Nigeriyalı Mandela

Şəhərin mərkəzi bazarı onsuz da rəngli, hərəkətli, özünəməxsus ədviyyat ətri olan yerdir. Soyinkanın bazara addım atmağıyla bir anda ətrafımız insan bazarına döndü. Qadınlar öz yaşlarına uyğun olaraq, ona sevgilərini ifadə etmək üçün, "Oğlum”, "Atam” kimi ifadələrlə müraciət edirlər. Ona niyə Nigeriyanın Mandelası deməklərinin, hakimiyyətə gəlməsini istəməklərinin səbəbi ortadadır: "Qətiyyən! Dəfələrlə dilimlə rədd etdim hakimiyyəti. Bu, mənim təbiətimə tərsdir. Azadlıq və güc əsla bir yerdə ola bilməz”. "Bəlkə, Mədəniyyət Naziri?”. O heç olmaz. Dünyanın ən məsuliyyətli olmalı olduğu halda, hər şeydən narazı qalan insanları – sənətçilərlə əlləşmək məcburiyyətində qalacaqdım. Türmə rəisi olmağı ondan üstün tutaram”.

Xavi Ayen

"Rebeldia de Nobel” ("Nobeldən daha çox”) kitabından

Tərcümə etdi: Elcan SALMANQIZI

banner

Oxşar Xəbərlər