AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

AFFA “Rəvan”ın baş məşqçisini cəzalandırdı

AFFA “Rəvan”ın baş məşqçisini cəzalandırdı

İdman
11 Dekabr 2012, 17:40 1339
“Mən hakimlərlə problem yaranmasının əleyhinəyəm. Lakin bizə qarşı haqsızlıq olduğu açıq-aşkar görünür. “Neftçi” ilə oyunda baş hakim Anar Salmanov bizim yüzfaizli penaltimizi vermədi. Hətta hücumçumuz Tores rəqib müdafiəçisi Mitrevskiylə təkbətək qalan zaman ona qarşı kobudluq oldu. Bu, birbaşa qırmızı vərəqəlik qayda pozuntusu idi. Lakin hakimin fiti susdu”.

Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri “Rəvan”ın baş məşqçisi Kamal Alispahiç Premyer Liqanın 16-cı turunda “Neftçi”yə qarşı keçirilən oyunla bağlı danışarkən deyib.

0:2 hesabı ilə uduzduqları görüşün hakimliyi haqda fikirlərini bildirən bosniyalı mütəxəssis qeyd edib ki, artıq neçə oyun onlara qarşı qərəzlilik olur: “İnter” və “Qəbələ” ilə oyunlarda da hakimin yanlış qərarlarıyla üzləşdik. Növbəti haqsızlıq “Neftçi”lə oyunda baş verdi”.
K.Alispahiç “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin “Rəvan” nə oynadı ki, nə də qələbə qazansın” fikirlərini də münasibət açıqlayıb:

“Mənim Hacıyevə böyük hörmətim var. Bir məşqçi kimi özünü yaxşı tərəfdən sübut etdi. Onun Avroliqada “İnter”lə səfərdə göstərdiyi nəticə də alqışlanasıdır. Onun nə dediyindən asılı olmayaraq, cavab vermək istəmirəm. Mən bu məşqçiylə münaqişəyə girmək istəmirəm. Əgər o mənim komandam barədə nəsə xoşagəlməz söz deyibsə, bu onun öz problemidir”.

Bu arada AFFA İntizam Komitəsi Kamal Alispahiçi cəzalandırıb. Komitənin qərarında deyilir ki, Premyer Liqanın XVI turunun “Neftçi” – “Rəvan” matçının 76-cı dəqiqəsində “Rəvan” klubunun baş məşqçisi Kemal Alispahiç texniki zonana qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.

Matçdan sonra keçirilən mətbuat konfransında Alispahiç hakimin idarəçiliyi haqqında qeyri-etik ifadələr işlətdiyi üçün klub iki manat cərimə olunub.

“Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyev isə deyib ki, onlar İntizam Komitəsinin klubula bağlı çıxardığı qərardan narazıdırlar.

“Rəvan” rəhbərliyi qərarın cərimə hissəsi ilə razı deyil və yuxarı instansiyaya müraciət ünvanlamağı planlaşdırır: “Kemal Alispahiç texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Buna etirazımız yoxdur və 1000 manat ödəməyə hazırıq. Biz qərarın ikinci hissəsi ilə razı deyilik. Guya məşqçimizin mətbuat konfransında hakimlik əleyhinə qeyri-etik ifadələr işlətdiyi deyilir. Halbuki, videoyazılarda da var. Alispahiç hər hansı bir qeyri-etik sözə yol verməyib. Bizim bununla bağlı 2 min manatı ödəmək fikrimiz yoxdur. Ona görə də AFFA Apellyasiya və Ekspert Komitəsinə şikayət məktubu ünvanlayacağıq”.

Bu arada “Rəvan”ın qapıçısı Davud Kərimi əsas heyətdən uzaqlaşdırılıb. 28 yaşlı qapıçı “Neftçi” ilə oyunda verdiyi kobud səhvə görə əvəzedici komandaya göndərilib.

Belə ki, həmin görüşün 44-cü dəqiqəsində Mirhüseyn Seyidovun uzaq məsafədən zərbəsini dəf edə bilməyən qapıçı “Rəvan” rəhbərliyinin qəzəbinə tuş gəlib. Həmin oyun qurtardıqdan sonra bu haqda məlumatlandırılan futbolçu artıq dünən əvəzedici komanda ilə ilk məşqini də keçirib. Onun hansı müddətə kimi əsas komandadan uzaqlaşdırılması bilinmir.

Qeyd edək ki, “Rəvan”ın əsas qapıçısı Lukaş Sapela sayılır. Lakin 3-cü turda ayağı sındığından, polşalı legioner hələ də gipsdə gəzir. Komandada üçüncü qapıçı isə Murad Qənbərovdur ki, 20 yaşlı futbolçu oyun praktikası sarıdan əziyyət çəkir.