AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

AFFA-dan Mahmud Qurbanova ağır cəza

AFFA-dan Mahmud Qurbanova ağır cəza

İdman
27 Noyabr 2012, 16:36 1460
Noyabrın 27-də AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XIV turunun oyunlarında yaşanan xoşagəlməz hadisələr də müzakirə olunub.

“Xəzər Lənkəran” matçın 79-cu dəqiqəsində hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırılan “Kəpəz” klubunun baş məşqçisi Mahmud Qurbanov 5 oyunluq cəzalanıb və komandasını 5000 manat cərimələnib. Gəncə təmsilçisinin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub daha 2000 manat cərimə ödəyəcək.

Bundan başqa, “Kəpəz” klubuna xəbərdarlıq da edilib. Onlara ev oyunları zamanı təhlükəsizlik tədbirlərini gücləndirmək tapşırılıb. Analoji hadisənin baş verəcəyi təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək. Oyun başa çatdıqdan sonra “Xəzər Lənkəran”ın üzvü Kamal Bayramov azarkeşləri təhqir etdiyi üçün 3 oyunluq cəzalanıb, klubunu 2000 manat ziyana salıb.

“Qarabağ”la matçda “Turan” klubunun 5, AZAL-la qarşılaşmada “Sumqayıt”ın 4, “Bakı” ilə görüşdə “Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə aldığı üçün adıçəkilən klublar hərəyə 1000 manat ödəyəcək.
Paytaxt derbisinin 87-ci dəqiqəsində meydana çıxan kimi birbaşa qırmızı vərəqə alan “Bakı”nın futbolçusu Novruz Məmmədov 2 oyunluq cəzalanıb və komandasını 2000 manat xərcə salıb. “Qəbələ”nin kapitanı Rəşad Abdullayev “Rəvan”la matçda kobud oyuna görə birbaşa qırmızı vərəqə aldığı üçün eyni cəzaya məruz qalıb. Qarşılaşmanın 70-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan “Rəvan”ın üzvü Ekrem Hodziçin cəzası yüngül olub. 1 oyunluq cəzalanan futbolçu klubunu 200 manat ziyana salıb.