AZE | RUS | ENG |

Aeroportda problem yaradan 8 əşya

Aeroportda problem yaradan 8 əşya
Alışqan, akkumulyator və ya batareyanı necə düzgün qablaşdırmalı? Nə üçün paştet təyyarədə maye sayılır? Nə üçün xizək sürtküsü təyyarədə problem yaradır? "Finavia”nın təhlükəsizlik xidmətinin rəhbəri Yoni Pekkanen baqaja baxış zamanı səyyahlar üçün gözlənilməz problemlər yaradan nüanslardan danışıb.

AZƏRTAC "www.tonkosti.ru” saytına istinadla uçuşdan əvvəl nəzarət-buraxılış məntəqələrində sərnişinlərdən daha çox müsadirə olunan əşyalar barədə məlumat verir.

Məlumatlı olmamaq özünə bəraət qazandırmağa əsas vermir

Aeroportlarda baqaja qarşı irəli sürülən çoxsaylı tələbləri sərnişinlərin yadda saxlaması çətindir. Hansısa əşyanı yük bölməsində, hansısa əşyanı salonda daşımaq olar, bəzi əşyaları isə evdə qoymaq məsləhətdir. Bu tələblərdən baş çıxarmaq bəzən çətin olur.

Mütəxəssisin sözlərinə görə, hər gün "Finavia” aeroportlarının nəzarət-buraxılış məntəqələrində sərnişinlərin çamadanlarından 200-dən çox müxtəlif əşya müsadirə olunur. Adama elə gəlir ki, bu əşyalar tamamilə zərərsizdir, lakin əslində onlar təyyarədəki insanlara böyük təhlükə törədir. Əlbəttə, çantasına probkaaçan və ya toxuma üçün millər qoymuş səyyahların çoxunun heç bir qəsdi olmur. Lakin "Vay-vay, buna icazə verilmədiyini bilmirdim” sözləri də sizə bəraət qazandırmır. Bu əşyalar onsuz da müsadirə olunacaq. Axı aeroport işçilərinin vəzifəsi uçuşun təhlükəsizliyini təmin etməkdir. Odur ki, inciməyin!

Əl yükü

1.Həcmi 100 milliqramdan çox olan mayelər

Bu kateqoriya çox vaxt içərisində içki olan butulkalara, losyon, tonik, maye sabun və şampun kimi kosmetik və gigiyenik vasitələrə şamil olunur. Yeri gəlmişkən, diş pastası, eləcə də çörəyə yaxılan bəzi yeməklər, o cümlədən paştet, ketçup, bal və s. də aeroport işçisi üçün mayedir.

Sərnişinlərin çoxu mühüm bir məsələni başa düşmür: nəzarət-buraxılış xidməti taranın içindəki mayenin həcminə deyil, taranın özünün ölçüsünə baxır. Məsələn, 200 milliqramlıq butulkanın içərisində cəmi 50 milliqram şampun qalmasına baxmayaraq, bu butulkanın həcmi 100 milliqramdan çox hesab ediləcək. Öz işinə ciddi yanaşan aeroport işçisinin bu butulkanı müsadirə etməyə tam haqqı var.

Nə etməli: kosmetika və yemək daşımaq üçün həcmi 100 milliqrama qədər olan qablardan istifadə edin. Daha həcmli əşyaları çamadana qoyub baqaja təhvil verin.

2.Kibrit və alışqanlar

Dərhal qeyd edək ki, ABŞ-ın hava limanlarında təyyarəyə kibrit, yaxud alışqan götürmək qadağandır. Avropada bu əşyalara bir o qədər də ciddi yanaşmırlar. Odur ki, bir qutu kibrit və ya bir alışqanı özünlə götürmək mümkündür.

Nə etməli: ya kibrit qutusunu, ya da alışqanı cibinə qoya bilərsən.

3.Deşici və kəsici alətlər

Qayçı, qatlama bıçaq, probkaaçan, toxuma üçün millər və digər deşici-kəsici alətləri əl yükündə daşımaq qadağandır. Bu əşyaları təyyarənin salonuna keçirməyə icazə verilmir.

Nə etməli: bütün bu vasitələri yalnız yük bölməsində daşımaq olar. Amma etibarlı şəkildə qablaşdırılmalıdır ki, əşyalarınız və çamadanınız zədələnməsin.
Təhvil verilən baqaj

4. Bir daha kibrit və alışqanlar barədə

Bu əşyaları yük bölməsinə təhvil vermək olmaz, çünki onların alovlanması riski yüksəkdir. Nə etməli: bir alışqan və ya kibrit qutusu ilə kifayətlənmək lazımdır. Bunların yalnız birini özünüzlə salona götürə bilərsiniz.

5.Litium batareyaları və xarici akkumulyatorlar

Yoni Pekkanenin sözlərinə görə, aeroport əməkdaşları yük bölməsinə təhvil verilən baqaja baxarkən çox vaxt məhz bu əşyaları müsadirə edirlər.

Nə etməli: batareyaları və doldurucu akkumulyatorları əl yükündə salona gətirmək olar. Bu qayda təhlükəsizlik mülahizələrinə görə tətbiq edilib: əgər bir hadisə, məsələn, alovlanma, qapanma, qığılcımlanma baş versə, onun qarşısını baqaj bölməsində deyil, məhz salonda sürətlə almaq mümkündür.

Daha bir mühüm məqam: batareyalarda litiumun miqdarı bir batareya üçün 2 qramdan (yaxud 100 vatt-saat) çox olmamalıdır. Bundan əlavə, təyyarəyə yalnız 2 ədəd ehtiyat batareya götürə bilərsiniz. Qısa qapanmaya yol verməmək üçün onları etibarlı şəkildə qablaşdırmalısınız!

6.Alovlanan maddələr

Bura alışqanlar üçün maye, spirtli vasitələr, lak silmək üçün aseton, həcmi 500 milliqramdan çox olan saç lakı daxildir. Bütün bunlar yanğının baş verməsinə səbəb ola bilər. Buna görə də nəzarət-buraxılış məntəqəsində müsadirə olunur.

Nə etməli: düzünə qalsa, səfərdə bunlarsız keçinmək də olar, elə deyilmi? Əgər sevimli saç lakınız olmadan keçinə bilmirsinizsə, onda onun həcmi 150-200 milliqram olan mini variantını seçin: bu qədər həcm tamamilə yol verilən miqdardır.

7.Patronlar

Silahla bağlı problemlər həmişə olub və olacaq, onlara həmişə xüsusi nəzarət ediləcək. Patronları yük bölməsində daşımaq yolverilməzdir! Çünki onlar da partlayış təhlükəli əşyalar sayılır və yanğın təhlükəsizliyi qaydalarını pozur.

Nə etməli: ov silahı üçün patronları daşımaq mümkündür, amma əl yükündə. Onları möhkəm qutuda qablaşdırmaq lazımdır. Əslində, patrondaş və ya patron darağı yetərincə möhkəm qab sayılmır. Odur ki, onu başqa bir etibarlı konteynerə qoymalısınız. Patronları təyyarədə daşımaq üçün qabaqcadan icazə almağı unutmayın. Əksər aeroportların təhlükəsizlik xidmətləri bunu tələb edirlər.

8.Xizək sürtküsü və xizək sürtküsünün silinməsi üçün vasitə

Bu, dağ-xizək kurortlarında fəal istirahəti sevənlər üçün xoşagəlməz xəbərdir. Məsələ bundadır ki, xizəklərin yağlanması üçün vasitələr aeroport əməkdaşlarının müsadirə etdiyi əşyalar sırasındadır, çünki belə sürtkülərin tərkibində alovlanan birləşmələr var. Bu vasitələri nə baqaj bölməsində, nə də əl yükündə daşımaq olar.
Nə etməli: «flammable» (tez alışan) sözləri yazılmamış xizək sürtkülərini seçin. Y.Pekkanen belə məsləhət verir: "Sizin baqajda bərk və yanmayan xizək sürtkülərini götürə bilərsiniz, amma bu məhsulun digər növlərini gəldiyiniz yerdə almalı olacaqsınız”.

Müsadirə olunmuş əşyaları geri qaytarmaq mümkündürmü?

Aeroportda yoxlama zamanı əlinizdən alınmış əşyaları geri qaytarmaq olar. Y.Pekkanenin sözlərinə görə, əşyalarınız sizindir və geri qayıdanda onları almağa haqqınız var. Nəzarət-buraxılış xidmətinin əməkdaşları müsadirəni rəsmiləşdirən zaman bu barədə sizi məlumatlandıracaqlar. 

Bunu necə etmək olar? Müsadirə edilmiş əşyanızı qayıdandan sonra azı 30 gün ərzində istənilən vaxt saxlama kamerasından, yaxud xüsusi anbardan götürə bilərsiniz. Əgər avtomobilinizi aeroportun dayanacağında saxlayırsınızsa, onda əşyanızı orada qoya bilərsiniz.

Əlqərəz, bütün bunlar həll olunan məsələlərdir. Sadəcə aeroport əməkdaşlarının işinə anlayışla yanaşın. Axı onlar məhz sizin təhlükəsizliyinizin qayğısına qalırlar!





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967