• cümə axşamı, 28 mart, 16:13
  • Baku Bakı 16°C

"ADY Express" region ölkələri ilə əməkdaşlığı genişləndirir

16.05.20 16:45 1930
"ADY Express" region ölkələri ilə əməkdaşlığı genişləndirir
Dəmir yolları vasitəsilə yük daşınma pandemiyanın mövcud olduğu dövrdə vacib sahələrdən birinə çevrildi. "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) nəzdində fəaliyyət göstərən "ADY Express"in fəaliyyəti və 2020-ci ildə görəcəyi işlərlə bağlı "Report”a "ADY Express"in direktoru Azad Qasımovun müsahibəsini təqdim edirik.
- Koronavirusla mübarizəçərçivəsindəölkədə karantin qaydalarının tətbiqi "ADY Express"in fəaliyyətinə necə təsir edib?
- Azərbaycanda bu vaxta qədər yaradılan nəqliyyat infrastrukturu və qlobal pandemiya ilə bağlı vaxtında tətbiq olunan karantin qaydaları, ölkəmizin yükdaşımalar sistemində yarana biləcək mənfi təsirləri azaldıb. "ADY Express” MMC"Azərbaycan Dəmir Yolları”tərəfindən tətbiq olunan qaydalara uyğun olaraq, pandemiya dövründə fəaliyyətini davam etdirir. Əməkdaşlarımızın sağlamlığının qorunması üçün şirkətdə məsafəli iş rejimi, yerlərdə isə məhdud sayda əməkdaşlar cəlb olunaraq onların növbəli iş rejimində çalışmasına şərait yaradılıb."Azərbaycan Dəmir Yolları"nın tərkib hissəsi olan şirkətimizdə də fəaliyyətin səmərəliliyinin təşkili üçün müasir texniki innovasiyaların tətbiqi genişləndirilib, idarədə bütün sənədləşdirmə işləri elektronlaşdırılıb. Beləliklə də, demək olar ki, koronavirusla mübarizədə ölkədə tətbiq edilən karantin qaydaları "ADY Express” MMC-nin fəaliyyətinə ciddi təsir etməyib. Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat marşrutlar vasitəsi ilə tranzit rejimində yüklərin nəqlinə üstünlük verməklə, daxili, idxal və ixrac yüklərin daşınmasını da təmin edirik. Digər tərəfdən qeyd edim ki, dünyada yayılan koronavirus pandemiyası yükdaşıma sahəsinə demək olar ki, təsir etməyib. Dünyada sərhədlər bağlı olsa da, insanların gediş-gəlişində qadağalar olsa da, yüklərin hərəkətində demək olar ki, məhdudiyyət olmayıb.Qeyd edim ki, dəmir yolu ilə yükdaşımalar prosesində daha az sayda adam iştirak etdiyindən, bu növ nəqliyyatla yükdaşımalar indiki şəraitdə daha təhlükəsiz hesab edilir və ADY ilə birgə səylərimiz nəticəsində yükdaşımaları əvvəlki qaydada davam etdiririk.
- Ölkədə postpandemiya dövrünə keçidindən sonra "ADY Express"in fəaliyyətində hansı addımların atılması gözlənilir?
- Ölkədə postpandemiya dövrünə keçidindən sonra, hətta pandemiya dövründə gərgin səylərimiz nəticəsində əldə etdiyimiz bəzi nailiyyətləri möhkəmləndirməyə və yeni növ yüklərin Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Qeyd edilənlərə aydınlıq gətirmək üçün bildirim ki, qlobal pandemiya dövründə dünya ölkələri və regionları arasında mövcud olan ənənəvi nəqliyyat marşrutlarının bir qismində məhdudiyyətlər yaranıb və yaxud həmin dəhlizlər müvəqqəti də olsa, fəaliyyətini dayandırıblar.Bir çox ölkələrdə dəniz limanlarında və iri yükdaşıyıcı gəmilərdə tətbiq olunan karantin rejimləri bu yollarla yüklərin nəqlini çətinləşdirib. Bəzi ölkələr arasında isə, ümumiyyətlə, sərhədlər, hətta yüklərin keçidi üçün də bağlanıb. "ADY Express” şirkəti Azərbaycan dəmir yolları ilə birgə bu qlobal dəyişikliklərə çevik cavab verərək əvvəllər Azərbaycan ərazisi ilə daşınmayan həmin yükləri ölkəmizin ərazisi ilə nəqlinə nail olub. Yaranan yeni işgüzar əlaqələrin qorunub saxlanmasına və inkişaf etdirilməsinə çalışacağıq. Bununla yanaşı, Azərbaycanın son illər ərzində inkişaf etdirdiyi nəqliyyat sektorunun imkanlarından və bu sahədə əldə etdiyi uğurlardan istifadə etməklə yeni əlaqələrin yaradılması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.
- "ADY Express" əsasən hansı bazarlara istiqamətlənəcək?
- "ADY Express” MMC Türkiyə ilə Mərkəzi Asiya arasında artan ticarət əlaqələrindən irəli gələn ticarət dövriyyəsinin artacağını proqnozlaşdıraraq bu bazarda fəaliyyətini genişləndirməyi planlaşdırır. Burada qeyd edim ki, buna hazırlıq işləri artıq 2019-cu ildən başlanılıb. 2019-cu il dekabr ayında Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycanın təşəbbüsü ilə yaradılan beynəlxalq multimodal marşrutun (Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan– Türkiyə/Avropa) inkişafı üzrə 5 ölkənin - Azərbaycan, Gürcüstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın dəmir yolları rəhbərlərinin birinci çoxtərəfli görüşü olub. Görüşdə bu dəhlizin inkişafı üzrə Əlaqələndirmə Komitəsi haqqında əsasnamənin yaradılması və qəbul edilməsi, marşrut üzrə vahid tariflərin hazırlanması və yüklərin daşınması şərtləri müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.Eyni zamanda Mərkəzi Asiya regionunun ən böyük ölkəsi olan Qazaxstanla da əlaqələrimizi dərinləşdiririk. Bu ölkənin Türkiyə, Avropa və Aralıq dənizi ölkələri ilə artan ticarət dövriyyəsindən yararlanaraq əlavə yüklərin cəlb olunmasına çalışırıq və artıq bu istiqamətdə də nailiyyətlərimiz var. Bununla yanaşı, şirkətimiz "Azərbaycan Dəmir Yolları" ilə birgə Uzaq Şərqi Asiya regionu ilə Avropa arasında yüklərin nəqlində iştirak etmək üçün ötən il başlanan danışıqları davam etdirərək yeni növ yüklərin Azərbaycan ərazisindən keçən beynəlxalq tranzit marşrutlara cəlb olunması üçün səylərini artıracaq.
- Astara terminalından yükdaşımanın dəfələrlə artırılması ilə bağlı məlumat yayılmışdı. Bu ilin ilk dörd ayı ərzində bu terminaldan yükaşırma nə qədər olub? Ümumiyyətlə, bu il ərzində yukaşırmanın nə qədər olması gözlənilir və bu göstərici pandemiyadan qabaq verilən proqnozdan necə fərqlənir?
- Bildiyiniz kimi, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan və İran dəmir yollarının birləşdirilməsi və İran İslam Respublikasının Astara şəhərində yük terminalının inşası istiqamətində bu vaxta qədər mühüm işlər görülüb. İnşası davam etdirilən və bununla yanaşı, artıq fəaliyyət göstərən Astara yük terminalının operatoru "ADY Express” MMC-dir.Son 3 il ərzində Astara terminalında gerçəkləşdirilən layihələr bu vaxta qədər burada yaradılan şərait, istifadə olunan avadanlıqlar və aparılan irihəcmli işlər nəticəsində, terminalda aşırılan yük həcminin artdığını müşahidə edirik. Müqayisə üçün bildirim ki, 2018-ci ildə terminalın yükburaxma qabiliyyəti sutkada 1 056 ton təşkil edirdisə, 2019-cu ildə həmin göstərici 27% artırılaraq 1339 tona çatdırılıb.Beləliklə, səylərimiz nəticəsində terminalın işində müsbət dinamika əldə olunub. Burada statistik göstəriciləri diqqətinizə çatdırmaq istəyirəm. 2018-ci il ilə müqayisədə Astara terminalında 2019-cu ildə 38 faiz daha çox yük aşırılıb. Belə ki, 2019-cu ildə terminaldan aşırılan yüklərin həcmi 400 min tona yaxın olub. 2019-cu ilin yanvar-aprel aylarında Astara terminalında 110 176 ton yük aşırılıbsa, 2020-ci ilin ilk 4 ayı ərzində isə dinamika daha yüksək olub və aşırılan yüklərin həcmində 50% artim müşahidə edilib. Bu müddət ərzində terminalda artıq 165 624 ton yük aşırılıb. Terminalın fəaliyyətə başladığı dövr ərzində, yəni 2018-2019 və 2020-ci ilin ilk 4 ayı ərzində burada aşırılan yüklərin ümumi həcmi isə 900 min tona yaxın olub. Daşınan yüklərin növünə gəlincə, burada əsasən taxta və taxta məmulatları, tikinti materialları, dənli bitkilər və digərlərini göstərmək olar.Terminalda nəzərdə tutulan infrastruktur işlərinin həyata keçirilməsindən sonra buradan keçən yüklərin həcminin dəfələrlə artırılması gözlənilir. Bununla yanaşı, Şimal-Cənub Beynəlxalq Nqəliyyat dəhlizinə əlavə yüklərin cəlb edilməsi istiqamətində işlər həyata keçirilməkdədir.Əvvəlki sualınıza cavabımda bildirmişdim ki, biz pandemiya dövründə bir sıra ənənəvi nəqliyyat yollarında yaranan məhdudiyyətlərdən yararlanaraq həmin marşrutlarla daşınan bir sıra yük növlərini Azərbaycan ərazisindən keçməsinə nail olmuşuq. Qeyd edim ki, belə yük axınlardan bir qismi bu istiqamətə yönləndirə bilmişik, yəni indi həmin yüklər Astara vasitəsi ilə ünvana çatdırılır. Beləliklə, Astara istiqamətində əvvəlki illərlə müqayisədə 2020-ci ildə daha çox yüklərin nəqlini həyata keçirməyə planlaşdırırıq.
- "ADY Express” MMC-nin əməkdaşı tədbirlərin birində bildirmişdi ki, "Rusiyanın iri şirkətləri Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə daşınmalara maraq göstərir. Hazırda bu istiqamətdə danışıqlar hansı mərhələdədir? Bundan başqa, hansı şirkətlərlə müzakirələr aparılır və bu danışıqların nəticəsi nədən ibarətdir?
- Şirkətimiz artıq 2018-ci ildən başlayaraq "Bakı-Tbilisi-Qars” dəmir yolu yüklərin nəqlini həyata keçirir. 2018-ci ilin iyun ayında ilk dəfə olaraq, "ADY Express” MMC "AzRusTrans” QSC ilə birgə Rusiyadan ilk dəfə Qarsa taxılı, xüsusi taxıldaşıyan vaqonlar (xopper) vasitəsilə nəql etməyə müvəffəq olub.
Daha sonra 2018-ci ilin iyul ayında "ADY Express” MMC-nin operatorluğu ilə Rusiyanın "Maqnitoqorsk Metallurgiya Kombinatı" (MMK) ilə əməkdaşlıq reallaşıb. Bu vaxta kimi BTQ vasitəsi ilə artıq 56 min tona yaxın MMK-nın yükü nəql edilib. Yaxın zamanlarda Şirkətin daha 24 000 ton yükün BTQ vasitəsi ilə nəql edilməsi planlaşdırılır. Həmin yüklər artıq yoldadırlar."ADY Express” MMC 2019-cu ilin dekabırından Rusiyanın daha bir nəhəngi sayılan "Evraz Nijnetaqilskiy metallurqiçeskiy kombinat” şirkətinin Türkiyə bazarına çıxartdığı məhsulunu Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşımağa başladı. İlk daşınan yükün ümumi çəkisi 2 053 tondur. Qeyd edim ki, "Evraz Nijnetaqilskiy metallurqiçeskiy kombinat”ı da dünyanın ən iri metallurgiya və dağ-mədən şirkətlərindən biridir. Polad istehsalına görə, dünyada 15-ci yerdədir. BTQ dəmir yolunun yaratdığı imkanlar hesabına gələcəkdə təkcə MMK və Evraz şirkətlərinə məxsus ayda 100 min ton yükün daşınmasını mümkün olduğunu hesab edirik.Beləliklə, statistik göstəricilərə diqqət yetirsək, görərik ki, "ADY Express" BTQ vasitəsi ilə qeyd olunan Rusiya şirkətlərinə məxsus nəql etdiyi metal yükləri 2018-ci ildə toplam 1 324 ton, 20 vaqon, 2019-cu ildə 25 193 ton, 385 vaqon yük nəql edibsə, 2020-ci ilin ilk 4 ayında bu rəqəm artıq 29 673 ton, 537 vaqon təşkil edib.Rusiya-Türkiyə iqtisadi əlaqələrinin inkişafı fonunda bu ölkələr arasında yük dövriyyəsinin artacağını proqnozlaşdırmaq olar. Belə olan halda, Bakı-Tbilisi-Qars dəmir yolu həmin yüklərin nəqlində mühüm rol oynayacaq. Bununla yanaşı, hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun Transsibir magistralının imkanları ilə sinerjisi çərçivəsində mühüm işlər həyata keçirilir.Belə ki, 26 aprel 2019-cu il tarixində Pekində keçirilmiş ikinci "Bir kəmər bir yol” konfransı çərçivəsində Azərbaycan və Rusiya Prezidentlərinin ikitərəfli görüşü zamanı Azərbaycan tərəfinin təklifi ilə Bakı-Tblisi-Qars dəmir yolu xəttinin potensialının Transsibir nəqliyyat dəhlizinin imkanları ilə sinerjisi müzakirə olunub. Bu təklif hər iki dövlət başçısı tərəfindən dəstəklənib. Davamı olaraq "Azərbaycan Dəmir Yolları” QSC, "Rusiya Dəmir Yolları” ASC və "Transsibir daşımaları üzrə Əlaqələndirici Şura”nın rəhbərlikləri arasında görüş keçirilib. 19 sentyabr 2019-cu il tarixində "Transsibir daşımaları üzrə Əlaqələndirici Şura”nın Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində keçirilmiş plenar iclası zamanı "Azərbaycan Dəmir Yolları” QSC Şuranın tam hüquqlu üzvü seçilib.25 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 10-cu iclası çərçivəsində "Azərbaycan Dəmir Yolları” QSC, "ADY Express” və "ADY Konteyner” MMC-lərinin rəhbərliyi Yaponiyanın 10-dan artıq iri yük sahibləri və logistik şirkətlərinin rəhbər heyətləri ilə danışıqlar aparılıb. Eyni zamanda Azərbaycan Dəmir Yollarının nümayəndə heyəti Yaponiyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyində və Yaponiya Ekspeditorlar Assosiasiyasında faydalı görüşlər keçiriblər. Aparılan danışıqlarda Azərbaycanın Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi və "Transsibir daşımaları üzrə Əlaqələndirici Şurası”nın üzvü olması, yüklərin Yaponiya-Rusiya-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa marşrutu üzrə nəqli əsas müzakirə mövzusu olmuşdur. Bu işlərin davamı olaraq 10-11 dekabr 2019-cu il tarixlərində Moskva şəhərində Azərbaycan və Rusiya dəmir yolları rəhbərlərinin iştirakı ilə geniş heyətdə görüş keçirilib. Görüşdə Asiya-Sakit Okean regionundan, o cümlədən Yaponiyadan yüklərin Azərbaycandan keçən marşrutlara cəlb olunması üçün tədbirlər planı müzakirə olunub.
- Bu il "ADY Express" hansı yeni istiqamətlər üzrə danışıqlara başlayacaq?
- Təcrübə göstərir ki, hər bir qlobal iqtisadi böhran və geriləmədən sonra qlobal iqtisadiyyat yüksək templə artmağa başlayır. Bu hal bütün qlobal iqtisadi böhranlardan sonra yaşanıb. Koronavirus pandemiyası ilə bağlı yaranan indiki qlobal iqtisadi geriləmə də bitdikdən sonra iqtisadi əlaqələrin, ticarət dövriyyəsinin və yük axınlarının artacağını proqnozlaşdırmaq olar. "ADY Express" şirkəti də Azərbaycan ərazisindən keçən Şimal-Cənub, Cənub-Qərb, Şərq-Qərb və Şimal-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin imkanlarından istifadə edərək yeni yüklərin tranzit rejimində ölkəmizin ərazisindən keçməsi istiqamətində səylərini artırır. Bunun üçün Asiya və Avropada ənənəvi əlaqələrimizin inkişaf etdirilməsi, dərinləşdirilməsi və yeni əlaqələrin yaranması istiqamətində bir sıra addımlar atılır. Pandemiya dövründən sonra artıq bizim bir sıra beynəlxalq tədbirlərdə iştirakımız və orada görüşlərin keçirilməsi, danışıqların aparılması nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər