ADU-nun rektoru Kamal Abdulla Polşa səfiri ilə görüşüb
Azərbaycan Dillər
Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, akademik Kamal Abdulla
Polşanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka ilə
görüşüb.
Səfiri universitetdə görməkdən məmnunluğunu
bildirən rektor onu ADU-nun "Səfir saatı” klubunda mühazirə oxumağa dəvət edib.
K.Abdulla ümid etdiyini bildirib ki, bu cür görüşlər təkcə tələbələr üçün
deyil, səfir üçün də maraqlı olacaq.
Polşa universitetləri ilə birbaşa
əlaqələrin qurulmasının vacibliyinə toxunan K.Abdulla səfirdən bu istiqamətdə
köməklik göstərməyi xahiş edib. O, həmçinin ADU-da Polşa dili və mədəniyyəti mərkəzinin
açılmasının mümkün olduğunu bildirib. Rektor əlavə edib ki, Polşada tövsiyə
edilən universitetdə də Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması məqsədəuyğun
olardı.
Öz növbəsində səfir bildirib ki,
Polşada universitetlər müstəqildir. Bununla belə, o, bu məsələdə ADU-ya köməklik
göstərmək üçün müvafiq universitetlərlə maraqlanacaq. Qarşılıqlı şəkildə hər
iki ölkədə dil və mədəniyyət mərkəzlərinin açılması ideyasını müsbət qarşılayan
diplomat "Səfir saatı”nda mühazirə oxumaq təklifini də məmnuniyyətlə qəbul edib.
Görüşdə qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.