Rektor Kamal Abdulla KİV təmsilçiləri ilə görüşüb - Fotolar
Azərbaycan
Dillər Universitetinin (ADU) rektoru, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü
Kamal Abdulla 22 iyul-Milli Mətbuat günü ilə əlaqədar bəzikütləvi informasiya
vasitələrinin nümayəndələri ilə görüşüb.
Jurnalistikanın cəmiyyətin
güzgüsü olduğunu deyən K.Abdulla bu sahənin ölkəmizin inkişafı üçün əhəmiyyətindən
söz açıb. Rektor Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan mətbuat
işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər
haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli
binada jurnalistlərə mənzillərin verilməsini dövlət tərəfindən jurnalistlərə
göstərilən diqqətin təzahürü kimi qiymətləndirib.
Universitet barədə
danışan K.Abdulla ADU-da Filologiya və jurnalistika fakültəsinin olduğunu
bildirib. Rektor deyib ki, universitet öz spesifikası və potensialından istifadə
edərək beynəlxalq jurnalistika istiqamətində fəaliyyətini genişləndirmək istəyir:
"Bu gün ölkəmizdə saytların və jurnalistlərin əksəriyyəti Azərbaycandillidir.
Çox az jurnalist ingilis və rus dilli təmayüllüdür.
Bu balansı düzəltmək üçün kifayət qədər güclü potensialımız var. Biz
jurnalistika fakültəsi olan digər universitetlərdən fərqli olaraq tələbələrimizə
bu istiqamətdə təhsil bazası verə bilərik və onların gələcəkdə peşəkar kadr
kimi yetişməsinə nail ola bilərik”.
K.Abdulla bildirib ki,
jurnalistika ixtisası üzrə kadrların yetişməsi üçün redaksiyalarda tələbələrlə
görüşlər keçirilməldir:"Bu, qəzet və jurnalların, saytların da redaksiyalarında
ola bilər. Tələbələrin əlaqə qurmaq və təcrübələrini artırmaq üçün yerləri
olmalıdır. Biz bunun üçün bəzi peşəkar redaksiyalarla müqavilə imzalaya bilərik.
Jurnalistika istiqamətində çalışan insanlarla universitetin tələbələri sıx işləməlidir”.
K.Abdulla KİV təmsilçilərinə
universitetdə fəaliyyət göstərən müxtəlif mərkəzlər haqqında da danışıb. O
bildirib ki, ADU-ya gələn xarici ölkə səfirlərinə onların ölkələrində Azərbaycan
dili və mədəniyyəti mərkəzlərinin açılması barədə təkliflər verilir. Bu mərkəzlərin
əhəmiyyətindən danışan akademik görüləcək işlərin Azərbaycan dili, tarixi və mədəniyyətinin
təbiliği baxımından mühüm rol oynayacağını xüsusi vurğulayıb.
Tədbirdə iştirak edən KİV
təmsilçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin jurnalistlərə xüsusi diqqət və
qayğısından söz açaraq, Milli Mətbuat günü öncəsi jurnalistlərə mənzil hədiyyə
edilməsini bunun parlaq təzahürü kimi qiymətləndirdiklərini bildiriblər. Qeyd
edilib ki, bir sıra sahələrdə müxtəlif ölkələrə örnək olan Azərbaycan
jurnalistlərə diqqət və qayğı məsələsində də fərqlənib, dövlətimiz media əməkdaşlarının
mənzil problemini həll etməklə xüsusi nümunə göstərib. Prezident İlham Əliyevin
"Jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir” fikrinin
xüsusi əhəmiyyətə malik olduğunu qeyd edən jurnalistlər medianın gücünün,
mövqeyinin qorunması, daha da güclənməsi istiqamətində bundan sonra da səylərini
əsirgəməyəcəklərini bildiriblər.
Görüş jurnalistlərin
mükafatlandırılması ilə başa çatıb.